Biz imzaları yox, əsərləri dərc edirik...

“Min bir gecə” nağıllarının tarixçəsi və tərcümələri – Hasen Şahrazed
1254
29 Oktyabr 2020, 12:47
 Artkaspi.az saytı Hasen Şahrazedin ""Min bir gecə” nağıllarının tarixçəsi və tərcümələri” adlı yazısını təqdim edir:
 
 Bu məqalədə Şərqin orta əsrlər nağıllar toplusu olan "Min bir gecə” adlı ədəbi abidənin yaranması, onun Avropa, o cümlədən də Rusiya mədəniyyətinə tərcümələr vasitəsilə nüfuz etməsinə dair suallar nəzərdən keçirilir. Tədqiqatçıların fikrincə, bu əsər Yaxın Şərq, əsasən də Orta və Cənubi Asiya xalqlarının ümumi yaradıcılıq məhsuludur. Bunun əsas sübutu topluda yer alan ərəb və hind koloritidir.
Kitabın final versiyasına əsasən, iran və hind təhkiyəçilərinin müdrikliyindən ilhamlanan və nəticədə nağılları öz ahənglərində qələmə almış, bununla belə toplu ərsəyə gələn zaman ərəb dünyasının mədəni xüsusiyyətlərini özündə cəmləmiş ərəblərin töhfəsi haqqında danışmaq olar. Məqalədə Şəhrizadın nağılları barədə həm Şərqdə, həm də Qərbdə geniş yayılmış düşüncələr analiz edilir, qədim zamanlardan günümüzə qədər olan müxtəlif fikilər nəzərdən keçirilir. 
 Bundan başqa, Avropa ölkələrində meydana gələn (Fransada A.Qallandan (Antuan Qallan – fransız şərqşünası – 1646-1715 – X.N.) başlamış, Rusiyada Salyeyə (Mixail Salye – şərqşünas, filoloq - 1899-1961 – X.N.) qədər) tərcümələrin çoxluğu haqqında araşdırma aparılır. Tədqiqatın məqsədi "Min bir gecə” kitabının yaranması tarixinin və onun tərcümələr vasitəsilə müxtəlif ölkələrdə yayılmasının öyrənilməsidir. 
 
 

"Min bir gecə” dünya bədii ədəbiyyatının minillik tarixi təkamül yolu keçmiş ən mühüm əsərlərindən biri hesab edilir. Əsərin ədəbi inkişafı təxminən XIV-XVII əsrlər ərzində davam etmişdir. "Gecələr” toplusu formalaşma dövrü ərzində ətrafında qədim miflərlə birlikdə çoxsaylı tapmaca və müasir alimlərin mühakimələrini yaratmışdır. Qeyd etmək lazımdır ki, bu unikal nağıllar toplusuna maraq hələ də azalmır və əsər dünya mədəni arenasında ən populyar tərcümə nəşrlərinin ilk onluğuna daxildir, bunun təsdiqi kimi müxtəlif səpkili nəqletmələri, səhnə materiallarını, kino çəkilişlərini misal göstərmək olar. 
 "Əbədi cavan” nağılların formalaşmasında açar rolu küçə şairlərinə – hədis nəql edən mühəddislərə (nağılçı və qiraətçilər) məxsus idi. Maraqlıdır ki, Suriya, İraq və Misirin şəhərlərində meydana gəlmiş bu ənənənin qalıqları ilə bu gün də qarşılaşmaq mümkündür. Həmin dövrdəki ərəb ölkələri cəmiyyətlərinin bütün təbəqələrinin nağılçıların qeyri-adi hekayələri ilə maraqlandığını etiraf etmək lazımdır. 
Bu tərkibə dinləyicilərin əsas hissəsini təşkil edən sadə xalqla yanaşı, şəhər elitası da daxil idi. Məlumdur ki, heç bir müsəlman bayramı küçə qiraətçilərinin nəğmələri ilə müşahidə edilən maraqlı rəvayətlər olmadan keçməzdi. Dinləyicilər bazarlarda, meydanlarda və qəlyanxanalarda qeyri-adi nağıllar və ya qədim qəhrəmanların hadisələrin qəfil dəyişikliyi ilə müşahidə edilən, maraqlı səhnələr və yumoristik təsvirlərlə dolu nəhəng şücaətləri barədə hekayələri dinləyirdilər. 
 
 

 VII-VIII əsrlərdə ərəblərin Şərq ölkələrini istila etmələri nəticəsində meydana gəlmiş (sərhədləri Hindistandan başlayıb Qərb ölkələrində sona çatan) xilafətin şərq cəmiyyətinin mədəni həyatına təsiri faktı da mühüm hesab edilir. Suriyalıların, yunanların, iranlıların, yəhudilərin və digər fəth edilmiş xalqların baxışları, ənənələri və zövqləri nağıllar külliyyatında öz əksini tapmışdır: məsələn, kitabda qədim hekayələr, rəvayətlər, əfsanələr, epopeyalar və Müqəddəs kitablardan süjetlər yer alıb. 
 Şübhəsiz ki, bu məsələdə materialların çox hissəsi ərəblərin xidmətidir. Amma "Min bir gecə” bütövlükdə hər bir xalqın müəyyən dərəcədə iştirakı sayəsində ərsəyə gəlmiş müştərək əsərdir. 
Ardınca müxtəlif Avropa mədəniyyətlərində ərəb-fars nağıllarının Şərqdən Qərbə "keçid”inin xüsusiyyətlərini nəzərdən keçirək. "Min bir gecə”nin təsiri XVIII-XIX əsr Avropa yazıçılarının əsərlərində açıq-aşkar görünürdü, bu qəbildən Uilyam Bekfordun "Vatek” povesti (1786), Tomas Murun "Lalla Ruk” romanı (1817), Bayronun "Çayld Haroldun ziyarəti” (1812-1818), Ceyms Moryerin "Hacı babanın macəraları” (1824) romanını və başqalarını misal gətirmək olar.
 Avropa Qərbinin sözügedən əsərə marağı təkcə ədəbiyyatda deyil, həm də incəsənətin teatr, kinematoqrafiya, rəssamlıq, musiqi, heykəltaraşlıq, memarlıq kimi növlərində də özünü göstərir. Məsələn, teatrda Lope de Veqanın "Teodorun nişanlısı”, Bomarşenin "Sevilya bərbəri və ya mənasız ehtiyatlılıq” və Adam Elenşlegerin "Ələddin və ya sehrli çıraq” pyesləri nümayiş edilmişdir. 
 
 

 O ki qaldı "Gecələr”in məzmunundan ilhamlanan təsviri sənət ustalarının əsərlərinə, bu yerdə Engerin, Matiss Delakruanın və Kes van Dongenin əsərlərini qeyd etmək olar. Alimlər topludakı nağılları zamana və coğrafi əlamətlərə nəzərən üç qrupa ayırırlar: indoiran (qədim), Bağdad (sonrakı) və Misir (daha sonrakı). Buna sübut olaraq əsərdə rast gəlinən şəxs adlarını misal göstərə bilərik: İran mənşəli adlar – Şəhrizad, Şapur, Şahzaman, qədim yəhudi mənşəli adlar – Davud (David), Süleyman (Solomon), türk mənşəli adlar – Xatun, Əlibaba, hind mənşəli – Sindbad və digərləri. 
 Qeyd edək ki, Avropa ədəbiyyatı İntibah dövrü italyan yazıçıları sayəsində özü üçün "Min bir gecə”nin süjetlərini kəşf etdi. Covanni Bokaççonun yüz novelladan ibarət "Dekameron” (1352-1354) kitabı buna ən bariz nümunə ola bilər. Məlumdur ki, müəllif üçün yazı zamanı təb rolunu oynayan "Min bir gecə” nağılları olmuşdur.
Sonralar "ongünlük” süjetlər hətta Misirin mədəniyyət üzrə ali orqanının rəhbərliyi altında ərəb dilinə tərcümə edilərək iki cilddə işıq üzü görmüşdür. "Ərəb gecələri”nin təsirinə həm də Franko Sakkettinin "Üç yüz novella” (XIV əsr) kitabında da rast gəlmək mümkündür. Amma italyan yazıçıları şərq nağılları süjetlərinə ilk dəfə XIII əsrin sonu XIV əsrin başlanğıcında müraciət etmişlər, bu, müəllifi anonim olan məşhur toplu "Novellino”da nəzərə çarpır. İntibah dövründə qədim italyan məktəbi nümayəndələrinin Şərq motivini bu cür qavraması sayəsində şərq "ekzotika”sına maraq artmışdır, şərq motivi isə romantizm dövrü üçün xarakterik cəhətə çevrilmişdir. 
 Yada salmaq lazımdır ki, kitab Avropada cəmi iki əsr əvvəl, fransız tərcüməçisi Antuan Qallanın XVIII əsrdə ilk nəşri sayəsində məşhurlaşmışdır. Rusiyada isə Avropadan daha erkən tanınmış, o vaxtdan da onun mənşəyi mübahisə mövzusuna çevrilmişdir. Bir çox şərqşünas alimlər və qeyri-şərqşünaslar bu məsələ ətrafında araşdırma aparmışlar.
 XIX əsrin ikinci yarısından iki əsas fərziyyə meydana çıxdı: birinci – şərqşünasları izləyən, amma əsasən Avropa folklorçularının baxışlarını bölüşən Hammer fərziyyəsidir. İkincisi isə məşhur fransız linqvisti və şərqşünası, öz tərəfdarları ilə birlikdə "Min bir gecə”ni hətta əcnəbi adların işləndiyi yerlərin olmasına baxmayaraq, müsəlman-ərəblərin qələmə alması fikrində qalan Silvestr de Sasinin adı ilə bağlıdır. Hammer-Purqştal öz tədqiqatları prosesində aşkar etdi ki, bu nağıllar kitabı əksinə fars və ya hind köklərinə malikdir. Amma bununla belə qeyd etmək lazımdır ki, nağılların böyük əksəriyyəti, hətta hind-fars mənşəlilər belə yekun versiyada misirli ərəblər tərəfindən qələmə alınmışdır. 
 Məlumdur ki, "Min bir gecə” barədə ilk məlumatlar Əbül Həsən əl Məsudi, İbn ən Nadim, İbn Səid, Əl Məkrizi, Əhməd əl Makkari və digərləri kimi orta əsrlər dövrü ərəb yazıçılarının qeydlərində öz əksini tapmışdır. Əbül Həsən əl Məsudinin "Qızıl çəmənlər” adlı məşhur toplusu rusiyalı oxucuya D.V.Mikulskinin 2002-ci ildə "Qızıl mədənləri və rənglərin dağınıqlığı” başlığı altında təqdim edilmişdir. Həmin əsər isə kitabın "Min bir gecə” nağıllarının ruhunda yazıldığını yada salır. 
 
 Əl Məsudinin bəzi novellaları "Min bir gecə” məşhur nağılları ilə analoq təşkil edir. 
İbn ən-Nadim "Əl-Fihrist” əsərində ərəb orta-əsrlər ədəbiyyatı toplusunu araşdırmış, nağılların uyğun gəlməsini isə "bu nağılları ilk quraşdıran onları qələmə almış, onlardan kitab yaratmış, nağılların bəzilərini heyvanların dili ilə çatdırmışdır – bunlar qədim farslar idi. Sonra bu işlə fars şahlarının üçüncü nəsli məşğul olmuşlar. Sasani şahları zamanında nağılların sayı artdı və geniş yayıldı. Ərəblər onları öz dillərinə tərcümə etdilər, bu işdə bəlağətli, həm də mükəmməl dil bilgisi olan ərəb yazıçıları iştirak edirdi, onlar nağıllara daha yaxşı şüarlar və formalar tətbiq edir və özlərinə uyğun təbə salırdılar” kimi izah etmişdir.
 Ərəb kitabı haqqında eyni zamanda digər xatırlamalar da var, məsələn Bodley (Oksford, 1957) kitabxanasındakı sənədlərdən birini misal gətirə bilərik. Sözügedən tarixi sənəd Misir yəhudisinə məxsus olmuşdur, burada 1152-1162-ci illər qeydə alınmışdır. İbn Səid Qrenadadan Misirə köçdükdən sonra yazdığı məlumatlarda orada təxminən 1101-1129-cu illər aralığında İspaniyadan gəlmiş xəlifələrdən biri tərəfindən inşa edilən sarayın olduğunu nəql edirdi. Sarayın "Ərəb gecələri”ndəki hadisələrlə bağlılığı maraqlı faktdır və onların varlığının son şahidi hesab edilir. 
 O ki qaldı "Min bir gecə” kitabı haqqında Şərqdə və Qərbdə geniş yayılmış düşüncələrə – onlar tamamilə fərqlənirdi. Bir tərəfdən kitab Şərqdə sadə xalq arasında oxucuların sevgisini qazanaraq populyarlaşırdı. Lakin kitabçılar, ədəbiyyatçılar və ziyalılar tərəfindən külliyat yüksək üslublu ərəb ədəbi dilində olan dərin məzmunlu ciddi əsər kimi qiymətləndirilmirdi, əksinə o, darıxdırıcı, gərəksiz kitab kimi nəzərə çatdırılırdı. 
Bu münasibətlə İbn əl Nadim yazırdı: "o, məzmunsuz və cansıxıcı tərzdə qələmə alınıb”. Həqiqətən də təhkiyəçilər "Min bir gecə” kitabının süjetlərinə əsasən sadə xalqdan ibarət dinləyiciləri güldürmək məqsədi ilə müraciət edirdilər. Digər tərəfdən, Qərbdə kitaba münasibətdə baxışlar tamamilə fərqli idi. Məsələ bundadır ki, əsər Avropa oxucusuna tərcümə vasitəsilə çatdırılmışdı. Həm də ərəb mətnlərindən fərqli olaraq burada ədəbsiz materiallar yox idi – bu isə olduqca vacib nüansdı. Avropalılar şərq nağılları ilə fəxr edirdilər və hətta onların məzmununda şövq elementləri də tapırdılar. Nümunə olaraq Höte, Hoffman, Dikkens, Bürger, Tennison, Şamisso, Hauf, Qrilparser, Qraf fon Platen, Lord Tennison, Biçer Stou kimi şair və yazıçıları misal göstərə bilərik. Rusiyada nağıllar aralarında Puşkin, Jukovski, Belinski, Tolstoy və başqalarının da olduğu məşhur ədəbiyyat xadimlərinin rəğbətini qazanmışdı.
 Lakin Avropa ölkələrində əsər barədə neqativ fikirlər səsləndirən tənqidçilər də vardı (məsələn, S.De Sasi və A. Uden), amma bu, oxucu və ədəbiyyatçıların düşüncələrinə heç bir təsir buraxmamışdı. Hesab edilir ki, Avropa oxucularını "Ərəb gecələri” ilə A.Qallan tanış etmişdir. Onun nağılların orijinaldan fransız dilinə tərcümə etdiyi ilk nəşri 1704-cü ildə çap edilmişdir.
 Qeyd etmək lazımdır ki, Qallan mətni yarımçıq əlyazmalardan tərcümə etmişdir, çünki əvvəla o, qalan hissələri tapmağa nail olmamış, ikincisi isə onun dövründə nağıllar kitabının çap versiyası işıq üzü görməmişdir. L.Borxesin fikrində Qallan "... ərəblərə həddini göstərmişdi ki, onlar Parisi ədəbsiz dissonansla (qarışıqlıq, ixtilaf) qorxutmasınlar”. 
 Əgər nağılların tam versiyasından danışsaq o, 1835-ci ildə Bulak şəhərində meydana çıxmışdır. Sonra 1838-1842-ci illər aralığında Kəlküttə versiyası nəşr edilmişdir. Kitabın nəşri 1920-1930-cu illərə qədər davam etmişdir. Qeyd etmək lazımdır ki, Kəlküttə nəşrinin bazasında "Min bir gecə”nin qərb və Avropa dillərinə tərcüməsi həyata keçirilmişdir: toplunu ingilis dilinə E. Leyn, R.F.Byorton və V.Lenom tərcümə etmişlər. 
İkinci dəfə bu kitabı fransızcaya 1921-1928-ci illər aralığında J.Mardryus tərcümə etmişdir (16 cilddə). Ardınca semitoloq E.Littman tərəfindən həyata keçirilən alman versiyası meydana gəlmişdir (6 cilddə). Danimarka dilinə nağıllar Estrup tərəfindən tərcümə edilmişdir (6 cilddə). 
 "Gecələr”in Rusiyada ilk tərcüməçisi isə Y.Doppel Mayer (XX əsrin sonu) olmuşdur. Yeri gəlmişkən, Mayer də Qallanın versiyasına istinad etmişdi. Bir müddət keçmiş L.Şelqunovun tərcüməsi işıq üzü görmüş, altı ildən sonra isə Mardryusun tərcüməsinin əsasında anonim tərcümə nəşr edilmişdi, bu zaman həmin əsər Rusiyada çap edilən tam tərcümə hesab edilirdi. Qeyd etmək lazımdır ki, "Gecələr”in Kəlküttə ərəb toplusundan rus dilinə ilk və yeganə tərcüməçisi 1929 və 1938-ci illərdə M.A.Salye olmuşdur (İ.Y.Kraçkovskinin redaksiyası altında). Onun nəşr etdiyi səkkiz cildlikdə ərəbcədəki ruh və üslub mümkün qədər qorunmuşdur. 
 
 Yuxarıda sadalananlardan növbəti nəticələrə gəlmək olar:
 1) "Min bir gecə” bir müəllifə deyil, bütöv bir xalqa məxsusdur. Kitabın süjetlərində hind, İran və ərəb xalq nağıllarından başqa digərlərinə də rast gəlinir. Multikultural tərkib Xilafətin təsiri altında formalaşmışdır, bu da "Gecələr”in İslam İmperiyası ərazisində geniş vüsət almasına, daha sonralar isə qərb tərcümələri sayəsində dünyaya yayılmasına gətirib çıxarmışdır. 
 2) "Min bir gecə”nin süjetlərinə təkcə bədii ədəbiyyatda deyil, həm də incəsənətin bir çox digər növlərində rast gəlinir. Kitabdakı nağılların tarixi, prototipləri zamanla Şərq və Qərbin müxtəlif qatları üçün adi hadisəyə çevrildi.
 3) Qərbin nağıllarla tanışlığında açar rolunu şərq süjetlərindən ilhamlanmış İntibah dövrünün italyan novella ustaları oynamışdır, nəticədə isə şərq motivi Romantizm dövrünün xarakterik əlamətinə çevrilmişdir. 
 4) Ərəb elitasının "Min bir gecə”ni ədəbi əsər kimi təsdiqləməməsinə və nağılların əsasən sadə xalqın arasında populyar olmasına baxmayaraq, nağıllar ərəb-fars Şərqindən Qərbə keçidi ilə oxucular və ədəbiyyatçılar arasında geniş populyarlıq əldə etmişlər.
 5) A.Qallanın tərcüməsi sayəsində dünya ərəb nağılları ilə tanış oldu, bundan başqa bu tərcümə digər dillərə növbəti tərcüməçilər üçün zəmin olmuşdur. "Gecələr”in tərcümə versiyaları Avropa mentalitetinə uyğun şəkildə adaptasiya edilmişdir. Rusiyada külliyyat həm də Qallanın fransız versiyasından tərcümə edilmişdir: məsələn, ilk tərcümə Y.Doppel Mayerə məxsus olmuşdur, amma ərəb əsərinin təbini orijinaldan ruscaya tərcümədə ancaq M.A.Salye qoruyub saxlaya bilmişdir.
 
 Mənbə: academia.eu
 
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül