Biz imzaları yox, əsərləri dərc edirik...

Moskva-Bakı reysiylə bəyaz uçuş – Səlim Babullaoğlu yazır
59
15 Oktyabr 2019, 08:59
  Artkaspi.az saytı Səlim Babullaoğlunun Çingiz Əlioğlunun "Diaspora” poeması haqqında təhlil yazısını təqdim edir:
 
  "İstədiyin kimi düşünürsənsə,
   Düşündüyün kimi danışırsansa,
   Danışdığın kimi varsansa,
   Azadsan demək...”
  Çingiz Əlioğlunun bir şeirindən

  Vacib giriş...
  Bu mənim ilk yazımdır ki, təhlil edəcəyim şeir müəllifinin başqa misralarını elə "öz yazısına” sanki özgə birisindən sitat edirmiş kimi epiqraf seçirəm: Çingiz Əlioğlunun yaradıcı diapazonu buna imkan verir; onun şeirlərini oxuyanda bir-birinə bu qədər "yad” şeirlərin bir yaradıcılıq və bir kitab içində necə mümkünlüyü sual doğurmur; həm metrik, həm tematik, həm temperament baxımından bəzən diametral əks və fərqli şeirlərin, polifonik stixiyanın sahibi olmaq olduqca çətin məsələdir, çox vaxt mümkün deyil. Çingiz Əlioğlu bu mənada yeganədir (!),  mən milli ədəbiyyatımızda ikinci belə şair tanımıram. Ən ehtirassız şəkildə,  plakat deyişdən maksimum uzaqda dayanıb məsuliyyətlə deyirəm ki, bu gün çoxlu poetik ad və inisialların qarşısında şifahi və yazılı şəkildə duran "böyük şair”, "dahi”  ifadələri, Çingiz Əlioğlunun adının qarşısında elə indi və həmişə ürəklə yazdığım, yaza biləcəyim  görkəmli sözünə çoxdan məğlub olub.
  "Akmeistik xiffət” deyilən bir anlayış var rus ədəbiyyatşünaslığında. Bir vaxtlar akmeistlərə şamil edilən bu təyin dünya ədəbiyyatına xiffəti anladırdı. Çingiz Əlioğlu- dünya poeziyasının metrik okeanlarına və dənizlərinə tez-tez fərdi ekspedisiyalar təşkil  edən, bu hüdudlar və hüdudsuzluqlar üçün xiffət çəkən əsl azərbaycanlı "Kolumbdur”.
  Xeyli əvvəl,  60 ilik yubileyi ilə bağlı yazdığım”açıq məktub”da Çingiz Əlioğluna ünvanlanmış, indi kiçik redaktə ilə təqdim elədiyim bu sözlər var idi: "Hansısa filmdə "Kişinin özünün özünə hədiyyəsi" ifadəsini eşitmişdim. Xoşuma gəlmişdi. Məncə şairin özünün özünə hədiyyəsi ola bilərsə, bu, onun yazdığı yaxşı şeir ola bilər. Sonuncu kitabınızda "Diaspora" poemasını böyük ağrı və gərginliklə oxudum. Hesab edirəm ki, bu, Sizin birinci növbədə özünüzə, sonra isə bizim hamımıza 60 illiyiniz ərəfəsində ən böyük hədiyyəniz oldu. Nə vaxtsa "Ədəbiyyat nəyə lazımdır?" sualına ciddi-cəhdlə cavab axtaranda düşünmüşdüm ki, ədəbiyyat, həm də keçənləri görmək üçün, düzgün tarixi gələcəyə ötürmək üçün lazımdır. "Diaspora" poeması son illərin azərbaycanlısını çox dürüst göstərən olduqca qiymətli əsərdi...” İndi isə, indiyə qədər onlarla həmkarımıza şifahi söhbətlər zamanı dediyim sözü yazılı şəkildə təkrarlayıram: "Diaspora” poetik şedevrdir. Həm də unikal tarixi sənəddir. Bu illərin diaspora tarixini öyrənmək istəyənlər  insanı görmək istəyəcəklərsə mütləq bu əsərə müraciət eləməlidirlər. Görəsən, niyə axı, yazılmasından 10 ilə yaxın vaxt keçsə də ədəbiyyatşünaslar, tənqidçilər susublar, bu əsəri görməyiblər? Mən də hamınız kimi bu sualın təəssüf doğuran cavabını bilirəm...
  Əziz, oxucular! Bu yazını oxumamışdan əvvəl, lütfən, "Diaspora” poemasını diqqətlə mütaliə  edin.  Bilirəm ki, bu əsər ilk oxuda sizə vərdiş etdiyiniz həzzi yaşatmayacaq. Amma bir də oxuyun: inanın, bu məsləhət bir neçə peşəkar nümunədə sınaqdan çıxıb. Elə bu yerdə, "Kaspi” qəzetinə bu uzun yazıyla yanaşı bu uzun əsəri eyni vaxtda, qəzetin bir sayında çap etməyə razılıq verdiyinə görə təşəkkür edirəm. Onu da qeyd edirəm ki, poemanın nömrələnərək, bölgülərlə verilməsi  mənim düşüncəmdir, orijinalda belə deyil; və təhlil vaxtı  az sitat etmək üçündür, işi  asanlaşdırmağa xidmət edir.
  Tez-tez Azərbaycanda dissident hərəkatının, dissident ədəbiyyatının olmamasından danışırlar. Unudurlar ki, dissidentlik mərkəzdənqaçma, mərkəzi qəbul etməmə hadisəsidir. Dünyanın altıda bir hissəsi olan keçmiş Sovet İttifaqının əyalətində, ucqarında, özü də Moskva kimi ögey "ananın” nəzərləri altında yaşayan ucqarında dissidentlik hərəkatı necə ola bilərdi; biz onsuz da mərkəzdən uzaqda idik; "mərkəzdən qaçmaqlıq” bizim gündəlik həyatımız idi, biz öz içimizdə qürbətdə idik və  o böyük mənadakı dissidentlik Azərbaycanda metamorfoza məruz qalmışdı, lokal xassə almışdı, xeyli Azərbyacan ziyalıları, bəstəkarları, yazıçıları yerli mərkəzlərdən narazı qalanda dissidentlikləri Moskvaya üz tutmaqda görürdü. Bunu niyə yazıram? Yəqin ona görə ki, dissidentlik və diaspora anlayışları, hadisələri bir-biri ilə bağlıdır. Mənəvi imperativlərlə hərəkətə gələn, baş verən dissidentlik eyni dəyərləri paylaşan diasporaları formalaşdırır. Çingiz Əlioğlunun "Diaspora” poeması (əslində, bu əsəri poema yox, uzun şeir saymaq daha doğrudur) dərin qatlarıyla bu məsələləri də anlamağa kömək edir.
       Əsərin başlıqları...
  "Diaspora” nədən danışır? Nəyi anladır? Təhlilə başlayaq.
      İlk informasiyanı bizə əsərin hər iki başlığı verir.  "Diaspora” kimi ilk başlıq əsərin toxunduğu əsas problemi anladırsa, "Moskva-Bakı hava xətti”  kimi ikinci başlıq onu konkretləşdirir, hadisənin məkanını nişan verir.  1-ci parçanın ilk sətirləri əsərin bir qadın monoloqu olduğunu anlatmaqla- həm də birbaşa giriş kimi  oxucunu həmən hadisənin içinə, təyyarəyə salmaqla  o saat başa salır; sonradan biz biləcəyik ki, elə sonadək monoloqdur bu əsər.
 
  Moskva-Bakı reysiylə uçan təyyarənin bir sərnişinin , Moskvada yaşayan və işləyən bir azərbaycanlı xanımın yol yoldaşı olan  bir azərbaycanlı kişisiylə səmimi söhbəti, monoloqu bizə nələri anladır?  Bir qadının həyatı, çətinlikləri, tərəddüdləri, ümidləri, məişəti, problemləri, şəxsi və milli xarakteri, kompleksləri  olan "Diaspora” eyni zamanda  bir millətin yaxın tarixininə pərçimlənmiş  kiçikvə kədərli şəxsi tarixçədir.
       Təqdimatlar...
       Qadın özü, ata-anası, əri, qardaş- bacısı, uşaqları, baldızı, yaşadığı mühitlə bağlı təqdimatları necə verir?
İlk gözə dəyən budur ki, 1-22 parçalarında həm özünü, həm ərini təqdim edərkən o, ilk olaraq "bərdəli” və "gəncəli” deyərək lokal milli kimliyi, regional mənsubiyyəti bəlirləyir.
  Elə həmin parçalarda valideynləri, atası və babası haqqında danışarkən  ilk əvvəl atasının məşhur həkim, babasının isə vaxtilə rayonun (Bərdənin) səhiyyə şöbə müdiri olduğunu və bir vaxtlar imkanlı olduqlarını söyləyir. Diqqət edin: qadın atasını "yaxşı həkimdir” sözləri ilə yox, məhşur həkim deməklə, babasının  vəzifəsini  xatırlatmaqla, sonra imkanlı olduqlarını söyləməklə, əri haqqında danışarkən isə onun da həmsöhbəti kimi savadlı, təhsilli olduğunu  anlatmaqla (görünür qadın həmsöhbətinin savadlı olduğu qənaətinə  Çingiz Əlioğlunun əsərdəki alter-eqosunun görünüşünə görə  gəlib ki, biz bunu yalnız ehtimal edə bilərik) söz açır. Məhz məhşur. Məhz  vəzifə. Məhz imkan. Məhz təhsil. Ola bilsin ki, başqa millətdən olan oxucu üçün bu yalnız sıradan bir insan xarakterini faş edən bədii təfərrüatlardır. Amma  "haralısan?” sualınının və "fəlsəfəsinin” ağrı-acılarını yaşayan bizlər üçün bu insani təkəbbür, lovğalıq, meşşanlıq olmaqla yanaşı eyni zamanda milli komplekslərdir. Şərhsiz.
  Təqdimatlar davam edir: qadının özündən iki böyük qardaşı olduğu, onların da Moskvada, Çertanovada tez-tez görüşməsələr də  qadınla qonşuluqda yaşadıqları bilinir həmin parçada. Bir anlıq düşünün, qürbət yerdə qonşuluqda yaşayan bacı-qardaşlar tez-tez görüşmürlər.  Əgər qonşuluqda yaşama faktı azərbaycanlı təfəkkürü üçün  ilk baxışdan pozitiv "lokal icmaçılıq” deməkdirsə, görüşməmək , deməli birlikdə olmamaq artıq həmin pozitivliyin astar üzü olan əsl milli xüsusiyyətdir. Unutmayın ki, əsərin personajları yalnız qohumlar deyil, başqa ölkədə yaşayan azərbaycanlılar, diaspora üzvləridirlər.  Bu fakt müxtəlif ölkələrdəki diaspora nümayəndələri arasındakı çək-çevirin əsl özüdür ki var. Əsərin ikili başlığı haqqında qeydlərim məhz bu məqamlara görə  təsadüfi deyildi...
    36-cı parçada isə qadın iki oğlu bir qızı olduğunu söyləyir. 92-113-cü parçalarda övladların təqdimatı davam edir. Məlum olur ki,  qız- Türkan yaxşı oxuyur; bəhanədir-səbəbdir bilinməsə də, deyilir ki, beyin daxili təzyiq səbəbindən böyük oğlan dərsdə axsayır, ortancıl isə zirəkdir, işgüzardır, artıq bazarların birində xəz (dublyonka)satmaqla məşğuldur.  Söhbət bilirsiz hansı yaşda uşaqlardan gedir? 10-14 yaşlı uşaqlardan. Və məncə şərhə yenə ehtiyac yoxdur.
 
  Bu təqdimatlarda sıralanma da adi məqam deyil. Qadın atası, atasının atası, sonra əri ( eyni zamanda 17 yaşda ailə qurduğunu qeyd etməklə), qardaşları və nəhayət övladları haqqında danışır;  həmin parçalardakı 17 yaşda ailə qurma, baldızı ilə telefonla daha çox ünsiyyət eləmək, övladları haqqında danışarkən isə əvvəl oğlanları, sonra qızı haqqında söz açmaq, bütün bunlar  kişi başlanğıclı milli təfəkkürümüzün ola bilsin poztiv, amma olduqca real, iyerarxik təsnifini verir, ailə münasibətlərinin həqiqi xarakterinin göstərir...
Qadın Bakıya niyə gedir ?
       22-ci parçada aydın olur ki, qadın Bakıya anasının xəstə olması, cərrahiyyə olunacağı səbəbiylə gedir. " Semaşkodakı” cərrahiyyənin "bir ətək” xərcini də belə çıxır ki o qarşılayacaq. Burda ona simpatiya hissləri yaranır. 92-ci parçadakı  "hə bircə qızıyam elə birbaşa/  düşüb samalyotdan xəstəxanaya / anamın yanına gedəcəm indi” və 190-cı parçadakı "nədir e bu həyat ata-ananın/ borcundan heç vədə çıxmaq olmayır...” bunu təsdiq edir. Amma "heç bilmirəm vallah bu arvad məni / beləcə tələsik niyə çağırdı /deyirəm ay arvad (zarafatınan) /yatırın yerini desənə mənə / birdən mən gecikib- yetirəmmərəm /                  daha mən yetənə nə qalasıdı /yetirən-yetirib iz itirəcək "  bir tərəfdən qadının həyat fəlsəfəsini ortaya qoyursa, digər tərəfdən həmin simpatiyanı doğuran övlad sevgisində bir xeyli riyanın gizləndiyinə də işıq salır. Məhz belə detalları ilə əvəzolunmazdır "Diaspora” poeması.
  Qadın həyatından, məişətindən, çevrəsindən razıdırmı? İnanclıdırmı?
      İlk parçadaca deyilir ki, qadının ailəsi imkanlı olub, məhz olub. Keçmiş zamanda.
      50-ci parçada isə məlum olur ki, qadının məhşur həkim atasının işləri indi yaxşı getmir, amma o hələ də Bərdədən, həyətlərindən təkidlərə rəğmən ayrılmır (sanki ayırlmalıymış və onsuz da boşalmış rayonların hesabına dolu paytaxtda bir nəfər daha artmalıymış), hətta arvadının cərrahiyyəsini) vaxtı onun yanında, olsun ki, açıq infarkt keçirdiyinə görə iştirak edə bilmir (bu isə artıq başa düşülmür)... 57-ci parçada baş verənlərin səbəbi araşdırılır,  " bu cavan ər-arvad qadın-kişiyə/durduğu yerdəcə nə oldu görən...”  deyə sual edilirsə də,  " yox vallah göz var dünyada/kim nə deyir desin göz var insanlar ...”-  kimi  cavab (həm də meşşan həyat fəlsəfəsi) daha əvvəl, 50-ci parçada verilir.
  Məlum olur ki, indi də işlər yaxşı deyil. Çünki qadının əri Vaqif, "gəncəli balası” qumarbazdır, "vasmoydakı” ev də, "gənclikdəki”  də dəyər-dəyməzinə satılan ev də, "bir-iki qır-qızıl da” onun güdazına gedib (113-120-ci parçalar).Çünki, necə deyərlər, "azartlı olurlar azar dəymişlər” (134-cü parça). Yəni, gəncəlilər.  Bəs, ər, Vaqif yolundan dönmək istəmirmi? Qadın deyir ki, o tövbə edib, əlinə Quran da götürüb (120-ci parça),  sonra yenə qurşanıb, hərçənd o qədər də pis adam deyil, çünki " çox şükür araq-arvada/fikir verən deyil baş qoşan deyil/məscidə gedəndir qədr gecəsi/ yığışıb getmişdi dostları ilə/ dedi ki sübhədək kitab oxuduq...” (176-cı parça). Düzdür burda oxunan kitabın nə kitab olduğu sual altında qalır, çünki oğru-qumarbaz jarqonu ilə kitab oxumaq kart oynamaq deməkdir və müəllif ustacasına buna aydınlıq gətirmir. . .
  Bu yerdə ictimai bir məqam da diqqət çəkir: "allah əliyevə rəhmət eləsin/qadasın aldığım qadağa qoydu/o şeytan yuvası kazinolara...” (127-ci parça)- bu isə şəxsi tarixçənin yaxın ictimai tarixlə üst-üstə düşməsi kimi növbəti usta məqamdır. Hə,  indi isə vəziyyət belədir: "qabaqlar işimiz lap xod gedirdi/ başımızdan tökürdü  qurban olduğum/  bir az bu son vaxtlar çətinləşibdir " (15-ci parça). Amma qadın ailəsinə möhkəm bağlıdır: "neyniyək namuslu kişi qızıyıq/ əlimdən nə gəlir ta indən belə/ yarımçıq qoyası döyüləm ki mən/ qırx iki yaşı var mən ondan cavan” (141-148-ci parçalar). Və ümid edir:  "yəqin ki gün gələr qurban olduğum/ başına bir ağıl qoyar yetimin” (218-ci parça).
  Qadın  təhsilini yarımçıq qoyduğuna, konservatoriya oxumadığına (148-ci parça), rus qadınlarının müstəqil olduqlarına (155-ci parça), azərbaycanlıların və digər qaraların hesabına rusların artıb-törədiklərinə (162-ci parça) də toxunur. Unikal bir məqamdır, diqqət yetirin:
  "biri var şuradır qonşuluqdadır/ o gün yük liftində qarşılaşdıq biz/ maşallah yanında dörd uşaq gedir/ biri də qarnında lap vot-votdadır /məni də bağışla hamısı qara...” Unikalllıq faktın özüylə yanaşı "yük liftindədir”, çünki fakt əslində ciddi bir yük, ciddi bir problemdir.
  Əsər boyu diqqət çəkən məqamlardan biri qadının telefon vasitəsiylə (!) namaz öyrənmək cəhdi (64-cü parça), digəri isə Moskvadakı qısa günlər üzündən oruc tutmağın asand olmasıdır (71-ci parça). Oruc tutursan sonra da döşənirsən yeməyə(71-ci parça).Sən demə orucluq ancaq bir müddət yemək yeməməkdən ibarət imiş. Görürsüz,inam məsələsinə də münasibət tipikdir, "millidir”, səthidir. Xatırlayırsınızsa, əvvəl demişdik ki, problemlərin səbəbini qadın bədnəzərdə, insanların gözündə görmüşdü, eyni qəbildəndir məsələlər.
  Bir-birini tamamlayan 4 məqam var ki, onu söyləmədən ötüşmək olmaz. 36-cı parçada qadın "ikicə oğlum var bir dənə qızım/belə baxmayın e mənə namxuda/ yekələniblər...”(yəni, mən cavan görünürəmsə də uşaqlar yekədir; bu bir növ nazqarışıq qadın diplomatiyasıdır) , 71-ci parçada "əksinə orucda kökəlir adam/ gün boyu ac qalıb sonra da axşam/ aşa döşənirsən...”, (bu artıq bir az şikayətdir)  169-cu parçada "kişilərimizin işi belədir qardaş/ sən də bağışla/ ya tuman dalınca...” (yəni, onalrı boş buraxmaq olmaz, xüsusən kökəlmək təhlükəsi olanda), 211-ci parçada isə " xaliqin arvadı çox savadlıdır /mənə təzə diet resepti verib/ burda özümüzə fıkir verməyə /daha öyrəşmişik  yoxsa kişilər/ ev-eşik yolunu çoxdan unudar/yox allah canların sağ eləsinlər /ailəcanlıdır bizim kişilər...” ( yəni, kökəlməklə, dolayı yolla ailəni saxlamaq uğurnda mübarizə edirik) kimi sözlər söyləyir.O biri tərəfdən  kişisini  də sanki özgənin ayağına vermir. Çingiz Əlioğlu tərəfindən zərgər dəqiqliyi, əsrarəngiz detallarla bizə anladılan  situasiyalar, mətləblər o qədər çoxqatlıdır ki; üstəgəl, ard-arda deyil, nitqdəki kimi mozaikdir ki, bu da bədii dürüstlüyü birəmin artırır..
  Əsərdə bəlli olur ki, qadın bütün şəxsi, ictimai, deklarasiya və sair kimi inzibati  çətinliklərə, təbəddülatlara, çək-çevirlərə, maddi təminat və çatışmazlıqlara rəğmən ümidini itirmir...Amma ayrıca toxunmaq istədiyim  sonuncu vacib məqam  var ki, bu əsərin altqatında gizlənən  olduqca dərin mətləbdən xəbər verir: "mən vallah xaricə  çıxıb gedərdim/lap elə kanada amerikaya/odur bax bir qonşum gedibdir çoxdan”. 196-cı parçadakı bu sözlərə diqqət yetirin. Qadın xaricə gedərdim deyir. Belə çıxır ki, o Rusiyanı xaric hesab etmir. Bu nədir? Əski sovet adamının vərdişimi?  Yalnız bumu? Məncə yox. Çünki, qadın da anlayır ki, əksər yaşanan problemlər bütün sovet məkanının qoyduğu ağrılı mirasdır: həm şəxsi, həm də ictimai münasibətlər kontekstində. Əlbəttə bu detala dediyim həmin vərdiş, stereotip kimi baxmaq da məntiqsiz deyil, amma fikirmcə əsas bu deyil. Yeri gəlmişkən, əsərdə tez-tez rastlaşdığımız "izvestni doxtur”, "tak çto”, "samostoyatelni”, "uçiliş”, "novı qod”, "zdravotdel”, "kista” və bu kimi onlarla başqa sözlər və ifadələr də elə həmin mirasın çoxyozumlu işartısıdır. Əlbəttə dil baxımından əsərə başqa məziyyətlər də qazandırır ki, bu haqda ayrıca.
  "Diaspora”nın dili, bəzi bədii fəndlər, formal-metrik keyfiyyətləri haqqında...
  Əsər, metrik keyfiyyətlərinə görə klassik "ağ şeirdir” (blank verse). Yəni qafiyələri silinmiş, ağarmış şeirdir. Müəllif bölgüsünə görə 319 sətirlik şeir əsasən 11-lik heca ilə yazılıb. Amma mən kitabdan fərqli olaraq qəzet üçün şeiri 245 sətirdə təqdim elədim, asan oxunsun və təhlil olunsun deyə. ( Bəzi mütəxəssislərin fikirncə "ağ şeirdə” bütün sətirlərin, misraların heca sayı eyni olmalıdır; bu nöqteyi nəzərdən, mənim bölgümə görə 245 misra olan bu uzun 11-lik şeirdə 8, 15, 22, 29, 36, 43,50,78,92, 113, 120, 127,148, 155,169 və 197-ci parçalarda 26 dəfə 11-lik  "pozuntuları” var). Amma Horatsiyə gedib çıxan klassik ağ şeir ənənələrinə (bu da Çingiz Əlioğlunun antik şeir sevgisinin təzahürüdür) görə prinsip pozulmayıb. 11-likdən çıxmalar isə həm monoton oxuda nəfəsdərmələr, həm monolqun təyyarədə baş verdiyi nəzərə alınarsa, elə qoy, uçağın hava çalalarına düşməsi kimi qəbul olunsun.  Məlumdur ki, ağ şeirdə  əsas yük ritmin,klauzaların üstünə düşür. Əsərin ağ şeir növü kimi yazılması "Diaspora”nın təcrübəsində iki dəfə yerinə düşür, çünki insan nitqi təsadüflər nəzərə alınmasa elə ağ şeir kimi qafiyəsizdir; bir də şeir danışıq dilində, özü də durğu işarələri qoyulmadan yazılıb ki, kimsə şifahi nitqdə durğu işarələrini " gözüylə gördüyünü”  deyə bilməz.  Şihafi nitqə maksimum yaxın yazılmış şeirdə bayaq sadaladığım rus tərkiblərinin olması bir tərəfdən linqvistik polifoniyanı artırırsa, o biri tərəfdən əsərin ideyasına xidmət edir: söhbət Rusiyada yaşayan adamın dilindən nəql edilir.  Danışan eyni zamanda "dayna”, "kirimiş”, "namxuda”  və bu kimi Qarabağ(lı) ağzına məxsus məhəlli deyimlərdən istifadə edir, bu isə həqiqiliyi artırır. İlk cümlədən başlayaraq uzun bir müddət danışanın və haqqında danışılanların adları çəkilmir, bilinmir : bu da yerinə düşür, çünki bəhs edilən problemlərin bir adamın tarixçəsi, aqibəti olmaqla yanaşı əksər diaspora üzvlərinin problemi olduğu duyğusunu dərinləşdirir. Yalnız 71-ci parçada qadının ərinin Vaqif, 99-cu parçada qızının adının Türkan , 211-ci parçada isə ailə dostlarından birinin adının Xaliq olduğu bilinir ki, bu da bədii fənd kimi uğurludur. Ən uğurlusu isə sonda, 233-cü parçada qadının adının Çiçək olduğu bilinməsidir... novellalara xas gözlənilməzlik... 92-ci parçada "mən qəhvə içim qoy gecə şübhəsiz/yatası döyüləm ta şübhə kimi” bir məqam statik, monoton atmosferə bir hərəkət gətirir, daha doğrusu hadisənin uçaqda cərəyan etməsini, yeməyin yeyildiyini, artıq kofe paylandığını (bu isə o deməkdir ki, uçuşun yarısından çoxu geridə qalıb) ,qapalı məkandakı hərəkəti xatırladır, oxucunu  silkələyir; elə əsərdə yarıdır bu yerdə aşağı-yuxarı. Bu silkələnmələr daha sonra təyyarə aşağı endikcə fiziki silkələnmələrlə (183-cü parça) əvəz olunur.
  "Diaspora”nın daha bir məziyyəti  anjabemenlərin (enjabement) -  uğurlu, virtuozcasına bolluğudur. Bu isə dünya poeziyasının ən yaxşı nümunələrində tez-tez rastlanan poetik fəndin  milli poeziyamızda bir əsər içində bu qədər gözəl tətbiqi, Çingiz Əlioğlunun "akmeistik xiffətinin” göstəricisidir...
 
 

Yeri gəlmişkən,  bu əsərdən sonra mən Mübariz Məsimoğlunun Əlisəmid Kürə həsr elədiyi bir uzun şeirinin də "ağ şeir” ölçüsündə məhz Çingiz Əlioğlunun təsiri ilə yazıldığına şahidlik elədim. Sonradan "ağ şeiri” mən yalnız çox sevdiyim iki şairdə -Elxan Zal da, bir də bu yaxınlarda Qismətdə gördüm. O əsərlər də ədəbi tənqidin eynəkli gözlərindən yayınıblar.
  Nəhayət son 12 sətir: "necə də siz gözəl yol yoldaşısız/ bilmədim heç necə vaxt keçib getdi/adama nə yaxşı qulaq asırsız/ mənə deyən gərək buy ay qız çiçək/bəsdir zəhlə tökdün  kişidən əl çək” və  "çox şükür axır ki oturdu deyən/ buracan yaxşıdır burdan beləsin/ ümid allahadır xeyir eləsin...” kimi xeyirxah sonluq. Bu sonluq isə həm Çiçəyin ona qulaq qasan Çingiz Əlioğluya minnətdarlığı, həm  ustad Çingiz Əlioğlunun ona diqqətlə qulaq asan oxucularına təşəkkürü kimi də eşidilir. Eşidənlərdən biri ayağa qalxır, baş endirir və deyir: Əhsən!