Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim qanım bahasına – Yuliya Aleyçankanın şeirləri
1613
16 May 2018, 14:14
 Belarusun gənc şairi Yuliya Aleyçanka 1991-ci ilin 21 dekabrında Orşa şəhərində anadan olub. Belarus Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. Magistraturanı bitirdikdən sonra təhsilini həmin universitetin aspiranturasında davam etdirir. "Polımya" ədəbi-bədii jurnalında məsul katibdir. 
 

 
 Bağ
 
 Mənim qanım bahasına
 Qızılgül bağı böyüyür.
 Orda fikir gəmim üzür
 Göz yaşım ulduztək süzür.
 
 Xəfif xəyal örtüyündə
 Ruhumla addımlayacam 
 Zirzəmini "eşələyib”
 Ötənləri axtaracam.
 
 Ayın saçın oxşayacam,
 Yoxluq suyunda çiməcəm
 Həyata qayıtmaq üçün
 Özümü qurban verəcəm!
 

 Sonsuz səma ovcumda –
 Soyuq, mavi və çəkili...
 Sübhçağı  kəsib-doğrayır
 Kürəyimi, ürəyimi. 
 
 Səbəbi güclü çiynimdir!
 Qızçiçəyini bər-bəzək elə
 As sən onu boynumdan.
 Dər yovşanları dünyadan.
 
 Kapitoli[1] qüvvəmdən üstün
 Kainat tənha büsbütün...
 Və mən sönən ulduz tozutək
 Ovuclarına bürünüm...
 
 
 

 Sən xoşbəxtliyimsən,
 Heç vaxt bitməyən  –
 Dodaqlarımız qovuşmasalar belə,
 Quşlarımız qışda ölsələr belə...
 Sən mənim uçurumumsan –
 Gecə kimi şaxtalı,
 Ora qorxar baxmağa ulduzlar,
 Orda heç yuva qurmaz ruhlar.
 Və bircə böyük görünməz gözlər
 Bizim xəyallarımıza gülər
 Yuxularımızın ağappaq qarın
 tikə-parça edər...
 

 
 Biz daş qızılgüllərin yanında görüşəcəyik.
 Sənin  cibində bizim baharın açarları olacaq.
 Tələsmə mənə verməyə. 
 Saxla. Saxla ki, itirməyim.
 Axı  yaman tez itirirəm –
 əvvəlki özümü, indiki səni!
 Bizi birlikdə,
 Toy tortunda fiqur kimi kəsirəm...
 Əbədi gələcək haqqında soruşma,
 gözlərimi uzun prospektlə bağla
 mən koru apar sahilə.
 Ancaq qağayıları dinləyim.
 Onlar da mənim kimi
 Bircə azadlıq diləyir.
 

 Hər axşam təqvimimdən 
 Bir yarpaq da qoparıram.
 Eşidirəm necə yeni gün
 Pəncərəmi döyəcləyir.
 Necə yepyeni işlər
 Qapımın kandarında
 Tarap-turup səs-küy edir.
 
 Yerini  rahatlaya bilsə
 zəhlətökən oxlarıyla
 qulaqlarda vızıldayar. 
 Hətta yuxuya da gələr
 Xəyalların kabusutək.
 
 Bəlkə, ötən gündə qalım?
 Yansın dünənki ulduzlar!
 Qoy yastığı yumşaq olsun –
 Mənsə dünyamda bəxtiyar!
 

 
 Ulduztək qarın altında
 Çox gözəldi yuxulamaq –
 meşə küləyi yatantək
 xəfif sübhçağı yanantək...
 
 Yanağımda səssiz gəzir –
 Qəribə, qərib arzular,
 Verdiyim bütün qurbanlar!
 Yuxu tək ovcumda qalar.
 
 Qəfildən itirməməkçün
 Uçurumunda zamanın
 Bir azca da qal mənimlə
 Susudur səmasını mayın. 
 
 
 
 Səbəbləri axtarmıram
 Mənə məlum olaylardan.
 Bütün bunlar bizə qalıb
 Ölümsüz olan dünyadan.
 
 İnsan keçən cığırları
 Kim yuyur qarla-yağışla?
 Sevənlərə al səhəri
 Kim verir çətir altında?
 
 Sözlərim yenilik deyil,
 İlk kəlmələr yadımdadı,
 Ata-anam lap əvvəldən
 Qulağıma pıçıldadı.
 
 İnanıram ki qırılmaz –
 Əbədi, ölümsüz bağlar.
 
 Belarus dilindən tərcümə edən: Xanım Aydın
 [1] Kapitoli – Qədim Romanın yarandığı təpələrdən biri
Xəbər lenti