Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada türk dilində 15 min kitabın təqdimatı olub
184
19 Oktyabr 2018, 16:55
  Oktyabrın 19-u Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində 15 min kitabın təqdimatı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
 
 
 

 

  AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mötəbər aksiyaya görə təşkilatçılara təşəkkürünü bildirərək ölkəmizə gətirilmiş on beş min kitabdan şəhər və rayon kitabxanalarının oxucularının faydalana biləcəyini söyləyib. Professor Kərim Tahirov çıxışında bu kitabların 2 min nüsxəsinin Milli Kitabxanaya hədiyyə edildiyini və çox az bir qisminin burada sərgiləndiyini söyləyib.
 
 
 
 
 

  Bu cür tədbirlərin qarşılıqlı və davamlı olacağını deyən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, türk dilində müxtəlif kitabların ölkəmizə hədiyyə edilməsi elmi tədqiqatlar üçün faydalı olacaq, eyni zamanda iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək: "Layihə, həmçinin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaşlığımızın gözəl nümunəsidir. İki dövlət hər zaman bir-birinə dəstək olub, mədəniyyət və ədəbiyyat sahəsində də bu qardaşlığın təzahürü ürəkaçan hadisədir”.
  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələrindən danışıb. O, çıxışında bu aksiyanı yüksək qiymətləndirib və bu cür layihələrin davamlı olmasını arzulayıb.
  İki qardaş xalqın eyni tarixi, mədəni köklərə malik olduğunu vurğulayan Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya müşaviri İrfan Çiftçi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
 
 
 
 

  İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirəcəyini, eləcə də türk yazarlarının əsərlərinin Azərbaycan oxucusuna tanıdılmasında mühüm əhəmiyyət daşıyacağını bildirib. Vurğulayıb ki, təqdim olunan 15 min kitab 6 min yazarın əsərlərindən ibarətdir.
  Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Türk Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Elman Quliyev, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza kitabların ölkəmizə hədiyyə olunmasının əhəmiyyətini vurğulayıblar.
  Tədbirdə, həmçinin Günay Əfəndiyevaya göstərdiyi xidmətlərinə görə İLESAM təşkilatı adından medal təqdim edilib.