Biz imzaları yox, əsərləri dərc edirik...

Məkanlarınızı gözəlləşdirən əşyalar
26
14 Yanvar 2020, 09:03
  Ədiblərin ev muzeyində diqqətinizi xüsusilə çəkmiş olmasa da, aksessuar mahiyyətli bir çox əşya mütləq gözünüzə dəyib. Etnoslara aid, tanımadığınız musiqi alətləri, dekor xalçalar, boş çərçivələr, maketlər və s. Bu həmçinin şəxsi kitab kolleksiyalarının sərgiləndiyi guşələr və zallar üçün də keçərlidir. Niyəsə ədəbiyyatı musiqidən, rəsmdən, heykəltəraşlıqdan, qədimilikdən, qeyri-adilikdən uzaq xəyal etmək olmur. Məsələn, şəxsi və zəngin bir kitabxananı qrammofonsuz, qədim bir güldansız təsəvvür edə bilərsinizmi? "lithub”da ədəbiyyat vurğunlarının evlərində, kitabxanalarında mütləq boy göstərən, duruşu ilə məkanları gözəlləşdirən, mənəvi genişlik bəxş edən əşyalar siyahılaşdırılıb. Yerli oxucunun da diqqətini çəkəcəyini düşündüyümüz aksessuar və əşyaları bölüşürük.
 
 

  Nik Hornbi əvvəlcə qadınları, sonra isə futbolu eyni, dərin ehtirasla sevdiyini yazırdı. Bəlkə də, buna görə yaradıcı və fərqli insanların böyük əksəriyyəti otağında, yaşam və iş məkanında maket və ya həqiqi top saxlayır. Daha çox basketbol toplarına üstünlük verilir. Deyirlər ki, zehin yorğunluğu yaşayanlar qeyri-şüurlu şəkildə topu götürüb, əllərində fırladır, yüngül atıb-tuturlar.
  Pikap, qrammofon haqqında isə uzun açıqlama lazım deyil. Pikap dinləyən romantikdir, sevgi insanıdır, əgər Hannibal ruhlu deyilsə... Pikaplar kitabların görüntüsünü estetik olaraq da, tamamlayırlar.
  Akkordeonun incə görünüşü hər məkanı tamamlamasa da, onun zərifliyindən gözlərini dincəltmək, ruhunu qidalandırmaq, zövqünü oxşamaq üçün yararlananlar az deyil. 
  Velosiped rəngli məkanların, kitab kafelərin, uşaq əyləncə mərkəzləri və yaşıl qiraət zonalarının əvəzolunmaz aksessuarıdır. "Azadlıq bu təkərlərdədir” şüarını mütləq ki, eşitmisiniz. Velosiped Sartrın təbirincə, desək, "tənbəlləşmiş cəsarətimiz üçün” oyadıcı elementdir.
  Akvariumlar sevilmirsə, bunda bircə səbəb var – təmizlik. Akvariumlara qulluq etmək çətindir, ən azından baxımı tozunu alacaq qədər sadə proses deyil. Lakin su, təbii daşlar, yaşıllıq və canlı heyvanlar əsl terapiyadır. Əgər heyvanları əsir etmək istəməsəniz, əmin olun ki, akvariumlar elə görüntüsü ilə də əhvalınızı yüksəltməyə qadirdir.
  Edvin Land 1943-cü ildə dəniz sahilində azyaşlı qızının fotosunu çəkir. Lakin şəklini dərhal görmək istəyən balaca çox ağlayır və ata bütün dövrlərin sevimli əşyası və aksessuarı olan polyaroidi ixtira edir.
Yellənən kreslolar bir qrup insana dəbdəbəli əşya, başqa bir qrupa isə əyləncə təsiri bağışlayır. Amma rəngli, qeyri-adi dizaynlı, xüsusilə yellənən kreslolar nəinki ədəbiyyatsevərlərin, elə ədiblərin də ən sevimli əşyaları arasındadır.
  Gitaraları isə adətən, aksessuar kimi simsiz istifadə edirlər. Son zamanlar gitaralar siyahının sonuna, həm də müxtəlif işləmələrdən keçmiş versiyalarda düşə bilirlər. Dizaynerlər bu musiqi alətinin özündən çox oyuğuna mərkəzləşir, o hissədə kitablara, kitabxanaya, ümumi məkana uyğun dekorlar yaradırlar.
 
  İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı