Biz imzaları yox, əsərləri dərc edirik...

İntellektual yadlıq və ya müəllifin özünü isbatı teoremi – Rəvan Cavid yazır
3188
13 Yanvar 2020, 09:01
  Artkaspi.az saytı Rəvan Cavidin Aqşin Yeniseyin "Tarix və Tale” romanı haqqında yazısını təqdim edir:
 
  Sənət və insan münasibətlərinin tarixi təkamülündə yaradıcı tərəf hansıdır? Öncə insanmı yarandı, yoxsa incəsənət? Hansı birinci göründü və ya görünən nə idi? Əlbəttə, bu üç sualın məcrası bizi böyük sularda üzməyə vadar edəcək. Müəlliflərin müşahidədən sonrakı təxəyyüldə emal prosesinin şəkil dəyişməsi sənətin (hələki ümumi mənada) təsnifləndirilməsinə, onun zövq hadisəsinə çevrilməsinə şərait yaradan ilk hərəkətlənmə idi. Mədəniyyətlərin formalaşması dövründə və tarixin özünə etdiyi ən böyük jestdən – kitab çapının ixtirasından sonra çox çeşidli sənət nümunələrinin müqayisə edilməsi, onların təhlili və tənqidi rəhbər vəzifəyə çevrildi. Qədim dövrün insanı ona verilən mətnləri sorğulamadan qəbul etdiyi halda, orta çağın insanı bunun əksini etdi. Tarix bir dəfə – renessansda insanı aldatmışdı və növbəti dəfə insan aldanmaq istəmirdi. Bu özgüvən və qərəz sənətdə detalların qabardılmasına, "kim yaxşı təsvir edəcək?” yarışının başlanmasına zəmin yaratdı. Təsvir sənəti ən açıq şəkildə özünü rəssamlıqda, ən gizli şəkildə isə musiqidə göstərdi. Ədəbiyyat isə təsvir sənətinin insan və onun taleyindəki yerini tapdı. Həm də bu kəşfi obrazlı şəkildə ifadə edə bildi. Sifətləri insan üçün önəmli edən ədəbiyyat oldu. Fəlsəfə isə təsvir sənətinin mahiyyətini açıqladı. Sifətlərin önəmi və önəmsizliyi haqqında aksiomlar "uydurmağa” başladı. Vacib bir missiya idi, ancaq aksiom mətnlər oxucu ilə arada bir buz sərhəd saxlayırdı. Onlar mütləq isbat axtarırdılar. Ədəbiyyat fəlsəfəni bu buz sərhədin üzərindən aşırıb adamlara çatdıra bildi. Bu, fəlsəfə və ədəbiyyatın fərqi haqqında. 

  Aqşin Yeniseyin "Tarix və Tale” romanı beş illik bir fasilədən sonra müəllifi yeni ədəbiyyatımızda bir daha hadisəyə çevirə bilərdi. O (müəllif) isə beş il qabaq dediklərini təkrarlamağı seçdi və bizim üçün bu beş illik inzivadan heç nə gətirmədi. Roman adından, kitabın dizaynından tutmuş, mətnlərin estetik olmayan səliqəsizliyinə qədər ədəbiyyat nümunəsi kimi yox, (ən yaxşı halda) fəlsəfi traktat kimi bizə təqdim olundu. Bir xalqın formalaşmaqda olan altşüuru haqqında illərə üzümüzə yaş əski kimi çırpılan həqiqətləri esselərində, şeirlərində orijinal istedadla danışıb qurtaran Aqşin Yenisey bu romanla ağ bayrağını qaldırdı. Onun tükənmişliyi və özünü dayanmadan təkrarı yəqin ki dörd yüz səhifəlik fəlsəfi icmal ilə yekun vuracaq. Çağdaş ədəbiyyatımızın ən böyük imzalarından biri ilk romanında olduğu kimi bu dəfə də sadəcə sətirlərdən ibarət idi. 
  Bu kitab üzərindən roman sənəti haqqında nə isə danışmaq yersiz olar. Çünki roman adına minimum standartların heç biri yoxdur. Aqşin Yeniseyin etmək istədiyinin eynisini Kazuo İşiquro "Dəyişən dünyanın rəssamı” romanı ilə edib. Yapon xalqının təfəkkürünü, onun müharibədən əvvəl və sonrakı altşüurunu bir rəssamın ailəsinin hekayəsi ilə təsvir edir. İşiquro təhkiyədə sadə cümlələrə, sadə təsvirlərə önəm verir. Məişətdən gələn mətnlərin məişət ümumişləkliyinə diqqət edilməlidir. Xalq təfəkkürünü dastanlardan, nağıllardan bugünkü alternativ roka qədər izləsək, təhkiyə üslubu bizə aydın olar. Əlbəttə, "müəllif məhz belə yazmalıdır!” hökmündən uzaq olmaq şərti ilə. Məsələn, bir ailənin timsalında xalqın ailə institutu haqqında təsvir yazıb, sonra "Ayrılıq, ölümün plagiatıdır” cümləsini illər əvvəlin şeirindən dartıb o cür təsvirə calaq etməyin məqsədi nədir, görəsən? Və ya iki nəfər edam hökmü oxunacaq məhbusun dilindən "Ölüm də özü haqqında təsəvvürlərdən qorxulu deyil...” fəlsəfəsinin, həm də obrazın yaşadığı, gəldiyi toplumun necə bir kütlə olduğunu yüz əlli səhifə yazandan sonra bədii həlli olmadan o dialoqda nə işi var, bilmirəm. Beş mərtəbəli, həmcins üzvlərlə dolu olan, feli sifətlərin tüğyan etdiyi cümlələrin dövrü keçdi. Bunu anlamaq bizim üçün çətin olacaq, çünki sovet ədəbiyyatının kölgəsi hələ də üstümüzdən çəkilməyib. Aqşin Yenisey imzasında bu cür cümlələr bir qədər intellektual, daha çox fəlsəfi don geyinir. Ancaq mahiyyət eynidir: oxucunu dilin şirəsi ilə aldatmaq. "Tarix və Tale” romanını bu günün aktual təhkiyəsinə görə redaktə etsən, kitab yəqin iki yüz səhifədən az olacaq. Müəllifin dilinə qarışmaq, təhkiyəsini müzakirə etmək olarmı? Əlbəttə, olar. Yeni nümunə yeni zövq gətirməlidir. Sənət günün ənənəviliyini yox, çağdaşlığını yaşadan nəsnədir. Aqşinin romanı ənənəvi nəsrin oxucudan uzaq düşən, öz müdrikliyində və fərdi təxəyyülündə hələ də özünü isbatlamağa çalışan fraqmentlər toplusudur. 
 
 

  Romandakı əksər hadisələr yarımçıqdır. Bədii həllini tapmır. Fəlsəfi və çilçıraqlı Paris ballarına bənzəyən cümlələr yəqin ki oxucularda rəngli bir atmosfer yarada bilir. Bu, Aqşinin sadə izah olunan istedadı ilə bağlıdır. Kitabı rahat kresloda oturub bir dəfəyə yüz səhifə oxuya bilərsiniz. Ancaq daha yaxşı təklifim də var: müəllifin şeir kitablarını alıb vərəqləyin.
  Məişət mövzusu da ənənəvi serial barbarlığından çıxa bilmir. Sona qədər davam edən bir ailənin "dramında” populyar industriyanın bütün detallarını görmək olur. Əslində, müəllif romanı başdan-ayağa bu cür davam etdirsəydi, daha uğurlu bir bestseller nümunəsinə çevirərdi (bu kitabın da bestseller olacağına inanıram). 
  Roman üçün vacib olan iki xammal – hadisə və dil müəllifin fərdi düşüncələrinin bədii əhvalata çevrilməyən fəlsəfəsində itir. Hərdən Aqşin roman yazdığını unudur və essevari gedişləri kobudcasına tapdığı detallara "yamaq” edir. Məsələn, Borxesin məşhur "Əlif”i bir neçə abzasdan sonra ölüm haqqında esseyə çevrilir və daha bir neçə abzasdan sonra yenidən hekayə ritminə qayıdır. Bu elə bir harmoniyada baş verir ki, yalnız sonda nöqtəni görəndən sonra icmala dalırıq. "Tarix və Tale” isə davamlı şəkildə roman olmaq çabalarından qurtula bilməyən nəhəng essedir. 
  Roman yeni dövrün psixologiyası haqqında məlumatlar verməkdən çəkinmir. Və demək olar ki, müəllif yazdığı toplumun insanlarını əlinin içi kimi tanıyır. Ancaq bu tanışlıq da roman boyu havadan asılı qalır. İsa və Musanın dialoqlarındakı fəlsəfi pafos keçən əsrin sonlarında meydan şairlərinin pafosundan fərqlənmir. Stəkana dolu tərəfdən baxıb, fəlsəfi pafosu Aqşin Yeniseyin özünə və yeni nəslə ironiyası kimi qiymətləndirirəm və ümid edirəm ki, həqiqətən belədir. Nəsildaşı Seymur Baycanın orijinal hadisə tapıntılarına və (heç olmasa) balzakvari romanlarına alternativ olmayan "Tarix və Tale” mövzu tapıntısı nöqteyi-nəzərindən də uduzmuş mətndir. Məsələ nə və ya necə yazmaqda deyil. Əslində, bu barədə də yazmaq olar ki, bu günün nəsri elə nə yazmağın orijinallığı üzərində qurulub. Hadisə tapmaq – günün romanında ən vacib olan budur. Seymur Baycan imzasını da təsadüfi çəkmədim. Seymurun hadisələri aktual, yumor üçün gərəkli və soyuqqanlı təhkiyə ilə ifadə olunan tapıntılardı.
  Verdiyim ilk üç suala qayıdaq. "Tarix və Tale” romanının birinci və ikinci suala cavabı budur:
  – İnsan yarananda artıq sənət var idi. 
  Aqşin Yeniseyin hadisələrdə və detalların mahiyyətində fəlsəfə axtarışı buna görədir. 
  Üçüncü suala cavabı:
  – Öncə insan göründü.
  Obrazların zahiri təsvirindən daha çox daxili aləmini şərh etmək də buradan qaynaqlanır. Lakin Aqşin daxili monoloqların, şüur axınının romana səmt verməsinə imkan yaratmır, esse və qeyri-ciddi məqalə təhkiyəsinin əlindən bərk-bərk yapışır. Onun qarşılaşdığı insan homosapiensin eqosuna yoluxmadığı insanlardır. Və o, insanlara (obrazlarına) öz hirsini və (kimlərəsə olan) kinini tuşlayır. Romanı oxuduqca müəllifi və onun cəmiyyətdəki statusunu aydın hiss etmək olar. Günümüzün roman sənəti buna qarşıdır. Müəllif mətnə allah kimi yuxarıdan baxmalı, onun içində ölü kimi gəzməlidir. Şəxsi hissləri mətnin emosiyasına bir mənalı şəkildə təsir etməməlidir. 
  Aqşin Yenisey sadəcə sonuncu romanında deyil, bundan əvvəlki roman eksperimentində də, esse və məqalələrində də, şeirlərində də oxucularına qarşı intellektual yadlıq hiss edir. Bütün hallarda bədii mətni təqdim edən yazıçı, əlbəttə, oxucudan daha yaxşı anlayır nə yazdığını. Problem budur ki, Aqşin oxucusundan narahatdır. Bu isə özünün də dediyi kimi (bu qədər illərin ədəbiyyat təcrübəsindən sonra belə), istedadını isbat etmək dərdində olduğundandır. 
 
 

  Şeirdə olduğu kimi nəsrdə də izah etmək, ancaq istedadın yorğunluğundan xəbər verir. "Tarix və Tale” ilk abzasdan son cümləyə qədər izah edən fraqmental sətirlər toplusudur, roman yox.
Son yazılarından birində Aqşin Yenisey şair və yazıçılarımızın müasir tendensiyalara uduzduğunu, yeni dilin yaranmasında iştirak etmədiklərini yazır. Romanı ilə isə nəinki yeni dil yaratmağa can atmır, köhnə dilin, köhnə təhkiyənin tozunu çırparaq yenidən və yenidən (dörd yüz səhifə) tozanaq qaldırır.
  Romanın ədəbiyyat tarixinə uduzduğunu yazdım, taleyində müəllifə və mətnə uğurlar!
 
  07-09 yanvar, 2020.