Biz imzaları yox, əsərləri dərc edirik...

“Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparılır
174
19 İyul 2018, 17:33
 İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları tərəfindən şəkil çəkmək bacarığı olan azyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.
 

 
 AZƏRTAC xəbər verir ki, ekskursiya Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşəbbüsü ilə reallaşıb. Ekskursiya kitabxana tərəfindən uşaq və gənc oxucular arasında "Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparmaq, uşaqları müxtəlif xalça nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.
 
 
 
 Ekskursiya zamanı oxuculara məlumat verilib ki, ənənəvi Azərbaycan xalçaçılıq sənəti Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Qeyd edilib ki, Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-iqlim şəraiti, təsərrüfat və məişət amilləri tədricən Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça və xalça məmulatları istehsalı mərkəzlərinin yaranmasına səbəb olub. Bundan əlavə, muzeydə Gəncə xalça məktəbi haqqında uşaqlara maraqlı və geniş məlumatlar verilib. Mirzə Şəfi Vazehin vətəni olan Gəncə xalçaçılıq mərkəzinin əsas istehsal ocaqları Gəncə, Gədəbəy, Goranboy, Şəmkir, Samux bölgələri sayılır. Gəncəyə daxil olan "Gəncə”, "Köhnə Gəncə”, "Gədəbəy”, "Çiraqlı”, "Samux”, "Çaylı”, "Şadılı”, "Faxralı” kompozisiyalı xalçalar digər xalçalardan ənənəvi motivlərin özünə məxsus işlənməsi ilə seçilir.
 Yasamal rayonunun gənc oxucuları çox böyük maraqla muzeydə təşkil olunmuş ekspozisiyalarla tanış olublar.