Artkaspi.az saytı Çin uşaq nağılı "Mövsüm
qardaş-bacıları”nı təqdim edir:
Bütün canlıların məskəni, qoruyucusu
olan Torpaq Ana böyük mülkündə özünü tənha hiss edir, yeknəsəq həyatına rəng
qatmaq istəyirdi. Onunçün bu ucsuz-bucaqsız evdə tək yaşamaq olduqca çətin idi.
Tez-tez kədərlənir, özünü tənhalığın dərin və qaranlıq quyularında tapırdı. Beləcə
uzun bir müddət keçdikdən sonra Göyün ondan çox-çox uzaqda yerləşən krallığına
qonaq getməyə bir müddət onun yanında qalmağa qərar verir. Sarayın qapısına
çatan kimi içəridən gülüş və dava-şava, gumbultu, tappıltı səsləri eşidir. Qəfildən
öz səssiz və sükunətdən boğulmuş evini xatırlayır. Sarayın qapıçısından
soruşur:
- Bu nə səsdir belə?
- Nə səsləri olacaq, mövsüm
qardaş-bacılarının səs-küyüdür. Krallıqda ikisi qız, ikisi oğlan – hamısı da
bir-birindən dəcəl, ərköyün dörd uşaq var. Bütün günümüz onların səs-küyünü,
dava-dalaşını eşitməklə keçir.
Torpaq Ananın isə axtardığı elə məhz bu
idi. Evində səs-küy, həyat simvolu istəyirdi. Odur ki, Göy Kralı ilə bir az
hal-əhval tutduqdan sonra dedi:

– Onlar deyəsən, saray əhlini əməllicə
yorublar. Mən isə evimdəki sükunətdən, təklikdən bezmişəm. İcazə ver, gəlib,
bir az da mənimlə yaşasınlar.
Torpaq Ananın xətrini çox istəyən Kral
bu təklifə razılıq verdi. Torpaq Anadan bir neçə gün zaman istədi və onu yola
saldı. Yeni və səs-küylü qonaqlar qarşılayacağının sevinci ilə evinə qayıdan Torpaq
Ana tədarük görüb, onları gözləməyə başladı. Birinci uşaqların ən balacası gəldi.
Çəhrayı-ağ saçları, al yanaqları olan balaca qızcığaz dedi:
– Mənim adım Yazdır. Göy krallığından
özümlə balaca bir hədiyə gətirmişəm.
Yaz boğçasının ağzını açdı. Bütün Yer
kürəsi təzə çiçəkləmiş budaqlar, tumurcuqlar, rəngbərəng zərif çiçəklər,
oxuyan, səs-səsə verən quşlarla doldu. Torpaq Ana Yazın bu həyat dolu hədiyyəsini
elə bəyəndi ki, onu yanında saxlayacağına qərar verdi. Səhəri gün ikinci qız gəlir.
Onun adı isə Yay idi. İçəri girən kimi balaca bacısına:
– İndi çəkil, bir kənarda dur. Artıq mən
gəldim. Yay hədiyə boğçasının ağzını açan kimi hər yeri çiyələklərin,
gilasların, şaftalının, əriyin ətri bürüdü. Torpaq Ana meyvələrin ətrindən, Yay
özü ilə gətirdiyi nəhayətsiz yaşıllıqdan bihuş olmuşdu. Sonra üçüncü uşaq
qapını döydü. O sapsarı saçları, solğun qırmızı yanaqları olan yumruca bir
oğlan idi:
– Salam, mənim adım Payızdır. Kəsin bu
quşların səsini, bu mənasız səs-küyü mənə səssizlik lazımdır, bir qədər düşünmək
istəyirəm.
Payız gələn kimi quşları qovdu, hər
yeri sarı-qızılı rəngə boyadı. Torpaq Ana ömründə bu qədər gözəl mənzərə görməmişdi.
Uşaqlar gələndən səs-küy olduğu üçün bu dərin və rahatlıq verən səssizlik onun
çox xoşuna gəldi. Dincəlməyə vaxt tapmamış, qapı yenə döyüldü. Dördüncü uşaq –
başdan-ayağa bəyazlar içində bir oğlan bütün evin hər yanından eşidiləcək qədər
gurultulu bir səslə özünü təqdim etdi:
– Mənim adım Qışdır, mənim adım Qışdır.
Çiçəkləri, quşları, Payızdan qalan son
yarpaqları da sovurdu. Cibindən çıxardığı ağ suya yüngülcə toxundu. Hər yer
insanı başqa bir dünyanın olduğuna inandıracaq qədər dəyişdi. Bu sonsuz,
ağappaq görünüş Torpaq Ananı heyran etdi. Uşaqlar da Torpaq Ananın səxavətli,
sonsuz, isti evini, onun bərəkətli, qayğıkeş təbiətini çox sevdilər. Heç biri
geri qayıtmaq istəmirdi. Təbiətlərinə uyğun olaraq, yenə öz güclərini müdafiə
etmək naminə dava-dalaşa başladılar. Aləm qarışdı. Hər şeyin altını-üstünə
çevirdilər. Bu qədər qarışıqlığa öyrəşməmiş Torpaq Ana uşaqlara qəzəbləndi:
– Qulaq asın, mənə. Ya sıra ilə bir-bir
gəlib, qonaq olub, gedin, ya da ümumiyyətlə, bir də bura gəlməyin. Hamını bir
yerdə evimdə görmək istəmirəm.
Uşaqlar peşman olsalar da, Torpaq Ana qərarında
qəti idi. Onlar da öz aralarında razılaşmağa məcbur oldular. Onun evində sıra
ilə qalmağa razı oldular. Birinci Yaz gəldiyi üçün Ananın evindəki ilk qonaq da
o oldu. O gündən sonra mövsüm qardaş-bacıların hər biri, üç ay Torpaq Ananın
evində qonaq qalmağa gəldilər.
Tərcümə
edən: Fərid Hüseyn