Biz imzaları yox, əsərləri dərc edirik...

Müasir Cənubi Koreya ədəbiyyatı – German Kim
1583
26 Noyabr 2020, 09:26
 Artkaspi.az  tarix elmləri doktoru, professor German Kimin "Müasir Cənubi Koreya ədəbiyyatı" adlı məqaləsini təqdim edir:
 
 

 
 
  (German Nikolayeviç Kim 1953-cü ildə Qazaxıstanda anadan olmuşdur. Hal-hazırda Qazaxıstan Universitetinin şərqşünaslıq fakültəsinin koreyaşünaslıq kafedrasının rəhbəri vəzifəsində çalışır. G.Kim Miçiqan, Xokkaydo universitetlərində dərs demiş, ABŞ, Böyük Britaniya, Koreya, Kanada, Hindistan və başqa ölkələrin ali təhsil ocaqlarında mühazirələr oxumuşdur).
 
  Müqəddimə
 
  Seulda yerləşən "Kyöbo” adlı ən böyük kitab mağazalarından birində Nobel mükafatı laureatlarının portretləri yerləşdirilmiş piştaxta var. Çərçivələrdən biri boşdur, aşağı hissədə isə "Gələcək Nobel mükafatı laureatı olacaq koreyalı üçün” sözləri qeyd olunub. 
  Cənubi Koreyanın bədii ədəbiyyatı bütünlükdə olduğu kimi, poeziya, nəsr, dramaturgiya kimi ayrı-ayrı janrlar üzrə də əcnəbi oxucu tərəfindən (eləcə də postsovet ölkələrində) az tanınır. Son iyirmi ildə rus koreyaşünaslarının səyləri nəticəsində Cənubi Koreya yazıçılarının novella, hekayə, pyes, şeir topluları və romanlarından ibarət antologiya silsilələri rus dilinə tərcümə edilərək işıq üzü görmüşdür. 1990-cı illərin əvvəllərində  Qazaxıstanda ərsəyə gələn, "ilk qaranquş” hesab olunan "Qoca qonçaq” adlı nəsr toplusu da gözlənilən "bahar”ı gətirmədi.
 Sözsüz ki, klassik koreya poeziyası və nəsrindən edilən mükəmməl tərcümələr və o cümlədən onların ədəbi təhlilini sovet koreyaşünaslığının uğurlarına aid etmək olar. O ki, qaldı müasir Cənubi Koreya ədəbiyyatının postsovet dövründəki araşdırmalarına bu, olduqca natamam mövzudur, təsviri xarakter daşıyır və müntəxəbat,  tədris vəsaiti şəklində və ya coğrafi bölgülərə əsasən tərtib edilən kitablarda qısa fəsillərlə nəşr edilmişdir.   Qərb tarixçiliyi isə həmin zamanlar bu istiqamətdə olduqca irəli getmişdi. Mövcud vəziyyəti izah etmək çətin deyil, amma  məntiqi cəhətdən buna heç  gərək də yoxdur. 
  Hər bir ölkənin ədəbiyyatının öz xüsusiyyətləri var, amma Koreya ədəbiyyatı tamamilə spesifikdir, SSRİ və ABŞ arasında təsir sferasının pozulması nəticəsində meydana gələn dövlətin parçalanması ilə bağlıdır. Müasir Cənubi Koreya ədəbiyyatının ədəbiyyatdakı yeri məsələsi Koreya xalqlarının daxilindəki eyniləşmə problemi ilə bağlıdır. Almaniyada müharibədən sonra yarım əsr davam edən eyni problem AFR və ADR-in birləşməsi ilə tarixə qovuşdu. Almanlar "Vereinigung” (birləşmə) yerinə "Wende” ifadəsini işlədir ki, bu da "dönüş” mənasını verir – burada isə məntiq ondan ibarətdir ki, almanların siyasi həyatındakı ciddi dönüş qərb və şərq almanlarının düşüncələrində və emosiyalarında əsl birləşməyə gətirib çıxarmamışdır. Cənubi və Şimali Koreyada "txon il” şəklində ifadə edilən "birləşmə” sözü gündəlik dua kimi oxunur, amma real həyatda bu hadisə hələ ki, baş verməyəcəkdir, çünki 38-ci paraleldə qeyri-hərbi ərazi yoxa çıxmazdan öncə koreyalılar münasibətlərin normallaşması və qarşılıqlı adaptasiya mərhələlərini keçməlidirlər. Koreyanın Cənuba və Şimala parçalanması ilə ədəbi yaradıcılıqda yeni mövzu – parçalanma, "pundan munxaq” (parçalanmış xalqın ədəbiyyatı) termini ilə ifadə edilən ideoloji qarşıdurma mövzusu yarandı.

 
 
 

  Bu səbəbdən də müasir Koreya ədəbiyyatı diskursunu müəyyən etmək və öncə şimal yoxsa Cənubi Koreya ədəbiyyatını öyrənmək haqqında qərara gəlmək lazımdır. Bəlkə onların hər ikisini bir arada tədqiq etməli? Lakin tamamilə məlum səbəblərə görə qarşınızdakı  bu tarixi-ədəbi araşdırmanın obyekti Cənubi Koreya yazıçı və şairləri oldu. 
  Rus dilində gündəlik həyatda və akademik ədəbiyyatda "Cənubi Koreya” söz birləşməsi geniş istifadə olunur və ya "Koreya” dedikdə də məhz Cənubi Koreya Respublikası nəzərdə tutulur. Bu cür ifadə tərzləri, yəni "Cənubi Koreya” və "Koreya” ədəbiyyatı sinonim səciyyə daşıyır. Elə hazırda oxumaqda olduğunuz məqalədə də bu cür eyniləşdirmələr istisna deyil. 
 
 
 

 Müasir Cənubi Koreya ədəbiyyatının inkişafının tarixi-mədəni kontekstini yaratmaq məqsədi ilə V.İ.İvanova, A.F.Trotseviç, M.İ.Nikitina, L.R.Kontseviçin Koreya ədəbiyyatı tarixi üzrə fundamental əməyindən istifadə edilib. Məşhur Cənubi Koreya ədəbiyyatçıları Ço Yon Xyon, Kim Yun Si, Ço Don İl, Kim Don Uk və başqaları hesab edirlər ki, müasir Koreya ədəbiyyatı 1894-cü il burjua islahatlarından sonra formalaşmağa başlamışdır, lakin ölkənin azad edilməsinin ardınca 1945-ci ildə xalqın bölünməsi vahid milli ədəbiyyatın da parçalanmasına səbəb olmuşdur. Koreya müharibəsi zamanında və onun ardınca Cənubi Koreya ədəbiyyatı səhnəsindən solçuluq istiqaməti yoxa çıxmışdır. Cənubi Koreyadakı qocaman ustadlar poeziya və nəsrdəki ənənələrə sadiq qalmışlar. Qardaş qırğınına səbəb olan müharibə zamanı isə keçmiş gənc müəlliflər həyatdakı yeni məna axtarışları ilə məşğul idilər. 
 
 
 

  Sxematik şəkildə qeyd etmək olar ki, 1960-70-ci illərin ikinci yarısı Cənubi Koreya ədəbiyyatında durğunluq dövrü kimi (bu da ölkədəki hərbi diktatura şərtləri ilə birbaşa bağlıdır) 1980-ci illər ideya dövrü, 1990-cı illər isə individual hisslər mərhələsi kimi xarakterizə olunur.
 
   Müharibədən sonrakı dövrün ədəbiyyatı 
 
  Gənc müəlliflərin yeni nəslinin meydana gəldiyi 1950-ci illərin ortaları Cənubi Koreya ədəbiyyatının inkişafında dönüş mərhələsi  hesab olunur. Bir çox şair və yazıçılar ordu sıralarında yer almış, döyüşlərdə iştirak etmiş və bu şəxsi həyat təcrübəsi onların yaradıcılığının əsasına çevrilmişdir. Ədəbiyyat fəaliyyətlərinin başlanğıcı müharibədən sonrakı dövrə təsadüf edən yazıçılar baş verən hadisələrə xüsusi baxış tərzi ilə fərqlənirdi. Müharibə, ölkənin bölünməsi, baş verən xaos və xalqın parçalanması ana dilində ilk dəfə təhsil alan "xanqıl nəsli”nin (xanqıl sede)  həssaslığının gərgin həddə çatmasına səbəb olmuşdur. Onlar üçün XX əsrin ortalarının kataklizmləri sadəcə olaraq şəxsiyyətin cizgilərinin daha dəqiq təsvir olunması sayəsində meydana gələn fon idi. 
  Ədəbiyyat səhnəsində "müharibədən sonrakı nəsil” adlandırılan gənc və istedadlı müəllif-modernistlər meydana çıxdı. Bu sırada O San Von (1930-1985), So Gi Von (1930), Çxve İn Xun (1936), Son Çxan Sop (1922-1959) və başqalarının adlarını sadalamaq olar. Bu yeni müəlliflər müharibənin dəhşətləri və nəticələri haqqında öz düşüncələrini ifadə etmək üçün qeyri-ənənəvi ədəbi-bədii vasitələrdən istifadə etməyə hədəflənmişdilər. 
  Poeziyada üç əsas istiqamət fərqlənməyə başladı: "ənənəvi lirika", "sifarişlə yazılan şeirlər” (çxamyö si) və "saf poeziya” (sunsu si). 1960-cı illərin ikinci yarısında şairlərin diqqəti baş verən dəyişikliklərlə bağlı yaranan problemlərə yönəldi: cəmiyyətdə təbəqələşmə, insanların təbiətdən ayrılması və həddindən artıq dünyəviləşməsi. Li Son Bu (1942), Ço Txe İl (1941), Çxve Xa Rim (1939) və digər şairlər sadə xalqın həyat tərzini təsvir edir, cəmiyyətin müxtəlif təbəqələri arasındakı ziddiyyətlərdən bəhs edirdilər. 1960-cı illər nəsrinin inkişafının əsas tendensiyası "saf ədəbiyyat”dan (sunsu munxak) uzaqlaşma və həqiqəti əks etdirən məsələlərə müraciətdən qaynaqlanırdı. 
  Cənubi Koreya ədəbiyyatına hələ müharibədən əvvəlki dövrlərdən məlum olan "ekzistensializm” anlayışı 1950-60-cı illər ədəbiyyatına əməlli-başlı təsir etdi. Bütün özüllərin sıradan çıxdığı cəmiyyətdə məna axtarışında olan yeni nəslin tipik yazıçılarına misal olaraq Çan Yen Xak (1921) və Son Çjan Sopun (1922) adlarını çəkmək olar. Çan Yen Xakın "İohannın poeziyası” (1955) əsərindəki konslager şəxsiyyətin ən elementar hüquqlardan məhrum olduğu müharibədən sonrakı cəmiyyətin simvoludur. Cəmiyyətin insanın hər hansı niyyətləri ilə toqquşan bu konsepsiyası Son Çjan Sopun qroteks personajlarının – əxlaq qaydalarından məhrum olunmuş, şərtiliklərin və bütün mümkün komplekslərin toruna düşmüş insanların məskən saldığı əsərlərində nəzərə çarpmadan yer alır.
  Müharibədən sonra meydana gələn ziyalı təbəqə diqqətini azadlıq, öz "mən”inin və şəxsiyyətin özünü qiymətləndirməsi axtarışları üzərində cəmləşdirdi. Bu cür yanaşmaya nümunə olaraq Çxve İn Xunanın (1936) "Meydan” (1961) romanını misal göstərmək olar. Romanda Cənubi Koreyada  ziyalı-hərbçilərin əzablı suallar qarşısında dayandığı müharibədən sonrakı həyatı əks olunub – Görəsən, sülh müqaviləsi bağlandıqdan sonra hara getməli – Cənuba, Şimala, yoxsa vətəni tərk etmək daha yaxşı olar?
  İki qağayı Koreya sahillərindən yola çıxan "Taqor” adlı hind gəmisini təqib edir. Onun göyərtəsində Cənub və Şimal dilemmasını həll etmək yerinə neytral ölkəyə köçmək niyyətində olan hərbi əsirlərin qrupu var. Li Men Çjunun romanının qəhrəmanı üçün bu quşlar iki qızın məhv olmuş sevgisini simvolizə edir: birinin Cənubdan, digərinin Şimaldan. 
 Əsərdə Men Çjun özünün Seulda müharibədən əvvəl tələbə-filosof olduğu dövrləri xatırlayır. Düşüncələrə dalarkən o, siyasi və sosial problemlərdən uzaqdır və həyatın mənasının axtarışları ilə məşğuldur. Onun Yun E. adlı rəfiqəsi ilə mürəkkəb münasibətləri var. Həmin vaxt Men Çjunu polis həbs edir, çünki onun atası Şimali Koreyada aktiv kommunistlərdəndir. Dindirilmə zamanı Men Çjunu döyürlər, o dəhşətli kədər və qorxu içərisində  gizli şəkildə Şimala qaçmaq təklifini qəbul edir. Amma  Çjun atası ilə görüşdən sonra da  məyusluq və əzabdan başqa heç nə hiss etmir...
 
 

 
 
   1970-1980-ci illərin nəsri və poeziyası
 
  1970-ci illər Cənubi Koreyanın tarixində "tərəqqi və inkişaf dövrü” adlandırılır. Müharibənin açdığı yaralar demək olar ki, sağalmışdı, ölkə sənayesi əsaslı şəkildə inkişaf etməyə başlayaraq, Koreyanı inkişaf etmiş ölkələr sırasına qatırdı. Həyat şərtləri dəyişməyə başlayır, natural kənd təsərrüfatı yoxa çıxır, müasir mexaniki fermerlik meydana gəlir, şəhərlər sürətlə böyüyür, yaşayış məskənləri şəhərləşərək nəhəng şəhərlərdə cəmlənirdi. Əvvəllər analoqları belə olmayan nəsr əsərlərinin yaranması üçün zəngin material təqdim edən iqtisadiyyatda və sosial həyatda baş verən bu cür dinamik proseslər Cənubi Koreya ədəbiyyatına təsirsiz ötüşə bilməzdi. Lakin iqtisadi artım əhalinin müdafiəsiz təbəqələrinə münasibətdə qeyri-bərabərlik həddini genişləndirdi ki, bu da ictimai ədalətsizliyi aradan qaldırmağa imkan vermədi. Əgər 1960-cı illər dövründə yazıçılar xəyali həyatı ideallaşdırırdısa, 70-ci illərdə onların əsas diqqət yetirdikləri predmet real həyat oldu. 
  1970-80-ci illər ədəbiyyatı təkcə yeni adlarla deyil, həm də yeni cərəyanlarla zənginləşirdi. Yaradıcılıqda sosial istiqamət hiss olunmağa başlamışdı və bu cür "ədəbi hadisə” ölkənin ictimai həyatındakı problemləri, keçmişin və bu günün toqquşmasına səbəb olan hadisə və prosesləri ortaya çıxarırdı.
  Həmin dövrdə "Yapon qılıncı” (1971), "İmçjin çayında ördək dəstəsi” (1976) və digər qısa hekayələrində Koreya həqiqətlərini təsvir edən Xa Kun Çxan ölkədə populyarlıq qazandı. Xa Kun Çxanın hekayələrinin qəhrəmanları qəddar həqiqətin sındıra bilmədiyi saf qəlbli sadə insanlardır. Xa Kun Çxa həm də çoxsaylı nüsxə ilə çap edilən və milli ədəbiyyat mükafatlarına layiq görülən bir neçə romanın müəllifidir – "Gecə bardağı” (1970), "Vellyönun qısa tarixçəsi” (1978) , "Dağlarda və düzənliklərdə” (1981), "Balaca əjdaha” (1988).
  Kim Sın Okun "Seul. Qış 1964” kitabı ilk Cənubi Koreya bestsellerinə çevrildi. Müasir yazıçı  əsərdə qayda-qanunlara yer olmayan, normal insan münasibətlərinin isə heç bir məna kəsb etmədiyi cəmiyyəti əks etdirmişdir. Əsərdə Koreya ədəbiyyatı üçün yeni olan təkcə mövzu və məzmun deyildi, burada ən çox rəğbət qazanan canlı danışıq dilinə əsaslanan  təhkiyə üslubu idi. Əsər formasına görə eksperimentaldır, çünki burada süjet xətti yoxdur. Yazıçı təhkiyəçi ilə  yolüstü pivəxanada təsadüfən rastlaşdığı orta yaşlı kişinin – Kim məktəbinin məzununun söhbətini qələmə alır. Bu söhbəti ən yaxşı halda bayağı adlandırmaq olar, zaman irəlilədikcə isə o, ümumiyyətlə absurd görünür, amma ümumilikdə varlığın tamamilə mənasız olduğu hissi oxucuya uğurla təlqin edilir. 
  Bu dövrdə ön planda yenə də sosial-siyasi problemlər idi, onlarla bərabər isə korrupsiya  və hakimiyyətdən sui-istifadə ilə mübarizə məsələlərinə yüksək diqqət ayrılırdı. Xvan Son Yenin (1943) əsərlərinin qəhrəmanları əsasən cəmiyyətin ən aşağı təbəqəsinə aiddir, bunlar ədalətsiz cəmiyyətlə konfliktdə olan, qaçılmaz məğlubiyyətin gözlədiyi insanlardır. Tənqidçilərin  diqqətini özünə cəlb edən,  əfsanəvi inqilabçının faciəvi taleyindən danışılan "Çan Gil San" (1975) romanında XVIII əsr həyatının mənzərəsi canlandırılıb. "Qəribə yer” əsərində (1971) meliorasiya işlərində çalışan fəhlələrin inzibatçı və satqın gözətçilər tərəfindən ağır istismarını təsvir edir. Xvan Sok Yenin ən yaxşı hekayələrindən biri isə "Sampoya gedən yol”dur (1975). Bütünlüklə dialoqlar üzərində qurulmuş "əhval-ruhiyyə nəsri”nin çox gözəl nümunəsi olan bu hekayə də "Qəribə yer” kimi sosial enerjini açıq şəkildə təqdim edir. Oxucu qarşısındakı əsərdən özü nəticə çıxarmalıdır. 
  1970-ci illərdə "sifarişlə yazılan” (yeni) və "saf” (klassik) poeziya tərəfdarları arasında qarşıdurma davam edirdi. 70-ci illərdə "Sifarişlə yazılan poeziya”nın tərəfdarları hesab edirdilər ki, iqtisadi artımla əlaqədar baş verən sosial dəyişikliklər ədəbiyyatda da əks olunmalıdır. 
  "Sifarişli poeziya”nın ən görkəmli nümayəndələrindən biri yaradıcılığının əsas mövzusu Koreya kəndlilərinin həyatından bəhs edən Sin Kyön Nimdir.  Ölkənin sənayeləşməsinin təsiri kənd əhalisinin  üzərində sınanırdı. Sin Kyön Nim əsərlərində kəndlilərin qarşılaşmalı olduğu əzablar, çətinliklər və məhrumiyyətləri təsvir edir. 
1970-ci illər poeziyası nəsr kimi milli məktəblərin ənənələri və qərb novasiyaları ilə əlaqəli olan əsas cərəyanlarla təmsil olunur. Şairlərin "Mavi maral” ədəbi birliyi klassik üsluba köklənmişdi, onun təmsilçiləri olan Pak Tu Çjin, Xo Man Xa, Kim Çjon San, Kim Yö Sop, Kim Kvan Nim və başqaları isə ənənəvi şeir formalarının bütün müxtəlif obrazlı mənalarında bərpasına çalışırdılar. Şeirlərində qərb poeziyasının güclü təsirləri duyulan "Sonrakı nəsil” şairlərindən olan Pak İn Xvan, Kim Gen Ni və başqaları bu istiqamətə qarşı çıxırdılar. 
  1980-ci illərin başlanğıcında Koreya və bütün dünya Kvandju şəhərində  hərbi rejim tərəfindən tələbələrə qarşı qanlı divan tutulmasından sarsılmışdı. Koreyalılar bir tərəfdən iqtisadi inkişafla, həyatın texniki modernləşməsi, digər tərəfdən isə ölkənin avtoritar siyasi sistemini, rüşvətlə əldə olunan iqtisadiyyatı və cəzalandırma funksiyaları arasındakı təzadları kəskin şəkildə hiss edirdilər. Gənclər ölkənin demokratikləşməsi uğrunda kəskin siyasi mübarizələr aparırdılar. Bu illərdə formalaşmaqda olan orta təbəqə üçün nəzərdə tutulan "kütlə ədəbiyyatı” (mindjun munxak) meydana gəldi.
  Elə həmin illər "milli parçalanma ədəbiyyatı” populyarlıq qazanmağa başladı. Ölkənin və xalqın bölünməsi ilk dəfə "zülmətdə ruhlar” hekayəsinin çap edilməsindən sonra məşhurlaşan yazıçı Kim Von İlin yaradıcılığında başlıca mövzu oldu. Əsərin əsas qəhrəmanı –  atasının həlak olmasına şahid olan  kiçik oğlan güclü sarsıntı keçirir. Baş verənlərdən sonra onda dünyada bərqərar olan həyatın mənası haqqında şübhələr yaranmağa başlayır. Uşaqlıqda Koreya müharibəsinin faciəsini yaşayan  müəllif hadisələrə həm uşağın, həm də nümayəndəsi olduğu nəslin gözləri ilə baxır. Yazıçının digər əsərləri, o cümlədən "Alov bayramı” romanı da olduqca məşhurdur. 
  1980-ci illərdə "xalq kütlələri haqqında romanlar”la ("minçjun munxak”) yanaşı sənayeləşmə ilə əlaqədar meydana gələn sosial problemlərin kompleks şəkildə əks olunduğu "işçi romanları” (nodonçja munxak) yarandı. Bu əsərlərdə fəhlə sinfi üçün sosial islahatlar aparılması və xalqın gələcək inkişafının əsas meyarları yer alırdı. 1987-ci ildə Altıncı respublikanın yaradılmasına doğru aparan hadisələrdə fəhlələrin iştirakı "işçi romanları”nın inkişafında əsas təkan oldu. 
 
   Müasir ədəbiyyat

  Bu gün Cənubi Koreya ədəbiyyatının əsasını 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində ədəbiyyata gələn yazıçıların əsərləri təşkil edir. Amma müasir Koreya ədəbiyyatının həqiqi klassikləri sırasına az sayda yazıçı daxil olmuşdur ki, onlardan biri də Li Mun Yeldir. O, öz yaradıcı karyerasının ən başlanğıcından (1970-80) ədəbiyyata güclü enerji, məna dərinliyi və yeni həyat eşqi gətirdi. Onun yazıçılıq istedadının fərqləndirici cizgisi yaratdığı əsərlərdəki mövzu və formaların çoxşaxəliliyidir. Li Mun Yel nəsrin demək olar ki, bütün janrlarında – istər roman olsun, istərsə də hekayə və ya novella – əsl şedevrlər yaratmışdır. Koreya ədəbiyyatı üçün ənənəvi forma olan novella onun sayəsində populyarlıq və oxucu rəğbətini qazanaraq "ikinci nəfəs” əldə etdi. 
  Adı Nobel mükafatına layiq hesab edilən namizədlər siyahısında iki dəfə yer alan, ölkəsinin sevgisini qazanan və bütün dünyada tanınan xoşbəxt yazıçı Ko In müasir Cənubi Koreya ədəbiyyatının korifeylərindən biridir. Ko Inın 2002-ci ildə işıq üzü görən şeir kitabının ön sözündə belə bir ifadə yer alıb: "mən özüm öz gələcəyiməm”. Bu cümlə şairin həyata münasibətini çox lakonik şəkildə ifadə edir, onun bir yerdə dayanmadan öz gələcək "MƏN”inin axtarışlarına doğru hərəkət etmək niyyətlərindən bəhs edir. Şairin daha əvvəl meydana gələn bir məşhur kəlamı da var: "Mən yaratmağa deyil, məhv etməyə meylliyəm”. Bunu tez-tez müəllifin yaradıcılığının ilk dövrünə xas olan nihilist dünyagörüşünün ifadəsi kimi yozurlar, amma bu sözləri baş verənləri özündən uzaqlaşdırmaq, əlçatan hər şeydən imtina etmək və özünü bütünlüklə azad məkanda yeni nələrinsə yaranmasına həsr etməkdən ibarət olan aktiv həyat mövqeyinin ifadəsi kimi qəbul etmək daha doğru olar. 
  1974-cü ildə işıq üzü görən "Muni kəndində” adlı şeir toplusunda çap olunan "Qırğın” adlı şeirində şairin nihilizmə müraciətinin kökü qısa olaraq təsvir edilir. 
 
Atanı da öldür, oğlu da!
Onları da, bunları da,
Başqalarını da,
Qalanları da.
Öldür nə qədər ki, qaranlıqdır.
Səhərə yaxın isə
Hər tərəf meyitlərlə dolanda,
Dəfnlə məşğul olarıq bütün günü.
Sonra isə elə bu yerdə
Yeni dünya qurarıq.
 
 
 

  Cənubi Koreyanın ədəbiyyat tənqidçilərinin fikrincə Pak Ken Ninin "Torpaq” romanı müasir Koreyanın ən gözəl ədəbi əsərlərindən biridir. Bu geniş tarixi salnamə köhnə və yeni dünyanın mənəvi dəyərlərinin qarşıdurması fonundakı ənənəvi mülkədar ailəsinin həyatından bəhs edir. Hadisələr Yaponiya müstəmləkəçiliyindən əvvəl, müstəmləkə dövrü və daha sonrakı zamanda baş verir. Öz xırda detalları ilə həqiqi dünyasını yaradan Pak Ken Ni qəribə realizm hissi kəşf edir. Onun romanı çox gözəl təsvir edilmiş çoxsaylı personajlarla əhatələnib. Bu personajlar roman boyu oxucunun diqqətini özündə cəmləşdirən əsas qəhrəman Çxvenin ətrafına toplaşıb. 
  Pak Ken Ni 1950-ci illərdən yazmağa başlamışdır. Onun ilk əsərləri diqqəti dərhal cəlb etmişdir, məsələn, müharibədən sonrakı Koreya cəmiyyətinin təsvir edildiyi "İnamsız nəsil” (1956) hekayəsi kimi. Burada insanın inamının kökləri dərindən araşdırılır. Hekayə 1956-cı ildə "Xende munxak" ("Müasir ədəbiyyat") mükafatına layiq görülmüşdür. 1970-ci ildə "Torpaq" romanının birinci hissəsinin nəşri yazıçıya böyük şöhrət qazandırdı. Hər yeni cildin işıq üzü görməsi ilə bu şöhrət daha da artdı, hətta televiziyada romanın motivləri əsasında serial da nümayiş olundu ki, bu da Pak Ken Niyə böyük uğur gətirdi. 
  Koreyanın öz çoxsaylı yazıçıları ilə bərabər, həm də bədii nəsr dərc edən jurnalların və digər nəşrlərin nəhəng müxtəlifliyi ilə də qürur duymaq haqqı var. Romanlar gündəlik qəzetlərdə hissələrlə dərc edilir və ədəbi əsərlərin qiymətləndirilməsi kriteriyalarının azalması təhlükəsinin mövcudluğuna baxmayaraq bu, istedadlı yazıçıların təkcə qısa müddətə şöhrət qazanmasına deyil, həm də böyük məbləğdə pul mükafatına sahib olmasına imkanı yaradır. Bu sıraya hər il nəzərdə tutulan çoxsaylı ədəbi mükafatları əlavə edin və siz bədii ədəbiyyatın dinamik inkişafını görə biləcəksiz.
  Cənubi Koreya ədəbiyyatı özünəməxsus səsini duyura bilmək üçün mübarizə aparmaq məcburiyyətində idi və çox güman ki, biz hələ uzun müddət bu mübarizənin nəticələrinin şahidi olacağıq. 
 
   Cənubi Koreyada qadın ədəbiyyatçılarının yaradıcılığı
 
  Qadınlar ölkənin ictimai həyatında dərhal iştirak edə bilmədilər, müharibədən sonrakı Koreyada konfutsi ənənələrinin və patriarxallığın öz mövqeyini qoruyub saxlaması səbəbi isə milli mədəniyyətdə yer tutmalarına əngəl yaratdı. Qadın ədəbiyyatının inkişafında mühüm yerləri Kan Sin Çje, Pak Von So, Pak Kyön Ni, O Çin Xi, Çxve Myön Xi tuturdu.
  Qadın ədəbiyyatının nümayəndələri olan müəlliflər ilk öncə özlərini poeziyada sınadılar və onların yaradıcılığında əsas yeri qadın xoşbəxtliyi, ana məhəbbəti və ailə problemləri tuturdu. Bu cərəyanın parlaq nümayəndələri şairə No Çxon Myön və Mo Yun Sukdur. 
  Qadın ədəbiyyatının inkişafında əsas yeri Koreya Respublikasında yaradıcılıqları kişilərin yaradıcılığından heç də geri qalmayan Kan Sin Çje və Pak Kyön Ni tutmuşdur.
 Kan Sin Çjen 1949-cu ildı "Üz”, "Çxan Sun”, "Dağlara dönüş” və digər  silsilə hekayələri ilə debüt etmişdir. Nəticədə romanlar deyil, məhz hekayələr ona oxucuların gözündə ədəbi nüfuz qazandırmışdır. Onun əsərlərinin əsas mövzusu qadın taleyi, etika və müasir dünyada sevgi münasibətləridir. Kan Sin Çjenin yaradıcılıq axtarışlarının mənəvi əsasını müasir həyat şərtləri daxilində öz yerini itirən ailə münasibətlərinin konfutsi etikası təşkil edir. Buna əyani sübut olaraq qadın məhəbbətində dəyişiklikləri göstərmək olar. Kan Sin Çjenin demək olar ki, bütün hekayələri Koreya novellaçılığının ən yaxşı ənənələrinin davamıdır. 
  Ən parlaq koreyalı yazıçı xanımlardan biri "Xonbul” adlı romanının ilk cildi işıq üzü gördükdən sonra məşhurluq qazanan Çxve Myön Xidir (1947-1996). Ardınca bu romanın 17 il ərzində yazılan epopeyası başlandı ki, nəticədə  əsər 10 cildlik kitab halında nəşr edildi. "Xonbul” sözü xalq xurafatı ilə bağlıdır; "xon” – ruh isə içərisində yaşadığı insanı tərk edərkən evdən ətrafa saçılan parıltıdır. Romandakı hadisələr 1930-cu illərin sonundan 1943-cü ilə qədər Şimali Çolla əyalətinin Nobon kəndində baş verir və bir ailənin üç nəslinin nümayəndələri olan qadınların həyatını təsvir edir. "Xonbul” romanı haqqında Koreya ədəbiyyatını yeni minilliyə aparan şedevr kimi bəhs edilir. Həyatını həsr etdiyi bu əsəri sayəsində Çxve Myön Xi Koreya ədəbiyyatısevərlərin qəlbində həmişəlik qalacaqdır. Nobon kəndini bəzən "Xonbul” kəndi adlandırırlar və burada hazırda həyatda olmayan yazıçının xatirəsinə təşkil edilmiş muzey fəaliyyət göstərir. 
  Ən məşhur Koreya yazıçılarından biri olan Sin Kyön Suk öz əsərlərində qadının ailədə və cəmiyyətdəki rolu, kişi və qadın münasibətləri məsələsini qabardır. Sin Kyön Sukun "Fisqarmoniyanın dayandığı yerdə” (Orqan kimi səslənən klavişlə çalınan nəfəsli musiqi aləti – X.N.) hekayəsi "Bədii ədəbiyyatda ən yaxşı əsər” mükafatına layiq görülmüş, bir çox xarici dillərə tərcümə edilmişdir. Burada yazıçı duyğu və vəzifələrin problemlərini müzakirə edir. O, "əgər sevgi başqa insanlara əzab verəcəksə, qadının sevmək hüququ varmı?” sualını ortaya qoyur və sualı ənənəvi qaydada cavablandırır: əslində, vəzifə duyğulardan daha vacibdir. 
  Digər qadın müəllif In Xi Qyönün əsərlərində müasir Koreya cəmiyyətinin hələ də bəzi ailələrdə qorunub saxlanan, insanı tənhalaşdıran, insanlar arasında xeyirxah münasibətlərin itirilməsinə səbəb olan patriarxal əsaslı problemlərinə nəzər salınır. Bir ailənin iki nəslinin müqayisəsi üzərində qurulan və əsas rolu qadınların – analar və qızların tutduğu "Duet” povesti yazıçının debüt əsəridir. "Mənim zavallı arvadım” hekayəsində In Xi Qyön qəhrəmanların daxili aləminə geniş diqqət ayırır, müasir koreyalı qadının digər insanlar tərəfindən anlaşılması, sevməsi və sevilməsi istəklərindən bəhs edilir. 
 
  Ədəbiyyatda Vətənin bölünməsi və parçalanmış xalqın ədəbiyyatı 

  Koreyanın ölkənin bölünməsinə həsr edilən çoxsaylı ədəbi əsərlərindən biri "Txebek dağı” romanıdır. Bu epopeya Ço Çjon Nenin altı illik fasiləsiz əməyi nəticəsində yazılmışdır. Romanın əsas mövzusu Koreyada 1948-ci ildə Yösu şəhərində baş verən üsyandan başlayaraq, 1953-cü ildə ölkənin iki hissəyə bölünməsinə qədərki hadisələrdən bəhs edir. Romanda 100-dən artıq personajın olmasına baxmayaraq, burada əsas rolu Yöm San Çjin və Yöm San Qu adlı qardaş-rəqiblər oynayır. Böyük qardaş Yöm San Çjin solçu hərəkatın təşkilinin rəhbəridir, kiçik qardaş Yöm San Qu isə barrikadanın digər tərəfində dayanıb. Romanın sonunda onun ölkənin parçalanmasının qarşısını almaq kimi əsas ideyası bəlli olur. 
  "Txebek dağı” romanı 1983-1989-cu illər ərzində "Müasir ədəbiyyat” aylıq jurnalında çap edilmişdir. Kitab halında isə bu günə qədər 7 milyon nüsxəsi satılmışdır. 2008-ci ilin noyabrında Polqyö kəndində Ço Çjon Nenin romanının şərəfinə ədəbiyyat muzeyi açılmışdır. Txebek Koreya adasının baş dağ silsiləsi olduğu kimi, yazıçı Ço Çjon Ne də müasir Koreya ədəbiyyatının zirvəsi hesab edilir.
2010-2011
 
Mənbə: www.academia.edu
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
 

Xəbər lenti