"Gülüş - mənim müdafiə reaksiyamdır”. Bu fikirlər aktrisa Gülşən
Qurbanovanın həyat şüarı idi. Həmkarları, doğmaları onun nə qədər nikbin,
həyatsevər olduğunu həmişə xatırlayırlar. Yaşasaydı, dekabrın 19-da 69 yaşı olacaqdı.
Ancaq aktrisadan Azərbaycan teatr və kino sənəti üçün yaratdığı özünəməxsus,
maraqlı obrazlar yadigar qaldı.

Uşaqlıq
marağı
G.Qurbanovanın aktrisalığa marağı ailədə
yaranmışdı. Atası – tanınmış aktyor Ağadadaş Qurbanovun Azərbaycan mədəni
mühitinin dirçəlişində, teatr və kino sənətində müstəsna xidmətləri olmuşdu. Sənət
dünyasının sirli aləmi də Gülşəni erkən yaşlarından cəlb etmişdi. Uşaqlıqdan
atasının oynadığı tamaşalara baxmış, ürəyindən səhnəyə çıxmaq, alqışları
eşitmək arzusu keçmişdi. Hətta 5-ci sinifdə oxuyanda bütün sinif uşaqlarını
yığıb teatra aparmış və qapıda "Mən Ağadadaş Qurbanovun qızıyam” deyərək,
onların hamısını içəri keçirə bilmişdi.
Elə bu həvəs onu 1974-cü
ildə Mədəniyyət və İncəsənət Universitetinin
dram və kino aktyorluğu fakültəsinə gətirir. İnstitutu bitirdikdən sonra
atasının çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə
başlayır. Teatrın səhnəsində rəngarəng obrazlar
yaradan aktrisa, televiziya tamaşalarında, kinoda yaddaqalan, xarakterik
obrazlar oynamağa nail olur. "Mənim nəğməkar bibim”də Mərcan, "Şirinbala
bal yığır”da Eyzəngül, "Ana laylası”nda Çiçək, "Tamahkar”da Nabat, "Fudzi
dağında qonaqlıq”da Almagül,
"Zəncirlənmiş Prometey” də Nera, "Pul dəlisi”ndə Gülnaz, "Bala bəla sözündəndir” tamaşasında Ana və s.
rolları ilə tamaşaçıların sevgisini qazanır. Aktrisa hər dəfə səhnəyə sanki ilk
rolunu oynayırmış kimi həvəs və sevgi ilə çıxıb. Tamaşaçıların alqışları onu
rövnəqləndirib, yeni-yeni rollar oynamağa həvəsləndirib. "Tamaşaçı sevgisi
aktyor üçün böyük stimuldur. Bu, bizə güc verir, yaşamağa, işləməyə
qanadlandırır” deyib.
Aktrisanın daxilindən gələn çılğınlıq
Gülşən Qurbanovanın kino
yaradıcılığında 20-dən artıq film yer alıb. Bunların
hamısı demək olar ki, epizodik, lakin yaddaqalan rollardır. "Ad günü”ndə Şeyda,
"Cin mikrorayonda” filmində Dəmirovun arvadı, "Bayquş gələndə” filmində Ədilə,
"Anlamaq istəyirəm”də Rəfiqə, "Arvadım mənim, uşaqlarım mənim”də Güldəstə və s.
obrazları ilə istedadını kino sahəsində də nümayiş etdirməyi bacarır. Aktrisa
orijinal ifaları ilə tamaşaçını, yaratdığı personajın təbiiliyinə, həyatiliyinə
inandırırdı.
"Müxtəlif xarakteri olan bu
obrazlarda tək bir oxşarlıq vardı ki, bu da aktrisanın daxilindən gələn,
personajın da məninə hopan çılğınlığı idi”- deyə sənətşünaslar onun
yaradıcılığı haqqında deyirdilər: "Gülşən Qurbanovanın sənət dünyası həddən
artıq səmimiliyi, improvizələri, bir sözlə, yaradıcılıq tapıntıları ilə zəngin
idi. Onun oynadığı televiziya tamaşalarına baxdıqda, hər hansı bir kadrın
tamaşaçını yorduğunu, uzunçuluq xarakter daşıdığını görmürük”.
Təəssüf ki, 1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq istedadlı
aktrisanın da yaradıcılığından izsiz ötüşmür. Həmin illərdə aktrisa
yaradıcılığını yalnız teatrda davam etdirir.
Gülşən Qurbanova telekanallarla da yaxından
əməkdaşlıq edib. O, Azərbaycan Televiziyasının "Gəlin, birlikdə gülək” adlı
layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq
artisti Yasin Qarayev və Azər Mirzəyev olublar. Bu layihə bitəndən sonra
aktrisa uzun müddət ANS telekanalı ilə
əməkdaşlıq edib. "Qaynar qazan” verilişi onun aparıcılığı ilə xeyli
məşhurlaşıb. "Lider” telekanalında isə "Mikser” verilişinə aparıcılıq edib.
Ancaq aktrisa əməkdaşlıq etdiyi bütün telekanallardan incikliklə ayrılıb.
Bacısı Firəngiz Qurbanovanın xatirəsindən: "Gülşən, bütünlüklə atamıza çəkmişdi. O olan yerdə
həmişə yüksək əhval-ruhiyyə yaranır, şən zarafatlar baş alıb gedirdi. Nikbin,
güclü insan idi. Bir qədər kəmhövsələliyi olsa da, insanları, həyatı çox
sevirdi. İstiqanlı idi, onunla beş dəqiqə söhbət edən insanla elə
qaynayıb-qarışırdı ki, sanki bir-birlərini xeyli vaxtdır tanıyırlar. Gülşən bir
yerdə qərar tuta bilmirdi. Onunla görüşlərimiz həmişə qısa olurdu - ya
telefonla zəng vurub harasa dəvət edirdilər, ya da harasa getməli olduğu yadına
düşürdü. Amma bayramlarda, ad günlərində telefonunu söndürürdü, sonadək bir
yerdə olurduq. Deyərdim ki, sənətini özündən çox sevirdi, iki dəfə infarkt
keçirsə də, səhhətinin qayğısına heç qalmırdı. O, sanki həyatdan tez köçəcəyini
bildiyi üçün işlərinin yarımçıq qalmasından qorxur, həmişə harasa tələsir, heç
vaxt yorulduğunu dilə gətirmirdi. Adamların arasında olmağı çox sevirdi,
tamaşaçılarından enerji alırdı. Xoş aurası olan Gülşən, mətbəxdə də həvəslə
işləyir, dadlı yeməklər hazırlayır, gözəl süfrələr açırdı. Yəqin elə buna görə
də, müxtəlif kanallarda mətbəx verilişlərini aparmağa razılıq vermişdi”.

Ürək
necə tab gətirə bilərdi?
Xalq artisti Tariyel
Qasımov mərhum sənət dostunu istedadlı aktrisa və vəfalı dost kimi
xatırlayır: «Gülşən çox istedadlı aktrisa idi. Çünki onun atası Ağadadaş
Qurbanov böyük sənətkar olub. İstedad Gülşənə də irsən keçmişdi. Gülşən çox
təbii aktrisa idi. Onun oynadığı rolların heç biri zəif alınmamışdı. Səhnədə
tərəf müqabil kimi də çox sərbəst idi. O, həmişə öz oyunu ilə səhnədəki həmkarlarına
kömək göstərirdi. Deyirlər ki, atası Ağadadaş Qurbanov da məhz belə aktyor
olub. Üzünün bir tərəfi tamaşaçıları ağladıbsa, bir tərəfi güldürüb. Yəni
üzündə o qədər mimikalar varmış. Bu xasiyyət Gülşəndə də vardı. Gülşən
dostluqda da çox sadiq idi. Ona görə də, teatrın bütün kollektivi onun xətrini
çox istəyirdi. Gülşən dünyasını dəyişəndə bizim kollektivimiz üçün böyük kədər
oldu. Teatrın fəhləsindən tutmuş direktoruna qədər onu sevir və hörmət
edirdilər». T.Qasımov həmkarının vaxtilə ANS telekanalında aparıcılıq etdiyi
«Qaynar qazan» verilişini səmimiyyətlə xatırlayır: «Bir gün Gülşən xanım məni
ad günümlə bağlı verilişə dəvət etdi. «Özünü tamaşaçılara təqdim et, haradan
gəlibsən, ailənizdə sənət adamı varmı?» - deyə soruşdu. Mən də "Qazax rayonunun
Kəmərli kəndindənəm. Atam kolxoz sədri olub. O zaman kəndə gələn artistlər
bizim evimizə qonaq gələrdi” deyə cavab verdim. «Saxla, niyə yalan danışırsan?
Sən ağstafalısan, mən sizin evinizdə olmuşam, ananı-atanı tanıyıram» - deyə
canlı yayımda birbaşa söylədi. Yəni onda sözü birbaşa demək xüsusiyyəti vardı.
Heyf ki, biz belə gözəl aktrisanı və sadiq dostu erkən itirdik».
Gənc Tamaşaçılar Teatrının
aktyoru Natiq Fərzəliyev həmkarını mülayim
və xoş təbiətli insan kimi xatırlayır: "Dost kimi Gülşən xanıma etibar etmək
olurdu. Səhnədə də o, tərəf müqabilinə dəstək olurdu. Bu, səhnədə tamaşanı
oynayan aktyorlar üçün çox vacib şərtdir. Aktyor lap zəif olsa belə, onu
oynamağa məcbur edirdi”. Aktyor Gülşən Qurbanova ilə bağlı bir xatirəsini
bölüşür: "Bir dəfə onunla teletamaşada çəkilirdik. Sağlamlıq mərkəzində çəkiliş
olacaqdı. Həmin tamaşada mən hovuza düşməli idim. Bunun üçün də Gülşən xanım
məni arxadan itələməli idi. Ancaq o, mənə xəbər verməmiş qəflətən itələdi. Mən
də pal-paltarlı suya düşdüm. O an həmin mərkəzin işçiləri hovuza atlanıb məni
sudan çıxardılar. Ancaq həmin kadr yenidən çəkilməli idi. Mənim pal-paltarım
isə artıq su içində idi. Gülşən buna görə çox peşman olmuşdu. Onun həmin andakı
üzü hələ də gözümün qabağındadır. Gülşən
hədsiz dərəcədə zarafatcıl idi. O olan yerdə adam darıxmırdı”. N.Fərzəliyev
danışır ki, Gülşən xanım böyüklə böyük, kiçiklə kiçik kimi davranmağı bacaran
səmimi ürək sahibi idi: "Onunla dərdləşmək, bölüşmək rahat idi. Adamı yaxşı
dinləyir, məsləhət verir, əli çatırdısa, köməyini əsirgəmirdi. O, teatrın bütün
kollektivinin yaddaşında səmimi insan kimi qalıb”.

G.Qurbanova 1989-cu ildə Respublikanın Əməkdar
artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən
evə gələrkən üçüncü dəfə infarkt keçirib. Aktrisanın
səhhətində ciddi problemlər yaransa da, çox sevdiyi işindən uzaqlaşa bilməyib.
Firəngiz xanım bacısının qəfil ölümünə belə
aydınlıq gətirib: "Bu qədər gündəlik iş yükünə ürək
necə tab gətirə bilərdi? Gülşənin həyatının hər günü o qədər aktiv və dolu idi
ki, buna heç bir ürək tablamazdı. Hər dəfə ürəyi ağrıyanda xəstəxanada yatır,
amma on gündən artıq qalmırdı. Həkimlər deyirdi, vəziyyət ciddidir, səhnəyə
olmaz. Amma elə o, oradan səhnəyə çıxırdı. Bəlkə də o enerjini daşımaq çətin
idi ürəyinə. İşinin peşəkarları olan aktyorlar, bir qayda olaraq tamaşaya iki
saat hazırlaşırlar - o atmosferə girirlər, özlərini kökləyirlər. Bu, pis şey
deyil, əlbəttə. Amma Gülşən elə deyildi. O, elə bu dəqiqə çıxıb oynaya bilərdi.
Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf müqabillərini inanılmaz
həssaslıqla hiss edirdi. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı.
Dramatik rolu da asan oynayardı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən
şaqqanaq çəkib gülürdü”.
Qohumları deyirlər ki, Gülşən Qurbanovanın Yasamal
qəbiristanlığındakı məzarı üstündə daim tər güllər görmək mümkündür. Onu sevən,
unutmayan tamaşaçıları, dost-tanışları tez-tez aktrisanın məzarını ziyarət
edirlər. Məzar daşından canlı imiş kimi görünən şəkli isə sanki yenə "Gülüş - mənim müdafiə reaksiyamdır” sözlərini pıçıldayır...
Təranə
Məhərrəmova