Biz imzaları yox, əsərləri dərc edirik...

Mağara – Barat Vüsalın essesi
1123
28 İyul 2020, 11:06
 Artkaspi.az saytı Barat Vüsalın "Mağara” adlı essesini təqdim edir:
     
       Xristianların ilk ibadət etdikləri mağaralar
ancaq Romanın deyil, həm də dünyanın mağaraları idi.
                  V.Hüqo.
 
 Mağaralar Yer üzündə insan nəslinin ilk yaşayış yerləri olubdu.
 Mağarada ilk dəfə Adəmlə Həvva yaşayıbdır.
 İbrahim peyğəmbər mağarada doğulub və mağarada dəfn olunub.
 Musa peyğəmbər 40 gün Tur dağında mağaraya çəkilib, dualar edib və ona "Tövrat” nazil olub.
 Zərdüşt peyğəmbər də mağarada doğulubmuş. 
 İsa peyğəmbər 40 gün mağarada etdiyi dualarla Allaha sığınıb. 
 "Mağara  Həzrəti Məhəmmədin məktəbi idi.” (Ş.Təbrizi). Ona ilk vəhy Hira mağarasında gəlib.
 "İmam Qorqudun... qəbri qayalı dağda çapılmış iri bir mağaradadır.” (Adam Oleari)
 Bu maraqlı faktlara əlavə edəcəyim faktlar da çox maraqlıdır.
 "Torpaq tanrıçası – ilahəsi Terra ilkin Xaosdan öz-özünü yaratmış və sonra dağları, mağaraları, yer üzündəki bütün canlıları və Pont-Qara dənizi yaratmışdır.” (F.Rüstəmzadə "Hor sivilizasiyası və onun günümüzdəki izləri” kitabından.)
 Sanskritcə "Mağara”ya  "İşvulva” yəni "İşvanın analığı” deyilib. Bu baxımdan  "Ana rəhmi” simvolizə edən mağaralar ora "sığınan birinin  yenidən və yeni dünya görüşü ilə  dünyaya gəlməsini təmin edir. "Mağaralarda sufilər, övliyalar sanki yenidən doğulurlar.
 Peyğəmbərlərə mağaralarda, quyularda və.s qaranlıqlarda, gecələrdə vəhy mələyi gəlir.
 "Əsl bilgilər gəlir. ... Məlum olur ki mağaraların dərinliyində "İşıq olacaq” (D.Didro)
 Mağaraya "Çillə” də deyərmişlər. Yaddaşlarda və dini məktəblərdə aşağıdakı fikir elə-belə yer almayıb. "Danyal (Daniel) peyğəmbərin yanında mənə çiləni göstərdilər.”
 "Əshabi- kəhf” mağarasının sakinləri bu deyilənə ən yaxşı sübut deyilmi?!
 ...Mağaradakı qaranlıq, sakitlik, səssizlik insanın kainatla, Allahla əlaqəsini açır.
 Mağaralar ilk ibadət yerləriydi.
 

    Tapardım özümə orda bir kaha,
    İbadət eylərdim orda Allaha. 
       (Nizami)
 
 İndi qayıdaq bir çox peyğəmbərlərin nədən mağarada doğulması məsələsinə.
 "Tarixçi İbn İshaq yazır:
 "Allah Taala İbrahimi öz camaatına dəlil və bəndələrinə elçi göndərmək istəyəndə nücum əhli (Münəccimlər) Nəmrudun yanına gəlib belə bir xəbər verdilər: "Bil ki, bizim elmimiz sənin vilayətində filan il, filan ay və filan gündə bir oğlan uşağı doğulacağını deyir. Bu uşaq sizin dininizə xələl gətirəcək, bütlərinizi sındıracaq. Münəccimlərin dediyi il gələndə Nəmrud narahat olmağa  başladı. Sələbi bu narahatlığın səbəbini belə göstərir:
 "Nəmrud çox  qarışıq və dolaşıq yuxular görərdi, bir gecə röyasında gördü ki, səmada çox parlaq bir  ulduz doğdu. Sonra onun parıltısı o qədər çoxaldı ki, Ayın da işığını örtdü. Padşah bundan qorxub ayıldı. Yuxu yozanlar röyanı belə yozdu:
- Sənin  mülkündə bir uşaq doğulacaq. O, sənin camaatının dinini dəyişdirəcək. Sənin  ölümün və səltənətinin   məhvi onun əli ilə olacaq.
Nəmrud əmr elədi ki, bütün qadınlar nəzərdən  keçirilsin. Hamilə görünə biləcək hər kəs onun sarayına gətirilsin
Azərin arvadı Allahın iradəsi ilə elə vəziyyətdə idi ki, hamiləliyi bilinmirdi. Tək-tük hamiləliyi olan qadınlar nəzarət altına alındı. Doğulan oğlan uşaqları isə əllərindən alınıb öldürüldü.
Beləcə Rəbbimiz İbrahimin  ilk nicatını anasının bətnində olarkən verdi.
Lakin İbrahimin də   bu dünyaya gəlişi yaxında idi.  Ana bunu hiss edincə Azərdən xahiş etmişdi ki, qonaq getmək bahanəsi ilə onu buradan çıxarsın. Onda  hamilə qadın yemək və su ilə bir mağaraya gətirilmiş və azad oluncaya qədər burada qalmışdı.”
Təbəri də yazır ki, doğuma az qaldığını görüncə gecə ikən Azərin arvadı  dağın  ətəyindəki mağaraya çəkildi. İbrahim (ə) orada doğuldu” (Sabir Həsənli. "Peyğəmbərlər tarixi”)
Bundan sonra İbrahim  anası iz azdırmaq üçün uşağı əmizdirəndən əmizdirənə mağaraya gəlirmiş. 
 Bir dəfə gec gələsi olur. Gələndə görür ki, mağarada səssizlikdi. Uşaq ağlayışı-zad eşidilmir. İçəri girəndə görür ki, balaca İbrahim aclığını dəf etmək üçün sağ əlinin baş barmağını əmir.
 Əlbəttə, bu da Allahdandı, təqyiri-qəzadandı. Və nə Allahdan deyil ki?!
...Zərduştun dünyaya gəlişindən İranın baş kahini Durasan bərk qorxuya düşüb. Onun təzə din yaradacağını öyrənib, onu körpə ikən öldürmək istəyib.
Oda atıblar, yanmayıb.
Naxırın qabağına qoyublar ki, ayaq altda qalsın, ölsün, lakin heç nə olmayıb. Nəhayət, canavarlara yem etmək və ya acından öldürmək üçün mağaraya atırlar. Orda da sağ qalır.
Və ona da peyğəmbərlik mağarada verilir... 
Yunanların baş allahı Zevs də mağarada doğulmuşdu. 
Kahinlər Zevzin atası  Krona xəbərdarlıq edirlər ki, oğullarından biri gələcəkdə  səni məhv  edəcək, qorxusundan ata da başlayır doğulan oğullarını udmağa. Zevsin doğulmağına az qalmış anası ərindən gizlicə uzaqdakı bir mağaraya çəkilir, Zevs o mağarada dünyaya gəlir.
Qədim yunan filosofu Platona görə "Bu dünya mağara şəklindədir. Biz üzü divara durmuşuq guya” (N.Həsənzadə)
Əfsanəyə görə, İlahi qadın olan bir qarı 7 bulağın və 7 dağın arxasındakı bir mağarada oturar, zamanın çarxını fırladar. Dürüst adamlara görünər. Onlara saz və qaval verib şamanlıq etmələrinə yardım edər.
Mağaraların və dağların tanrıçası Kibela olub. Tədqiqatçıların və araşdırmaçıların gəldiyi qənaətə görə mağaralar adətən dağlarda  yerləşir. Mağaralardan üçü daha məşhurdur. Hira mağarası Məkkədən 6 km. aralıda Nur dağında yerləşir. Hansı ki, peyğəmbərimizə Quranın ilk  ayələri orda endirilmişdir. Sevr mağarasında peyğəmbərimiz Əbu Bəkr Siddiqlə birlikdə müşrüklərin təqibindən xilas olunmuşdu qorunmuşdu. 
Bəzən "Yeddi gəncin mağarası "deyilən "Əshabi-Kəhf”  mağarasında baş verənlər, Dağyanus  adlı zülmkardan qaçanların başına gələnlər Quranda öz əksini belə tapıb:
"Ayə 10. Mağaraya sığınmışdı o cavanlar (7 gənc və bir it. ) Dedilər: "Rəbbimiz  bizə rəhmət bəxş elə və bizə bir çıxış yolu tap. Düşdüyümüz bu işdən. 11. İllərlə yatızdırdıq mağarada onları. 13. Rəblərinə iman gətirən cavanlardı o kəslər. Biz də artırmışdıq imanlarını. Cəsarət  vermişdik ürəklərinə. Padşahın önündə qalxıb ayağa, dedilər: "Göylərin, yerin Rəbbidir, bizim Rəbbimiz. Ondan başqasına tanrı demərik. Desək, küfrə batarıq.”
Bəli, Allahın birliyinə iman gətirdikləri üçün Allah onları 300 il (9 il də üstəlik) hifz etdi. Allah öz qulunu nalla-mıxın arasında labüd ölümdən həmişə beləcə qurtarır! Təki sən ona qəlbən, bütün varlığınla sığın! Onları qovub-tutub öldürmək istəyən vardı. Bir imansız, zülmkar padşah! Onları qoruyan vardı-inandıqları bir olan Allah! "Mağaraya sığının!” - deyən lütf və qüdrət sahibi!
"Qırxlar piri” deyilən müqəddəslər də Allaha sığınıb, mağarada yaşayıblar.
"9 yaşlı Manas quzu otaranda quzuların birini qurd aparır. Manas bir mağarada 40 cübbəli adam və həmin bir quzusunu sağ-salamat görərək onlardan qurdu soruşur. "Qurd olan bizik. Qırxlar deyilir bizə” dedilər. "Koroğlu” dastanının Dağıstan variantında Koroğlu da  atları axtara-axtara gəlib bir mağaraya çıxır...
Heraklın da başına belə bir iş gəlibmiş. "Qoroğlu” əfsanəsində Qoroğlu uşaq ikən itkin düşəndə, aparıb onu Ağdama aid Muradbəyli tərəfdə mağarada bir qurd saxlayıb, böyüdübmüş. Ona görə də adına bəzən onun "Qurdoğlu” da deyilib. Tukyu  əfsanəsində sağ qalmış son türkü mağarasına aparan dişi qurd onunla cütləşərək, nəsli yenidən davam etdirmişdir.
...Təmiz və gözəl bir qadın məşhur övliya Əbdül Qadir Gilaninin yaxını idi. Bu qadına günahkar bir adam aşiq olmuşdu. Qadın dağda ikən ehtiyac üzündən bir mağaraya girmişdi. O adam dalınca gedib qadının başına pis işlər gətirmək istəyəndə qadın Əbdül Qadir Gilaninin adını çəkərək "Yardım et, ey Qövsi-əzəm! Ey insanların və cinlərin yardımçısı, yetiş” - deyə  fəryad etdi. Həmin vaxt Ə.Q.Gilani mədrəsədə dəstnamaz alırdı. Ayağında taxta çəkələk vardı. Onları çıxarıb mağaraya tərəf yellədi. Günahkar adam arzusuna çata bilmədi. Çəkələklər təpəsinə dəydi  və  ölüncəyə qədər başına vurdular. Qadın ölmüş günahkarın yanından taxta çəkələkləri götürüb Ə.Q.Gilaniyə gətirdi...
Qədim zamanlarda bir çox dağlarda  mağaraları hökmdarların əmriylə insanlar (daş və qaya yonan ustalar) düzəldiblər.
Türkiyədəki Qoyeme  və çindəki Dun-Xuan adlı yerdəki min mağara bu cür yaradılıb. Bataqlıqlarda yeraltı mağaralar olduğu da müəyyənləşdirlib.
"Qoca adamlar söyləyirdilər ki, 100 il öncə göy kişnəyib yer tərpənmək səbəbindən dağ uçub, mağara açılmış, görmüşlər ki,  mağaranın içində qurumuş bədənli, gözləri yumulu vəziyyətdə bir nəhəng rahat oturub. Saçı-saqqalı uzanıb üzünü və çiynini örtmüşdür.
Hökmdar səcdə etmək üçün getdi. Camaat yığıldı, hamı ehtiram göstərdi, gül səpdi, baş əydi. Hökmdar  rahiblərə dedi:
- Bu necə adamdır?
Rahiblərdən biri söylədi:
- Bu dinin müqəddəs adamıdır.
O, Nirudatamabuni dyona girib (yəni düz və hərəkətsiz oturub.) Çox illər keçdiyindən onun saç-saqqalı uzanıbdır. Hökmdar "Oyatmaq olarmı?” deyə soruşdu.
Rahib söylədi: - Oyatmaq, qaldırmaq olar. Az-az yeməkdən zəifləmiş bədən  ibadətdən duran kimi dağılar.  Onun üçün əvvəlcə turş südlə  bədənini sürtmək gərəkdir. Ondan sonra sinc toxundursan oyanar, durar, dedi.
Hökmdar söylədi:
- Çox yaxşı dediniz... elə olacaq, indi dediyiniztək.
Əmr etdi, rahib dediyi turş südü onun bədəninə sürtüb sinc toxundurdular. Elə bu vaxt müqəddəs ata gözünü açıb ətrafa baxdı və soruşdu:
- Siz kimsiniz?
Rahiblər cavab verdilər:
- Biz rahibik, müqəddəs ata!
 
 

Söylədi: - Onda mənim baxşım tanrı Burxan Kesin  harada olmağı əmr edir?
Ona dedilər: - çox zamanlar keçib.
O, dərindən köks ötürdü, yenə dedi:
- Şakimunu Tanrı Burxan səadətinə çatıb, ya yox?
Cavab verdilər:
- O, Burxan səadətinə çatıb, baş bütlərə xas olan iş və hərəkətləri tamamilə  icra edib Nirvanaya girdi.
Bu sözləri eşitdikcə rahib qaşlarını düyünləyib üzünü turşudaraq əlləri ilə saçlarını götürüb yerindən qalxıb fövqalədə qüvvə ilə od yaratmış, öz bədənini yandırmış, qalmış sümükləri yerə düşmüş... Hökmdar və bütün icma onun sümüklərinin  qalıqlarını yığıb sütun düzəldib orada qoydular” (Uşar şəhərinin qərb tərəfindən 100 km. uzaqlıqda olan  ucadakı Mağara  haqdakı əhvalatdan.)
Göründüyü kimi, müqəddəs atanın bədəni mağarada onun ibadət halında olduğundan uzun müddət dağılmayıbmış. "Əshabi-kəhf” mağarası haqda Quranda deyilən ayələrdə də uzun zaman yuxuya verilmiş cavanların bədənləri də çürüməsin, deyə, hərdən  haqdan o üz bu üzə çevirirrmişlər...
Tarix qəribə əhvalatlarla həmişə zəngin olmuşdur. Sən demə, mağaralar yalnız  qədim insanların  sığınacaq yeri olmayıb. Mağaraların bir qismi qəbiristanlığa çevrilib.
Satın alınmış torpaq (lar)la yanaşı satın alınmış mağara(lar)da olub.
Anasının mağarada doğmağa məcbur olduğu İbrahim peyğəmbər arvadı Saranı gələcəkdə qəbristanlıq etmək üçün satın aldığı mağarada dəfn edib.
İbrahim peyğəmbərin qardaşı oğlu Lut peyğəmbər yaşadığı şəhər Allahın qəzəbinə gəlib məhv ediləndə, iki qızıyla qaçıb mağaraya sığınmışdı. 
Qədim türk xaqanı öz əyanları ilə birgə əcdadlarına xas  mağarada qurban kəsər, onları yad edər, şad edərmiş...
 Oğuzların mağaraları  səcdə etmələri haqqında da tarixi məlumatlar var.
...Şah İsmayıl "Çaldıran döyüşü”ndən qabaq rəssam K.Behzadı və məşhur bir nəqqaşı  heç kimə etibar etməmişdir.
Mağaradan başqa!
Onları  döyüş qurtarana qədər bir mağarada gizlətmişdi ki, sənətə,  sənətkara xətər toxunmasın!
Döyüşdə uduzsa da, onları sağ-salamat görəndə şah çox sevinib və deyib:
- Şükürlər olsun ki, mən iki sənətkarı hifz edə bildim.
Mağaralar müqəddəs olduğundan gərək onlara müqəddəs məqsədlə, amalla  sığınasanmış.       Yoxsa...
Davud Nəsibin " Cavanşir” romanında bir epizod  belədir: Erməni əsilli bir cani Cavanşiri xəyanətlə öldürüb aradan çıxır. Azıx mağarasında gizlənmək istəyəndə mağaradan çıxan Ayı onu parça-parça edir.
Quranda 18-ci surə "Mağara” adlanır. Mağaranın müqəddəsliyi bununla da tamamlanmır. Mağaralar aşiqlərə verilən vergi və butalarla da sıx bağlıymış. 
Qurbaniyə vergi mağarada verilib. Qurban öküzlərini götürüb kövşənə gəldi, qoşub yer əkmək istədi. Amma öküzlər xam idilər, getmədilər ki, getmədilər.  Hərəsi bir yana çəkdi . Öküzləri açıb buraxdı, özü də zağada (mağarada) yatdı.
Yuxu gördü. Yuxuda Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanımı ona buta verirlər.
...Fəzlullah Nəimi yuxusunda ona  "Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməddən nida gəldiyini iddia etdikdən sonra  Təbrizi tərk edib İsfahana getmiş və orada Qilu dağında uzun müddət bir mağarada yaşamışdı...
Mövlana Şeyx Əbuəbdullah Əli ibn Məhəmməd Bakuyi (Bakuvi) ömrünün axırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşənişinlik qəbul etmişdir” (A.A.Bakıxanov "Gülüstani–İrəm”)
İbrahim bin Ədhəm həzrətləri 9 il mağarada yaşayıb. (Sultanlıqdan əl çəkəndən sonra) oradan isə Məkkəyə gedib.
Marağalı Əvhədi yazır:
 
Sən dində, ədldə olsan Keyxosrov, 
Hikmətdə, bilikdə həm Nasir Xosrov,
Əgər əl üzməsən İran mülkündən, 
Mağara küncündə qala bilməzsən!
 
Əvhədi demək istəyir ki, insan ədalətdə Keyxosrov, bilikdə Nasir Xosrov olsa da İran mülkündən (tacı-taxtdan) əl çəkmədikcə, yəni dünyapərəstlik ehtiraslarından əl çəkmədikcə mağara küncündə məskən tuta bilməz!
Yuxarıda qeyd etmişdik ki, Mağaralar ana rəhmini simvolizə edir. Ora sığınan birisinin yenidən və yeni dünya görüşü ilə dünyaya gəlməsini təmin edir.
 
Ürəyim yalındır, 
Ömür yolu daş-kəsəkli
O oyuq qayalar,
Mağaralar
Daşa dönmüş ağızlardır,
Haraydan sonra
Açıla qalmış
  (V.Səmədoğlu)
Kimi səsləyir mağaralar? Kimdən, nədən ötrü ağzı açıla qalmış, görəsən?
 Ana bətnidir, deyirlər, bəlkə düzdür? Özündən ayrılanları özünə çağırır yoxsa?!
...Qovduğu Gur (ov) mağaraya girdikdə şah da onun dalınca girir və bir daha geri qayıtmır. Nizaminin "Yeddi Gözəl” əsərinin  sonunda yer almış bu epizod. Əslində, qovladığı Gur  Bəhramın taleyi imiş, onu öz ardınca çəkib aparırmış...
İsa Muğanna isə bu son səhnəni bir az fərqli şəkildə  mənalandırır:
"Dastan”ın axırında  Bəhram Gur "at”ını (Od-unu-Həqiqətini) "mağaraya” Bağ ərə (Bağ işığına) çapır.”
Kim bilir, bəlkə də?!
"...Keyxosrov şəhadət gətirib yoxluq məscidində uyudu, getdi. Löhraspı hüzuruna  çağırıb yerinə  keçirdi, padşah yapdı. Kəndisi bir mağaraya getdi.”
Belə də düşünənlər olub.
Fikir verin: Adəmlə Həvva cənnətdən qovulur, mağarada yaşayırlar. İbrahim peyğəmbər  mağarada doğulur və mağarada dəfn olunur.
Əshabi- Kəhfdə 7 gənc Qıtmır adlı itlə 300 ildən çox uyquya gedir.
İbrahim peyğəmbərin qardaşı oğlu Lutu və onun ailəsini məhv olmaqdan mağara qoruyur, hifz edir.
Məhəmməd peyğəmbərə ilk ayələr mağarada endirilir. O, müşrüklərin təqibindən mağarada can qurtarır.
Bu mağaralarda  dinc xidmət edən, ömrünü-gününü Allaha dua etməkdə keçirənlər yurd salırmışlar.
Bəhram Gur ovunu qovalaya-qovalaya mağaraya girir, bir daha geri dönmür...
Keyxosrov da tax-tacdan vaz keçir, mağarada yox olur...
Bu hadisələr təsadüfi ola bilərmi?!
Əsla!
Mağara bildiklərimiz sadəcə olaraq mağara deyillərmiş.- Ana bətniymiş!
İnsan ana bətnində olanda özünü əsasən rahat və təhlükəsiz hiss edir.
Elə mağarada da!
Və əbədi rahatlıq tapır.
Təəssüflər olsun ki, "İnsanı təbiətə bağlayan bağlar qırldığından ildırım tanrı qəzəbi kimi çaxmır, çaylarda su pərisi, ağaclarda gizli, əsrarəngiz qüvvə qalmayıbdı. İlanlar müdrikliyi təcəssüm etdirmir, mağaralar isə  ruhların sığındığı yer deyil. (Cəlal Bəydili)
 
 P.S. Bir türk əsgəri terrorçularla döyüşdə aldığı ağır yaradan sonra mağarada içməyə saxladığı suyu içməmiş, onunla abdəst alıb namaz qılıb keçinmişdir!  
Allahı belə sevərlər!
 Belə iman yiyəsi olarlar!
 Və mağaraları  belə mağara edərlər, bax!