Biz imzaları yox, əsərləri dərc edirik...

Keçmişdən gələn səslər – Boleslav Prusun hekayəsi
3225
19 Noyabr 2019, 09:58
  Artkaspi.az saytı Polşa yazıçısı Boleslav Prusun hekayəsini təqdim edir:

  Əsl adı–soyadı Aleksandr Qlovaçki olan Boleslav Prus (1847–1912) tanınmış Polşa yazıçısı, jurnalisti, redaktoru və felyetonçusudur. Xeyli hekayənin, "Kölə ruhlar”, "Anelka”, "Kukla” və "Faraon” da daxil, 8 romanın müəllifidir. 
 
 
 
  Keçmişdən gələn səslər

  Həyatındakı beşinci hərbi yürüşdən sağ–salamat qayıdan polkovnik 1871–ci ilin sonunda istefaya çıxıb, Lion şəhərində məskunlaşdı. Həmin vaxt cəmi altmış beş yaşı olsa da, canının sulu və möhkəm olduğunu görən dostları onu evlənmək üçün dilə tutdular. Amma o, bu israrları yaxınına da buraxmırdı. Ayaqları üstə möhkəm dayandığını etiraf eləsə də, deyirdi ki, artıq vətənə, doğmalarının yanına dönmək vaxtı yetişib, çünki öz xeyirxahı saydığı Fransadan tamamilə bezib. Bu yolçuluğa yanında arvadla çıxmaq isə ona xeyli çətin görünürdü. O, vaxt itirmədən, ən qısa zamanda yola çıxmağa niyyətliydi, buna görə də bağ–bağçalı evi üçün təcili müştəri axtarışına çıxdı. 
  O ara Liona polkovnikin üç həmyerlisi gəldi: bu adamlar hələ ilk hərbi yürüşündə onun silahdaşı olmuşdular. Bu köhnə döyüşçülərin nə bir–birini tapması sən deyən müşkül oldu, nə də köhnə yoldaşlıqlarını təkrar canlandırması. Həmin vaxtdan bəri hamı onları birlikdə görürdü. Qəhvə içmək üçün bir polyak kafesində görüşən bu dostlar, aydın məsələdir ki, günorta yeməyini də hansısa restoranda eyni süfrədə yeyirdilər. Yeməkdən sonra hərəsi istədiyi səmtə getməkdə sərbəst idi, ancaq axşamüstü vist oynamaq üçün təkrar bir yerə yığışırdılar. Hər dəfə aralarından birisi hansısa səbəbdən gecikdiyi üçün onlar bir–birini nizam–intizam baxımından nəzarətdə saxlamağa məcbur idilər – elə buna görə də bütün günü ayrılmır, bəzən birgə, bəzən isə iki–iki gəzirdilər, onda da bu dörd nəfər gah bir cərgəyə, gah da sıraya düzülürdü.
  Keçmiş hərbi yürüşlər və cari siyasətlə bağlı söhbətlər ilə günlərini yola verirdilər. İki il ərzində onlar özlərindən öncəki sərkərdələrin – Koşutun, MakMaqonun, Bazenin və digərlərinin yol verdiyi bütün səhvləri aşkar elədilər. Sonrakı bir ildə isə öz hərbi kampaniya planlarını elə ustalıqla işləyib hazırladılar ki, bütün bunlar həyata keçmiş olsaydı, hər halda dünyamız tamamilə fərqli bir görünüş qazanardı.
  Dostluqlarının üçüncü ilində dörd yoldaşdan biri dünyasını dəyişdi. Qalanlar bu mərhum üçün doğma qardaşlarıymış kimi yas saxladılar. Dəfndən bir ay sonra isə belə qərara gəldilər ki, rəhmətlik siyasət məsələlərində hədsiz naşı idi, çünki Bismark alman da olsa, dahi şəxsiyyət sayılmalıdır və sonrakı dövrlərdə bəşəriyyətə yenə də fayda gətirə bilərdi.
  Aradan bir il ötüncə, bir yoldaşları da vəfat elədi və bu itki sağ qalan iki nəfər üçün son dərəcə gözlənilməz zərbə oldu. Hətta qüssədən polkovnik yatağa da düşdü və həmin vaxtdan etibarən öz sonuncu yoldaşıyla artıq vist yox, sadəcə maryak oynamağa başladı. Onlar düşəndən–düşənə söhbətləşir, birgə vaxtlarının böyük qismini qəzet oxumağa ayırırdılar. İngilis qəzetlərində yazılanları alman qəzetlərindəki xəbərlərlə tutuşdurandan sonra tam ciddiyyətlə belə qərara gəlirdilər ki, Bismark düşünüldüyü qədər də səviyyəsiz biri deyilmiş, sadəcə olaraq ehtiyatlı tərpənməyə üstünlük verirmiş. 
  Polkovnik deyirdi:
  – Hörmətli kapitan, siyasət aləmində ehtiyat – ən önəmli şərtlərdən biridir. Bu şərti dəyişmək isə imkansızdır!
  Kapitan da bununla razılaşırdı:
  – Əziz polkovnik, mən də həmişə bu fikirdə olmuşam. Əgər unutmamısınızsa, mən də, adətən, Bismarkın tərəfini tuturdum.
  – Məncə, sən onun əsl əclaf olduğunu vaxtaşırı söyləyirdin.
  Kapitan dəqiqləşdirdi:
  – Mənmi? Yanılırsınız, polkovnik! Bunu mən yox, rəhmətlik Kudelski, ən çox da Domeyko deyirdi... Hər ikisinin ruhu şad olsun... Söz yox, onlar misilsiz zabit idilər, ancaq siyasətdən heç nə anlamırdılar... İndi durub onları suçlamağın da yeri yoxdur, çünki hər ikisi artıq Tanrı dərgahındadır.
  Nəhayət, bir qış günü kapitan da dünyasını dəyişdi.
  İlk vaxtlar polkovnik bu itkiyə sən deyən məhəl qoymadı: başı dəfnin təşkilinə qarışdı, iki davanın iştirakçısı olan bu zabit dostunu layiqincə son mənzilə yola salmaq üçün nə lazım idisə, hamısını elədi. Gözündən isə bircə damla da yaş axıtmadı. Piyada qoşunu əsgərləri kapitanın məzarı başında vida məqsədiylə ənənəvi yaylım atəşi açdığı vaxt qəfildən polkovnik durduğu yerdəcə səndələdi və yerə sərildi: sanki atılan güllələr hamısı onun sinəsinə tuş gəlmişdi.
  Böyük çətinlik bahasına onu özünə gətirdilər. Bir neçə dəqiqə dincələndən sonra o, heç kəsin köməyi olmadan faytona əyləşdi və evə tərəf sürməyi buyurdu.
  Səhəri gün Lion qəzetlərində onun evinin satışa çıxarılması barədə elan dərc olundu. Tezliklə alıcı da tapıldı və qoca polkovnik ona illər boyu öz ağuşunda yer verən Fransadan həmişəlik ayrılmağa hazırlaşdı. 
  Alqı–satqı sənədini tərtib edən notarius ondan soruşdu:
  – Polkovnik, bizi qoyub, getməyə heç mi heyfsilənmirsiniz?
  Polkovnik dilləndi:
  – Həm heyfsilənirəm, həm də yox. Siz, yəni fransızlar, mehriban və nəcib insanlar olduğunuz üçün heyfsilənirəm, sizin uğrunuzda qan tökməyə dəyərmiş. Gedişimə ona görə heyfsilənmirəm ki, Fransada da artıq çox şey dəyişibdir... Fransızlar indi yalnız alqı–satqıya, pula–qazanca, yemək–içməyə, əyləncələrə düşkündürlər... Oranın adamları sizlərdən fərqlidir. Öz insanlarımızdır. Onlar məni anlayar, mən isə onları. Buralarda həndəvərim artıq tamamən boş gəlir mənə...
  Notarius başını tərpətdi və ağızdolu danışan bu qoca polkovniki fikrindən daşınmağa hər hansı gərək duymadı. Başa düşürdü ki, bəzən qüssə insanı, eynilə firtınanın budaqdan qopartdığı yarpaq kimi alıb, aparır. Əgər yarpaq düşünə bilsəydi, yəqin o da doğma ağacına qayıtmağı, təkrar onun budağında bitməyi arzulayardı.
  Deməli, Parisə yollanan polkovnik ona ödənəcək pensiya məbləğini hesablatdı, sənədlərini səfirliyə təqdim etməklə pasport aldı. Parisdə ikən bir xeyli dostuyla görüşdü və onlar bir nəfər kimi bir müddət dincəlməyi, ən azından yaya qədər gözləməyi polkovnikə məsləhət gördülər. Amma nə fayda?! Vətənə dönmək ağlına batan gündən bu qoca nə cür narahatlığa və səbirsizliyə qapılmışdısa, artıq özünə heç cür yer tapmırdı.
  Söhbətlər əsnasında dalğın görünür, insanlarla yerli–yersiz sərt davranırdı. Dərd–sərini dağıtmaq istəyəndə o, qəzet oxumağa girişirdi və ona elə gəlirdi ki, oxuduğu mətn polyakca yazılıb. Daim kimisə gözləyirdi, hər an ona elə gəlirdi ki, yolunu çoxdan gözlədiyi, amma naməlum biri hər an böyürdən çıxacaq. Paris bulvarında, minlərlə işığın və qaynaşan insan kütləsinin başı üzərində onun gözünə qarla örtülü düzlər, üfüqdəki qara meşə, orda–burdakı saman damlı xırda daxmalar və ya yolların üstündəki köhnə xaçlar dəyirdi gözünə.
  Sanki içində iki fərqli ruh məskunlaşmışdı. Onlardan birini özüylə Polşadan gətirmişdi, digəri isə burada, qürbətdə doğulmuşdu və qırx ildən artıq bir müddətdə ona öz hökmlərini diktə eləmişdi. Amma indi, həm də gözlənilmədən o ilk ruh, minlərcə xatirə və arzuya malik cavan ruh təkrar canlanmışdı. Lion başına dar gəlirdi, Parisdə havası çatmırdı, teatrda darıxırdı, qatarda gedərkən sıxılırdı. Gündüzlər qüssədən düşünə bilmirdi, gecələr isə polkovnikə elə gəlirdi ki, kimsə onu çarpayısından sürüyüb yerə atır, otaqdan qovur, içindəki o qərib kimsə ağlayır və nalə çəkərək bağırır:
  – Apar məni ora, öz yurduma!
  Beləcə, qoca bir çox dost–tanışla vidalaşmağa gərək duymadan Parisi tərk elədi. Gecə–gündüz demədən vətənə tərəf yol qət elədi. Onun hərbçiyə xas qaməti və hərəkətləri almanların diqqətini özünə çəkirdi: qarayanız və tarım sifətinə, baxımlı çal bığına və saqqalına göz qoyarkən onlar qarşılarındakı bu kişinin   Fransanın hansısa generalı, hətta marşalı ola biləcəyini düşünürdülər. Öz aralarında pıçıldaşırdılar:
  – Görünür, vacib bir missiya ilə Peterburqa gedir o!
  Amma qoca gözlərini pəncərədən çəkmədiyi üçün onlar düşünürdülər ki, yəqin bu qoca alman dəmir yollarını araşdırır və müharibənin tezliklə hər iki cəbhədə qızışacağını təxmin edirdilər.
  Hava işıqlanana yaxın qatar sərhədə çatdı. Pasport yoxlanışı bir neçə saat sürdü. Sərnişinlərin bəziləri yemək yeyir, bəziləri mürgüləyirdi, polkovnik isə nə yeyə, nə də mürgüləyə bilirdi. Odur ki, gəzişmək üçün qatardan endi.
  Şpalların üzəriylə haradasa bir verst, ya da daha çox piyada getdi. Şərq tərəfdə səmada işıqlı bir zolaq görünməkdəydi, az sonra bütün səma şəffaf yaşılı rəngə boyandı, göydə uçan kiçik buludlar isə boz, bəyaz və açıq pənbə çalarlar qazandı.
  Bufetdəki bürkülü havadan sonra indi əsən soyuq külək ona təravət verirdi, amma qəlbindəki narahatlıq əsla səngimirdi. Polkovnik özünü inandırmışdı ki, ona doğma olan bir düzə, açıq düzənliyə çıxsa, qəlbində yuva salan qüssə də, eynilə qəfəsdən pırıltıyla uçan göyərçin kimi, çox–çox uzaqlara uçacaq. Xatirində hədsiz geniş bir şey kimi qalan üfüqlər nədənsə indi ona damdar gəlirdi. Yaxın ətrafda meşə–filan yox idi, orda–burda eləcə zavod bacaları gözə dəyirdi. Heç yerdə bağ–bağatla əhatələnmiş evlər görə bilmirdi – qarla örtülü zirvələrdə kərpicdən tikilən evlər ona məlul–məyus təsir bağışlayırdı. Hətta əsən külək də cavan bədmüşk budaqlarını yellədib–xışıldatmaq əvəzinə, sayı–hesabı olmayan teleqraf dirəklərinə, onların saxsı fincanlarına çırpılmaqla, tarlada yolunu azmış yetimin hönkürtüsünə bənzər səslər çıxarırdı.
  Yox, buralar onun əlli il əvvəl qoyub–getdiyi ölkə deyildi! 
  Vağzalda çalınan zəngdən səksəndi. Qatar hərəkətə başlayanda polkovnik özünü zor–bəla vaqona çatdıra bildi. Yolboyu pəncərədən gördüklərini müşahidə eləyən qoca bu real mənzərələri öz xatirində çöküb qalanlarla tutuşdurmağa, onlar arasında əlaqə tapmağa çalışdı. Amma... səyləri bihudə idi! Qəlbinin dərin guşələrində uyuyan bambaşqa bir diyar idi və indi gözünün qabağındakından xeyli dərəcədə fərqlənirdi. Kişilərin əynində sukman (mahuddan və ya yundan tikilən, gen biçimli kişi və qadın üst paltarı – A.Y.), yəhudilərin başında tülkü xəzindən papaqlar yox idi, evlər ağaclara, çöllər isə ormana həsrət idi! Hətta quşların da öz cəh–cəhlərini artıq itirdiyinə inanmağa başlamışdı polkovnik. 
  O, Varşavaya çatanda axşamdan xeyli keçmişdi, ikinci dərəcəli bir mehmanxanada otaq tutdu: bu bina ona keçmişdəki karvansaraları xatırladırdı. Amma burada da ümidləri daşa dəydi, onun vaxtında belə məkanlarda sadə stullar və dəri ilə üzlənmiş kreslolar görərdin, indi isə son dəbdə mebellər vardı, divarlarda kübar xanımların fotoları asılmışdı, elektrik zəngləri xarab idi, xidmətçilərin frakları isə kirdən–pasaqdan işıldayırdı. Yox, heç bu "karvansara” da əvvəlkilərə bənzəmirdi, sanki o da xaricdəki ən aşağı səviyyəli otellərin birəbir bənzəri idi.
 
 

  Gecəni birtəhər uyudu, səhər şəhərə gəzintiyə çıxdı. Yüngül bir fayton tutub, bir vaxtlar yaxşı bələd olduğu küçələri ona göstərməyi buyurdu. Hər addımbaşı nə qədər dəyişikliklər edilmişdi... Ağ və qırmızı zolaqlı yüksək fənər dirəkləri ləğv olunmuşdu, həyətlər və geniş bağlar qeybə çəkilmişdi, onların yerində əsasən zövqsüz və baxımsız iri binalar tikilmişdi. Köhnə əyyamlarda vəhşi ördək ovuna çıxdıqları yerdə indi iri, səs–küylü, yeni və hər barədə fərqli bir şəhər peyda olmuşdu...
  Polkovnik burada heç kəsi tanımırdı – geyimlər dəyişmişdi, üzlər yad idi... Son əlli il boyu qulaqlarının alışdığı fransızca söhbətləri burada ümumiyyətlə eşitməməsi isə hərdənbir onu yamanca məyus edirdi...
  Şəhərdəki bu gəzintidən sonra qəlbindəki boşluq qürbətdə hiss etdiyi ilə müqayisədə bir az da böyüdü və o, qət elədi ki, insanlarla ünsiyyət qurmağın vaxtı çatıbdır. Varşavada tanışları da vardı – onlardan bəziləriylə Parisdə, digərləriylə isə müalicəvi çeşmələrdə tanışlıq qurmuşdu.
  O, bir neçə tanışının soyadlarını yazdığı kağızı qapıçıya verdi ki, onların yaşadıqları ünvanları dəqiqləşdirsin. Səhəri gün ona siyahıdakılardan yalnız bir nəfərin, on il öncə Vişidə tanış olduğu zəngin bir cənabın ünvanını təqdim etdilər.
  Polkovnik vaxt itirmədən həmin ünvana yollandı və xoşbəxtlikdən tanışını evdə tapdı. Əvvəlcə evsahibi onu tanımadı, tanıyınca isə hədsiz heyrətləndi. Qonağı bağrına basan kişi ondan pasport alarkən çətinliklə rastlaşıb–rastlaşmadığını maraqla xəbər  aldı. Polkovnikin verdiyi cavabdan xatircəm olunca, o, qonaqdan Varşavada nə qədər qalacağını soruşdu.
  Polkovnik dedi:
  – Əslində həmişəlik qalmağı düşünmüşəm, amma gərəkli tanışlıqlar qura bilsəm...
  – Eh, bizdə tanışlıq qurmaqdan asan heç nə yoxdur. Bəlkə də siz burada hətta hansısa yoldaşınızı da tapa bilərsiniz...
  Səbri daralan polkovnik soruşdu:
  – Kimi?
  – Vaxtilə fransız ordusunda xidmət edən bir zabiti. O zavallı vətənə qara quruşsuz dönmüşdü və böyük çətinliklə özünə adi bir iş tapa bildi... İndi isə Fransanı tərk etməyinə təəssüflənir. Bizdə iş tapmaq heç təsəvvür etməzsiniz ki, necə çətindir... Minlərlə cavanın iş tapmaq cəhdi burada boşa çıxır...
  Son aylar ərzində ilk dəfə üzünə təbəssüm qonan polkovnik dedi:
  – Mənə iş–zad lazım deyil. Bir miqdar ehtiyat pulum və ehtiyatdakı polkovnik kimi pensiyam var.
  Görünür, bu təbəssüm onun üzündəki sərt ifadəni yumşaltmışdı və qonağı əvvəlcə soyuqqanlı qarşılayan ev sahibinin də gözlənilmədən ona qanı qaynadı. O, qonağı azı on dəfə bağrına basdı, hər dəfə ona "polkovnik” deyə müraciət elədi, Vişidə keçirdikləri xoş dəqiqələri qonağa dönə–dönə xatırlatdı, onu öz ailə üzvləriylə tanış elədi, qonağa özünü evindəki kimi hiss eləməyi dönə–dönə tapşırdı və günü sabah təkrar baş çəkməklə bu evi şərəfləndirməyi xahiş elədi. Çılğınlıqla əlavə etdi:
  – Bir neçə qonaq da çağıracağam və onlar sizin kimi bir qəhrəmanla tanışlıqdan məsud olacaqlar...
  Polkovnik onun sözünə düzəliş elədi:
  – İstefadakı qəhrəmanla!
  Həmin ziyafəti bir az qəribə saysa da, polkovnik ona qatıldı. Ev sahibi onu girişdə qarşıladı. Az qaldı ki, özü qonağın çəkmələrini çıxartsın və sonra onu görünməmiş təmtəraqla qonaq otağına qədər müşayiət elədi.
  Evdə təşkil olunan rəqs gecəsinə onlarla insan dəvət almışdı. Polkovnik əlüstü oradakı bütün xanımlara bir–bir təqdim edildi. Onlardan biri hətta iddia elədi ki, İtaliyaya hərbi yürüşü xatırlayır (belə olan halda, o, Macarıstana yürüşü də xatırlamalıydı). Başqa xanım onun "o cür əsrarəngiz Paris”i tərk etməsinə öz təəccübünü bildirdi. Nisbətən cavan bir xanım isə ürkək–ürkək maraqlandı ki, pan polkovnik hələ kadril rəqsini yadırğamayıb ki? 
  Bizim veteranın isə yaşı artıq yetmişdən o yana adladığından, hər nə qədər istəsə də, o, rəqs etmirdi. Bu qocaya sayğısına rəğmən, zalda musiqi səslənən an həmin qız onun varlığını unutdu. Solferino və Qravelote döyüşlərinin iştirakçısı olan qoca da rəqs meydanını vals və kadril ustalarının ixtiyarına verməli oldu. Eyni şərt, Fransada olduğu kimi, burada da keçərliydi.
  O, qonşu otaqlara da baş çəkdi. Oradakılar kart sıxırdılar. Mehriban ev sahibi vist oyunu üçün təcili bir komanda yaratmağı ona təklif elədi, polkovnikə oyunçu yoldaş kimi iki müşaviri və bir sədri də qoşdu. Ancaq polkovnik təşəkkür edərək, vistdən boyun qaçırtdı – bəlkə də bunu son illər Lionda onunla tərəf müqabili olan dostlarının əziz xatirəsinə ehtiramından elədi.
  Bundan sonra məclis əhli onu rahat buraxdı və onun canı rahatlandı. İndi ətrafındakı insanlara göz qoymasına heç kəs mane olmayacaqdı.
  Həndəvərində gedən söhbətlərə qulaq kəsildi. Bir tərəfdə karnavaldan, digər tərəfdə birjadakı kurslardan, bir digər tərəfdə qadınlardan, dördüncü tərəfdə isə siyasətdən danışılırdı və üstəlik, deyirdilər ki, belə getsə, almanlar bizi "hopp” edib, udacaq. Polkovnik bu sonuncu dəstəyə qoşuldu, amma qısa müddətə. Bir məsələdən digərinə keçdikcə, son nəticədə belə qərara gəldi ki, real siyasət tərəfdarları müharibəni sənayeyə təkan verən güc sayırlar və məhz III Napoleon kimi bir fırıldaqçı sırf ideya uğrunda, başqalarının mənafeyi üçün savaşa bilər.
Eyni mövqe ilə polkovnik hələ Fransada olanda da dəfələrlə rastlaşmışdı. Öz–özündən soruşdu: "Bəs onda mən niyə oranı tərk elədim ki?!”
  Səssiz–səmirsiz balı tərk eləyib, mehmanxanaya döndü. Gecə boyu qəribə fikir və röyalar ona rahatlıq vermədi. Bir təhər yuxuya gedəndə isə gördü ki, artıq o, insan deyildir, köhnə dostlarının dəfn olunduğu və artıq torpağı yatışan məzarlar üzərindəki xaça çevrilibdir.
  Yuxudan oyananda pıçıldadı:
  – Görəsən, buraya niyə gəldim ki?
  Bunun ardınca içindəki Fransa həsrəti artmağa başladı.
  Sonrakı gün bazar günü idi. Qoca polkovnik yataqdan gec qalxdı, tələsmədən geyinərkən Fransaya nə zaman – bu gün, yoxsa sabah? – gedəcəyini götür–qoy elədi. Öz–özünə dedi: "Həm mən buradakılara yadam, həm buradakılar mənə yaddır”.
  Mehmanxanada tutduğu otaq birinci mərtəbədəydi. Saat onda pərdəni qaldıranda gördü ki, yanında balaca oğlan uşağı olan və özü də kasıbyana geyinmiş bir kişi pəncərəsinin önündə o baş, bu başa var–gəl edir.
  O səhər havada güclü şaxta vardı və kişi də isinməkdən ötrü gah ayaqlarını yerə çırpır, gah çiyinlərini döyəcləyirdi, sonra o, oğlunun ayazdan göyərən əllərini ovuşdurmağa başladı. Uşağın əynində xeyli uzun pencək, başında isə həsir şlyapa vardı. Qulaqları kirli dəsmalla bağlanmışdı, burnunun da suyu axırdı.
Həyətdə var–gəl edən kişi vaxtaşırı gözlərini polkovnikin pəncərəsinə zilləməkdəydi. Bunun fərqinə varan qoca otağından çıxıb, yeməkpaylayandan o adamı tanıyıb–tanımadığını soruşmağa məcbur oldu.
Yeməkpaylayan gülümsəyərək dedi:
  – O, çəkməçidir, bizim binanın ən üst mərtəbəsində, yəni damın altında yaşayır. Pan polkovnik, o, sizi öz oğluna göstərmək niyyətindədir.
  – Məni oğluna göstərəcəkmiş? Mənim kim olduğumu bəs o, haradan öyrənib?
  – Xidmətçilərdən eşidib.
  Polkovnik fikrə getdi. Pəncərəsinin önündə öz var–gəlinə davam edən çəkməçi isə ara–sıra övladının donan əllərini də ovuşdurmağı unutmurdu.
  Qəlyanaltı üçün şəhərə gedəsiydi. Bu dəfə əynini tələm–tələsik geyindi və marağı ona güc gəldiyi üçün həyətə çıxdı.
  Onu görüncə, ata–bala yerlərindəcə quruyub qaldılar. Kişi papağını yana əyib, qaşlarını çatdı, qəddini dikəltdi və yumruqlarını sıxdı – kənardan baxan elə sanardı ki, indicə polkovnikin üstünə cumacaq. Ancaq öz aləmində kişi əmin idi ki, qəhrəmanlara sayğı duruşu məhz belə olur.
  Oğlan uşağı isə hələ də isitməyə çalışdığı əllərini var gücüylə üfləməkdəydi. Diqqətini çəkmək üçün atası onun boynunun ardına bir dümsük atdı. Özü isə gözlərini canavardan ayırmayan ovçu kimi, baxışlarını hələ də polkovnikə zilləmişdi və hərbçi etiketinə tam riayət etdiyindən əmin görünürdü.
  Qoca polkovnik də yerindən qımıldanmırdı. Bu kasıb kişiyə nə isə demək istəsə də, uyğun sözlər tapmaqda acizlik çəkirdi. Həm də həyətdə başqa insanlar da vardı... Hər ikisi – polkovnik də, kişi də – gözlərini bir–birinə zilləyib durmuşdular. Sonra polkovnik təmkinlə həyəti tərk elədi. Həmin an çəkməçi oğluna səsləndi:
  – Voytuş!
  – Nədir?
  – Belə biri olacaqsan, avara?
  – Olacağam, niyə də olmayım? Hm! – deyən oğlan burnunu çəkdi.
  – Yadında saxla ha! Əgər bunun kimi olmasan, yekə kişi olmana baxmayıb, sənin əngini əzəcəyəm!
  Polkovnikin qəlyanatısı uzun çəkmədi, çünki tələsirdi. Şəhəri dolaşmaqla özünə təcili bir mənzil kirələdi.
  Ətrafındakı xoşagəlməz yeni binalar da, yeni insanlar da artıq onu cırnatmırdı. Yolunu Kar küçəsindən salanda o, Visla çayını gördü, gözləri qarşısında təkrar o unudulmaz və geniş üfüqlər açıldı, yenə həmin meşələr xəyalında canlandı, düz əlli il həsrətinə qatlaşdığı doğma yurdun havasını əsl məlhəm kimi ciyərlərinə çəkdi.
  Və qəti qərara gəldi: "Burada qalacağam!”
 
  Qeydlər:
 
  Layoş Koşut (1802–1894) – Macarıstanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan ideoloq və milli qəhrəman olub. 1848–ci il inqilabı zamanı inqilabi hökumətə rəhbərlik edib.
  Solferino – Lombardiyada bir kənddir. 1859–cu ildə müttəfiq Fransa–Sardiniya qoşunları Avstriya ordusunu bu kənd yaxınlığında məğlub ediblər. 
  Qravelot – Elzasda bir kənddir. 1870–ci ildə bu kənddə Fransa və Prussiya orduları arasında qanlı döyüş baş verib.
  III Napoleon – Şayiələrə görə, o, özünü guya I Napoleonun demokratik siyasətinin davamçısı kimi apardığı üçün polyak xalqının və digər əzilən xalqların dostu sayılırmış.
 
  Dilimizə çevirdi:  Azad Yaşar