Biz imzaları yox, əsərləri dərc edirik...

Mən sənin yuxundan çıxıb gəlmişəm – Nəriman Həsənzadənin şeirləri
2409
18 Fevral 2020, 15:52
Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Şairi təbrik, şeirlərini sizə təqdim edirik: 

Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.

Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.

Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.

Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu - heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.


Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.

 
 
***
 
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol...
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?
 
***
 
Sən məni bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.

Hayana getsən də,dönmüşdün yenə,
Qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.

Qalıb evimizdə palın paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!

Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdır gün.
Sənin bişirdiyin o mürəbbələr
İçilib qurtardı hardasan özün?!

Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu,
Sənin ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.

Şirin söhbətindən olmayıb doyan,
Çağır qonşuları doyunca gülək:
Mənsiz gördünüzmü dözmür nəriman...
Sənə qurban olum sən görmədin tək.
 
***
 
Çətindir mənimlə birgə yaşamaq,
Bəzən gözlərimdə dəyişir aləm.
Mənimlə ömür - gün yoldaşı olmaq
Bir az da çətindir,
Başa düşürəm.

Nə duman çəkilir, başımdan nə çən,
Tufanlı boranlı dağam mən, nəyəm ?!
Nə bilim,
Dünyada mən öz əlimdən
Bəlkə də birinci şikayətçiyəm.

Məndə bir "mən" də var... Məndən bixəbər,
Nə eşidər məni, nə sayar məni.
Yer var ki o məni hörmətsiz eylər,
Yer də var şöhrətə çatdırar məni.

Bir qəmi bir ürək gəzdirə bilər,
Yüz ürək qəmi var bu bir sinəmdə.
Mən yerdən göylərə baxsam da əgər,
Göy ürəyimdədir...
Yer ürəyimdə.

Bir insan olsaydım nə idi dərdim,
Yaşardım hər fəsil bir paltar geyib,
Evimdə çay içib,
Çörək də yeyib
Bir insan qəmini çəkə bilərdim.

Sinəmdə xalqların bədbəxt taleyi,
Bəzən bir aldanmış qadın gileyi,
Bəzən bir torpağın batan çeşməsi,
Bəzən bir üzsüzün üzə düşməsi,
Könlümün yayını çəkib qırırlar,
Səndən diqqətimi yayındırırlar.

Elə ki, tutuldum, gözlə bir qədər,
Bir az qayğıkeş ol sən ana kimi.
Yağış yağan kimi açılır göylər,
Mən də yağmalıyam
Yağana kimi.