Biz imzaları yox, əsərləri dərc edirik...

“Min bir gecə” nağıllar toplusunun janr cəhətdən özünəməxsusluğu – Yuliya Yevgenyevna Vlasova
2222
18 Noyabr 2020, 12:00
 Artkaspi.az saytı Yuliya Yevgenyevna Vlasovanın ""Min bir gecə” nağıllar toplusunun janr cəhətdən özünəməxsusluğu” adlı yazısını təqdim edir:
 
 
 "Min bir gecə” nağılları ərəb xalq ədəbiyyatını dünyada şöhrətləndirən gözəl ədəbi abidədir. "Min bir gecə” bir çox yüzilliklər ərzində yaranmış, lakin müasirləri olan ərəb filoloqları və ədəbiyyat bilicilərinin sui-istifadəsi nəticəsində sadə xalq kütlələrinin əyləncəsi üçün nəzərdə tutulmuş ərəb xalq nəsrinin müxtəlif obrazlarının toplandığı nəhəng külliyyat halına gəlmişdir. 
 Külliyyatın adı da bir növ deyimə çevrilmişdir – çoxsaylı qeyri-adi hadisələr və personajların təyinatı Şəhrizad, Harun ər-Rəşidin simasında ümumiləşmiş, "cini şüşədən çıxarmaq”, "açıl sim-sim, açıl” və digər bu kimi ifadələr ümumişlək dilə daxil olmuşdur. 
 İraqın, Suriyanın, Misirin şəhərlərində hələ də maraqlı hekayələr danışan nağılçı-qiraətçiləri (şair və mühəddisləri (mühəddis – yəni hədis danışan) görüb eşitmək olar. Bu, qədim əfsanəvi qəhrəmanların təsvirləri olan "Anatrın həyat və şücaəti”, "Padşah Zu-Yazanın oğlu Sayfanın həyat hekayəsi” kimi nəhəng qəhrəmanlıq epopeyasıdır. Bu cür hekayələri aktyorlar rübab adlı musiqi alətinin sədaları altında hekayələri şeirlərlə əvəz edərək nəql edirdilər. 
 
  

 "Min bir gecə” "çərçivəli povest” prinsipi ilə yaranıb. Hekayələrdən biri digərlərinin də bağlı olduğu çərçivə rolunu oynayır. Arvadı tərəfindən aldadılan və hər yeni arvadını zifaf gecəsindən sonra edam edən şah Şəhriyarla ilk gecəyə maraqlı nağıl danışmaqla başlayan, həmin nağılı sübhə qədər davam etdirərək ən həyəcanlı yerində yarımçıq saxlayan ağıllı Şəhrizad haqqındakı nağıl həmin çərçivədir. Növbəti gecəni və nağılın davamını gözləyən şah isə edamı təxirə salmalı olur. Bu minvalla min bir gecə keçir və yekunda xəbər verilir ki, şah zalım qərarını ləğv etmişdir. Beləliklə, həm özünün həm də şəhərin bir çox qadınlarının həyatını xilas edən Şəhrizad şahın arvadı olur. 
 "Min bir gecə”nin öyrənilməsi zamanı bura müxtəlif xalqlar tərəfindən – Hindistan, Mesopotamiya, İran, Misir və digər şərq ölkələrinin xalqları – daxil edilmiş materiallara rast gəlmək olar. İlk kriteriyalar adlar, tarixlər, dialektlərdən ibarətdir. "Min bir gecə” nağıllarında həm hind adlarına (Sindbad), həm türk adlarına (Əli baba, Xatun), həm də İran adlarına (Şəhrizad, Şahzaman, Bəhram, Rüstəm, Şapur) rast gəlmək mümkündür. Yunan və Avropa adlarına az rast gəlinir: ərəblər bizanslıları "rum”lar, avropalıları isə "franklar” adlandırırdılar. Misir adları özlüyündə qibti (qibtilər – misirdə yaşayan, xristianlıq dininə mənsub xalq – X.N.) formasına malikdir. Qədim yəhudi mənşəli adlara Süleyman, Davud, bundan başqa Asaf, Barakiyə, Bulukiya da daxildir. Amma ərəb mənşəli adların əksəriyyəti hələ islamaqədərki Ərəbistanda da mövcud olmuşdur. 
 Tədqiqatçıların qənaətincə kitabda müxtəlif vaxtlarda və yerlərdə əlavə edilən nağıl və hekayələri erkən dövrdə hind-iran, daha sonralar Bağdad və nəhayət Misir dövrü kimi üç əsas qrupa bölmək lazımdır. Təbii ki, təbəqələrdən hər biri yerli sosial şərtlər və mədəniyyət ənənələri ilə şərti olan özünəməxsus xüsusiyyətlərə sahibdir. "Min bir gecə”nin qədim əsasını hind-iran nağıllarının fars dilindən ərəbcəyə tərcüməsi təşkil edir. Bunlar X əsrdə yaşamış ərəb tarixçi və coğrafiyaşünası əl-Məsudi və ərəb biblioqrafı İbn ən-Nadimin 987-ci ildə tərtib edilmiş məlumat kitabında haqqında məlumat verdikləri "Həzar əfsanə” ("Min nağıl”) toplusuna daxil olan nağıllardır. Kitab ərəbcəyə ərəb-müsəlman mədəniyyətinin İran ənənələrinə xüsusilə intensiv şəkildə hopmuş olduğu vaxtda – VIII əsrdə tərcümə edilmişdir. Bağdadlı ədəbiyyatçı əl-Cahşiyari (ölüm tarixi 942-ci il) "Həzar əfsanə”nin ərəb dilinə tərcümə edilmiş materialları əsasında "Min bir gecə” adlı öz nağıllar kitabını ərsəyə gətirmişdir, burada onun xüsusilə seçdiyi 480 İran, ərəb və yunan nağılları yer almışdır.
 
 
 

 Ərəb nağılları İraqın şəhərlərində (Bağdadla Bəsrədə) yerli folklorun, bəzən isə səyahətçilər tərəfindən qələmə alınmış müxtəlif ədəbi, coğrafi, tarixi əsərlərin istifadə edilmiş materiallarının təkmilləşdirilməsi yolu ilə yaranmışdır. Məsələn, "Qadın və yalançı başçılar haqqında nağıl” özündə Susanna və başçılar haqqındakı Bibliya pritçasını əks etdirir, "Dənizçi Sindbadın nağılı” fars kapitan Buzarq ibn Şəhriyarın dəniz səyahətləri barədə "Hindistanın möcüzələri” nağıllar kitabının, eləcə də İbn Hordadbeyin, əl-Müqəddəsin, əl-Məsudinin, İbn haukalın və digər alim və səyahətçilərin hekayələri əsasında yaranmışdır. "Min bir gecə”nin son cildi isə XVII əsrin başlanğıcında, Misir məmlükü ilə Suriyanın osmanlı sultanı I Səlim (1512-1520) tərəfindən ərsəyə gəlmişdir. Yekun redaksiyanın vətəninin şəhərləri Bağdadın monqollar tərəfindən XIII əsrin ortalarında dağıdılmasından sonra ərəb dünyasının iqtisadi və mədəni mərkəzinə çevrilmiş Misir olması təsadüfi deyil. 
 "Min bir gecə”nin bir çox nağıllarının fabulasında əsas rol oynamış sehrli qüvvələrin funksiyası kitabın müxtəlif hissələrində fərqlidir. Hind-iran mənşəli nağıllarda sehrli güclər müstəqildir, onlar öz təbirincə sevimli qəhrəmanlarına kömək edir, onları mənfur qüvvələrdən müdafiə edərək fəaliyyət göstərir. Bu fövqəlgüclər, xeyirxah və qəddar ruhlar (cinlər və ifritlər) şüurlu şəkildə öz iradələri ilə qəhrəmanların taleyini idarə edir, eyni zamanda nağılın fabulasını hərəkətə gətirirlər. İnsanlar isə burda ancaq passiv rola sahibdirlər. 
Ərəb diyarında yaranan nağıllarda hadisələr ya İraqın şəhərlərindən birində, ya onun ticarət mərkəzlində, ya da hansısa xilafət sarayında baş verir. Həmin nağıllarda tacirlər və ustalar, xəlifə və onun yaxınları, xeyirxah və qəddar vəzirlər, ədalətli və hiyləgər hakimlər, polislər, kəniz-müğənnilər, sədaqətli və çoxbilmiş qulluqçular, hərəmxana gözətçiləri – şəhər həyatının digər personajları yer alır. 
 Bağdad novellalarında süjetin "hərəkətverici qüvvəsi”nin funksional rolunu xeyirxah və qəddar ruhların əvəzində daha çox qəhrəmanın müdafiəçisi, hətta xilaskarı kimi çıxış edən, bütün anlaşılmazlıqları yerində həll edən, günahkarları cəzalandıran, qəhrəmanları mükafatlandıran xeyirxah xəlifə Harun ər-Rəşid yerinə yetirir. Xəlifədə sanki orta əsrlər şəhər sakininin onu qəddar və hiyləgər hakimiyyətdən qoruya bilən xeyirxah və güclü başçı haqqındakı arzuları toplanmışdır. 
 "Min bir gecə”nin bir çox nağılları, məsələn "Bir saatlıq xəlifə”, "Qozbelin nağılı” və başqaları balanslaşdırılmış hissələri olan ritmik fiqur kimi epizodların simmetrik təsvirində qurulmuşdur. Onlar nağılı mərhələ-mərhələ keçərək kulminasiyaya qədər dolaşıqlıq yaradır, sonra isə eyni mərhələləri əks qaydada geri qayıdır, amma ayrı-ayrı epizodların və novellaların fərqli düzülüşü ilə çözürlər. Şəhrizadın hekayələrinin kompozisiya naxışları orta əsrlər ərəb rəssamlarının qrafik tarazlıqlı ornamentlərini yada salır. Onların məşhurluğu ərəb xalq yaradıcılığında meydana gələn heyrətamiz kompozisiyaya qeyri-adi duyğular bəxş edir. 
XII əsrdən başlayaraq nağıllar toplusunda üçüncü hissə – Misir mənşəli nağıllar meydana gəlir. Misir novellaları ticarət və sənətkarlıq mühitində yaranırdı. Şəhrizadın digər nağıllarından fərqli olaraq onlarda sosial motivlər daha aydın nəzərə çarpır. Onların qəhrəmanı – tacir və ya zavallı ustadır. O kifayət qədər savadlı olmasa da sağlam düşüncəli və hazırcavabdır. 
 
 

 Kiçik həcmli Bağdad nağıl-lətifələrindən fərqli olaraq "Min bir gecə” macəraları geniş həcmli təhkiyələrdən ibarətdir, bəzən isə bu hətta bütöv bir "həyat hekayə”sidir. Bütün bu əsərlərin tarixi məmlük sultanlarının və Osmanlı dövlətinin Misirdə (XIII-XVII əsrlər) hakimiyyəti dövrünə təsadüf edir. Mənbəyi Misir olan "Min bir gecə” nağıllarının tarixinin klassik nümunəsi kimi "Ələddin və sehrli çıraq” və "Pinəçi Marufun nağılı”nı misal göstərə bilərik. "Ələddin və sehrli çıraq”da əsas fabulanı hər şeyə qadir olan cinin kor-koranə olaraq tabe olduğu sehrli talisman motivi təşkil edir. 
 Nağılın qəhrəmanı – yoxsul dərzinin uğurlu taleyi olan oğlu, əlinə keçən sehrli əşyanın köməyi ilə var-dövlət əldə edir, sonra isə sultanın qızı ilə evlənir. "Pinəçi Marufun nağılı”nın qəhrəmanı yoxsul pinəçi Marufun isə həyatdakı uğuru heç də qabaqcadan müəyyən edilməmişdi, o qəhrəmanın şəxsi keyfiyyətlərinin, bacarığının və xeyirxahlığının nəticəsində meydana gəlir. Maruf haqqındakı nağıl maraqlı, komik təşbehlərlə zəngindir. O, bu xüsusda Avropa nağıllarını xatırladır. Burada həm də kələkbazlıq elementləri də mövcuddur. Bunu tacir Əlinin sözlərində də görmək olar: "yaşamaq yalan və hiyləgərlikdi, səni heç kimin tanımadığı ölkədə isə ürəyin istəyən hər şeyi edə bilərsən”. Əgər fabulasının xarakterinə görə Marufun nağılı sehrli nağıldırsa, təsvir edilən konkret hadisələrdə o, yetkin orta əsrlər novellasını yada salır. 
Misir dövrünə aid nağıllardakı sehrli qüvvələr hind-iran folklorunun nə xeyirxah nə də qəddar olan tipik məmur-funksionerlər, hakimiyyət simvolu olan talismana kor-koranə şəkildə itaət edənlər və sahibinin iradəsini mexaniki olaraq yerinə yetirən müstəqil ruhlardı. Onlar talismanın qanuni sahibləri ilə onu talan edənlər arasında fərq qoymadan bütün əmrləri yerinə yetirirlər. 
 "Min bir gecə”də orta əsrlər ərəb ədəbiyyatının ən müxtəlif janrları təqdim edilir. Burada həm sevgi mövzusunda nağıl və povestlər, novellalar, oğru və quldurlar, onların cinayətlərinin necə ifşa edilməsi haqqında nağıllar, dəniz səyahətləri barədə nağıllar, müxtəlif nəsihətamiz hekayələr, tarixi və məişət mövzulu lətifələr və hətta kiçik həcmli "xalq romanları” yer alıb. Bu janrlardan hər birinin bu və ya digər nağılın, hekayənin, povestin zamanı və yaranma məkanından asılı olaraq özünəməxsus xüsusi xarakterik xüsusiyyətləri mövcuddur. Vətəni İran olan sevgi hekayələrində məhəbbət mövzusu daimi motivə malikdir: qəhrəman (adətən o, şah oğludur) uzaq ölkədən olan qızın görünüşünün təsvirini eşidərək və ya rəsmini görərək ona aşiq olur (adətən Şəhzadəyə). O, qızla birləşmək arzusunda qətiyyət göstərir, uzaq səyahətlərə yollanır, çoxsaylı çətinliklərdən keçir, macəraların iştirakçısına çevrilir və sevgilisi ilə xoşbəxt nigaha daxil olur. "Ərdəşir və Həyyat ən-Nüfusun nağılı”, "İbrahim və Cəmilənin nağılı” və digərləri bu xüsusda qurulub. 
 Ərəb (Bağdad) sevgi hekayələri fərqli xarakterə malikdir. Onlar ərəblər üçün ənənəvi mövzulu – asılı olmayan səbəblərə görə ayrı düşən, bir-birindən ötrü darıxan sevgililərin əzablarından bəhs edən nağıllardır. "Məktəbli oğlan və qızın nağılı”, "Eşqə düşmüş müəllimin nağılı” bu qəbildəndir. Bağdad sevgi novellalarının digər variantları sırasına "Əli ibn Bəkir və Şəms ən-Nəharın povesti”, "Cubeyr ibn Umeyra ilə Budurun nağılı”, "Nim və Num haqqında povest” aid edilə bilər. 
 Bu nağıllarda sevgi gəncləri "ilk baxışdan” tabe edir. Eşq onlara müqavimət göstərərək öhdəsindən gəlməyə müvəffəq olduqları sonsuz iztirab verir, amma aşiqin aktiv fəaliyyətinə aparıb çıxarmır. Hadisələrin müsbət həlli isə xeyirxah köməkçilərin və başçının mərhəməti sayəsində baş tutur. Bağdad sevgi novellalarının qəhrəmanı ərköyün və zəngin gəncdir, o, laqeyd və qeyri-ciddidir, alicənablığı ilə seçilmir, gözəlliyi və səxavətinə ("İki vəzirlə Ənis əl-Cəlisin nağılı”nda Nurəddin) və ya əksinə ağlı və səbrinə görə isə ("Hanim ibn Əyyub un nağıl”ında Hənim) əxlaqlı gəncdir. Kitabdakı bəzi erkən sevgi hekayələri "uzrit” ənənəsi ilə bağlıdır. (Uzritlər – uzra qəbiləsinin beduinləridi. Bu, qəddar talenin ayırdığı sadiq aşiqlərin əzabları barədəki əfsanələri ilə məşhurlaşmış tayfadır). "Müsəmanla xristianın nağılı”, "Adi ibn Zeyd və Mariyanın nağılı” və digərləri bu qəbildəndir. 
 Sevgidən bəhs edən Misir novellasında xarici görünüşündən başqa heç bir üstünlüyü olmayan zəif iradəli qəhrəman savadlı, ağıllı, cəsur kənizin eşq predmetinə çevrilir ("Əli Şərlə Zimurudun nağılı”).
 "Min bir gecə”dəki əsas yeri qısa həcmli lətifə janrı təşkil edir. Ərəb lətifəsi üçün "mənasızlıq” xarakterikdir – onun duzu gülməli vəziyyətə bağlıdı. Onun primitiv-komik süjeti hazırcavablılığın gözlənilməzlik effekti və kəskin dialoq üzərində qurulur ("Şirinlə balıqçının nağılı”, "Cəfər Barmakidlə xəstə qoca kişinin nağılı”). 
 "Min bir gecə”nin çox nağılları uzaq səyahətlərə həsr olunur, məsələn, "Dənizçi Sindbadın nağılı”. Sindbad tədbirli adamdı və bununla belə onda hər bir bacarıqlı tacirdə olduğu kimi cəsarətlə ağıl bir-birini tamamlayır. Təhlükə anında onu havada digər ölkələrə aparan Ruxx adlı nəhəng quşa güvənməyə hazırdır. O, yeraltı çayla salda üzür, azmanlar adasından qaçış planı həyata keçirir. Amma bununla belə o, kifayət qədər ehtiyatlıdır, bu da onu ölümdən xilas edir, məsələn antropofaqlar onu zəhərli yemək yedirməyə çalışdıqda ehtiyatlılığı sayəsində qurtulmağı bacarır. Sindbadın maraq dairəsinin həddi-hüdudu yoxdur və hansısa parıldayan günbəz gördükdə təcili şəkildə ona baxmağa yollanır, bunun nəhəng Ruxxun yumurtası olduğuna əmin olduqda onun üzərində qeyd edir, sonra isə ətrafında dolanıb addımlarının sayına əsasən ölçüsünü hesablayır. Dənizçi Sindbad uzaq ölkələrdəki vəhşilərlə çox yaxşı münasibət qurur, onlar da öz növbəsində ona qarşılıq verir. Onu gözləyən bütün təhlükələr ya coşqun dənizdən gəlir, ya da bədheybət və adamyeyənlərdən. 
 Bundan başqa kitabda heyvanlar haqqında nağıllara rast gəlmək olar, məsələn "Siçanla gəlinciyin nağılı”, "Qazla şir balasının nağılı” və başqaları. 
 "Min bir gecə”nin mətnində nəsr çoxsaylı poetik haşiyələrlə növbələşir. Onlar tez-tez fabulanın inkişafında mühüm rol oynayır və özündə bəzi informasiyalar daşıyır – şeirlə yazılmış məktublar, müxtəlif əlyazmalar kimi. Digər hallarda onlar personajlar arasında dialoq formasına çevrilir. 
 Ərəb nağılları haqqındakı ilk məlumatlar Avropaya hələ Xaç yürüşləri zamanı çatmışdı. O zaman onların süjetləri Avropa novellalarının formalaşmasına təsir göstərmişdi. Kitabın ərəbcədən fransızcaya ilk tam tərcüməsi A.Qallan tərəfindən XVIII əsrdə baş tutmuşdu. O, avropalıların düşüncəsini real məişət hadisələri fonunda ekzotik fantaziyalarla riqqətə gətirmişdi. Kitab qərb oxucusunu qeyri-adi incəlik və sadəliyin qarışığı ilə heyran edirdi. XIX əsrdə "Min bir gecə” mətni Fransa Loazlera de Lonşanın tərcüməsində, 1838 və 1838-1840-cı illərdə Burdenin tərcüməsində nəşr edilmişdir. Sonra ərəb nağılları kitabı Böyük Britaniyada (Eduard V.Lenin tərcüməsində) və Almaniyada (Q.Veylin tərcüməsi) işıq üzü görmüşdür. Rus dilinə ərəbcə orijinaldan ilk tərcümə Mixail Aleksandroviç Salye tərəfindən XX əsrin 30-cu illərində nəşr edilmişdir. 
 Heç şübhəsiz ki, ərəb folklorunun bu abidəsi insanlara böyük təsir göstərmişdir və göstərməkdə davam edir. "Min bir gecə” nağıllarının motivləri əsasında bu gün də filmlər və cizgi filmləri çəkilir. Musiqi əsərləri bəstələnir və ifa edilir, hətta tamaşa və baletlər ərsəyə gəlir. Ərəb nağıllarının müdrik qəhrəmanları (Şəhrizad, Əli Baba, Dənizçi-Sindbad) isə nümunə olaraq göstərilir. Onlar həm uşaqların, həm də onların valideynlərinin sevimliləridir. 
 
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül