Biz imzaları yox, əsərləri dərc edirik...

“Molla Nəsrəddinin beş arvadı” Sumqayıtda
223
17 May 2018, 17:39
  Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” adlı ikihissəli komediyasını təqdim edib.
 
 

  Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilən "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində nümayiş edilən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov və Fərid Rzayev ifa ediblər.
  Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.