Biz imzaları yox, əsərləri dərc edirik...

“Kaspi” liseyində xeyriyyə aksiyası
1227
13 Mart 2019, 21:20
 Nə qədər ki təmiz insan qəlbi, özgənin dərdini özününkü kimi duymaq bacarığı var, xeyirxah əməllər daim yaşayacaq. Xeyirxahlıq vərdişinə uşaqlıqdan yiyələnmək, onun məramını hələ az yaşlarından anlamaq isə bütün həyatı boyu insanı yaşarı əməllərə kökləməyə qabil qüvvə sayılır. "Kaspi” liseyi (Ağ şəhər) də bu cür xeyirxahlıqlara daim qapı açan, əlini bu cür işlərin altına ürəklə qoyan, xeyirxahlığa çiyin verməyi özünə borc bilən təhsil ocaqlarındandır. 
 
 

 Lisey "Kiçik əllər-böyük ürəklər” adlı xeyriyyə tədbiri keçirməyə davam edir. Bu tədbirdə liseyin 3-cü sinif şagirdləri hazırladıqları şirniyyatları, çəkdikləri rəsmləri, düzəltdikləri suvenirləri məktəblərindəki digər yoldaşlarına, tədbir iştirakçılarına sataraq əldə olunan gəliri ehtiyacı olan ailələrə bayram sovqatı almağa məsrəf edəcəklər. Artıq liseydə 3-cü dəfədir ki, bu cür xeyriyyə tədbiri keçirilir. Tədbirdə 30-40 adda müxtəlif əşyalar, 4-5 növdə isə şirniyyatlar satılır. 
 
 

 Qeyd edim ki, şagirdlərin, – o gül balaların xeyriyyə işlərinə ürəklə can qoymaları, yaxşılıq etməyə cani-dildən girişmələri onların nitqlərindən də aydın bilinirdi: "Əgər güclünün zəifə, sağlamın xəstəyə, toxun aca yardımı olmazsa, o zaman yaşamağın mənası olarmı? Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı tanıyırıq. Məsələn, Hacı Zeynalabdin Tağıyevi misal göstərə bilərik. Tağıyev xeyirxah əməlləri ilə adını tarixə yazıb. Bizim də məqsədimiz Tağıyevin qoyduğu bu yolla addımlamaqdır. Gəlin bu sevinci yaşatmaq üçün yaşayaq. Gəlin xeyirxahlıq etmək üçün gecikməyək. Bu gün layihəmizin sonudur. Burada satılanlar öz əllərimizlə düzəltdiyimiz əl işləri, bişirdiyimiz şirniyyatlardır. Məqsədimiz bunları satıb, əldə olunan gəlirdən kasıb ailələrə Novruz sovqatı aparmaqdır”. 
 
  

 Daha sonra Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək şagird və müəllimləri salamladı: "Bu xeyriyyə tədbiri indiyə qədər keçirdiyiniz tədbirlərin sırasında özünəməxsus yer tutur. 
Xeyirxahlıq nədir? Xeyirxahlıq bizə niyə lazımdır? Xeyirxahlığın əsasını kim qoyub? Burda Zeynalabdin Tağıyevin adı çəkildi. O qədər var-dövləti olan adam tarixdə var-dövləti ilə deyil, gördüyü işlərlə qaldı. Və onun təhsil almağına yardım etdiyi gənclər – oğullar, qızlar Azərbaycanın gələcəyi oldu. Onun açdığı qızlar məktəbinin məzunları sonradan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda hökumətdə təmsil olundular. Tağıyev minlərlə Azərbaycan gəncinin xaricdə təhsil alıb gəlməsinə şərait yaratmışdı. Mən özümdən asılı olmayaraq, bu xeyirxah insanın adı üzərindən söhbətimə başladım. Təsəvvür edirsinizmi? O oxumağa göndərdiyi insanların qarşısına məqsəd qoyurdu: Təhsil alıb sonra vətənə qayıdacaqsınız, qürbət ölkələrdə müsəlman, azərbaycanlı olmayan bir qadınla ailə qurmayacaqsınız. Gəlib vətəninizdə təhsilli bir Azərbaycan xanımıyla izdivac edərsiniz. O, hər sahədə kadrların yetişməsini istəyirdi. Siz kiçik əllərlə böyük iş görmək istəmisiniz. Bir  kasıbın qapısını açacaqsınızsa, bir övladı olmayan xanımı sevindirəcəksinizsə, bir qocaya yardım edəcəksinizsə onu nə  qədər sevindirmiş olacaqsız. Mən inanıram ki, siz yaşıdlarınız olan fiziki qüsurlu uşaqları, şəhid ailələrini, orda böyüyən uşaqlara dost ərməğanı aparmaqla onları hədsiz sevindirmiş olacaqsız. Əsas məsələ kiçik hədiyyələrlə insana böyük duyğular bəxş etməkdir”. 
 
 

 Nitqlərdən sonra xeyriyyə satışı açıq elan olundu. Yaxşılıq etməyə könüldən bağlanmış məktəblilər düzəltdiklərini satmaqda, təqdim etməkdə də olduqca maraqlı idilər. Tədbirə gələnlər, məktəblilər əl işləri, şirnilər aldılar və bu xeyirxahlıq işinə öz töhfələrini verdilər.
 P.S. Uliyam Şekspir yazır ki, "Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”. "Kaspi” liseyinin şagirdləri də beləcə gələcək üçün ilk sərmayələrini qoydular.   
 
 Fərid Hüseyn