Biz imzaları yox, əsərləri dərc edirik...

Kitabxana “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar hazırlayıb
469
12 Yanvar 2021, 10:36
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 2021-ci il dahi Azərbaycan şairi "Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan və rus dillərində videoçarxlar hazırlayıb.
 İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxlar kitabxananın sosial media hesablarında paylaşılıb.
Videoçarxlarda dahi şairin ömür yolu və yaradıcılığı haqqında məlumat verilir və barəsində yazılan kitab nümayiş olunur.
 
 

 Qeyd edilir ki, XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. İndiyə qədər yazan sənətkarlardan fərqli olaraq Nizami öz elmi və mədəniyyəti ilə lirik və epik şeirə yeni istiqamət verib. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. "Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
 Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə "Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Xəbər lenti