Biz imzaları yox, əsərləri dərc edirik...

Nəsiminin qəzəl və rübailəri Moldovada
2216
11 İyul 2019, 17:36
 Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü və iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Moldovada rumın dilində "Həqq məndədir!” adlı qəzəl və rübailər toplusu nəşr edilib. Tərcümələr Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun dəstəyi ilə hazırlanıb, nəşr isə Moldova Azərbaycanlıları Konqresinin prezdenti Vüqar Novruzovun dəstəyi ilə işıq üzü görüb. 

 Bizə açıqlamasında Mərkəzin sədri, nəşrin tərtibçisi Səlim Babullaoğlu bildirib ki, kitab üzərində proses 5 aydan artıq bir vaxt ərzində gedib: "Cənab Prezidentin 2019-cu ilin "Nəsimi ili” elan etməsindən bir az sonra qərara gəldik ki, biz də bu gözəl təşəbbüsə öz kiçik töhfəmizi verək. Təbii ki, əvvəlcə mətnlər seçildi. Biz 26 qəzəl və 19 rübai seçdik. Mətnləri elə seçdik ki, onların misra sayı 650 olsun. Əvvəlki rus tərcümələrini götürdük, onlara müvafiq şərhlər və izahlar yazdıq. Sonra isə bəzi yeni sətri tərcümələr hazırladıq. Moldovadakı həmkarlarımızla məsləhətli şəkildə klassik ədəbiyyatı tərcümə edə biləcək tərcüməçini müəyyənləşdirdik. Bu, tanınmış moldovan-rumın şairi İliya Zeqra oldu. Sonra isə ideyamızı Moldovadakı səfrimiz hörmətli Qüdsi müəllimlə bölüşdük. O da sağ olsun, bizi o saat dəstəklədi, tərcümələrin hazırlanmasında bizə yaxından köməklik göstərdi.
 
 
 
 Eyni zamanda biz gənc minatür ustası, onu bəlkə də, neominiatürçü adlandırmaq daha düz oldu, Pəri xanımdan kitab üçün məxsusi illüstrasiyalar çəkməyi xahiş etdik, daha doğrusu işin bu tərəfini ona sifariş etdik. Kitab tərcümə olundu, Kişineuda redaktə prosesindən keçəndən sonra Bakıda dostumuz Emil Camalov tərtibatçılığı ilə dizayn olundu və biz hazır kitabı göndərdik təkrar Moldovaya və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzoun dəstəyi, kitabın redaktoru və naşiri, tanınmış moldova şairi Nikolae Spetarunun iştirakı ilə "Quadrat” nəşriyyatında çap edildi.
 Mən cənab Səfirə də, Vüqar müəllimə də dərin təşəkkür edirəm, kitab üzərində zəhməti olan hər bir kəsə minnətdaram. İndi Nəsiminin əsərləri rumın dilində də var deyə bilərik...”