Biz imzaları yox, əsərləri dərc edirik...

İpi qırılmaq – Niyə belə deyirik?
963
18 İyul 2018, 15:51

 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:

 Bu ifadənin əvəzinə bəzən "zənciri// kəndiri kəsilmək" ifadəsindən istifadə olunur. Əsasən, qarğış kimi işlənir: "ipin qırılsın", "kəndirin kəsilsin", "Allah zəncirini kəssin" və s.
 Xalq içərisindəki mövhumi etiqada görə, hər kəsin taleyi, həyatı sirli iplə (zəncir/kəndir) göylərə bağlıdır. Bu ip qırıldıqda insanın ömrü də başa çatır. 
 Eyni inam bir sıra başqa xalqlarda da olmuşdur. Hətta xüsusi "həyat ipi" ifadəsi bir sıra xalqların dilində işlənir. Bu ifadənin qədim yunan əfsanələri ilə əlaqəsi diqqəti cəlb edir. Yunan əfsanələrinə görə insanların taleyini, həyatını idarə edən ilahələr mövcuddur. Qoca qarılar şəklində təsəvvür edilən bu ilahələr insanların həyatı üçün ip eşməklə məşğuldurlar. Əsasən üç qarı – ilahə (Kioto, Laxesis, Atrona) xüsusilə məşhur olmuşdur. Bunlardan biri tale ipini eşib hazırlayır, ikincisi bu ipi taleyin, gərdişin bütün faniliklərindən keçirib aparır, üçüncüsü isə ipi kəsməklə insanın həyatına son qoyur. Bu qarıların obrazı ədəbiyyat və incəsənət əsərlərində geniş miqyasda təsvir olunmuşdur. Məsələn, V,Şekspirin "Maqbet" əsərində gələcəkdən xəbər verən üç cadugər vardır.
 M.İbrahimovun "Səhər açılanda" kino-novellasında həmin obrazlardan biri – Zəmanə qarı haqqında bəhs olunur. "Həzin qadın səsi deyir: - Onda mən Zəmanə qarıya lənət oxudum. Axı gözümü açandan görmüşdüm ki, atamın işi pis gələndə Zəmanə qarıya lənət oxuyardı. Deyərdi ki, o yeddi çaydan o tayda, yeddi dağın dalında, yeddi tilsimin içində oturub gecə-gündüz köhnə çəhrəsini əyirir. İnsanların taleyini qatıb qarışdırır. Dünyadakı bütün dolaşıqlıq ondandır. İndi də bəd nəzərini bizim üstümüzə salmışdı". Maraqlıdır ki, "Məlikməmməd" və digər bir sıra nağıllarda adətən qəhrəman iplə quyuya salınır, sonra bu ip qardaşlar tərəfindən kəsilir, qəhrəman quyuda qalır, zülmət dünyaya düşür və s.
 T.Xəlilovun "Atam və mən" povestində oxuyuruq: "Atamın doğraması yarımçıq qalmışdı. Anam əhvalatı biləndə ağzından bu sözlər çıxdı: - Allah kəndirinizi vursun!"
 

 
 Bəzən həmin ifadənin yalnız ikinci (feil) komponenti işlənir və bu halda feil məcazi məna kəsb etmiş olur. (Bu hadisəyə "semantik sıxılma" deyilir).
 İ.Əfəndiyevin "Dağlar arxasında üç dost" romanında deyilir: "Bəndalı isə dörd yerdən yaralanmışdı. Düzü, heç sağalmağına ümid yox idi. Ancaq görünür kəndiri üzülməmiş imiş".
 S.Rəhimovun "Şamo" romanında Alo kişi deyir: "Güllə yan-yörəmizdən torpağa sancılır… Mən "Allaha pənah" deyirəm. Arvad, adamınkı üzülməsə burnu da qanamaz. Adam odun içindən də diri çıxar".