Biz imzaları yox, əsərləri dərc edirik...

Keçmişindən ayrıla bilməyən Zelda...
413
25 May 2018, 10:37
  Teatrının kiçik səhnəsində U.Luisin "İstədiyim kimi yaşamışam” əsərinin monotamaşası oynanıldı – Mehriban Abdullayevanın ifasında.  Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov olan tamaşanın, quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Sona Mustafayevadır.
 


 Tamaşa bir qadının həyatının tədricən dəyişən ruh halını əks etdirir. Uzun illərlədir xəstəxana köşələrində qapadılaraq qalan Zelda, həkimin masasında özü haqqında arayışı tapdıqda anlayır ki, xəstəliyi şizofreniyadır. Lakin bəzən buna inanır, bəzən yox – yenə xəstəliyi ağırlaşdığından gözünə ailə üzvləri görünür. Onlar üçün darıxan, etdiklərindən peşiman olan Zelda, indi heç bir şeyi düzəldib əvvəlki vəziyyətinə qaytara bilməz.
  Yaddaşı gedib-gəldiyindən olub-bitmiş hadisələri dumanlı xatırlayır, nədən sonra nəyin, niyə baş verdiyini çox az yada sala bilir. Ancaq ona qarşı haqsızlıqları unuda bilmir, ən çox da sevdiyi ərinin xəyanətini bağışlamır. Lakin buna baxmayaraq onun da yolunu çox gözləyir, gözünə görünəndə dalaşsa da, xoş günlərini də yada salaraq danışıb-gülür. 
 
 

  Fəqət tənhalığının fərqində olan Zelda körpə uşaq kimi çantasında gəzdirdiyi kuklasına sarılır. Özünün ehtiyacı olduğu bir qucaq dolusu sevgini həmin oyuncağa verərək ruhuna dinclik gətirir. 
  Etdiyi səhvləri bilməsinə baxmayaraq özünə hər vəchlə bəraət qazandırmağa çalışır. Gözünə görünən anası və atası ilə tez-tez dalaşsa da, göz yaşların saxlaya bilmir, qayğılı uşaq kimi zülum-zülum ağlayıb onları arzulayır. 
  Beyin donur.... Yenə kilsə zəngi, yenə saatın vurması, yenə onu yoxlamağa gələn zəhləsini tökmüş həkim, yenə olan-qalan qiymətli əşyaları özünə götürüb, ona "həyat gözəldir, yaşamaq lazım” deyən tibb bacısı... 
  Ömrün yaşanan illərinə hər an xatirə pəncərəsindən boylanan Zelda gah xoşbəxtdir, gah bədbəxt. O, həm gülür, həm də göz yaşlarında boğulur. Və beləcə, qalan ömrünün son akkordlarını gözləyir....
  Mehriban xanımın Zeldası ikili obrazdır – biri aynaya baxdığında özünü 45yaşında əlləri büzüşmüş, soluxmuş, müalicələrdən rəngi-ruhu qaçmış qoca, digəri xəyallar aləmində olduğunda gənc, ərköyün, şıltaq, əyləncələrdə vaxt keçirən qızcığaz.
  GTT-nın kiçik səhnəsində təqdim edilən monotamaşa müasir tendensiyalara cavab verən dinamik, maraqlı bir səhnə əsəridir. Tamaşada gərgin anlar da çoxdur... Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir. 
 
 

  Məsələn, anasını, ailəsini xatırlayan zaman onun üz mimikaları tədricən dəyişir... daxili gərginliyi insanı sarsıdır... çünki hər bir insana bu hisslər tanışdır. Lakin rəqs, bal səhnələrini xatırlayan zaman aktrisanın çevik hərəkətləri, qıvraq yerişi, incə ədaları onun yaşını tamamilə gizlədir. 
  Tamaşada musiqi tərtibatı yerli-yerində səslənir. Eyni zamanda, tamaşa boyu musiqi sanki ayrı bir obraza çevrilir. Bəzən tam gərginlik anlarında keçmişdən gələn gur bir işığın aktrisanın simasında parlayaraq hər cizgisini aydın göstərən anda biz onun göz yaşlarını, çarəsizliyini görürük. Amma çarəsizlik içində yaşayan Zelda Mehriban xanımın ifasında rəqs sədaları altında atmosferi dəyişərək zaldakıların dərindən nəfəs almasına imkan yaradır. 
 
 

  Tipik qadının ruh halı – xoşbəxtlik yalnız anlardadır kimi görünür...
  Mehriban Abdullayeva uzun illərdir ki, bu teatrda çalışır. Uğurlu obrazlara imza atıb. Amma mono tamaşa ilk dəfədir. Maraqlı gələ bilər, niyə məhz mono tamaşa? Zənnimcə özgüvən, illərin təcrübəsi, daxili təlabat aktrisanı solo oyuna sövq edir. O, tamaşaçı ilə təkbətək qalmağa hazırdır. Çünki deməyə sözü, sərgiləməyə istedadı var.
  P.S. Həmin gün Mehriban xanımın doğum günü olsa da aktrisa özəl gününü sevdiyi işinin başında, seyrçilərlə qeyd etməyi hər şeydən üstün tutmuşdu. Tamaşadan sonra teatrın kollektivi hazırladıqları sürprizlərlə Mehriban xanımın ad gününü təbrik etdi.
  Biz də Mehriban xanımı gec də olsa təbrik edir, can sağlığı və işlərində uğurlar arzulayırıq...
 
   Hazırladı: teatrşünas Nigar Pirimova