Biz imzaları yox, əsərləri dərc edirik...

İnziva – Fəxrəddin Salim yazır
2509
15 Noyabr 2019, 09:13
 Artkaspi.az saytı Fəxrəddin Salimin "İnziva" yazısını təqdim edir: 

 
Hər sirrin mövcudluğu onun aşkarda olmasına bağlıdır. Bir sirr o zaman aşkara çıxar, yəni o zaman onun mövcudiyyəti sona çatar ki, o, elə sirr olsun. Zahirdə sirr olanlar sirr deyil, zahirdə aşkar olanlar sirdir. Sirrin ömrü rindliyin ömrü qədərdir. Rindlik isə Allah Sübhanu Təalanın "Makir” sifəti ilə düz mütənasibdir. Dünyanın və fələyin qurğusuna qarşı qurğu qurmağın ən gözəl yolu, elə bu qurğunun içində olmaq, bu tələyə asanlıqla düşməkdir. Lakin bu qurğu, bu tələ bir aşiqin, bir rindin sonu deyil, onun başlanğıcıdır. Zahirən nə dünyadan, nə fələkdən qurtulmaq mümkündür. Ən azından ona görə ki, dünya bədəndir, fələk tale. Nə bədənsiz, nə də talesiz mövcud olmaq olar. Fəqət, onların hər ikisi zahirdir. Batin isə zahirin örtüsü altındadır. Rindlik bu örtünü qaldırmadan onun altında yaşamaqdır. Yəni bir növ Həzrət Əli demişkən, xalq ilə olub, xalqdan olmamaqdır. Diqqət edin, xalq da zahiridir, yəni yaranmışdır. Bütün yaranmışlar Allahın "Zahir” sifətidir. Zahir batinin qabığıdır. Allah yaratdığı zaman əslində görünməmişdir, tam əksinə, gizlənmişdir. Əksiklərin vəhdətinə uyaraq, əlavə edək ki, əslində görünmüşdür, ancaq gizliliyin altında görünmüşdür. O, aləmləri xəlq etmədən öncə onu axtarırdılar. Heç bir axtaran tapa bilməz, yalnız aşiqlərdən başqa. Onu axtaranlar isə məhz aşiqlər idi. Az qala tapacaqdılar. Hətta harda gizləndiyini də bildilər. Çünki kainatda Ondan başqa kimsə yox idi. Həmin aşiqlər də yox idilər, heç bu gün də yoxdurlar. Necə ki, eşqin qanununa əsasən, yox olan aşiq, var olan məşuqdur. Bu qanun heç bir zaman dəyişməyib və dəyişməyəcək. Məsələn, qiyamət günü haqqında verilən səmavi xəbərlərə görə, həmin gün hər şey öləcək, bir tək Allahdan başqa. Bu, zahirdə belədir. Zahir əhli bilmir ki, ölməyəcək olanlar çoxdur. Onlar isə aşiqlərdir. Niyə? Çünki varlıqlar öləcək. Aşiqlər var deyil ki... Onların varlığı yoxluqdan ibarətdir. Yox olanın nəyi ölsün? Yunus Dədə elə bunu deyirdi:
 
 

 Yunus öldü deyü səla verməyin,
 Ölən bədən imiş, aşiqlər ölməz.
 
 Ölən bir şey eynilə yaranan bir şey kimi zamana və məkana malikdir. Eşqin isə nə zamanı nə də məkanı mövcuddur. 
 Bəli, dastanımız belə davam edir ki, kainatda Ondan başqa kimsə yox idi. Lakin bu yoxluq zahiri idi. Yəni gözlə görünən bir yoxluq idi. Çünki hər kəs yox olanı axtarar, var olanı heç kim axtarmaz. Aşiqlər də Onun zahiri yoxluğunu fürsət bilib, axtarışına çıxdılar. Lakin aşiqin böyük talehsizliyi elə ondan ibarətdir ki, vüsal eşqin qatilidir. Allah isə ən böyük məşuq olduğu üçün aşiqlərin ölməsini istəməz. Kim sevilməkdən yorular? Elə buna görə də, O, özünə Yaradan, yəni "Xaliq” sifətini götürdü. Həmin ana qədər onun heç bir sifəti yox idi. Çünki sifətlər varlıqdır. Eyni zamanda da aldadıcıdır. Sifətə talib olan ismə, yəni özə meyl etməz. Beləliklə də, zahir olan, əslində batinə dönür, ki, bundan zahir əhlinin xəbəri olmaz. Batin əhli üçün isə nə sifət var, nə varlıq. Onlar hələ də axtarırlar. Bayəzd Bistami həzrətlərindən soruşdular: Ustad, deyirlər bir zaman Allah var idi, başqa heç nə yox idi, düzdür? Cavab verdi ki, niyə bir zaman? Elə indi də Allah var, başqa heç kim və heç nə yoxdur. Bu, elə bir həqiqətdir ki, onun dərk olunan tərəfi mövcud deyil. Çünki idrak da zahiridir. Dərk də yaranmışlarla eyni tarixi paylaşır. Dərk etmək sifətlərin məhsuludur. Eşqin niyə idrakı olmaz? Çünki, eşq sifətlərlə deyil, özlə paraleldir. Öz isə xilqətdən öncədir. Xilqət bu mənada pərdədir. Yaranış aktı baş tutduqdan sonra aşiqlərin əsl hicranı başlandı. O günə qədər ayrılıq ancaq yoxluqdan ibarət idi ki, yoxluq çılpaqdır və əvvəl-axır üzə çıxacaq. Yaranış Haqqa əlbisə biçdi. Sifətlər Onu bürüdü. Həqiqət zahirdən ibarət olan bir libas geyindi. Yəni həqiqət olmaqdan çıxdı. O günə qədər eşqdə batin anlayışı yox idi. Aşiqlər batini deyildilər. Həqiqət batinə çəkilən andan etibarən, eşq də rindliyə məzhər oldu. Beləliklə də sirlər yaranmağa başladı.
 
 

 Sirr nə zaman yaranır? Əlbəttə, gizlənməli olduğu zaman. Kimdən? Əlbəttə, naməhrəmdən. Deməli, varlıq yaranmazdan öncə kainatda naməhrəm yox idi. Və deməli, sirr deyilən bir şey də yox idi. Xilqət sirrin başlanğıcıdır. Məhrəmlər aşiqlərdir. Bu sözün tərkibində "hərəm”, yəni yaxınlıq sözü var. Xilqətdən sonra aşiqlər özləri naməhrəm oldular. Ancaq zahirdə. Batində isə onlar məhrəm idi. Fəqət, kəsrət baş verdiyi zaman bu məhrəmlik uzaq və çətin bir yolun sonunda zəif bir işıq kimi görünməyə başladı. O işığa yetişmək üçün zahirdən qurtulmaq lazım idi. Lakin bu qurtuluş özü də zahirən mümkün deyil. Zahirdən qurtuluş ancaq və ancaq batində mümkündür. Aşiqlərlə naməhrəmlərin fərqi ondan ibarətdir ki, eşqdən başqa hər şey yalnızca əlbisədən ibarətdir. Onların dünyası kimi axirətləri də zahiridir, yəni pərdədir, sifətdir. Cənnətə getməyi arzulayan min illərin təcrübəsi göstərir ki, Haqq Təalanı cənnətdə də görmək imkansızdır. Yəni cənnət də ayrılıq yuvasıdır. Zatən əhli-zahir vəslə yetmək istəmir ki... Onların istədiyi yenə də qabıqdır, yenə də sifətdir, yenə də zahirdir. Onların dünyası ilə axirətinin fərqi oradakı və buradakı nemətlərin halal və əbədi olmasında və olmamağındadır. Nə fərq edər ki, istər halal və əbədi olsun, istərsə də haram və keçici... sonunda yenə hər şey zahiridir. Eşqin müqabilində dünyanın haramı ilə axirətin halalı arasında elə bir fərq gözə dəymir. Yenə Yunus Baba yadıma düşdü:
 Cənnət, cənnət dedikləri
 Bir kaç evlə, bir kaç huri,
 İstəyənə ver onları,
 Bana səni gərək, səni...
 Dünya da, axirət də hicran bəlasına mübtəladır. Bəlkə də aşiqlər bu dünyanı axirətdən daha çox sevirlər. Çünki ən azından burada hicran müvəqqətidir. Axirətdəki ayrılıq isə əbədidir. Cənnətə düşən bir daha Onun üzünü görməyəcək. Elə bəlkə, cəhənnəm də aşiqlərin gözündə cənnətdən qiymətlidir. Ona görə ki, orada əzab var, hicranı hiss etmək, ayrılığı yaşamaq var. Cənnəti təsəvvür edərkən, insan özünü huri və hətta qılmansevərlərlə, halal içki, bağ-bağça, atlas balınc həsrətində olanlarla bir yerdə görür və darıxır. Niyə? Çünki, insanın mayasında eşq var. Sarı torpaqdan xəlq edilən Haqq əhli heç bir zaman cənnətə düşməyəcək. Onların yeri təkrar kuyi-nigardır! 
 Cənnət elə bir az da dünyaya bənzəyir. Əgər belə olmasaydı, onun haqqında təsəvvürlər, ümumiyyətlə, mövcud olmazdı. Cənnət əslində nəfsini sonuna qədər, halal yolla təmin etmək istəyənlərin mənzilidir. Aşiqlər üçün isə dünya da, axirət də birdir. Çünki, hər ikisi zatı deyil, sifətləri təmsil edir. 
 Dünyaya insan gəldi. Diqqət edin, bu "gəldi” kəlməsi elə-belə deyilmədi. Yuxarıda dediyim sarı torpaqdan xəlq olunanlardır bu gələnlər. Çoxluğun bildiyi qara torpaq isə elə bu dünyadadır. Qara torpaqdan xəlq olunanlar heç yandan gəlmədilər. Onlar elə burada idilər. Beləliklə, aşiqlər gəlmələrdir. Yəni eşq əhli dünyalı deyil. Dünyalı olmayan dünyaya nabələd olar. Üzünü bağlayar, özünü gizlədər ki, onu tanımasınlar. Çünki tanısalar, onun, özlərindən olmadığını biləcəklər. Dünya əhlinin xasiyyəti isə belədir ki, özündən olmayanı ya özündən edər, ya da öldürər. Bir müddət gizlənmək mümkün olsa da, qısa zamandan sonra bu cür gizlənmək mümkün olmur. Çünki bu gizlilik zahiridir. Hər kəs sənin gizləndiyini görür. Bəs nə etməli? Əlbəttə ki, bunun cavabı yuxarıda bəhs etdiyimiz rindlikdədir. Aşiq rind olmasa, öldürüləcək. Yaşaması üçün zahirdə əhli-dünyadan biri olmalıdır. Yəni xilqət kisvəsinə bürünməlidir. Əslində məxluq onu yenə tanıyacaq və yenə öldürəcək. Ancaq bu səfər bir az gec öldürəcək. Çünki gec tanıyacaq, əlində hələ bir bəhanəsi yoxdur. 
 Nəticədə bu dünya aşiqin zindanıdır. Bu zindandan qurtulmağın iki yolu var. Biri müvəqqəti, o biri əbədi qurtuluşdur. Müvəqqəti olan şey rindanəlikdir. Əbədi olan isə ölümdür. Mövla Əlinin dediyi "xalq ilə olub, xalqdan olmamaq” düsturu bir az sürər, ancaq tez bitər. Yəni rindanəliyin də ömrü azdır. Ən böyük rind Əlinin özü deyildimi? Nəticədə öldürülmədimi? Bu dünyadan daha nə qədər gizlənmək olar? Ancaq bu qısa zaman içərisində mücadilə etmək, üç-beş nəfər qərib aşiqləri tapıb, onları yolçu etmək, dünyaya, fələyə və şeytana göz dağı vermək... vəssalam, bu qədər bəsit və sadədir dünyaya gəlişin formulu. Bu mənada gerçək inziva, yəni tərki-dünyalıq zahirdə olmaz, batində olar. İnsanın gizləndiyi yeri nişan verərək, "baxın, mən tərki-dünyayam, toxunmayın mənə, qırx gün, qırx gecə zikrə və duaya oturacağam” deməsi eşq aləmində məqbul sayılmır. Əvvəla ona görə ki, dediyimiz kimi, bu, uzun sürməz, çünki səni tapıb oradan çıxaracaqlar. Ya dostca, ya düşməncə, fərq etməz, səni sevdiyindən ayıracaqlar. İkincisi, bu nümayişi batin əhli olan ərənlər heç sevmir. Ona görə ki, Seyid Yəhya Baküvi həzrətləri demişkən, Tərki-dünyalıqda məqsəd xalqın şərindən qurtulmaq deyil, xalqı öz şərindən qurtarmaqdır. Niyə belə deyir böyük arif? Çünki, zahiri inziva xalqdan qurtulmaq anlamına gəlir ki, bu da aşiqi məğrur və riyakar edər. Xalqın içində ikən inzivaya çəkilmək, bunu onlara bildirməmək, zahirdə onlarla olub, batində Onunla olmaq, xalqı sevib, Xaliqə yetişməkdir əsil məsələ! Budur eşqin və rindanəliyin təməlində duran gerçək tərki-dünyalıq. Yuxarıda da vurğuladığımız kimi, bədənə və taleyə sahib olan bir yaranış zahirən bu ikisindən qurtula bilməz. Ancaq batinən qurtula bilər. Zatən, qurtuluş zahiri bir şey deyil. Elə bildiyimiz həyat hadisələrində də belədir. Zahirini, görüntüsünü müstəqil edənlər içdə, batində yenə də məhkumdurlar. Çünki, onların bətni azad deyil. Ümumiyyətlə, zahirlə batinin münasibəti xilqətdən bu tərəfə hər yerdə, hər şeydə mövcuddur. Aşiqlər eşqin yaşatdığı həmin o unudulmaz xatirəni bir də gerçək etmək üçün bu dünya həyatına məcburən davam edir, ölmədən ölür, daha çox aşiqə yetişir və bir az da olsun, həmin o anı yaşamaq üçün bir ömrü xərcləməyə hazır olurlar. Həmin o dəm elə bir dəmdir ki, onun əvvəlinə "əlif” artırıldı və "Adəm” oldu. Həmin o "əlif” elə xilqət deməkdir. Dəmin Adəmə döndüyü vaxtdan etibarən sirlər yaranmağa başladı. O dəmi yaşayanlar o Adəmi də xatırlayır, dəmdən adəmə gedən yolun niyə, nə üçün olduğunu bilir və bu sirri gizli tutmaq üçün əbədi inzivaya çəkilirlər. 
 
 Xoş ol zaman ki, yar mənə həmzəban idi,
 Bəzmim cəmali-yar ilə rəşqi-cinan idi,
 Sultan idim ki, hər yana hökmüm rəvan idi,
 Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
 Bu həzineyi-vəsldə arami-can idi,
 Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
 
 O gül mənə həmdəm idi hər bahardə,
 Gahi çəməndə, gahi dami-laləzardə,
 Bülbül kimi işim yox idi ahu zardə,
 Seyyid ki, məskən etmiş idi kuyi-yardə,
 Ezaz ilə bir Adəmi-cənnətməkan idi,
 Dəmlər o dəmlər idi, zaman ol zaman idi!