Biz imzaları yox, əsərləri dərc edirik...

Koronavirus dövrünün sevgisi – Qulu Ağsəsin şeiri
1211
05 Aprel 2020, 18:42
 Artkaspi.az saytı Qulu Ağsəsin "Koronavirus dövrünün sevgisi" adlı şeirini təqdim edir:
                                        
– Əgər doğrudan sevirsənsə,
şərtim budur: 
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın 
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı ...
Çölə çıxma!
Telefona baxma!
Darıxma!
...Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa, 
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də …olsun! –
sözləri çıxsaydı dodağından…
Asacam özümü!-
şərt cümləsinin budağından…