Biz imzaları yox, əsərləri dərc edirik...

İyrənirəm hikmətli şeirlərdən – Əsma Əzizənin şeiri
1973
01 Mart 2021, 11:47

  Fələstinli şair Əsma Əzizə Hələfdə yaşayır. İlk şeir kitabı "Liwa" 2010-cu ildə "Əl-Qəttan" Birliyinin təsis etdiyi "Gənc Yazar Mükafatı"na layiq görülüb. Şeirləri alman, fransız, ingilis, yunan, ispan, İsveç, fars, italyan və başqa dillərə çevrilib.  Artkaspi.az gənc şairin "İnikas" adlı şeirini təqdim edir:

 

 

 

 

Dünən şeirlərimi naşirə verdim,
elə bilirəm bütün beynimi verdim ona,
daha onun ağzından çıxacaq sözlərim,
Beləcə cəfa oldu canıma.

 

 

"Dərd gələndə tək-tək yox,

ac ordu kimi gəlir”.
Haçansa bir şair deyib bu sözləri.
Mənsə sözlərimi havaya sovurandan sonra
heç nə deməmişəm,
hələ də susuram şeirlərimi.

 

 

Şairlər pəncərəmin altındakı yeməkxanada
içki gillədib hikmətli şeirlər oxuyurlar hər gecə,
belə keçirirlər ömürlərini hansısa səbəbdən,
mənsə iyrənirəm hikmətli şeirlərdən
və əmr fellərindən.

 

 

Bir gün evimə çağırdım onları,
əldə saxlanan qoyunlar kimi
hamısının boğazını üzdüm
və özümə axşam yeməyi bişirdim.
Amma nə xeyri,
pəncərədən görünən dağın
zirvəsində asılı qalan səsimə
yenə də qovuşa bilmədim.

 

 

Yoldakı gölməçədə
qurumuş ağacın kölgəsinə çevrildim,
üstümdən keçməyin,
məni "budaqlarımın əksini buxarlandıran”
günəşə qarşı kölgəlik eləyin.
Bəlkə, onda ürəyimin sözünü deyərəm sizə.
Deyərəm ki,
daha az odun yandırsanız
öz-özünə sönər bəlalarınız.
Amma yox,
hardaydı bizdə o bəxtəvərlik?!
"Tayaladığınız odunlar”ın arxasından
siz mənim səsimi eşitməzsiniz.

 

 

Tərcümə edən: Fərid Hüseyn