Biz imzaları yox, əsərləri dərc edirik...

“Kopya” seriallar – Sorğu
1902
10 Yanvar 2020, 09:56
  İllər ötdükcə, çəkilən seriallarımızın sayı da artır. Bu, nə qədər sevindirici hal olsa da, bəzən serialların keyfiyyəti o qədər də ürəkaçan olmur. Onların içərisində barmaqla sayılası qədər seriallarımız var ki, ssenarisi, mövzusu, aktyor oyunu keyfiyyət göstəricilərinə cavab verir. Bəzən isə seriallarımızı izlədikdə, müəyyən bir oxşarlıq hiss olunur. Belə ki, əksəriyyətinin mövzusu bir-birini xatırladır. Qaynana-gəlin problemləri, qadınlara qarşı edilən haqsızlıqlar, övladın valideynə münasibəti, sevgisiz qurulan ailə həyatları, erkən nikahlar və sair. 
  Bəzən də daha əvvəl izlədiyimiz türk seriallarının eyni mövzularla yenidən bizdə çəkildiyinin şahidi oluruq. Məsələ ilə bağlı danışan ekspertlər isə deyir ki, mövzuların eynilik təşkil etməsi qaçılmazdır. 
 
  "Ata ocağı”, "İmtahan” seriallarının ssenaristi Valeh Əhmədov deyir ki, hər serialın öz formatı mövcuddur və ssenarilər də ona uyğun şəkildə yazılır: "Biz "Ata ocağı” serialına başlayanda, atalar və oğullar münasibətindən yola çıxdıq. Bilmirəm, bəlkə də biz bu layihəyə başlayana qədər belə bir ssenari olub, bəlkə də olmayıb. Ancaq biz bacardığımız qədər üzərində işlədiyimiz mövzuları bir-birindən fərqləndirməyə çalışırıq. Nə dərəcədə alınıb-alınmadığını deyə bilmərəm. "İmtahan” serialı isə tələbələrin, gənclərin həyatından bəhs edir. Burda həm romantika, həm də komediya var. Bu vaxta qədər bu serialın mövzusu da Azərbaycanda istifadə edilməyib. Məhz bu səbəbləri qeyd edərək öz layihələrimizdə eyniliyin olmadığını deyə bilərəm. Əslində hər janrın konkret mövzuları var. Xarici film bazarında həmin mövzuya uyğun da prodakşınların hazır məkanları var. Öncədən hazırlanmış studiyalarda mövzuya uyğun kadrları çəkirlər. Misal üçün, qəbiristanlıq, morq, həbsxana və bu kimi digər studiyaları öncədən hazırlanır. Mənə elə gəlir ki, mövzulardan daha çox detallar önəmlidir. Çünki bunlar serial və filmlərdə qaçılmazdır. Komediyanın və dram janrının özünün tələb etdiyi ssenarilər, məkanlar və mövzular var. O ki qaldı serialların ssenarilərinin bir-birinə bənzəməsinə, bu, normal haldır. İstər xarici seriallarda, istərsə də Azərbaycan seriallarında belə hallarla rastlaşırıq. Bəzən ortaya qoyulan məsələlər ümumbəşəri mövzular olduğu üçün seriallar, filmlərin ssenarisi üst-üstə düşür. Burda tək bu deyil, başqa məsələlər də rol oynayır. Ancaq mövzu eynidirsə, bu o demək deyil ki, ssenari də birə-bir eynilik təşkil etməlidir. Bu artıq oğurluq və köçürmə əlamətidir”. 
 
 

  "Atılmışlar” və "Yad gəlin” seriallarının ssenaristi Pərviz Seyidli qeyd edir ki, serialların mövzularının bir-birinə bənzəməsi tələb-təklif məsələsidir: "Adətən bizdən nə tələb olunursa, həmin materialları təklif edirik. Müəyyən stereotipləri qırmağa cəhdlər olsa da, təəssüf ki, biz reytinqdən asılı vəziyyətdəyik. Bizim qərarlarımızı reytinqlər müəyyənləşdirir. Reytinq bizə nəyi təqdim edirsə, onu işləyirik. Təbii ki, dəyişikliklərin olması üçün müəyyən cəhdlər edirik. Misal üçün, bizim çalışdığımız "Atılmışlar” serialı uşaq evində böyüyən kimsəsiz uşaqların həyatından bəhs edir. Sadəcə olaraq, çoxluq təşkil edən ailə-məişət mövzuları içərisində bir-iki belə ssenari o qədər də diqqət cəlb etmir. Dünyada hər mövzuda film var. Tutaq ki, hansısa bölümdə bir mövzu, yaxud da hansısa dialoq daha çox reytinq verərsə, diqqət çəkərsə, sabahısı gün prodüserlər o istiqamətdə daha çox işləmək lazım olduğunu deyirlər. Təbii ki, biz ssenaristlər də mövzu baxımından dəyişikliklər etməyi, fərqlilikləri sınamağı istəyirik. Hazırda əlimizdə iki ssenarimiz var ki, onlar ailə-məişətdən kənar, fərqli bir mövzudur. Misal üçün, Şah İsmayılla bağlı ssenarilərimiz var. Böyük ümidlə həmin layihələrin reallaşmasını gözləyirəm. Bizim üçün də gecə-gündüz ailə-məişət mövzusunda çalışmaq xoş deyil”. 
 
  Türk seriallarına gəlincə isə, ssenarist deyir ki, dünyada hazırda böyük bir platforma var ki, burada fərqli ssenarilərlə yanaşı, eynilik təşkil edən mövzular da az deyil: "İndi dünyada Netflix və digər maraqlı platformalar var ki, onlar film və serial istehsal edirlər. Burada hər janrda film və serial nümayiş olunur. Əlbəttə ki, bu filmlər böyük büdcə tələb edir. Biz o büdcə ilə o filmləri çəkə bilmərik. Çünki onların bir seriyası bizim serialın bir mövsümünün puluna başa gəlir. Onun bir seriyasının pulu ilə biz 3 illik planımızı hazırlayarıq. Şərq xalqlarının problemləri bir-birinə bənzəyir. Amma bizim tamaşaçının hədəfi türk seriallarıdır. Onlara baxdıqca, istər-istəməz o fikir formalaşır ki, biz də ailə-məişət mövzusunda işləyək. Çünki onlarla mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, soy-kökə bağlılıq üst-üstə düşdüyü üçün eyni mövzunu işləməyə borcluyuq. Onların elə serialları olur ki, baxıram, o ssenarini mən 4 il bundan əvvəl işləmişəm. Onlar bizdən daha geniş müstəvidə fəaliyyət göstərdikləri üçün elə hesab olunur ki, biz onlardan nə isə götürürük. Belə bir şey olmayıb, ola da bilməz. Hər bir ölkədə serialların mövzu oxşarlığı mütləq şəkildə olmalıdır. Burda qəti şəkildə oğurluqdan söhbət gedə bilməz”. 
 
 

  "Uçurum” serialının ssenaristi Xanım Aydın deyir ki, bəzən götürülmüş hadisələr Azərbaycan tamaşaçısına güclə sırınır: "Dünya ədəbiyyatında süjet sayı elə də çox deyil. Bu məsələylə ilk dəfə eramızın 9-cu əsrində yaşamış Bizans Konstantinopolunun baş yepiskopu Fotiy maraqlanıb. Sonralar Borxes cəmi dörd, Buker yeddi, Jorj Polti otuz altı əsas süjet xətti olduğunu iddia edib. Lakin buna baxmayaraq, qəbul olunub ki, dünyada cəmi doqquz əsas süjet xətti var və bütün bədii əsərlər bu xətlər üzrə yazılır. Əgər serial ssenarilərini götürsək, serialda da bədii ədəbiyyatdakı süjet xətlərindən istifadə olunduğundan, deməli, burda da həmin o doqquz xətdən biri var. Və ssenarist bu süjetlərdən birinin üzərində elə bir ssenari qurmalıdır ki, hadisələr, obrazlar, detallar və s. fərqli olsun. Alman yazıçısı Herman Hesse deyirdi ki, hətta mətbəxdə qazanda yanmış xörək kimi adi bir hadisədən də yaxşı roman yazmaq olar. Amma onu yazıçı yaza bilməlidir. Mən sözümü elə bura gətirirəm. Mövzu, bəlkə də eyni ola bilər, amma hadisənin qurulması, hadisənin ana xətti, əlavə xətlər, ümumiyyətlə xətlər arasındakı əlaqə, kənardan müdaxilələr, bunların tamaşaçıya təqdim olunma forması fərqli və müxtəlif olmalıdır. Bütün bunları dediyimə baxmayaraq, mən həm də serial ssenarisinin başqa (daha çox türk) seriallardan götürülüb yazılmasının da əleyhinəyəm. Yəni bunlar ayrı-ayrı şeylərdir. Müəyyən detallar, müəyyən oxşarlıqlar ola bilər. Bu qaçılmazdır. Lakin mövzunun eynilə götürülüb, sadəcə öz aktyorlarımızla və öz dilimizdə çəkilməsini, təbii ki qəbul etmirəm”.
  Ssenarist daha çox türk seriallarının ssenarilərinin yerli serial bazarımıza gəlməsindən də danışdı: "Bu, bilirsiniz nəyə bənzəyir? Türkiyə türkcəsində olan hər hansı bir bədii mətnin Azərbaycan dilinə, sadəcə "e” hərflərini "ə” hərfiylə, ümumişlək olmayan sözlərin Azərbaycan dilindəki sözlərlə əvəz olunub tərcümə adı altında olduğu kimi çap edilməsinə! Bir də mütləq bu nüansı qeyd etmək istərdim. Türkiyəylə biz qardaş olsaq da, ümumi adət-ənənələrimiz çox zaman üst-üstə düşsə də, fərqli cəhətlərimiz də çoxdur. Bəzən onlardan, oğurlanmış deməyim, götürülmüş hadisə Azərbaycan tamaşaçısına güclə sırınır. Amma ağıllı tamaşaçı, ağıllı oxucu kimi bunun dərhal yamaq olduğunu duyur və təbii ki, həmin seriala baxmaqdan imtina edir. Çünki bunun öz dünyasında, öz ətrafında olmadığını görür, bilir. Yenidən lap əvvələ qayıtmaq istəyirəm. Serial ssenarilərində hansısa hadisələrin, hansısa detalların oxşarlığı müəyyən qədər normaldır. Amma eynilə köçürülmə "surətçıxarma” adlanır”. 
 
 

  Xəyalə Rəis