Biz imzaları yox, əsərləri dərc edirik...

Yurd qoxulu əsərlər – Qərənfil Dünyaminqızı yazır
1210
13 Mart 2019, 13:48
 Artkaspi.az Qərənfil Dünyaminqızının "Mirzə Cəlil yaradıcılığından mənəvi qida alan ziyalı" yazısnı təqdim edir:

 Onun haqqında ilk dəfə filologiya elmləri doktoru, mühacirşünas alim Abid Tahirlidən bu sözləri eşitdim: "Allahverdi müəllim olan yerdə yalnız xeyirxahlıq və mehribanlıq var. Ətrafındakıların hörmətini, məhəbbətini qazanan, onları sevən və özünü onlara sevdirməyi bacaran bir insandır!”
 Artıq üç-dörd ildir ki, hər gün işdə bu eşitdiklərimin şahidi oluram. Onu hər dəfə yaxından tanıdıqca, savadına, zəkasına və ən əsası, insanlığına, ağayanalığına, ziyalılığına heyran qalıram. Təbiətcə çox sakit, sadə, səmimi, təmkinli, təvazökar, istiqanlı və həssasdır. Bax, elə ona görə, bu yazımda oxucuma onun əsərlərindən, mükafatlarından, vəzifələrindən deyil, (bu haqda kütləvi informasiya vasitələrində görkəmli alimlərimiz, xüsusilə, sahə mütəxəssislərinin yetərincə dəyərli, maraqlı fikirləri, məqalələri dərc edilib) ağayanalığından, daxili toxluğundan, özünü ətrafına qəbuletdirmə xüsusiyyətindən (buna zor gücünə yox, sevilərək nail olur), humanizmindən, dəyişməz xarakterindən bəhs etmək istərdim.
 
 
 
 

 Allahverdi Məhərrəm oğlu Məmmədli. Filologiya elmləri doktoru, professor. Mirzə Cəlilin ruhu uyuyan Nehrəmdən Bakıya ali təhsil dalınca gələn, ömrünü sözlə uğraşan, sevincini, kədərini, uğurunu sözlə bəyan edən, sanballı, əsərlər, məqalələr, şeirlər müəllifi. Əməkdar jurnalist, "Qızıl qələm” və "Həsən bəy Zərdabi” mükafatının laureatı, kifayət qədər təcrübəsi olan peşəkar jurnalist, Məmmədquluzadəşünas və onun yaratdığı "Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edən bacarıqlı, istedadlı alim, tələbkar, təcrübəli pedaqoq, kövrək duyğularından bir "dünya” yaradan şair və ən nəhayət, mübaliğədən kənar desək, əsl qələm, söz sahibi. Məclis əhli, xeyir-şər adamı. Sədaqətli, səxavətli dost, yoldaş. Obrazlı, cəsarətli çıxışları ilə həmsöhbətini, ətrafındakıları ovsunlayan, heyran qoyan, sözə ehtiyatla, ehtiramla yanaşan bir söz aşiqi.            
 A.Məmmədli bədii yaradıcılıqla məşğul olsa da, əsasən vaxtının çoxunu elmi-tədqiqat işlərinə sərf edir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus parlaq iz qoyan Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı onu daha çox özünə cəlb edib. Bu doğmalıqda, yaxınlıqda onu özünə cəlb edən bir neçə amil də var. Professor Cahangir Məmmədli demiş, onlardan ən başlıcası, əlbəttə, Mirzə Cəlilin millət yanğısıdır. İllər, əsrlər, qərinələr keçəcək və bu yanğı gələcək nəsillərə bir örnək olacaq. Millətini, vətənini, torpağını, dilini sevmək və onun yolunda canını fəda etmək. Bəlkə də bu gün Mirzə Cəlilin ruhuna əyandır ki, ömrü boyu fanatizminə, savadsızlığına üsyan etdiyi Nehrəm kəndindən olan filologiya üzrə ilk alim də M.Cəlil irsindən qidalandı, ruhlandı. Odur ki, Allahverdi müəllim əsərlərində  M.Cəlil publisistikasının bir sıra özünəməxsus cəhətlərini məharətlə, ardıcıllıqla, əhatəli şəkildə açıb oxucusuna göstərə bilir. Vətən duyğulu, yurd qoxulu bu əsərlər oxucusunda xoş təəssürat yaradır.    
 
 
 
 
 

 Təbii, Allahverdi müəllim tədqiqatçı bir alim kimi bütün klassiklərimizə, onların yaradıcılığına eyni qayğı və sayğı ilə yanaşır. Amma bu qayğıda babalarımızın, atalarımızın mənəvi yaşıdı olan Mirzə Cəlil yaradıcılığına xüsusi bir sevgi var. Bütün zamanların övladı, hər yeni nəslin yol yoldaşı olan Mirzə Cəlilin nəfəsi duyulduğu, ruhu uyuduğu Nehrəmdə babalarından, müəllimlərindən, atasından eşitdikləri onun qəlbində bu millət fədaisinə qarşı bir sevgi, hörmət oyadıb (Hətta Allahverdi müəllimin atası Məhərrəm kişinin Mirzə Cəlil yaradıcılığına, şəxsiyyətinə olan sevgisi, onu jurnalistikaya meyilləndirib və elə oğlunun da bu yola çıxmasına səbəb o olub).
A.Məmmədli hələ BDU-nun jurnalistika fakültəsində oxuyarkən (1976-1981) M.Cəlil yaradıcılığına müraciət edir və illər sonra da sədaqətlə bunu davam etdirir. "Böyük Azərbaycançı” adlandırılan M.Cəlil yaradıcılığında azərbaycançılıq ideyalarının tədqiq etmək arzusu ilə işə başlayır. İllərlə arxivlərdə, kitabxanalarda, muzeylərdə aparılan ciddi araşdırmaların, gərgin axtarışların, zəhmətin sayəsində  oxucusunun yalnız qəlbinə, hisslərinə deyil, fikrinə, şüuruna hakim kəsilən, M.Cəlil yaradıcılığına, şəxsiyyətinə layiq "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” adlı (2004) sanballı monoqrafiyasını ortalığa qoyur. Əsəri Yavuz Axundov, Nizami Cəfərov, Əflatun Saraclı, Abid Tahirli, Alxan Bayramoğlu, Ramiz Əsgər kimi görkəmli alimlərimiz yüksək qiymətləndirdilər. A.Məmmədli məhz bu əsərinə görə, Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi” mükafatına layiq görülüb. 
 M.Cəlil irsinin sehrinə düşən A.Məmmədli, doktorluq mövzusunda bütün mollanəsrəddinçilərin yaradıcılığına müraciət etdi və yenidən gərgin axtarışlara başladı. 2015-ci ildə "Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri” mövzusunda doktorluq dissertasiyasını çox uğurla müdafiə etdi. Müəllif sovet dövründə rejimin, ideologiyanın təsiri, tələbi ilə tədqiqata cəlb edilən mollanəsrəddinçilərə tam yeni aspektdən yanaşdı. Bu yanaşmada təkzibolunmaz, inandırıcı, dolğun, tutarlı faktlara əsaslanan alimin prinsipallığı ilə yanaşı, dəyərli elmi fikirləri də diqqəti cəlb edir. Tədqiqatçı A.Məmmədli mollanəsrəddinçilərin ədəbi-bədii irsindən nümunələr verməklə, onların sənətkarlıq problemlərini dərindən təhlil edir, dəyərləndirir, bu irsin xarakterik və fərqli cəhətlərini məharətlə açıqlayır. Hiss olunur ki, o, mövzuya əsl ziyalı qayğısı, tədqiqatçı sayğısı ilə yanaşıb.       
 Müəllif dissertasiyasında çox düzgün qeyd edir ki, mollanəsrəddinçilər XX əsrin əvvəllərində zəngin, dəyərli bir ədəbi-mədəni irs yaratmışlar: "Bu irs bütöv Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına məxsusdur. Lakin bu irsin sovetlər dövründə obyektivliklə öyrənilməsi yasaqlar, qadağalar nəticəsində mümkün olmayıb. Mövzu dövrün tələbi və təklifi əsasında öyrənilib”.
"Mən hər dəfə Mirzə Cəlil yaradıcılığına müraciət edərkən mənən qidalanıram, zövq alıram. Özümə borc bilirəm ki, bu qiymətli xəzinədən xalqıma zərrəcə nəsə verə bilim. Bu, mənim vətəndaşlıq borcumdur” söyləyən Allahverdi müəllim, hətta məclislərdə də M.Cəlildən sitat gətirməsə "sakitləşməz”. Bu, bir daha onun, ömrünü bütöv Azərbaycan uğrunda mübarizəyə həsr edən M.Cəlil şəxsiyyətinə, yaradıcılığına olan sonsuz sevgisindən irəli gəlir.        
 Bir-iki ilin söhbətidir. Yolum Ali Məhkəməyə düşmüşdü (Allahverdi müəllim həm də Ali Məhkəmədə mətbuat xidmətinin rəhbəridir). Burada rəhbərlikdən tutmuş, adi nəzarətçiyə kimi, hər kəsin ona qarşı olan böyük hörmətinin şahidi olduqda, bir daha əmin oldum ki, o, harada olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanmağı bacaran bir ziyalıdır.
 Elə BDU-nun jurnalistika fakültəsində də. Bir zaman tələbəsi, sonra dissertantı, müəllimi olduğu fakültədə hazırda "Radio və televiziya jurnalistikası” kafedrasının müdiridir. Əslində Allahverdi müəllim bu sahədə də təcrübəsi, bilgisi olan bir kadrdır. Onun "sehirli güzgü” ilə tanışlığı hələ çox-çox əvvəl, Naxçıvan Dövlət Televiziyasından başlayıb. Sonra Bakıda Azərbaycan Televiziyasında  reportyor kimi çalışan A.Məmmədli, az vaxtda televiziyanın "Xəbərlər” kimi çox məsuliyyətli bir redaksiyasının baş redaktoru təyin edilib.
Bir gün Allahverdi müəllimin tələbə yoldaşı, tanınmış telejurnalist Qərənfil Xəlilova ilə söhbət edirdik. Söhbət tələbə yoldaşlarından, xüsusən də Allahverdi müəllimdən düşəndə,  dedi: "Mən Allahverdini otuz il bundan əvvəl necə təmiz, saf, mehriban, qayğıkeş gördümsə, elə bu gün də elədir. Çox qəribədir ki, çoxlarının xarakterini dəyişən şəhər həyatı və vəzifə onu dəyişə bilmədi”.
 Mayası halallıqla, saflıqla yoğurulan insanları heç nə, heç vaxt dəyişə bilmir. Onlar mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sadiq qalırlar.