Biz imzaları yox, əsərləri dərc edirik...

Görkəmli alim, dəyərli ziyalı – Kamran Əliyev 65
1143
05 Mart 2018, 14:33
 Martın 5-də görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Kamran Əliyevin anadan olmasının 65 illiyidir. Görkəmli alim haqqında  ədəbiyyat adamlarının fikirlərini öyrəndik:
 
 


 İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik) 
  
 

Fərqli və fərdi siması olan ədəbiyyatşünaslıq 
 
 Azərbaycan ədəbiyyatşünaslıq elmində bir neçə elmi istiqamətdə mühüm elmi problemlərin işlənib hazırlanması və həllində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevin özünəməxsus böyük xidmətləri vardır. 
 Tanınmış ədəbiyyatşünas Kamran Əliyev, hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas tədqiqatçılarından biridir. Azərbaycan ədəbiyyatşünaslıq elmində romantizm nəzəriyyəsinin banisi və görkəmli yaradıcısı akademik Məmməd Cəfər Cəfərovdan sonra Kamran Əliyev bu nəzəriyyəni ayrı-ayrı istiqamətlərdə inkişaf etdirmişdir. Belə demək oar ki, AMEA-nın müxbir üzvü Kamran Əliyev akademik Məmməd Cəfərovun meydana qoyduğu konsepsiyanı yeni elmi-nəzəri müddəalarla zənginləşdirmişdir. "Azərbaycan romantizminin obrazlar sistemi” adlı doktorluq dissertasiyası romantizm nəzəriyyəsinə həsr edilmiş mühüm elmi addımdır. 
 Azərbaycan ədəbiyyatının XIX-XX əsrlər mərhələlərinin görkəmli yaradıcılarının həyatı və yaradıcılığının təddqiqində Kamran Əliyevin adı ilə bağlı səhifələr kifayət qədərdir. Kitablarından birinin adında ifadə olunduğu kimi "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”ki tarixi mərhələnin əsas yaradıcı simaları və ciddi problemlərinin öyrənilməsində Kamran Əliyevin rolu xüsusi olaraq qeyd edilməyə layiqdir.
 Kamran Əliyev Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının tərcümeyi-halını və əsərlərini onların mənsub olduqları ədəbi cərəyanlarla birlikdə araşdırıb ümumiləşdirməyin fərqli örnəklərini təqdim edir. Mirzə Fətəli Axundovu maarifçi realizmlə, Hüseyn Cavidi romantizm cərəyanı ilə, Cəlil Məmmədquluzadəni "Molla Nəsrəddin” ədəbi məktəbi ilə üzvü əlaqədə və vəhdətdə tədqiq etməklə o, bu qüdrətli sənətkarların formalaşdırdıqları ədəbi epoxa haqqında bütöv bir sistemi meydana qoyur. Həmin istiqamətdəki tədqiqatlarında Kamran Əliyev ədəbiyyat nəzəriyyəçiliyi baxışları da olan sanballı ədəbiyyat tarixçisidir. 
 Azərbaycan ədəbiyyatşünaslıq elmində folklorşünaslığın xüsusi bir qolu olan folklor və yazılı ədəbiyyat məhz Kamran Əliyevin ardıcıl tədqiqatları sayəsində müstəqil elmi istiqamətə çevrilmişdir. Uzun illər ərzində ümumi şəkildə yazılı ədəbiyyatın əsas qaynaqlarından biri kimi araşdırılan bu problem Kamran Əliyevin özünəməxsus elmi yanaşmaları ilə ədəbiyyatın hər iki qolu arasında qarşılıqlı zənginləşmə mənbəyi miqyasına çatdırılmışdır. 
 AMEA-nın müxbir üzvü Kamran Əliyev demək olar ki, sistemli tədqiqatdan kənarda qalmış Azərbaycan romantizmi və folklor probleminin elmi həllinin yaradıcısı və sahibidir. Bu, Azərbaycan romantizminin milli əsaslarının işlənib hazırlanması və sübut olunması üçün Kamran Əliyev tərəfindən müəyyən edilmiş yeni elmi istiqamətdir. Həmin model Azərbaycan ədəbiyyatında mövcud olan digər ədəbi cərəyanların da folklor qaynaqları, bəlkə də folklor dayaqları ilə birlikdə, qarşılıqlı üzvü əlaqədə tədqiq edilərək yeni elmi nəticələr əldə etməyə imkan yaradır. Ədəbiyyatın tarixi və nəzəriyyəsi baxımından əhəmiyyətli olan bu elmi baxış Azərbaycan folklorşünaslıq elmində yeni nəzəri istiqamətdir. 
 Kamran Əliyev son onillikdə daha çox folklorşünas kimi ardıcıl olaraq fəaliyyət göstərir. Folklor və yazılı ədəbiyyat sahəsindəki tədqiqatlarından başqa, onun "Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş araşdırmaları indiyədək haqqında bir kitabxana qədər kitab yazılmış Qorqudşünaslıq elmində yeni səhifələr, qiymətli əlavələr kimi dəyərləndirilməyə layiqdir. 
 Mükəmməl ədəbiyyat tarixçisi kimi qəbul olunan Kamran Əliyev həm də professional folklorşünas olmağın da əsl nümunəsini göstərir. Belə məqamlarda ədəbiyyat tarixçiliyi mənbə, yaxud metod olmaqla onun folklorşünaslıq baxışlarını daha köklü surətdə ifadə etməsinə şərait yaradır.
 Nəticə: AMEA-nın müxbir üzvü Kamran Əliyev ədəbiyyat tarixçiliyinin əsl mahiyyətinin açılması üçün professional folklorşünas qismində çıxış edən fərqli bir ədəbiyyatşünasdır. Şifahi xalq ədəbiyyatının problemlərini ədəbiyyat tarixçiliyi ilə əlaqəli şəkildə araşdıranda da o, bənzərlikdən qat-qat çox fərqlidir. Kamran Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elmində fərdi siması olan görkəmli ədəbiyyatşünas alimdir.
 Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi  əsərləri böyük ömrün böyük bir dövrünün sanballı yekunu, qarşıdakı illərdə həllini tapacaq problemlərin möhkəm bünövrəsi olmaq mənasında isə mükəmməl başlanğıcıdır. 
 Uğur olsun!

 
 Muxtar Kazımoğlu –  İmanov (Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik)
 
 

 Dəyanətli insan

 Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev  mənim ən yaxın dostlarımdan  biridir. Mən onu 1972-ci ildən tanıyıram, heç vaxt aramızda inciklik olmayıb, həmişə bir-birimizi işarədən, eyhamdan anlamışıq. Onu hər zaman dəyanətli bir insan kimi görmüşəm, ətrafdakı ziyalılara münasibətdə etibarlılığı ilə seçilib. 
 Alimliyinə gəlincə, hər şeydən əvvəl, XX əsrin əvvəlləri Azərbaycan romantizmi ilə bağlı tədqiqatlarını qeyd etməliyəm. O, "XX əsrin əvvəlləri  Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusunda namizədlik dissertasiyası – fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. İndi də yadımdadır, o, uzun müddət arxivlərdə gərgin araşdırmalar apardı. Hüseyn Cavidin, Məhəmməd Hadinin, Abbas Səhhətin, Abdulla Şaiqin işıq üzü görməyən əsərlərini o dövrə aid mətbuat səhifələrindən toplayıb bir araya gətirdi, nəticədə sanballı bir elmi əsər ortaya qoydu. 
 Kamran Əliyev "XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi” kimi son dərəcədə çətin bir mövzuda doktorluq dissertasiyası yazıb. Aydınlıq naminə deyim ki, bu mövzuda Kamran Əliyevlə yanaşı bir çox alimlər araşdırmalar aparıblar və həmin alimlərdən biri də akademik Məmmədcəfər Cəfərovdur. Məmmədcəfər müəllimin tədqiqatlarından sonra bu mövzuya toxunmaq son dərəcə çətin və məsuliyyətli idi. Kamran Əliyev o işin öhdəsindən böyük ləyaqətlə gəldi. XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemini işləyib ortaya qoydu və həmin əsər haqqında ən gözəl rəylərdən birini də elə akademik Məmmədcəfər Cəfərov verdi. Romantizmin görkəmli tədqiqatçılarından biri olan professor Arif Hacıyev də bu tədqiqat işini çox yüksək dəyərləndirdi. 
 Kamran Əliyevin ədəbiyyatın müxtəlif mərhələləri, müxtəlif sahələri ilə bağlı çoxyönlü tədqiqatları var. O həm ədəbiyyat tarixçisi, həm də ədəbiyyat nəzəriyyəçisidir, digər tərəfdən də ədəbi tənqidlə, ədəbi proseslə məşğul olan dəyərli həmkarlarımızdan biridir. Onun son dövrlərdə apardığı tədqiqatların bir istiqamətini də folklor və yazılı ədəbiyyat məsələləri təşkil edir. Kamran Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda "Folklor və yazılı ədəbiyyat”  şöbəsinin müdiridir. Neçə illərdir öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir və bu sahədə tədqiqatları da çox ciddi bəhrəsini verir. Xatırladım ki, bizdə folklor və yazılı ədəbiyyat münasibətləri daha çox "yazıçı və folklor” müstəvisində öyrənilib. Amma Kamran Əliyev özünün romantizmlə bağlı tədqiqatları zəminində yazılı ədəbiyyatın bir çox nəzəri məsələlərini folklorla paralel araşdırmağa başladı. Məsələn, "Qəhrəman – şifahi və yazılı ədəbiyyatda”, "Üslub – şifahi və yazılı ədəbiyyatda”, "Obrazlar sistemi – şifahi və yazılı ədəbiyyatda” və s. kimi paralellər əsasında Kamran Əliyev özünün çox ciddi elmi əsərlərini ortaya qoydu. 
 Bu gün – mart ayının 5-də görkəmli ədəbiyyatşünasımızın doğum günüdür. Mən ona möhkəm cansağlığı arzulayıram! Arzum budur ki, yorulmadan yazsın, yaratsın və yeni-yeni uğurlara imza atsın!
 

Əsgər Rəsulov (professor)
 


 
  Sözünü demiş elm adam

 Kamran müəllim Azərbaycan ədəbiyyatşünaslığında öz sözünü demiş elm adamlarımızdan biridir. Bu gün Kamran Əliyevdən bəhs ediriksə, onun Azərbaycan romantizmi ilə bağlı tədqiqat işlərini xüsusi qeyd etməliyik. Kamran müəllim öz sahəsinin ən yaxşılarındadır. Təxminən qırx ilə yaxındır ki, onu tanıyıram. Qeyd edim ki, onun həm də maraqlı, duzlu qələmi var, bədii yaradıcılıq sahəsində də öz sözünü deyir. Xeyli hekayəsini oxumuşam, yetmişinci illər tələbə həyatı ilə bağlı olan bu nümunələri bir az da sənədli nəsr hesab edə bilərik. Kamran müəllimi 65 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm, bundan sonrakı fəaliyyətində uğurlar diləyirəm.  
 







Rüstəm Kamal (professor)
 
Etibarlılıq əmsalı çox yüksək olan alim
 
 Kamran müəllim Azərbaycanın humanitar fikir məkanında ən dəyərli imzalardan, mənimçün də dəyərli dostlardan biridir. Azərbaycanın milli romantizmi, Azərbaycan dastanlarının poetikası ilə bağlı tədqiqatları xüsusi vurğulanmalı klassik araşdırmalardır və Kamran Əliyev klassik Azərbaycan alimidir. Yəni klassik filoloji ənənəni ləyaqətlə və uğurla davam etdirən bizim görkəmli ədəbiyyatşünas alimlərimizdən biridir. 
 Mən onun "Hüseyn Cavidin şəxsiyyəti və poetikası” kitabını çox sevirəm, O, ədəbi qəhrəmanları da şəxsiyyət kimi görür, məsələn "Kitabi-Dədə Qorqud” və "Koroğlu” dastanlarının qəhrəmanlarını gözümüzdə əsl qəhrəman kimi canlandırır, yəni o, demək olar ki, bütün qəhrəmanlarımızı ədəbiyyatşünaslıq kateqoriyasından yox, şəxsiyyət kateqoriyasından təhlil edir. Bu səbəbdən də o, ədəbi qəhrəmanlara da şəxsiyyət kimi baxır, şəxsiyyət kimi yozur. Dediyim dastanların poetikası ilə bağlı araşdırması var, oxusanız görərsiniz ki, sanki onlar epos qəhrəmanları deyil, bizim həyatda gördüyümüz, canlı Azərbaycan kişiləridir. Və mən düşünürəm ki, o bütün elmi əsərlərində şəxsiyyətin poetikasını yazır. Gün gələcək, onun elmi, ədəbi yaradıcılığını, davranışlarını, xarakterini, yaşam tərzini əhatə edən bir kitab yazılacaq və adı da mütləq belə olacaq: "Kamran Əliyevin poetikası”. Azərbaycan ədəbiyyatının bir çox klassikləri onun ədəbi qəhrəmanlarıdır. Hərdən düşünürəm ki, Abdulla Şaiq, Hüseyn Cavid, Məhəmməd Hadi, Mirzə Cəlil də onun avtobioqrafiyasının bir hissəsidir. Çünki o həmin ədibləri Azərbaycanın böyük maarifçiləri, böyük romantikləri kimi deyil, Azərbaycan millətinin fəxarəti olan şəxslər kimi təqdim edir və düşünürəm ki, bu həm əxlaq, həm vətəndaşlıq baxımından da düzgün, metodoloji yanaşmadır.
 Kamran müəllimin çox maraqlı nəsri var, düzdür, hələ bu nəsr hələ lazımi qiymətini almayıb. Amma o, öz müəllimləri Mirzə Cəlil, Haqverdiyev ənənəsini içindən keçirib, yaşadan bir yazıçıdır. Xüsusən, mən onun əsərlərində dialoqları, canlı dialoqları çox sevirəm. İlk əsəri "Yalquzağ”ı, xüsusən "Vağzal” povestini misal göstərə bilərəm, onun çox görümlü dialoq yaddaşı var, dialoqun detal fonunu oxucuya göstərə bilir. Mən Kamran müəllimi çox istəyirəm. O, etibarlılıq əmsalı çox yüksək olan bir kişidir, alim. Şahidi olduğum bir hadisəni deyəcəyəm: rəhmətlik dostumuz, dəyərli həmkarımız Arif Əmrahoğlunun qızının toyunda Kamran müəllim öz balasının toyu kimi iştirak elədi. O toyda Kamran hiss elətdirmədi ki, Arif aramızda yoxdur. O, millətimizi sevən, onunla qürur duyan, millətə şərəf gətirən bir kişidir. Son dərəcədə böyük ürəyə malik bir insandır, qoy bu ürək var olsun! 

 
  Əlabbas Bağırov (yazıçı)
 


 
  Ziyalı obrazı
 
 Kamran Əliyev Azərbaycanın çox dəyərli ziyalılarından biridir. Bu dəyərli insanı çoxdan – 1973-cü ildən tanıyıram. Mən birinci kursda oxuyanda Kamran müəllim beşinci kurs tələbəsiydi. Kamran universitetə yeni daxil olan tələbələrlə, yəni bizlərlə böyük qardaş kimi davranırdı. Həmişə qayğımıza qalır, problemlərimizlə maraqlanırdı, yəni bunun özü istər-istəməz bizdə Kamrana qarşı bir məhəbbət oyatmışdı. Sonralar bu məhəbbətin, hörmətin bəhrəsini də gördük. O, uğurla öz elmi işini müdafiə elədi, Azərbaycanın sayılıb-seçilən alimlərindən birinə çevrildi, icra orqanlarında çalışdı və bunların hamısı onun xarakterinə təsirsiz ötüşmədi, şəxsiyyət kimi formalaşmasına yardımçı oldu. Bunu da deyim ki, bütün bunlar onun özünə nə qədər siraət etdisə, dostlarına ikiqat təsir etdi. Kamranın tədqiqat işi Azərbaycan romantizmi, Hüseyn Cavidlə bağlıdır, sonralar folklorla bağlı araşdırmaları olub, bunlar özü də göstərir ki, onun potensialı nə qədər böyükdür. Kamranın çağdaş ədəbi proseslə bağlı yazıları, publisistik məqalələri də var. O romantizmin elmi, ədəbi, metodoloji prinsiplərini nə qədər dərindən bilirsə, sadaladığım digər sahələrdə də bir o qədər biliklidir. Eyni zamanda, Kamranın Hüseyn Caviddən başlanan, özü də onun az təbliğ olunduğu vaxtda tədqiqi onun necə diqqətcil alim olduğunu ortaya qoyan məsələlərdən biri idi. Düzdür, sonralar dahi sənətkar haqqında çoxları yazdı, müxtəlif mövzulu elmi-tədqiqat işləri ortaya çıxdı, çoxlu dissertasiyalar müdafiə olundu, amma bu işin təməlini qoyanlardan biri də Kamran müəllim idi. 
 Biz həmişə onunla qürur duymuşuq. Kamranla tez-tez əlaqə saxlayırıq, görüşürük, "Kaspi”  və "Ədəbiyyat qəzeti”ndə, artkaspi.az saytında çıxan yazıları mütəmadi oxuyuram, kitablarının hamısı məndə var. İstənilən mətnini açsaq, onların arxasından boylanan bir ziyalı obrazı görürəm. Mənim üçün o obraz, o insan həmişə var. Və arzu edirəm ki, bundan sonra da, heç olmasa, 30-40 il Azərbaycan oxucusu Kamran Əliyevlə üzbəsurət təmasda olsun. Bu əziz insanı təbrik edirəm! 
  
 
Fərid Hüseyn
(şair)
 

 
Ona açılan mənalar
 
 Sınamışam, şahidliyim olub deyə bir məsələni əminliklə deyirəm: Bəzi peşəkar, üstün redaktorlar var ki, onlar ixtiyari kitabı istənilən yerdən açıb nəsə səhv tapa bilirlər. Hətta dönə-dönə yoxlanılmış kitabda 1-2 xırda səhv varsa, o yanlışlıqlar nədənsə onların açdığı səhifələrə təsadüf edir. Sanki səhvlər həmin redaktorlardan gizlənmək istəmirlər, onlara görünməyi özlərinə "şərəf bilirlər”. Mən Kamran müəllimin "Kitabi-Dədə Qorqud” dastanı haqqındakı tədqiqatını oxuyandan sonra anladım ki, sanki eposdakı sirli mənalar, dərinlikdəki simvollar Kamran müəllimə görükmək, onun vasitəsiylə "el içinə çıxmaq” istəyiblər. Elə bil "Kitabi-Dədə Qorqud”un "sinəsi” sirlərlə dolu imiş və o "könlündəkiləri” faş etməyə bir adam (alim!) axtarırmış. Kamran müəllimsə həmin sirlərə, ona görükən simvollara bir alim kimi məna qatmağı bacarıb, onun tədqiqatında yozum ilə sirr bir-birindən "razıdırlar”. 
 65 yaşını qeyd edən Kamran müəllimə onu incitməyən, yormayan xoşbəxt günlər arzulayıram.
 
Hazırladı: Günel Şamilqızı