Biz imzaları yox, əsərləri dərc edirik...

Mən öz şeirlərimin rejissoruyam - Qəşəm Nəcəfzadənin müsahibəsi
1720
25 Yanvar 2021, 11:33
 "Əşyaların taleyi” layihəsində hər dəfə bir yaradıcı, tanınmış simaların dünyaya, həyata dair düşüncələrini əşyaların gözü ilə aydınlığa qovuşdurur. Budəfəki qonağımız "Azərbaycan jurnalı”nın poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadədir
 
 – Qəşəm müəllim, sizin üçün əşyaların qiyməti, dəyəri nədədir?
 – Mənə elə gəlir ki, poeziya ilk dəfə səsdən yaranıb. Sonra əşyalar və sözlər. 
Təbiətdəki səslər dünyanın ilk şeiridir. İndi insan ən çox səsə inanır. Səsə qayıdır. Səs heç vaxt adamı aldatmır. Amma sözlər aldadır bəzən. Səsə qayıtmaqla insan təbiətə dönür. O zaman insan məğlub olur ki, təbiətdən ayrı düşür, ona qovuşanda isə adaptasiya olunur. Bu məsələnin birinci tərəfə. Səslərdən sonra əşyalar poeziyanın ən tutarlı detalı oldu. İnsanlar əşyalarla danışdı. Əşyalar da insanı aldatmır. İnsan harda aldadılmırsa, orda mövcuddur. Daha doğrusu, insanlıq. Qaldı ki, mənim yaradıcılığıma həmişə deyirlər ki, şeirlərimdə detallar çoxdur. Mən şeirimi və hekayələrimi detaldan yonub hazırlayıram. Məsələn, mənim "Tərsinə çevrilən başmaq” hekayəm var: "Babam öləndə iyirmi səkkiz yaşı varmış. Nənəmin də iyirmi beş yaşı... Üç uşaqları olub: iki qız, bir oğlan. Uşaqlar çox balacaymış. Böyüyünün, yəni mənim atamın səkkiz yaşı varmış. Nənəmi çox yerdən istəyirlərmiş. Nənəm "yox” deyirmiş. Nənəm deyir, bir dəfə çölə çıxanda gördüm ki, uşaqlarım başmaqlarımı tərsinə çeviriblər. Görünür, uşaqları da qonşudakı arvadlar öyrədibmiş. 
Biz bunun nə demək olduğunu soruşanda nənəm izah etdi: "Uşaqlarım bununla demək istəyirmişlər ki, ana, biz günah qazana bilmərik, icazə veririk, istəsən ərə gedə bilərsən”. 
 Sonra biz maraqla soruşardıq, nənə, bəs sən nə dedin?
Nənəm yaşmaqlanıb deyərdi: "Mən heç nə demədim, başmaqları düzəldib, balalarımın yanında qaldım”.
 
 

 – Qoruyub-saxladığınız əşyalar içərisində bir məftil də var, mən həmin məftilin tarixçəsini az-çox bələdəm, amma istərdim ki, o məftil barədə oxucularımız məndən də təfsilatlı bilgiyə sahib olsunlar.
 – Biz tərəkəməyik, bizdə əşyaların, detalların ifadə etdiyi mənalar çox olur. Bizim "Ağgül” adlı bir dağ inəyimiz vardı. Tərəkəmələr demiş: çox enli-dənli bir inək idi, inəklərimizin başı idi. Əməcəyinin bir gözü kor – bax gör, burda da detal var, yəni süd çıxmayan, – olsa səhər-axşam iki vedrəyə qədər süd verirdi. Erməni işğalı başlayanda köçümüz dağa getmədi, Ağgül aranda qaldı, saman yedi. Dağların, gül-çiçəklərinin xiffətini elədi. Ağgül bir gün azarladı. Ağzına alça suyu qaynadıb tökdük, sağalmadı, belinə palçıq yaxdıq, anam bütün inəklərimizi, aranlı-dağlı hamısını ona qurban dedi, xeyri olmadı. Atam dedi, inək öləcək, gərək aparıb ət kombinatına verim, orda inəkləri kəsib kolbasa düzəldirlər. Ancaq xəstə inəyi götürərlərmi?
Səhər Ağgülü zorla Qaz-53 maşının banına mindirdik. Balası mələyirdi, elə bil, analığım sevinirdi. Ağgül getmək istəmirdi, fermamız və balası gözdən itənə kimi mələdi. Sonra gördüyü yerləri tanımadı deyə, heç başını yuxarı qaldırmadı da.
 Ağgülü ət kombinatının direktoru ilə yarı qiymətə razılaşdıq. Dedilər, indi kəsəcəklər. Atamı maraq götürdü, dedi, qoy kəssinlər, görək dərdi nədir? Həm də onun çəkisini bilmək bizə lazım idi. Ətini qapanda – tərəzidə çəkəndən sonra pulumuzu verəcəkdilər.
 Ağgülü dar bir yerə gətirdilər, qaçmaq mümkün deyil­di, qorxusundan gözləri dörd olmuşdu. Anam yadıma düş­dü, yenə məni ağlamaq tutdu. Atam da ağladı. 
 Ağgülün alnının ortasına yüksək gərginlikli elektrik cərə­yanı verib, öldürdülər. Öləndən sonra da sanki gözləri dirənib bizə baxırdı. Sonra ayağından bağlayıb yuxarı qaldırdılar, haça bir dəmirdən asdılar. Dərisini soydular.  Ağgülün mədəsindən iki dənə 5 sm uzunluğunda məftil çıxdı. Məftil mədəni deşib şişirtmişdi. Ağgülü məftil öldürmüşdü. Məftili preslənmiş saman yeyəndə udmuşdu. Atam məftilləri əl dəsmalına büküb götürdü. 
 Ağgülü doyunca ağladıq
 Ağgülü müharibə öldürmüşdü. Məftil müharibə idi. Müharibə olmasaydı, Ağgül Aranda nə gəzirdi, samanı niyə yeyirdi? Ağgülün çəkisi dörd yüz əlli kilo gəldi, hesablayıb pulumuzu verdilər. Dərisini götürüb qayıtdıq fermaya. Balası qabağımıza yüyürdü, xeyli mələdi.
 Atam dəsmala bükülmüş məftilləri analığıma verib, "Sandığa qoy” – dedi. 
 Çölə çıxanda nə görsək yaxşıdır? Buzov çənəsini Ağgülün duzlanmış dərisinin üstə qoyub yatmışdı. 
 Bu hadisə 1993-cü ildə baş verdi. 2009-cu ildə atam dünyasını dəyişdi. Analığım bir gün məftili çölə atmaq istəyəndə qoymadım. İnəyimizin mədəsindən çıxan məftili evimə gətirdim, indiyə kimi saxlayıram...
 
 

 – Şairlər üçün əziz xatirəsi olan əşyalardan biri də onların ilk kitabıdır. Sizin ilk kitabınıza qoşuşmağınızda isə qəribə şanssızlıq olub. Siz bir yazınızda bu barədə qısaca yazmısınız, amma söhbət əşyalardan getdiyinə görə hesab edirəm o ağrılı və unudulmaz xatirələri geniş şəkildə danışmaqda fayda var.
 – İlk kitabımın çapı üçün on il növbə gözləmişəm. Səbrimin tükəndiyi bir vaxtda zəng etdilər ki, gəl kitabının siqnal nüsxəsini apar. Gəldim İmişli Dəmir Yol vağzalına. Qar yağırdı, qatara da bilet yox. Ümumi vaqonda ayaq üstə gəldim Bakıya. Küləklə dartışa-dartışa gəlib çıxdım "Yazıçı” nəşriyyatının böyük redaktoru Mustafa İsgəndərzadənin yanına. O da məni göndərdi "Qızıl Şərq” mətbəəsinin şöbə müdirinin yanına. O da məni göndərdi Sumqayıt mətbəəsinin direktoru Aydının yanına. Dedi, kitabın orda çıxır, get siqnal nüsxələrini götür. "Sumqayıt hara, mən hara? Heç ömrümdə Sumqayıta getməmişəm.” 
 Nə isə, taksi ilə gəldim Sumqayıta. Mətbəədən mənə beş dənə kitab verdilər. Səliqə ilə qalın kağıza bükmüşdülər. Elə bil əlimin altında ürək çırpınırdı. Taksi ilə qayıtdım Bakı Dəmir yolu Vağzalına. Bakıda ən yaxşı tanıdığım yer vağzaldı. Kənara çıxanda azıram. İndinin özündə də.
 Havanın şaxı sınmışdı, elə bil, artıq sulu qar yağırdı. Küçəni keçə-keçə kağız bağlamanı açdım ki, kitablarıma bir də baxım. Qəflətən külək bağlamanı əlimdən alıb tramvayın relsinə atdı, tramvay üstündən keçdi kitablarımın. Parça-parça olmuş kitablarımı sulu qarla örtülmüş relslərin arasından götürdüm. "İndi ağlayımmı, gülümmü, bilmirəm? Bəs indi kəndə necə qayıdım? Bu kitab parçalarını kolxoz sədrinə, şagirdlərimə necə göstərim.”
 Ya Allah, deyib yenidən qayıtdım Sumqayıta, düz mətbəəyə. Dedilər, hazır kitab yoxdur, hələ tam tiraj on günə çap olunacaq. Kor-peşman qayıtdım kəndə. Dörd gün evdən çölə çıxmadım, dərsə də getmədim. Cırılmış vərəqləri bir-birinə birləşdirib kitabımın maketini yaratdım. Hər dəfə cırılmış vərəqlərdə misralarımı oxuyub kövrəlirdim. Çünki heç bir şeiri bütöv oxumaq mümkün deyildi.
 
 

 – Qəşəm müəllim, əgər insan yox, əşya kimi yaradılmağınız mümkün olsaydı, hansı əşya olardınız və nəyə görə?
 – Belə düşüncə məndə yoxdur. İnsandan başqa heç nəyə qane ola bilmirəm. Nə düşünsəm məni qorxudur. Amma bu, labüddür. Bizi gözləyir. Nəsə olacağıq. Nə olsaq belə, bir-birimizi görə bilməyəcəyik. Ən çox görmək istədiyim isə oğlum Kəramət Böyükçöldür. Harda olsaq...
 
 – Olubmu ki, heç hansısa əşyanın vaxtında – haçansa qiymətini bilməmisiniz, yadigar saxlamamısınız, indi isə buna görə çox peşmansınız?
 – Kəramətin körpə vaxtının corabları. Bir yaşı vardı. Ölkədən kənara getmişdim. Cibimdə corablarını aparmışdım. İndi görürəm ki, o da hərdən cibində oğlunun corablarını gəzdirir. Hər gün qoxulayırdım. Bir də baxdım ki, corab cibimdə yoxdur. Onu xaricdə qoyub gəlməyimə indi də peşmanam. Kəramət dil açanda, xüsusi dəftər ayırmışdım. Dediyi ilk sözləri yazmışam. Mənə "ava”, suya "düvə”, ayaqqabıya "ayçi”, avtobusa aqqouz, donuza q”anzot” deyirdi. O dəftər indi evimizin Ana dili kitabıdır.
 
 – Sizcə, haçansa hansısa misralarınız maddiləşə, hansısa əşya formasına düşə, vizual mənada ifadə oluna bilərmi? 
 – Mən həm də öz şeirlərimin rejissoruyam. Duyğu dolu misraları irəli qabağa çəkirəm. Şeiri səhnədə necə deyəcəm, hara baxacam, bu misranı deyəndə əllərimi yuxarı qaldıracağıma qədər düşünüb götür-qoy edirəm. Elə bilirəm səhnədə yuxarı qaldırdım sağ əlim "ə” hərifinə oxşayacaq və şeirimin çatmayan qafiyəsinin birinin yerini tutacaq. Evdə yeni yazdığım şeiri ucadan oxuyuram. Hansı söz tələffüzə yatmır, dəyişirəm. Mən şeirlərimi "Flarmoniya”nın, "Muğam” və "Opera və Balet” teatrlarıının, "Azdrama”nın səhnəsində oxuyurmuş kimi yazıram. Heca şeirini bütöv pəncərə şüşəsi kimi, sərbəst şeirini həmin şüşənin çiliklənmiş formasında təsəvvür edirəm. Bir dəfə tələbələrimə dərs zamanı dedim ki, uşaqlar, baxın o pəncərə şüşəsi heca şeiridir, o sınıb çiliklənsə, sərbəst şeir olacaq. Gördünüz, material hecadır, sınanda sərbəst. Tələbənin biri bu fikrə etiraz etdi: müəllim, axı şüşə qırıntıları heç nəyə lazım deyil. Mən o saat susdum. Haqlı irad idi. Ancaq belə qalmamalıydım nəsə uydurub deməliydim, nəsə bir söz tapmalıydım. Aha, tapdım. Dedim ki, o şüşələr elə üç və dördbucaqlara, piramidalara parçalanır ki, insan əli onu o cür xırdalaya bilməz. Bu təbii hadisədir. Tələbə susdu. İnanın bu cavabları elə o auditoriyada tapırdım, başqa yerdə tapa bilməzdim. Bu mübahisələr mənim yazmağıma təkan verirdi.
Fikrimcə, şeiri kitabdan qoparmaq lazımdır, ayağa qaldırıb şeirə göz, qulaq, səs, nəfəs vermək lazımdır. Mənim üçün şeir canlı bir orqanizmdir.
 
 

 – Bu günə qədər sizə bağışlanan ən qiymətli əşya hansı olub və kim tərəfindən?
 – Yox, olmayıb. Xatırlamıram. Olubsa da, yadda qalmayıb, yəqin ki, ciddi bir şey deyilmiş.
 
 – Əşyavilik xəstəliyi var. Bu xəstəliyə yoluxan adamlar gözləri düşən əşyaları əldə etməyə qədər rahat olmurlar. Sizə bu cür xəstəliklərdən uzaq olmağı arzulayaraq soruşmaq istəyirəm, yaşınızın bu vaxtında, yəni 60-ı yenicə adlamışkən dünyada gözünüz qalan, əldə edə bilmədiyiniz əşya varmı ki, bir ömür içərisində nəsibiniz olmadı ki olmadı? 
 – Belə bir şey olmayıb. Mən imkanlarım daxilində düşünən adamam. Əlimə nə keçsə, Allaha şükür edirəm. Bəzən arzuların böyüklüyündən dəli olanlar var. Az olsun, düz olsun. Mənimki belədir. Köhnə bir maşınım var, mənə çox şirindi. Ondan gələn hər səs və qopan hər toz mənə o qədər doğmadır ki, ayrıla bilmirəm. Orasını da deyim ki, mən ən çox keçmişə bağlı adamam, xatirələrlə sakitcə yaşayanam.
 
 

 – Allah sizə uzun ömür versin. Sualım isə dünyanın sizsiz olacağı illərlə bağlıdır. Necə düşünürsünüz, bu dünyada olmayanda sizi hansı əşyalar kimlərə daha çox xatırladacaq?
 – Bilmirəm, vallah, bu barədə heç düşünməmişəm. Bu saat gəlirəm” şeirimdə bu barədə nəsə var.
 
Ayağın altında nazlanan toza
Quşların ağzından tökülən səsə
Və yaxud gizləndiyimiz adamlara
Sual versən
Mən onunla bu küçədə addımlayırdım
Gördünüzmü?
Əgər xatırlasalar
Elə bu saat gəlirəm.
 
 Bu şeirin alt qatı odur ki, 2050 illərdə kimsə gəlib "Sahil” metrosunun qarşısında məni soruşsa, məni tanıyan olacaqmı? Şair kimi deyirəm. Məncə, yox, heç kəs tanımıyacaq. Ümümiyyətlə mən həmişə unudulmağım haqqımda düşünürəm, bir yazımda belə bir yer var: "On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır. Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir-iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq. 
 Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi... Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı”.
 Bu, mənim düşüncəmdi. Əsl həqiqətsə başqadır. Füzuli "Leyli və Məcnun” poemasının əvvəlində deyir ki, Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi. Yəni biz bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə ixtiyarımız yoxdur. Həyatın, yaşamağın, ölümün fəlsəfəsi də elə budur.
 
 Söhbətləşdi: Fərid Hüseyn