Biz imzaları yox, əsərləri dərc edirik...

İrfan müasir dünyanın trendinə çevrilir – Mail Yaqubun müsahibəsi
2871
24 İyun 2019, 12:01
 Azadinform-un müsahibə rubrikasının bugünkü qonağı fəlsəfə doktoru Mail Yaqubdur. Onunla söhbətimizdə irfan fəlsəfəsinin insan həyatındakı rolundan danışdıq. Eyni zamanda, Mədəniyyət telekanalında yayımlanan, Mail müəllimin aparıcı olduğu "İrfan səması” verilişi barədə də həmsöhbətimizə suallarımız oldu.
 
 – Mail müəllim, sizi əvvəllər Mədəniyyət TV-də yayımlanan "Məclisi-üns” verilişində görərdik. Klassik ədəbiyyatla bağlı şərhləriniz həmişə maraqla qarşılanardı.
 – "Məclisi-üns”ə 2014-cü ildən dəvət almışdım. O verilişin 100-dən artıq buraxılışında iştirak etmişəm.
 
 – İndi isə artıq yenə həmin televiziyada, lakin öz verilişinizlə - "İrfan səması” ilə tamaşaçıların görüşünə gəlirsiniz. Səhv etmirəmsə, artıq 7-ci buraxılışınız efirə gedib...
 Bəli, indiyədək yeddi veriliş efirə gedib, ümumilikdə isə 10 veriliş çəkilib.


 
 – Bir neçə buraxılışınızı izləmişəm, doğrudan da maraqlı layihədir. Bilmək istərdik, "İrfan səması” ideyası necə yarandı? Azərbaycan tamaşaçısı üçün belə mövzular yenidir.
 – Hər bir insan üçün, hər bir cəmiyyət üçün müəyyən məsələlər aktual olur. Yaxşı, bəs "aktual” deyəndə nə başa düşürük? Bu da özü-özlüyündə mühüm sualdır. Aktual o şeylərə deyilir ki, kimlər üçünsə müəyyən anda maraqlı və faydalı olsun. "İrfan səması” verilişi də ona görə meydana gəldi ki, mövzu cəmiyyət üçün aktual idi. Bildiyiniz kimi, "İrfan səması” ədəbi-fəlsəfi verilişdir. Bu yerdə sual olunur: ədəbiyyat aktualdırmı? Bəli, aktualdır. Fəlsəfə aktualdırmı? Bəli, aktualdır – bu şərtlə ki, təqdimatı uğurlu olsun. "İrfan səması” kimi verilişlərə cəmiyyətimizdə zərurət böyükdür. Niyə? Çünki ilk növbədə burada ədəbiyyat var. Ədəbiyyat nədir? Ədəbiyyat mənim üçün fikir, ideologiya, estetika, fəlsəfə məkanıdır. Ədəbiyyat mənim üçün fəlsəfənin, ideologiyanın, estetikanın, romantikanın, sosiologiyanın, psixologiyanın paltarıdır. Ədəbiyyat geniş sahədir, o, sadəcə, romantika və estetikadan ibarət deyil. Bayaq qeyd etdik ki, "İrfan səması” kimi verilişlərə cəmiyyətdə ehtiyac var. Bu ehtiyac nədən yaranır? Baxın, cəmiyyətdə sosiologiya, psixologiya, ictimai məsələlər, ictimai münasibətlər, ədəbiyyat, estetika, romantika və digər bu kimi məsələlərə ehtiyac varmı? Var. Demək, "İrfan səması” kimi verilişlərə də ehtiyac var ki, bütün bunları aşılasın, ancaq aydın, başa düşülən dildə. 
 
 – Məlumdur ki, 70 illik bir ateist sovet dönəmi bizi İslam fəlsəfi düşüncə sistemindən, bu sistemə əsaslanan mənəvi-ruhani həyat tərzindən tamamilə kənarlaşdırmışdı. Bu gün "İrfan səması” söz birləşməsini eşidən tamaşaçının beynindən ilk olaraq bu sual keçir: irfan nədir? Bu sözü son illərdə daha tez-tez eşitməkdəyik, lakin etiraf edək ki, bu istilahın kəsb etdiyi anlamı çoxları bilmir. Müasir insan ən çox o məsələlərlə ilgilənir ki, həmin məsələnin onun həyat tərzinə, məişətinə birbaşa aidiyyatı olsun. Əgər bugünkü insan irfanın nə demək olduğunu dərk etsə, bu termininin kəsb etdiyi anlamı öz yaşamında kəşf etsə, yəqin ki, həyat tam başqa cür olardı. Bax, istərdik bu terminin izahını sizin dilinizdən eşidək: irfan nədir? 
 – "İrfan” ərəb sözüdür, bizim dilə tərcümədə "tanımaq”, "bilmək” anlamındadır...


 
  Kimi tanımaq, nəyi bilmək?
 – Bir fundamental gerçək var ki, ta qədim dövrdən bütün dünyada onun barəsində söhbət aparılır. Onun adı Tanrıdır, Allahdır. Birinci məsələ, Onun varlığına inanmaqdır. Növbəti məsələ, Onun necə bir varlıq olması, nə kimi xüsusiyyətlərə malik olması ilə bağlıdır. Müqəddəs kitabımızda Onun adları sadalanır.
 
  99 addan ibarət əsmaül-hüsna...
 – Bəli, əsmaül-hüsna, yəni gözəl adlar. Məsələn, Latif – lütfkar, Rəhim – mərhəmətli, Qadir – qüdrətli, Rəzzaq – ruzi verən və s. Demək, İslam dini meydana gəldikdən sonra bir elm sahəsi yaranmağa başladı ki, o sahə Allahın adlarını, onun mənalarını araşdırırdı. Bu elm sahəsinin adına irfan deyilirdi. İbn Ərəbi o sahənin dahilərindən biri idi. Demək, İrfan elmi, Allahın adlarını – əsmaül-hüsnanı araşdıran, Allahı tanımaq haqda elmdir. Əsmaül-hüsnanı öyrənən, o adları mənimsəyən, onları öz ruhuna hopduran, öz həyatına tətbiq edən şəxslərə isə arif deyilir. Məsələn, Allah mərhəmətlidir – arif də çalışır o sifəti mənimsəyə, mərhəmətli ola. Beləliklə, insan Allahın bütün gözəl adlarının xüsusiyyətlərini özündə cəmləşdirə bilirsə, arif olur.
 
  Sufilərdə belə bir inam vardı ki, əgər insan dünyaya məxsus hər bir sifətdən imtina edərsə, bunun əvəzində Allah öz sifətlərindən birini ona əta edər.
 Bəli, elədir. Bax, siz bayaq sualınızda çox mühüm bir məqama toxundunuz ki, irfanın bizim məişətimizə, həyat tərzimizə nə aidiyyatı var? Bu, bizim ən yaralı yerlərimizdən biridir. "İrfan səması” verilişində də ən çox diqqət ayırdığım məsələlərdən biri budur. Bəzən dostlar irad da turular ki, irfan mövzusunda məişət məsələləri ilə bağlı çox xırdalıqlara gedirsən. Bilirsiz, mən bundan qaça bilmərəm. Axı irfan sektalaşmış bir şey deyil, röhbaniyyət deyil, irfan tənhalığa çəkilərək yalnız ibadətlə məşğul olmağı təlqin etmir.


 
 – Yəni irfan bir həyat tərzidir, yaşamdır. Doğrudurmu?
 – Əlbəttə. Elə ona görə də biz irfanı rahibliyə çevirsək, onun bir mənası qalmaz.
 
  Zahidliklə rahiblik – röhbaniyyətlə zöhd əhli olmaq eyni şeydirmi?
 Təəssüf ki, bəziləri zöhd əhli olmağı röhbaniyyət kimi anlayırlar. Halbiki zöhd röhbaniyyət deyil. Zahidlik böyük dəyərdir.
 
  Amma klassik ədəbiyyatda "zahid” ifadəsi demək olar ki, həmişə ironiya ilə işlənilir, zahid bəzi mətləblərdən bixəbər olmaqda qınanır. Məsələn, "Sanır zahid özün xali xəyalından – qələtdir bu, Bu heyran olduğundandır ki, heyran olduğun bilməz” (Füzuli), yaxud "Zahid meyin məzəmmətin etməz səvab üçün, Dildə bəhanədir sözü zikri-şərab üçün” (Seyyid Əzim) və s. Əgər zahidlər sizin dediyiniz kimi yüksək məqam sahibləri idilərsə, onda nəyə görə arif şairlərimiz zöhd əhlinə bu cür tənqidi yanaşırdılar? Bəlkə ariflərin nəzərində zöhd əhli doğrudan da belə görünür? Yaxud da klassik şairlərimiz "zahid” deyərkən, bəlkə özünü zöhd əhli kimi göstərən riyakarları nəzərdə tuturlar?
 Əlbəttə, biz zahid deyərkən həqiqi zöhd əhlini nəzərdə tuturuq. Əgər bir insan zahid olsa, bilirsinizmi necə olar? Zahid, yəni dünya malına etinasız olan şəxs. Məgər dünya malına etinasız olmaq, var-dövlətsiz olmaq deməkdir? Xeyr. Söhbət, sadəcə, dünya malına etinasız olmaqdan gedir. Bu, çox böyük dəyərdir, bu, çox yüksək mədəniyyətdir.


 
  Sözünüzə qüvvət, dünya malına etinasızlığın, başqa sözlə desək, ehtiyacsızlığın fəlsəfəsi, nəticədə insanı ruhən azadlığa qovuşdurur. Baxın, biz kapital dünyasında yaşayırıq. Bir insanın var-dövləti, malı-mülkü artdıqca, o şəxs əksər hallarda dünya malına daha çox şirniklənir. Yaradılmışların əşrəfi olan bir varlıq öz yaradılışının mahiyyətini unuduraq cansız əşyaların – maddi sərvətlərin əsirinə çevrilir. Artıq onlar heç vaxt azadlığın mahiyyətini, fəlsəfəsini dərk edə bilməyəcəklər. Dünyaya, dünya malına bağlılıq onları əbədi olaraq əsarət zəncirində çürüdəcək. Şeyx Sədinin insanlıq haqda bir ibrətamiz qəzəli var, bir beytində deyir ki, insanın da quş kimi göylərə uça bilməsi mümkündür; lakin bunun bir şərti var – insan gərək ayaqlarını dünyaya bağlayan hərislik zəncirindən azad etsin. Bir sözlə, insan ehtiyacsızlıq fəlsəfəsini dərk edərək, həyatında onu tətbiq edərsə, həqiqi azadlığa qovuşmuş olar.
  Tam doğru. Bax, həqiqi azadlıq budur. Bilirsiniz, 17-ci əsrdən sonra dünya (Avropa nəzərdə tutulur) individualizmə (fərdi mənafelərin ümumi mənafelərdən üstün tutulmasına) yönəldi. İndividualizm 19-cu əsrdə Nitsşe ilə kuliminasiya nöqtəsinə çatdı. Nitsşe deyirdi ki, hər bir insan individual olaraq hakimiyyətə can atır. İndi sual olunur, Qərbin ortaya qoyduğu bu individual yanaşma ilə zahidlik, ariflik fəlsəfəsi daban-dabana zidd deyilmi? 
 
 Əlbəttə, bunlar bir-birilə tam olaraq ziddiyyət təşkil edir.
 Zahidlik fəlsəfəsi deyir ki, səndə olana bel bağlama, səndə olanı bağışlamağı bacar. Var-dövlət sahibisənsə, o var-dövlət vasitəsilə xeyriyyəçilik işləri gör.
 
  Buna bənzər başqa bir deyim də var: Qazandığına sevinmə, itirdiyinə təəssüflənmə. Doğrudan da insan əgər bu hikmətli kəlamları öz yaşamına tətbiq etsə, onda bəşəriyyətin çox ciddi problemləri asanlıqla aradan gedər.
 – Quran ayəsidir, "Əldən verdiyinizə çox təəssüflənməyin, əlinizə gələnə çox şadlanmayın”. Görün nə böyük mədəniyyətdir! Adamlar tanıyırıq ki, əldən verdikləri var-dövlətə görə intihar etdilər. Pula, mal-mülkə görə doğmaları ilə düşmən olan nə qədər insan var. İslam deyir, özünüzü tutun, siz özünüz hər şeydən daha dəyərlisiniz, dünya malı boş şeydir.

  Təəssüf ki, individual qərbçilik bunun əksini aşılayır.
 – Burada bir məqamı vurğulamaq istəyirəm ki, Qərb və ya Şərq deyəndə, coğrafi məkanlar nəzərtdə tutulmur, məsələyə düşüncə, təfəkkür tərzi baxımından yanaşılır. Harada yaşamasından asılı olmayaraq, bir insan var-dövlətini xeyriyyə məqsədilə başqaları ilə bölüşürsə, deməli, o şəxs zahiddir. Yaxud ola bilər bir insan Şərq ölkələrinin birində, lap elə ruhani ailəsində yaşasın, amma dünyapərəst olsun. Həmin adam mahiyyətcə individual qərblidir.
 
  Bayaqkı suala qayıtmaq istərdim: irfanın məişətimizə, bugünkü həyatımıza təsiri barədə suala. Məsələn, evdar bir xanım sizin "İrfan səması” verilişinə baxsınmı, baxmasınmı? Baxmalıdırsa, niyə baxmalıdır?
 – Mütləq baxmalıdır. Hətta mən deyərdim, yeniyetmələrimiz də o verilişə baxıb nəsə götürə bilərlər. Əslində dövlət televiziyasının amalı da budur – kommersiya maraqlarından uzaq olaraq ümumilikdə insanlara xidmət etmək. "İrfan səması” verilişinin qayəsi də mənəvi gözəllikləri, maddiyyat əsiri olmayan bir həyatı insanlara təbliğ etməkdir. Biz hər buraxılışımızda həyatımızın müxtəlif sahələrini əhatə edən incə məsələlərə toxunur, həmin məqamları irfan fəlsəfəsi baxımından izah etməyə, mənəvi zənginliklərin maddi məsələlərdən hər mənada üstün olduğunu göstərməyə çalışırıq. Bax, biz demək olar ki, hər verilişimizdə Nəsimi yaradıcılığına müraciət edirik. Bilirsiniz ki, bizim böyük irfan şairlərindən biri olan Nəsiminin ideyaları, demək olar ki, irfan fəlsəfəsinin özəyini təşkil edir. Məsələn, Nəsimi deyir ki, "Aşiq bəla yolunda gərək kim həmul ola”, yəni aşiq gərək bəla yolunda səbirli, dözümlü ola. Burda sual yaranır: məgər irfan mazaxizmi, özünə əzab verməyi təbliğ edir? Xeyr, qətiyyən belə deyil. İrfan nə deyir? İrfan deyir ki, bir həyat yolu seç, əvvəl-axır o yol ilə get. Bir şərtlə ki, o yolu sevə-sevə gedəsən. Əgər o yolda bəlaya, əziyyətə rast gəlsən, döz, getdiyin yola sadiq ol. Ümumiyyətlə, hər bir peşə sahibinin öz irfan yolu var...
 
  Lakin irfan sahibləri başqalarından fərqli olaraq daxildə də ayrı bir yol gedirlər. Tutaq ki, bir bərbərlə bir müəllimin yaşadığı irfanda fərq olmaya bilər. Peşələri fərqli olsa da, irfanları onları birləşdirər.
 – Bəli, həqiqi irfan yolu məhz budur. Yəni yuxarıda demək istəyirdim ki, insanın özünə qəsdən əzab verməklə, sevib-seçdiyi yolda əzablara dözməsi ayrı-ayrı şeylərdir. Bax, irfanın mazaxizmi təbliğ etmədiyinin bir sübutu budur. Digər sübuta baxaq. Amerikada 20-ci əsrdə "Davranış iqtisadiyyatı” adlı bir tendensiya meydana çıxmışdı. 21-ci əsrin əvvəllərində iki alim – Daniel Qoleman və Riçard Teylor həmin nəzəriyyə ilə bağlı Nobel mükafatı aldılar. Onlardan birinin kitabında yazılıb ki, insan psixologiyasının əsaslı məqamlarından biri budur ki, insan əziyyət çəkdiyi şeylərdən zövq alır. Məsələn, insan öz əkdiyi ağacdan daha çox zövq alır, öz doğma övladına daha çox məhəbbət göstərir. Davranış iqtisadiyyatı istehsalçılara tövsiyə edir ki, bir məhsulu istehsal edəndə hər şeyini hazır edib istehlakçıya verməyin, bir az özünə də yer saxlayın ki, özü də əziyyət çəksin. Bax, mən bunu irfanda aşiqin əzablı yolu ilə əlaqələndirirəm. Aşiq vəsl yolunda nə qədər hicran əzabı çəksə də vüsal şirinliyinin yanında o əzab heçdir.


 
  Yuxarıdakı söhbətimizdən belə təəssürat yaranır ki, bu gün də irfanı öz həyat tərzinə çevirmiş insanlar mövcuddur?
 – Əlbəttə, bizim tanıdığımız, keçmişdə yaşamış böyük ariflər günəş kimidir. Lakin bu, o demək deyil ki, adi bir insanda irfan təcəlla edə bilməz. Bir misal çəkim. Bir gün ət dükanında müştəri qəssabdan çox az miqdarda ət istədi. Yəqin pulu çatmırdı. Qəssab isə ona istədiyindən bir manat artıq həcmdə ət verdi. Özü də bunu bilərəkdən etdi. Hər şey mənim gözlərim qarşısında baş verirdi. Soruşdum ki, niyə artıq verdin? Dedi ki, belə hallar çox olur... Bax, bunun özü elə irfandır.
 
  Amma kapital dünyası belə humanizmi qəbul edirmi?
 – Təbii ki, qəbul etmir. Baxın, bu gün dünyada romantika yoxdur, pul qazanmaq, var-dövlət yığmaq, sanki insanlığın əsas qayəsinə çevrilib. Yeri gəlmişkən, Harvard Universitetinin professoru Maykl Sendelin bu mövzuda qiymətli fikirləri var. "Pulun ala bilmədiyi şey” adlı kitabında Sendel, kapitalizmi kəskin tənqid edərək deyir ki, son 30-40 ildə hər şeyi bazara çevirdiniz, marketinqləşdirdiniz. Bəs pulun ala bilmədiyi şeylər var axı, onlar niyə nəzərə alınmır? Məgər insanlıq elə bazarlıqdan ibarətdir? Sendel başqa bir yerdə, Avropada son dövrlərdə baş verən etirazlar haqda da danışır. Qeyd edir ki, o etiraz edən insanların iqtisadi problemləri yoxdur, əksinə, onlar şəxsiyyət problemindən əziyyət çəkirlər. Onlar istəyirlər ki, şəxsiyyətlərinə hörmət olunsun.
 
  Demək, Qərb insanı da artıq kapitalın insan üzərində hökmranlığından bezib?
 – Bəli, mənəviyyat məsələləri artıq dünyanın diqqət mərkəzinə gəlməkdədir. Belə demək mümkünsə, irfan müasir dünyanın trendinə çevrilir.
 
  Bu sualı istərdim bir az da konkret cavablandırasınız: İrfan təlimini bugünkü həyata tətbiq etsək, nə baş verər?
 – Sadə misal çəkəcəyəm. Bu gün Azərbaycanda nə qədər iş adamı var? Onların hamısı irfan əhli olsa, təsəvvür edirsinizmi nələr baş verər; təsəvvür edirsinizmi nə qədər problemlər həll olunar...
 
  Son sualım yenə telelayihəniz barədədir: "İrfan səması” verilişinin gələcəyini necə görürsünüz?
 – Mən inanıram ki, Azərbaycan ziyalıları, bütövlükdə cəmiyyətimiz bu layihənin qiymətini verəcək. İrfan ədəbiyyatı, ümumilikdə irfan fəlsəfəsi bizim mənəvi xəzinəmizdir. 2019-cu ilin cənab Prezident İlham Əliyev tərəfindən "Nəsimi ili” elan edilməsi klassik ədəbiyyatımızın təbliği istiqamətində bizim üçün əlavə imkanlar açdı. Mədəniyyət televiziyasının rəhbərliyi də sağ olsun ki, layihəmizin ərsəyə gəlməsinə şərait yaratdı. Dəyərli ziyalımız, əməkdar jurnalist Telli Pənahqızına xüsusi olaraq təşəkkür edirəm. Çünki bu layihə onun gərgin zəhməti, fədəkarlığı nəticəsində ərsəyə gəlib. Sonra peşəkar rejissor Elnur Qədirova və verilişi hazırlayan peşəkar komandaya da öz minnətdarlığımı bildirirəm.
Son təşəkkürümün ünvanı isə siz – Azadinform-un redaksiyasıdır ki, belə maraqlı müzakirələrə yer ayırırsınız.
 
  Siz də sağ olun, dəyərli fikirlərinizi oxucularımızla bölüşdünüz.

 Söhbətləşdi: Əvəz Qurbanlı