Biz imzaları yox, əsərləri dərc edirik...

Milli uşaq ədəbiyyatının banisi – Təranə Məhərrəmova yazır
3077
23 Sentyabr 2019, 08:56
 Artkaspi.az saytı Təranə Məhərrəmovanın "Milli uşaq ədəbiyyatının banisi" adlı yazısını təqdim edir:
 
 Azərbaycan milli uşaq ədəbiyyatının incilərindən söz düşəndə onun adı xatırlanır: görkəmli yazıçı Abdulla Şaiqin. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatımızın əsasını qoyub. Uşaqlar üçün yazdığı əsərlər indi də maraqla qarşılanır. Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik doludur, uşaq şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir.

 
 
 Abdulla Şaiq Talıbzadə 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlir və dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra Bakıya gələrək bir rus ziyalısının böyük kitabxanasını alır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi kimi olaylar onun dünyagörüşünü genişləndirir.
 
 "Milli istiqlalın sevincini ilk duyanlar”
 
 Ötən əsrin əvvəllərindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə bütün səyi ilə çalışır. A.Şaiq 1901-ci ildə üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alır. Həmin ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edir. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində A.Şaiqin böyük xidmətləri olub. O, qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. "Əlifba”, "Uşaq çeşməyi”, "İkinci il”, "Gülzar” və s. kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunur. 
 
 "Laylay”dan başlayan yol
 
 
 Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay” adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan” və "Məktəb” uşaq-gənclər toplularında işıq üzü görür. Bu illərdə o, "Nicat” cəmiyyətinin İdarə Heyətinə üzv seçilir, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.
 Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi”, "Köç”, "Daşqın”, "İntiharmı, yaşamaqmı”, "Göbələk”, "İblisin huzurunda”, "Dursun”, "Əsrimizin qəhrəmanları” kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç” və "Məktub yetişmədi” hekayələri və "Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. "Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.
 Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran Abdulla Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım”, "Tülkü həccə gedir”, "Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun "Ədhəm”, "Tapdıq dədə”, "Qoçpolad” kimi poemalarında da milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyur. 
Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi qabaqcıl ziyalılarla həmfikir olur. O, Demokratik Respublikanın yaranmasını böyük sevinclə qarşılayır. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar” sırasında Abdulla Şaiqin də adını çəkir.
Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışır.
 
 

 Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa A.Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay”, "Eloğlu”, "Vətən”, "Fitnə”, "Qaraca qız” kimi çeşidli pyeslər yazır. Ədibin "Fitnə” və "Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
A.Şaiq bu illərdə də uşaqlar üçün maraqlı əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi”, "Top oyunu”, "Bənövşə”, "Qərənfil”, "Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı onun yaradıcılığından  öyrəniblər.
 Rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı” pyesini yazıb, yarımçıq "Əsrimizin qəhrəmanları” romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən”, "Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, "Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələridir.
 
 
 "Şaiq Nümunə məktəbi”
 
 1920-ci il aprelin 28-də rus ordusu (XI Qırmızı ordu) Azərbaycana hücum edir, kommunistlər hakimiyyəti ələ alır. Ölkədə hökm sürən gərgin vəziyyətə baxmayaraq, A.Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və b. məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 
 1923-cü ildə A.Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan -türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və b. ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. Məktəb gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində böyük rol oynayır. 
 Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə yazır:  "Bir çox fənlərdən dərsləri Türkiyədən gəlmiş müəllimlər deyirdi. Məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq, Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapırdı. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrıldı: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. Məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olurdu. Şagirdlər ona ehtiramla yanaşır, hörmət əlaməti olaraq "Mirzə” deyirdi”. 1923-cü ildə "Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.
 Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan A.Şaiqin "Vəzifə”, "Özü bilsin, mənə nə?”, "Anabacı”, "Əsəbi adam” kimi silsilə hekayələri, "Araz” inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də "Tənqid-Təbliğ” teatrı üçün əsərlər yazır.
 Abdulla Şaiq 1959-cu ildə iyulun 24-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə yazıçıya "Əməkdar incəsənət xadimi” adı verilib. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.