Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami Gəncəvinin ədalət və əxlaq haqqında görüşləri – Zəhra Allahverdiyeva yazır
2553
04 Mart 2021, 11:57
 Artkaspi.az saytı Zəhra Allahverdiyevanın "Nizami Gəncəvinin ədalət və əxlaq haqqında görüşləri” adlı yazısını təqdim edir:
 
 "Sirlər xəzinəsi” poeması əsasında
 
 
 Ədalət və əxlaq cəmiyyəti ən çox düşündürən məsələlər­dən biridir. Tarixin müəyyən dövrlərində insan və onun əxlaqına münasibət bədii ədəbiyyatda öz əksini tapmışdır.
 Nizami Gəncəvi Şərqin bir sıra mütərəqqi şairləri kimi öz əsər­lərində insana hərtərəfli yanaşmış, onun mənəvi və əxlaqi zənginliyinə böyük diqqət vermişdir. Şairə görə, insanda ağıl və xa­siyyət gözəl olmalı, hər vəchlə ağıl və biliyini artırmalı, cahillik­dən əl çəkib öz mənəviyyatını saflaşdırmalıdır. Nizami insanda əxlaq gözəlliyini bütün məziyyətlərdən üstün hesab edir.
 Şairin "Sirlər xəzinəsi”ndə irəli sürdüyü "şahlıq və ədalət” məsələsi onun ədalətli cəmiyyət arzusundan irəli gəlir. Nizamiyə görə, ədalət şahlığın əsas təməli olmaqla, dövlətin qüdrəti, özülü, xalqa bağlı bünövrəsi deməkdir.
Məlumdur ki, əsərin "Sultan Səncər və qarı” hekayəsində zülmə məruz qalmış qoca qarı Sultan Səncərdən ədalət tələb edir. Ümumiyyətlə, qoca qarı, yaxud müdrük qoca, ağıllı çoban, kəniz və sair mövzuda aparıcı rol oynayan personajlar Nizami tərəfindən daşlaşdırılmış, arxetipə çevrilmiş obrazlardir. Bu hekayədə qarı obrazı əslində qafil şahı ayıltmaq üçün bir vasitədir. "Kəfən geyib şahın hüzuruna gələn qocanın” ("Sirlər xəzinəsi”, 14-cü hekayə) bir tipidir.
 Burada məzmun humanizmin əsas kontekstinə - ictimai ədalət, şah və rəiyyət probleminin həllinə yönəldilmişdir. Nizami əsərində qarının haqlı danlaq və nəsihətləri əslində şairin öz düşüncələrini əks etdirir. Bəzi beytləri diqqətə yetirək:
 بندهً و دعوی شاهی کنی            شاه نهً چونکه تباهی کنی
شاه که ترتیب ولایت کند               حکم رعیّت برعایت کند
تا همه سر برخط فرمان نهند    دوستیش دردل و در جان نهند
عالم را زیروزبر کردهً                تا تویً آخر چه هنر کردهً
 [1,113]
Bəndəsən, lakin şahlıq iddiası edirsən.
Sən şah deyilsən, çünki zülm edirsən
Şah vilayətdə qayda yaradanda,
Rəiyyətin hökmünü əsas tutar ki,
hamı şah fərmanını başı üstündə saxlasın,
Onu dostu bilib könlündə, canında saxlasın.
(Sənsə) aləmi alt-üst etmisən,
Bununla sən nə hünər etmisən?
 
 

Nizaminin hekayə mətninə müdaxiləsi hər dəfə olduğu kimi, burada da Şərqin ənənəvi fəlsəfi-didaktik formulalarını dağıdıb keçir; şair tez-tez faktlara, reallıqlara söykənir. Ürəyi xalqa yanan həssas vətəndaş, yüksək demokratik dünyagörüşə malik fenomen - şəxsiyyət, insan cəmiyyəti haqqında ən mütərəqqi ideyalara dərindən yiyələnmiş filosof-alim olaraq çıxış edir; ədalət üzərində ucalan türk dövlətçiliyini nümunə göstərir:
دولت ترکان که بلندی گرفت       مملکت از داد پسندی گرفت
چونکه تو بیداد کری پروری         ترک نهً هندوی غارتگری
مسکن شهری ز تو ویرانه شد    خرمن دهقان ز تو بیدانه شد
                                                              [1,113]
Türklərin dövləti ki,ucaldı,
Məmləkət ədalət üzərində quruldu.
Sən zülm yolunu tutduğuna görə
Türk deyilsən,qarətkar hindusan.
Yurd və şəhərlər sənin ucbatından viran oldu,
Kəndlinin xırmanı sənin üzündən dənsiz qaldı.
- deyə, haray çəkir, 25-30 beytdə təsiredici didaktika ilə Ni­zami şahları düşünməyə vadar edir.
 Yorulmaz ədalət axtarışları, bu yolda çarpışmalar, inam və cəsarət, daima mübarizə aparmaq, hökmdarlara sözü açıq söyləmək və sair xüsusiyyətlər Nizaminin bənzərsizliyidir. Təəs­süf ki, romantik şairin ideal cəmiyyət haqqında arzuları əha­tə­sində olduğu reallıqlarla üst-üstə düşmür; yuxarıdakı beytlər­dən sonra, Nizami islami-şəriət qaydalarını da yada salaraq yazır:
 
ز امدن مرگ شماری بکن         میرسدت دست حصاری بکن
 عدل تو قندیل شب افروز تست   مونس فردای تو امروز تست
                                                              [1,113]
 Ölüm gələndə, hesabı düşün,
 Əli sənə çatanda, hasarı düşün.
 
      Xalq üçün yanan bir şair qəlbinin ağrılarını son beyt bir daha təsdiq edir:
 ون گری    بر دل خوناب شده خون گری خیز نظامی ز حد افز
                                                              [1,114]
 Qalx, Nizami, həddən artıq giryan oldun,
 Qana dönmüş könüllər üçün qanlı göz yaşı axıtdın.
 
 Nizami Gəncəvi öz əsərində insanın sadə, düzdanışan, təvazökar, dosta sədaqətli olması kimi əxlaqi keyfiyyətlərini tərənnüm edir. O, insana öz əlinin əməyi ilə dolanmağı, bir qarın çörək üçün kimsəyə əl açmamağı tövsiyə edir. Şair gəncləri halal zəhmətə səsləyir.
 Nizaminin əxlaqi görüşlərinə görə, özündən razı insan ən çir­kin xasiyyətli insandır. Ağıllı insan başqalarında eyib ax­tarmaq­­dansa, öz eyiblərini görməli, özünə tənqidi yanaş­malıdır. Çir­kinliklər içərisində gözəlliyi tapıb seçməyin özü mənəvi ka­mil­likdən irəli gəlir.
Nizami Gəncəvinin bu əsərində gülüş, dinib-danışmaq və ye­­mək haqqında etik-əxlaqi görüşləri diqqəti cəlb edir. Şairə gö­rə, insan hüma quşu kimi olmalı, yaxşı və şərəfli işlər gör­mə­li­dir:
 چون تو همائی شرف کار باش         
کم خور و کم گوی و کم آزار باش      
                                       [1,132]
 Hüma (quşu) kimi sən yaxşı və şərəfli işlər gör,
 Az ye, az danış, az incit.
 
 
Ədəbiyyat:
1.
نظامی گنجوی، مخزن الاسرار، متن علمی و انتقادی بسعی و اهتمام عبدالکریم علی زاده، باکو، 1960
 
 
Məqalənin tezisləri çap olunmuşdur. Bax: AMEA-nın Ni­zami adına Ədəbiyyat İnstitutu. "Gənc alimlərin üçüncü Respublika konfransı”, Məruzələrin tezisləri, "Elm”, Bakı,17 noyabr,1982. 19-20.