Biz imzaları yox, əsərləri dərc edirik...

“Mən fələyi axtarıram” şeirlər kitabı Türkiyədə
637
24 May 2018, 10:48
  Türk dünyasının görkəmli aşığı, ustad sənətkar Hüseyn Saraclının "Mən fələyi axtarıram” ("Ben feleği arıyorum”) şeirlər kitabı Türkiyədə nəşr olunub.
 
 
 

  Azərbaycanda Atatürk Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda unudulmaz sənətkarın qoşmaları, gəraylıları, yedəkləmələri, bayatıları, müxəmməsləri, deyişmələri və həmçinin publisist-şair Dəyanət Osmanlının 1987-ci ildə yazdığı "Ustad aşıq Hüseyn Saraclı ilə son reportaj” ("Üstad aşık Hüseyn Saraclı ile son Röpörtaj”) məqaləsi yer alıb.
  Kitab akademik Nizami Cəfərovun və Dünya Qarapapak Türkləri Birliyinin (KARPAT) rəhbəri Seyfullah Türksoyun ustad aşığın böyük yaradıcılıq yolundan bəhs edən "Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi” ("Ozan sanatının Hüseyin Saraclı zirvesi”) və "Ustad haqqında bir neçə söz...” ("Üstad hakkında birkaç söz...”) məqalələri ilə açılır.
  Nəşrin tərtibçisi Dəyanət Osmanlı, məsləhətçilər akademik Nizami Cəfərov və Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıdır. Şeirləri Türkiyə türkcəsinə uyğunlaşdıranlar Aşık Qara Borçalı, Pərvin Quliyeva, Afət Mamayeva, redaktor Roman Darvazlıdır.
  Qeyd edək ki, dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm”, "Bağdad dübeyti” və digər saz havalarının müəllifi Hüseyn Saraclının adı bütün Qafqazda, Türkiyə və Orta Asiyada məşhur olub. O, 1980-ci ildə Gürcüstanın Əməkdar Mədəniyyət Xadimi fəxri adına layiq görülüb. Haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısametrajlı film çəkilib. Ustad aşıq 1987-ci ildə vəfat edib. Saraclı qəbiristanlığında dəfn olunub. Doğma kəndində aşığın büstü qoyulub.