Biz imzaları yox, əsərləri dərc edirik...

Nəsimiyə həsr olunmuş elmi kollokvium
226
25 İyun 2019, 10:19
 Azad Brüssel Universitetində Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 AZƏRTAC xəbər verir ki, tədbir Azad Brüssel Universiteti, Şərq Sivilizasiyası və Dilləri İnstitutu (İNALCO), Tətbiqi Dilçilik Mərkəzi (BİAL) və Azərbaycanın Belçikadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
 Azad Brüssel Universitetinin konfrans zalında baş tutan elmi kollokvium "İmadəddin Nəsimi: Azərbaycan və dünya ədəbiyyatı” mövzusunda təşkil olunub.
 Tədbirə tanınmış Avropa alimləri, Azad Brüssel Universitetinin ədəbiyyat departamentinin professorları Philippe Humble və Arvi Sepp, eyni zamanda Azərbaycan alimləri professor, görkəmli kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, görkəmli Nəsimişünaş Səadət Şıxıyeva və dilçilik üzrə fəlsəfə doktoru Aygün Eyyubova dəvət olunublar.
 Tədbiri Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov açaraq alimlərə və iştirakçılara öz təşəkkürünü bildirib.
 Azad Brüssel Universiteti tərəfindən tədbirin posteri (əlavədə) hazırlanıb və universitetin rəsmi internet səhifəsində bu haqda elan (https://www.vub.ac.be/en/events/2019/imadaddin-nasimi-azerbaijani-and-world-literature ) yerləşdirilib.
 Dinlənilən məruzələr həm Avropa alimləri, həm də dinləyicilər arasında böyük marağa səbəb olub. Tədbir zamanı iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "İmadəddin Nəsimi” adlı kitab paylanıb. Kitablar eyni zamanda, Azad Brüssel Universitetinin kitabxanasına da təqdim olunub.