Artkaspi.az "Mənim bir yazı günüm” layihəyəsini təqdim edir:
Bu layihə çərçivəsində tanınmış ədəbi simalar özlərinin məhsuldar
hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız
araşdırmaçı-yazar Dilqəm Əhməddir.

Artıq
üç ildir ki, yeni material tapdıqdan sonra yazı prosesinə başlaya bilirəm.
Əvvəllər bir köşə yazısı yazmaq istəyərkən Feysbukda 15 dəqiqə vaxt keçirmək
bəs edirdi, çünki bütün mövzular oradadır. Amma yaşım çox olmasa da, artıq
ömrün olduqca qısa olduğunun fərqinə varmışam. Ona görə də gündəm mövzularından
maksimum dərəcədə qaçıram. Oxuculara 50 il sonra da seviləcək yazılar,
araşdırmalar təqdim etməyi qarşıma məqsəd qoymuşam. Düşünürəm ki, buna müəyyən
qədər nail olmuşam.
Təsadüfi
deyil ki, son iki kitabım da elə bu qərarımdan sonra ortaya çıxıb, uğur
qazanmasının əsas sirri də bundadır.
Hazırda
bir neçə jurnal və saytla əməkdaşlıq etdiyim üçün həmin nəşrlərin
izləyicilərini nəyləsə təəccübləndirmək mənim üçün vacibdir. Bu baxımdan yazı prosesinə
başlamadan öncə axtarışa çıxıram. Bəzən kolleksiyamda özümün də unutduğum bir
materiala rast gəlir, unikal kitabların, jurnalların olduğu kitabxanamdakı
materialları qarışdırır və mütləq ki nəsə tapıram. Məsələn, elə dünən axşam
arxivimdəki jurnal kolleksiyalarımın birindən Azərbaycan Cümhuriyyətinin ikinci
baş naziri Nəsib bəy Yusifbəylinin oğlu Niyazi bəyin 27 aprel işğal günü ilə
bağlı bir xatirə məqaləsini tapdım. Bu xatirəni nə Google axtarış sistemində,
nə də ki Axundov kitabxanasından tapa bilərsiniz.

Mövzunu
tapdıqdan sonra təbii ki, yazı masası arxasına keçirəm. Mənim üçün yazının
xüsusi saatı yoxdur. Yorğun olmadığım hər saatda yaza bilirəm. Bu, gecə saat
2-də də ola bilər, səhər saat 9-da da.
Noutbukda yazmaq mənə daha rahatdır. Çünki bütün arxivim oradadır.
Yazıya başlamadan öncə bütün qaynaqları masanın üzərinə qoyuram. Bəzən masanın
üzərində 20-dən çox kitab olur. Qəhvəni çox sevmədiyim üçün yazı prosesində
içmirəm, amma çayın olması mütləqdir. Hətta tez-tez mətbəxə getməmək üçün son zamanlar balaca bir
termos da yazı masamı bəzəyir.
Yazı
prosesində məni ən çox yoran davamlı qaynaqları oxumaq, istinadları dəqiq
şəkildə məqaləyə yerləşdirməkdir. Texniki məsələlər də çox yorur.
Kitabxanalardan məqalə üçün çəkdiyim qəzet, kitab səhifələrini bilgisayarda
müvafiq qovluqlarda arxivləşdirir, onları "pdf” sənəd şəklinə salıram. Eləcə
də, lazımi fotoları, sənədləri skanerdə elektronlaşdırmaq, kiril əlifbasında
olan materialları müvafiq proqramlar vasitəsilə latın qrafikasına keçirmək kimi
yorucu işləri təbii olaraq özüm edirəm, bu isə kifayət qədər vaxtın və
enerjinin getməsidir. Amma nəticədə ortaya gözəl bir məqalə çıxır.

Bu
dediklərim mənim araşdırma yazılarımla bağlıdır.
Ədəbiyyata
gəldikdə isə mənim cəmi bir şeir kitabım var. Yəqin ki, "Muza” mənim ilk və son
şeir kitabımdır. Düşünürəm ki, yüzə yaxın şeiri bir kitaba qoymaqdansa, 10-a
yaxın şeiri bir kitaba əlavə etmək daha yaxşıdır. Çünki onsuz da hər şeir
kitabında ümumi hesabla 10-a yaxın yaxşı şeir olur. Mən də 2014-cü ildə bəyənilən,
paylaşılan 10-15 şeirimi kitaba salmışdım. Həmin şeirlərin bəzilərini bloknot
vərəqində, bəzilərini telefonda yazmışam. Sonradan bilgisayar arxasında
düzəlişlər etmişəm.

"İmtina” romanını yazarkən Məryəm Ana kilsəsinə çox
gedərdim. Çünki romanda bəzi məsələlər bu kilsə ilə bağlı idi. Həm də romanda
hadisələr Bakıda baş verdiyi üçün mən bu şəhərə kənardan baxmalı, hadisələri
onun ruhuna yad olan bir məkandan təsvir etməliydim. Bu baxımdan Məryəm Ana
kilsəsi uğurlu seçim oldu. Kitabın üz qabığına da elə o kilsənin şəklini
verdim. Romanda müəyyən hissəni də elə kilsənin içində yazdım.