Biz imzaları yox, əsərləri dərc edirik...

Keçmişdən gələn “Kamikadze” – Günel Natiqqızı yazır
2065
04 Avqust 2020, 11:53
 Artkaspi.az saytı Günel Natiqqızının "Keçmişdən gələn "Kamikadze” adlı yazısını təqdim edir:
 
 
 Yağışlı bir gün. Boz şəhər və naməlum "Gürcü familiyası”... Söhbət nə "Dumanlı Albion” Londondan, nə də Qafqaz Seminariyasının  şəhəri Tiflisdən gedir. Bu, Anarın  teleqramından yaranmış, Vaqif Səmədoğlunun "Gündə bir kərpic düşən ömür sarayından” səslənən, Emin Sabitoğlu melodiyası ilə yoğrulmuş Arif Babayevin XX əsr Bakısının hekayəsidir. Anarın "Gürcü Familiyası”nın iki  qəhrəmanı var – Əsmər və Oqtay. "Gün keçdi” də isə üç – Əsmər, Oqtay və Bakı. Bəlkə də, qəribə görünür, bir şəhərin qəhrəmana  çevrilməsi. Amma bu hekayənin başlanğıcı idi bu şəhər – onların uzaq günlərinin itmiş açarı İçərişəhər.
 İtmiş günləri kimi sevgilərinin ünvanları da itə – yalnız  tarixdə qala bilərdi:
 
"İçindən bayır şəhərə
 Böyük şəhərə çıxan təəccübüm, 
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
İçərişəhər, İçərişəhər ...”
 

  Əsmər  ötən günlərinin yadigarını görəndə  həyəcanlanır. Axı, burda təkcə Oqtay deyil, onun bütün ömrü – uşaqlığı,  gəncliyi vardı.
 – Oqtay, bu döngə mənə tanış gəlir. Elədir ki, var. Oduree, bizim evdir!
 – Yoxdur, söküblər evinizi...
 – Nə ilə  əvəz edəcəksiz bunları, siz, arxitektorlar?! Şüşə, beton, qutu-qutu modern evlərlə?!
 Əsmərin son cümləsinin sadəcə bir cavabı vardı. Onu heç nə ilə əvəz etmək olmazdı, olmayacaq da, sevgiləri kimi  tutub saxlamaq mümkün olmasa da .   Bəs Oqtayda necə? Əsmər kimi itmiş günlərin həyəcanı vardı?. Bunu heç özü də bilmirdi:
"İlk məhəbbətim deyildi, yox. Bir az xoşum gəlirdi, ondan, vəssalam. Heç bilmirəm mənim ilk məhəbbətim olubmu?!, yadıma gəlmir.”
 Ürəyi  İçərişəhər olan Bakının  özü də Əsmərin bir parçası idi. Çünki şəhərlər yalnız insanlara görə sevilmir. O da ömrümüzə hoparaq doğmalaşır. Və həmin doğmalığı  insanlar  sadəcə gözləri ilə deyil, əlləri, qəlbi ilə hiss edə bilir. Filmin əvvəlində Oqtayın təsvir etdiyi qoca kimi…     
Əsmərsə beyninə və ürəyinə hopan bu duyğunu yuxularında tapmışdı:
"Guya deyirmiş ki, itən əsərləri bütün bu vaxtı yuxusuna girib. Sən də mənim yuxuma girirdin. Sən, İçərişəhər, oxuduğumuz illər...”
 Bəlkə də, "Bir axşam taksidən payıza düşən” də xatırlanan "kibrit qutusunun” sirri açılsaydı, Əsmər yağışlar yağanda yada düşəcək bir nağıl uydurmayacaqdı:
"Yadımda saxlamaq istəyirəm. Sonra tez-tez bu otağı yada salacam, cürbəcür nağıllar  uyduracam” 
İllər keçəndən sonra isə heç kim  bu nağılı dəyişə biləcək gücə sahib deyildi. Nə "Hərdən "hə” nin yerinə "yox” deyən” Oqtay, nə Əsmərə yuxu kimi görünən Bakı küçələri, nə də ki Oqtayın həyatına keçimişdən gələn Əsmərin özü…
 
 

 Kamikadze – bu naməlum gürcü familiyası insanlara ötürülən əsas məktubun açarıdır. Heç vaxt təyyarələri geri dönməyəcək  kamikadze kimi Əsmərlə Oqtayın itmiş günləri də geri qayıtmayacaqdı... Bəlkə də, "Kamikadzenin məktubu” Bakının  ikinci dəfə  bu hekayəni görməməsi üçün yazılıb.
Ömrün  günlərinin həyatımızın əsas limanından ayrılmamış arzularımızı dilə gətirməkdən çəkinməməliyik. "O vaxt sevmirdim onu, səni sevirdim” etirafını gec eşitməmək üçün içində kiçik  bir ümid daşıyan kibrit qutusunu zaman qatarında məhv etməməliyik.
 "Hərdən sənə məktub yazmaq olar? hərdən, lap gec-gec” deyəcək qədər uzaqlaşmamaq  üçün  əsla sevginizin "Kamikadze”sinə çevrilməyin.
 Bu, "Gün keçdi” nin "Kamikadzesinin məktubu”nun sətirləri idi. Həmin sətirləri dilləndirməyə çalışanınsa, yazını oxuyanlara  elə "Əsmərsayaq” çox qısa  məktubu var, istəyənlər içini sevgi ilə doldurar:
   Nöqtələr, nöqtələr, nöqtələr...