Biz imzaları yox, əsərləri dərc edirik...

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri
437
02 Aprel 2020, 18:29
 Ölkəmizdə koronovirus infeksiyanın yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması, eləcə də şagirdlərin musiqi tədrisinin ev şəraitində davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı tərəfindən birgə "Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

 Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində lentə alınan musiqi dərslərinin ilk efir buraxılışı artıq yayımlanıb.
 Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən yayımlanan ilk musiqi dərsi klarnet sinfinin 1-ci sinifləri üçün nəzərdə tutulmuşdu. Dərs məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusifli (klarnet) tərəfindən təqdim edilib.
 3 hissədən ibarət 30 dəqiqəlik musiqi dərsində müəllim əvvəlcə ibtidai siniflər üçün tövsiyə edilən dərsliklər barədə danışaraq bu vəsaitlərindən istifadə haqqında bəhs edib. Sonra düzgün ifa qaydaları izah edilib, notların düzülüşü və ifa, nəfəs alma variantları ilə bağlı tapşırıqlar verilib. Dərsin üçüncü hissəsi klarnet aləti üçün musiqi pyeslərinə həsr olunub. Bu zaman şagirdlərə nüanslara, templərə diqqət yetirmək tapşırığı verilib.
 Qeyd edək ki, "Mədəniyyət” kanalı ilə musiqi dərsləri həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.