Biz imzaları yox, əsərləri dərc edirik...

Nağıl qəhrəmanları koronovirusa qarşı
554
06 Avqust 2020, 15:38
 Avqustun 5-də SOCAR AQŞ və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə «Nağıl qəhrəmanları koronavirusa qarşı» adlı onlayn görüş keçirilib. Görüşün məqsədi balacaların teatrdan uzaq qaldığı günlərdə onları sevdikləri nağıl qəhrəmanları ilə görüşdürmək və dünyada yayılmış koronavirus infeksiyasından qorunma yollarını aşılamaqdı. Zoom proqramı vasitəsiylə keçirilən görüşdə müxtəlif yaş kateqoriyalarından olan uşaqlar iştirak ediblər. Ssenari müəllifi və rejissoru əməkdar artist Nicat Kazımov olan kompozisiyada teatrın sevilən aktyorları Səbinə Məmmədova, Anar Səfiyev, Ramil Məmmədov, Müşviq Əliyev, Araz Pirimov iştirak ediblər. Onlar Qırmızıpapaq, Cırtdan, canavar, Küpəgirən qarı, Məlikməmməd və başqa nağıl qəhrəmanları simasında balaca tamaşaçılarla söhbət edib, yarışlar keçiriblər. Görüş boyu aktyor Anar Səfiyevin oğlu balaca Uğur Səfiyevin şirinbala obrazında öz həmyaşıdları ilə ünsiyyəti xüsusi maraqla qarşılanıb. Aktyorların söhbətlərindən əlavə SOCAR AQŞnin təşkilatçılığı ilə çəkilən animasiya filmləri də nümayiş etdirilib. Bu filmlərin də əsas ideyası balacalara virusla mübarizəni onların anlaya biləcəyi şəkildə izah etməkdir. 
 Sonda görüşün aparıcısı Nicat Kazımov və digər iştirakçılar balacalara ən gözəl arzularını bildiriblər və belə layihələrin çox olacağını söyləyiblər.