Biz imzaları yox, əsərləri dərc edirik...

"Karamazov qardaşları" dini-fəlsəfi epopeya kimi – Məmməd Qocayev
2614
15 May 2019, 12:54
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Karamazov qardaşları" dini-fəlsəfi epopeya kimi" adlı esseni təqdim edir:
 
 Lev Tolstoy "Hərb və sülh" roman-epopeyasının, Dostoyevski isə "Karamazov qardaşları" dini-fəlsəfi epopeyasının müəllifləridirlər. "Hərb və sülh"də insan və dünya, insan və tarix, insan və məkan məsələləri qoyulur. Ona görə də burada həm zaman, həm də məkan genişliyi vardır. Dostoyevski isə insan və onun daxili aləmi, insan və onun ruhi məsələlərini qoyur və Tolstoydakı kosmik sonsuzluqdan fərqli olaraq, hansısa daxili sonsuzluğa, atom sonsuzluğuna, mikroaləmin sonsuzluğuna varır. Ona görə də burada nə zaman, nə də məkan genişliyi vardır. Hadisələr Rusiyanın kiçik bir əyalət şəhərində baş verir və hara­dasa cəmi-cümlətanı ikihəftəlik bir müddəti əhatə edir. Bununla belə sonsuzluq elə sonsuzluq olaraq qalır. Zamanda və məkanda baş verənlərlə insan ruhunda, onun qəl­binin dərinliklərində baş verənlər eyni dərəcədə böyük miqyaslı və dərin məna kəsb edən  hadisələrdir. 
 

 
 Tolstoy öz epopeyası üçün Rusiya tarixində həlledici rol oynayan 1812-ci il Vətən müharibəsi mövzusunu seçmişdisə, Dostoyevski Rusiyanın mənəvi-ruhi vəziyyətini özündə ehtiva edən müasir ailə, yazıçının dediyi kimi, "təsadüfi ailə" mövzusunu seçmişdir. Tolstoyda ümummilli birlik stixiyası təsvir olunursa, Dostoyevskidə total parçalanma, yadlaşma ruhu hökm sürür: qardaş qardaşa, oğul ataya, ata öz oğullarına tamamilə yad olan bir məxluqa çevrilirlər. Təsadüfi deyil­dir ki, Karamazovlar ailəsi yalnız kişilərdən ibarətdir və ailədə birləşdirici amil olan ana yoxdur. Dostoyevskinin əvvəlki romanlarında ("Cinayət və cəza", "Şeytanlar") atalar yox idi, yalnız analar vardı. Burada isə ata var, anaların hər ikisi ölmüşdür (Fyodr Karamazovun üç oğlu onun iki arvadından olmuşlar). Əgər ana canlı və yaradıcı təbiəti təmsil edirsə, ata (dövlət səviyyəsində isə çar) Allahın yerdəki timsalı və nümayəndəsidir. Odur ki, əgər Dostoyevski əvvəlki romanlarında həyat cövhərinin kasadlığından və anaların iztirablarından söz açır­dısa, indi ruhun, imanın kasadlığından danışır və atanın (deməli, insan qəlbində həm də Allah obrazının) oğullar tərəfindən qətlə yetirilməsini mərkəzi hadisə kimi təsvir edir.
 "Karamazov qardaşları" həm də bir növ Dostoyevski yaradıcılığının yekunu, onun yaradıcılıq prinsiplərinin, fəlsəfi və dini görüşlərinin sintezi kimi səciyyə­lən­dirilməlidir. Məhz bu romanda Dostoyevskinin fəlsəfi-dini yaradıcılıq prin­sipləri həyata keçmişdir: bir yandan insana, tarixə və dünyaya elmi-fəlsəfi baxış nümayiş etdirmək (İvan Karamazov), digər tərəfdənsə onlara dini yanaşmanın nəticələrini göstərmək (Alyoşa Karamazov). Dünyaya fəlsəfi və elmi baxışı Dostoyevski Evklid dünyagörüşü adlandırır. Dünyaya və insana olan dini nöqteyi-nəzəri yazıçı qeyri-Evklid dünyaduyumu kimi səciyyələndirir. Birinci halda hər şey sadə və aydındır, ikinci halda isə hər şey mücərrəd və anlaşılmazdır. Bununla belə, birinci halda nəticələr zahirən inandırıcı və məntiqi olsa da, səhvdir, ikinci halda isə nəticələr nə qədər paradoksal görünsə də, həqiqətdir və insan həyatını daha adekvat şəkildə əks etdirir.  
 

 
 Fəlsəfi düşüncə yönündə anlaşılmayan və izaha gəlməyən heç nə yoxdur: hər şey – insan da, məhəbbət də, nifrət də – aydındır. Burada nəticələr bir növ riyazi düsturlar şəklində qəti və mübahisəsizdir. Amma məsələ burasındadır ki, insan ruhu heç bir riyazi düstura və fəlsəfi təlimə sığmır. Elmi və fəlsəfi dünyagörüş sırf insani dünyagörüşdür.
 Dini duyum yönündə isə hər şey anlaşılmazdır, ağlasığmaz və izahagəl­məz­dir. Bununla belə, dini dünyaduyum insan mahiyyətinə daha uyğun gəlir və onu daha adekvat şəkildə şərh edir. Ona görə də dini dünyaduyum həyata və insana ilahi baxış olaraq dəqiq və səhvsizdir. Həyat elmi izaha gələn nəsnə deyildir. O, adekvat şəkildə yalnız dində öz əksini tapır. Şəxsiyyətin özünü hansısa qlobal bir ideyaya və ya məqsədə qurban verməsini elmi cəhətdən təsdiq etmək mümkün deyil, çünki özünü qurban vermək məntiqə sığmır. Məntiqsiz görünən bu həqiqəti din qəbul edir və insan həyatını məqsəd deyil, vasitə hesab edir.
 Ailənin başçısı Fyodr Karamazov ailə qarşısında öz vəzifəsini və mənəvi borcunu unudub özü üçün, öz nəşələri naminə yaşamağı üstün tutur. Ona görə də o, oğlanlarının simasında özünə qatı düşmən qazanır. Bu cür ailəni islah etmək mümkün deyil, onu yalnız basdırmaq qalır ki, onun da yerində başqa, yeni ailə yaranmalıdır. Ölənlə olanın dialektikası ideyası öz əksini romanın epiqrafında tapmışdır: "Sizə həqiqəti, həqiqəti deyirəm: əgər buğda dənəsi torpağa düşərək ölməzsə, tək qalar; əgər ölərsə, onda bol məhsul gətirər". Karamazovlar ailəsinin timsalında torpağa düşüb ölən toxum Fyodr Karamazovdur. Məhv olmuş toxumun yerində boy atmış pöhrələr isə onun oğullarıdır. Onlardan hər biri bu dialektik prosesin, yəni ölüb-dirilmənin, ölüm-həyat deyilən vəhdətin hansısa bir tərəfini, bir təmayülünü ifadə edir.
 

 
 Böyük oğul Mitya Karamazov xarakter etibarı ilə atasına daha yaxındır. O da atası kimi pozğun və səliqəsiz həyat tərzi yaşayır. Amma atasından fərqli olaraq Mitya özündəki bu mənəvi iflası dəf edə və yeni yola qədəm qoya bildi. Bu o deməkdir ki, Mitya öz xarakterindəki səthi, ötəri keyfiyyətləri dəf edərək, öz ruhunun ənginliklərində uyuyan o əzəli mahiyyətə çata bildi. Məhz bu gizli və əzəli mahiyyətin oyanışı Mityanı xilas etdi.
 Ortancıl oğul İvan Karamazov öz həyat fəlsəfəsi etibarı ilə atasına bənzəyir. O, "insana hər şey rəvadır" fikrini müdafiə edir. Yəni İvan da atası kimi Allahı unudub özünün insani həqiqətlərinə uyaraq yaşayır. Onun atasından fərqi ondadır ki, əgər Fyodr Karamazov eybəcər və əxlaqsız həyat nəşələrini öz həyatının məqsədi hesab edirsə, İvan Karamazov dərin fəlsəfi və mənəvi prinsiplər (şəxsi prinsiplər) irəli sürür və onları ilahi və dini prinsiplərə qarşı qoyur. Əgər Fyodr Pavloviç şəxsi həyatın rəzil və real tərəflərini mütləq məqsəd kimi görürdüsə, İvan şəxsi həyatın və şəxsi həqiqətin fəlsəfəsini yaradır və onu əsas hesab edir. Hər iki halda insan öz şəxsi istəklərini mütləqləşdirir və onlara səcdə edir. Əgər Fyodr Karamazov çürüməkdə olan o tək toxumun məhvi prosesini ifadə edirsə, İvan Karamazov bu çürümənin fəlsəfəsini ifadə edir. Odur ki, ata mənəvi cəhətdən eybəcər, oğul isə kifayət qədər möhtərəm görünür. Amma İvanın fəlsəfəsində yeni, gələcək həyatı təmsil edən ideya yoxdur. Onun fəlsəfəsi ölüm və inkar fəlsəfəsidir. Əgər Mitya həyatda atdığı addımlarla eybəcərlik edirdisə, İvan öz düşüncələrində, nəzəriyyədə və fəlsəfədə eybəcərliyə haqq qazandırmağa çalışır. Smerdyakov İvanın fəlsəfəsini əsas götürərək atasını öldürür. Axı Smerdyakov da Fyodr Pavloviçin oğludur, lakin qanunsuz, yəni bic doğulmuş oğludur. O, məhz çürüməkdə olan o toxumun üfunətli tərəfini ifadə edir. Onda mənəvi bir iflas və çürümə stixiyası özünü göstərir. Onun soyadının yarandığı "smerdit” sözü də üfunət deməkdir.
 

 
 Kiçik oğul Alyoşa Karamazov bu ölüm-olum paradoksunun başqa bir tərəfini, çürümüş toxumun yerində boy atmış o yeni həyatı, o yeni pöhrəni, deməli, gələ­cək yeni həyatı təmsil edir. Əgər İvan şər və nifrət fəlsəfəsinə üstünlük verərək, sonacan nə Allaha, nə də insana inanmırsa, Alyoşa xeyir və məhəbbətə səcdə edirək Allaha da, insana da müqəddəscəsinə inam gətirir. O, insanların pisini də, yaxşısını da sevir və hesab edir ki, hər bir insan öz dəruni mahiyyəti etibarı ilə gözəldir və sevilməyə layiqdir. Real həyatda isə insan yad təsirlər altında təhrifə uğramış və öz ilahi obrazını və ilahi simasını itirmişdir. O itirilmiş, əslində isə unudulmuş mahiyyəti insanın özünə qaytarmaq lazımdır. Odur ki, Alyoşa üçün eybəcər insan yoxdur, təhrif olunmuş insan vardır. 
 Dostoyevski əsərin qəhrəmanı kimi məhz Alyoşanı nəzərdə tutmuşdu. Yazıçı hələ romanı davam etdirmək və qəhrəmanları müasir həyatda, yeni fəaliyyətdə təsvir etmək fikrindəydi. Amma ölüm buna imkan vermədi və Dostoyevskinin bu romanı da digərləri kimi hadisələrin və xarakterlərin dönüş nöqtəsində, yeni yolun başlanğıcında, yeni dövrün ərəfəsində sona yetir, əslində isə yarımçıq qalır. Alyoşanın simasında Dostoyevski rahib həyatını deyil, Allahı da, insanı da eyni dərəcədə sevən və özünün Allaha olan sədaqətini insana xidmətdə görən xadimi təsvir etmək istəyirdi. Dostoyevski bir növ yeni din yaradır, daha doğrusu, köhnə, pravoslav dinini yeni yöndə təqdim edir. Bu yeniliyə əsasən yerlə göyü, insanla Allahı bir-birinin əksinə qoymaq və yeri inkar edərək göyü təsdiqləmək, insana nifrət edərək təkcə Allahı sevmək deyil, onları birləşdirərək, hər ikisini eyni bir məhəbbətlə sevmək gərəkdir. Allaha məhəbbət özünü insana xidmətdə göstərməlidir – başqa cür ola bilməz və əks təqdirdə Allaha məhəbbət və sədaqət mücərrəd duyğu olaraq qalacaq. Xristianlığın mahiyyəti də bundadır. Amma ortodoksal kilsə bunu belə başa düşmür və daim Allahın xatirinə insanı qurban verir. Dostoyevski xristianlıqdakı bu yerlə göyün harmoniyasını, insanla Allahın vəhdətini bərpa etmək istəyir. Əks təqdirdə, yəni insan bu məntiqi pozduqda, onun həyatı ya eybəcər hala düşür, ya da möhtəşəmlik qiyafəsində faciəyə düçar olur. Fyodr Karamazov göyləri unudub yalnız yerlərin nəşəsinə tapındı. Ferapont ata isə, əksinə, yerləri unudaraq göylərlə yaşayır. Ona görə onların hər ikisi xristian və İsa həqiqətindən uzaqdırlar. Fyodor Pavloviç üçün göylərin, Ferapont ata üçünsə yerlərin qapısı bağlıdır. Biri yerədən bərk yapışıb, digəri isə xəyalən göylərdə dolaşır. Yalnız Zosima atanın təlimində və inamında yerlə göy birləşir.
 

 
 Əsərin bütün hadisələri vahid və mərkəzi bir hadisə ətrafında cəmləşir. Bu, atanın oğullar tərəfindən öldürülməsi hadisəsidir. Hərçənd Fyodor Pavloviçi qarət məqsədilə Smerdyakov öldürmüşdü, amma qalan qardaşlar da bu qətldə özlərini müqəssir hesab edirlər. Ona görə də romanın əsas hadisə törədilən qətldən savayı, həm də mənəvi qətl məsələsidir. Dostoyevski əsas diqqəti insanın tutduğu əmələ deyil, onun ruhi vəziyyətinə  və onun ruhunda baş verən hadisələrə yönəldir. Bu mənada müqəssir təkcə qətli törədən Smerdyakov deyil, həm də bu qətli öz ürəyində istəyən digər qardaşlardır.Bu mənada Mitya da, İvan da müqəssirdirlər: Mitya atasını qətlə yetirmək istəyirdi, amma yetirmədi. İvan heç vəchlə atasını öldürməyə razı olmazdı, amma başqasının onu öldürməsinə mane olmaq da istəməzdi. Bəs Alyoşanın günahı nədədir? O da özünü günahkar hesab edirmi? Bəli, edir. Alyoşanın və Zosima atanın fikrincə, dünyada baş verən cinayətlərə görə hər bir kəs müqəssirdir. Yəni burada özgə cinayəti deyilən şey yoxdur. Hər bir cinayət hamıya məxsusdur və hamı onun məsuliyyətini daşımalıdır. Bu barədə bir qədər sonra, Zosima atanın xarakterini təhlil edərkən daha ətraflı söhbət açacağıq.