Biz imzaları yox, əsərləri dərc edirik...

“İrs” jurnalının ərəb dilində növbəti nömrəsi
207
14 Fevral 2018, 10:20
 Birləşmiş Ərəb Əmirliklərində "İrs” jurnalının ərəb dilində növbəti nömrəsi çapdan çıxıb.

 

 AZƏRTAC xəbər verir ki, bütün ərəbdilli ölkələrdə yayılan jurnalın yeni nömrəsi öz oxucularına 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və bu münasibətlə bir sıra beynəlxalq tədbirlərin, habelə 2017-ci ilin mayında bütün İslam dünyası üçün mühüm olan iri idman tədbirinin – IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə silsilə məqalələr təqdim edir.
 Jurnalın baş redaktoru Musa Mərcanlı redaksiya məqaləsində yazır ki, Azərbaycanda "İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman ölkələri arasında münasibətlərin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə güclü təkan verib. 
 Azərbaycanın Misirdəki səfirliyinin konsulu Emil Rəhimovun "2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İlidir” sərlövhəli analitik məqaləsi də diqqəti cəlb edir.
 Jurnalda iki il ərzində Azərbaycanda keçirilmiş böyük beynəlxalq idman tədbirləri – birinci Avropa Oyunları, "İslamiada”, "Formula 1”, Dünya Şahmat Olimpiadası və s. barədə materiallar təqdim edilib. 
 Jurnalın "Azərbaycanı kəşf edərkən” rubrikasında dərc edilmiş xarici müəlliflərin məqalələri xüsusi maraq doğurur. İordaniyanın "Qədim abidələrin dostları” Cəmiyyətinin direktoru Adib Əbu Şmisin "Azərbaycanın qədim abidələri” sərlövhəli məqaləsində ölkəmizin unikal tarixi-mədəni abidələrindən söhbət açılır. Mövzunu İnayə Əbu Şmisin "Azərbaycan turistin gözləri ilə” və iordaniyalı memar Xanaa Saduldinin ölkəmizin gözəlliyinə və mədəniyyətinə heyranlığın ifadə olunduğu "Gözəl Azərbaycan, mən səni necə sevirəm” sərlövhəli məqalələri davam etdirir.
 Ərəbdilli oxucular növbəti nömrədə memarlıq abidəsi olan Hacı Zeynalabdin Tağıyev sarayı, ənənəvi qadın baş örtükləri, Azərbaycan rəssamı Elbəy Rzaquliyev və s. barədə maraqlı materiallarla da tanış ola bilərlər.

Xəbər lenti