Artkaspi.az saytı Rahid Uluselin aforizmlərini təqdim edir:
İstiləşən planetin
soyuqlaşan insanları
XXI əsrin aforizmləri
On birinci hissə
Göz yaşı cismən üzü aşağı axır, ruhən üzü
yuxarı.
***
Yalvaran və yalvarılan: birinci – alçalır,
ikinci – təhqir olunur.
***
Köhnə, atılmış ayaqqabı tayları da
bir-birini xiffətlə axtarır...
***
Ölüm – varlıqla yoxluq arasında keçid deyil,
həyatın triumfudur.
***
Vəzifədə qocalmaqla – ölümü özünüzdən uzağa
ata bilməzsiniz.
***
Hərcayılar qəşş edir: amma heç bilmirlər ki,
güldükləri – başqalarına taxdıqları öz puçluqlarıdır.
***
Böyük fərq var: insanın içərisi ilə daxili
orqanları arasında.
***
Universitetlər bilik verir, ancaq nadanlıq
almır.
***
Lakey əlinə girəvə düşən kimi həvəslə
vətəndaşlığından sıyrılıb təbəəliyinə dürtülür.
***
Adam özünü zorla ciddiləşdirib qabartmağa
çalışanda, böyümək əvəzinə kiçilir ölçüləri.
***
Sən nələrdən xəbərdarsanmış?! Artıq
öldürülməyinin vaxtıdır.
***
Günah yuyulmayıb basdırıldığındandır ki,
həmişə daha vahiməli şəkildə xortlayır.
***
Genetik kütlüklə sosial kütlük bir-birini
əmizdirir.
***
Vəhşinin dırnaqsızlaşdırılması – içinə
ötürür onun barbarlığını.
***
Axmağı ağıllı bir şeyə inandırmaq – ağıllını
axmaq bir şeyə inandırmaq qədər çətindir.
***
Həmişə tapdalanmağa da, çalmağa da hazır
canlı – həşəratlar və sürünənlər.
***
Pəncərələr öz-özünə çatlayıb tökülür –
sonuncu nəfəsliyi də bağlayıb mıxlayandan sonra.
***
Suallardan qaçsan, onların qəfil qarmağına
ilişəcəksən.
***
Yalan qoşabuynuzdur: deyənə və dinləyənə
birgə sancılır.
***
Alçaltdığınla alçalır, yüksəltdiyinlə
yüksəlirsən.
***
Ömür bir bina: kimi onu daxma, kimi onu
saray tək yaşar.
***
Çox valideynlər övladlarını danlamağı –
onları tərbiyələndirmək kimi başa düşürlər.
***
Problem aşırılır: məsuliyyəti çiyninizdə, çətinliyi
ayağınız altındadırsa.
***
Düzlük nə qədər kəsə yolla getsə də, finişə
sonda çatır.
***

Vəzifəcə yüksəlmək – imtiyazların yox,
məsuliyyətlərin artması deməkdir.
***
Əsl varlı – yüz milyonun neçə qəpikdən
ibarət olduğunu bilən adam.
***
Zənginlərin ağlı var-dövlətindən çox olduğu
halda da, birinciyə yox, ikinciyə heyran qalırlar.
***
Zaman xırmanında fırlama çapan Atın – Saatın
xəncər-əqrəbi doğrayıb-tökür ömrümüzü, – ya əbədiyyətə, ya zibilxanaya.
***
Başdaşındakı rəqəmlər həyat statistikasıdır.
Bütün məna – ortadakı tiredə.
***
Öz xoşumuzla gəlmədiyimiz, öz xoşumuzla
getmədiyimiz dünyada, heç olmasa, öz
xoşumuzla yaşayaq!
***
Əgər bu dünyaya gəlmisənsə, geriyə
qayıtmağın bir yolu var – ölüm.
***
Cavablar sual doğurur.
***
İndini keçmişlə doldursan, gələcəyinə yer
qalmaz.
***
Haqqını tələb etməmək – özünü inkar etmək
deməkdir.
***
İnsan soyuqlaşdıqca, planet istiləşir.
***
Ağız: yalan qəbiristanlığı, yoxsa həqiqət
bağçası?!
***
Ən sədaqətli dost – tənhalıq.
***
İnsanlar susanda daha təbii danışır.
***
Ömrümüz boyu xərclədiyimiz pullar həyatın
bir gününü də almağa çatmaz.
***
Dünyadan istədiyini ala bilməyən çoxları elə
zənn edirlər ki, o bunu heç kimə vermir.
***
Ulduzlar sayrışa-sayrışa astroloqlarla
məzələnir.
***
Bütün varlığınla dəyişmək! Bunu qonşular
hiss etməyəcək...
***
Röyaya gələn qadın ağuşa gələn qadından daha
dadlı ola bilər.
***
Boynudönməz öküzə baxıb da düşünürəm:
dünyaya birtərəfli baxmağın axırı bax budur.
***
Saya çoxluq nə etdiklərini bilmədiyi, yalnız
adlarını eşidib tanıdığı dahilərə daha heyranlıqla vurğundur.
***
Partlayan şarın havası dərindən nəfəs alıb
elə bunu deyir: "Ah! Azad oldum!”
***
Ən yenilməz qalalar insanın içərisində
gömmədiyi həqiqət kərpiclərindən tikilir.
***
İnsan həyatında, heç olmasa, bircə dəfə
bütün mahiyyətini tam dolğunluğu ilə üzə çıxarmalı, bütün taleyini bir Zirvə
Anında yaşamalıdır axı!
***
Hər ötən yaradıcı gün ömrün dünəninə yox,
sabahına keçir.
***
Yolların mini – qəbiristanlığa aparır,
yalnız biri – əbədiyyətə!
***
Öləndə insanın gözü açıq qalır: iki dünya
bir-birindən ayrıla bilmədiyi üçün.
***
Dolğun həyat yaşamış insanlar budağından
saralmış yox, dan qızartısını almış yarpaqlar tək qopur.
***
Dünyaya qalmamaq
üçün gəlir, ölməmək üçün gedirik.
***
Vətənpərvərliyi və vətəndaşlığı qovuşanların
Vətəni – Dövlət olur.
***
İnsan – Vətən – Dünya: bir Ruhun üç
təcəllası!