Biz imzaları yox, əsərləri dərc edirik...

“Nasimi passion” vokal-xoreoqrafik tamaşası
459
06 Dekabr 2019, 12:35
  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə bağlı silsilə tədbirlər davam edir. Tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub.
  Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.
 
 

  Hazırda yaradıcılıq prosesinə start verilmiş "Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.
  Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.