Biz imzaları yox, əsərləri dərc edirik...

İnsanları Olqa Tokarcuk oxumağa səsləmək niyyətim yoxdur
2437
18 Oktyabr 2019, 09:09
  "Paris Review” redaktorları 2018-ci ilin son buraxılışındakı ədəbi dəyərləndirmədə polyak yazıçı Olqa Tokarçukun "Qaçışlar” ("Flights”) romanına geniş yer vermiş, müəllifi "Nobel”-in "yüksələn ulduzu” kimi göstərmişdilər. Tokarçuk isə deyir ki, bu gecikmə Nobelin də, ötən bir ildə elə onun özünün də nüfuzunun güclənməsinə xidmət edib. Ona görə də, yazıçı zaman məsələsində özünü şanslı hesab edir: "Piterlə adımız yan-yana yazılacaq”. 
 
 

  Polşa prezidenti Andrey Duda: "Polşa ədəbiyyatı qələmi ilə dünyanı özünə heyran qoyan qadınla fəxr edir. Vislava Şimborskadan sonra artıq böyük qürur hissi ilə Olqa Tokarçukdan danışacağıq. Bu tarixi hadisədir. Bravo!”
  Son illər polşalı psixoloq-yazar Olqa Tokarçuk qələmə aldığı hekayələrlə sözün əsl mənasında nəhəng sayılacaq beynəlxalq oxucu auditoriyasını ədəbiyyata, mütaliəyə həvəsləndirən müəlliflər arasında ilk sıralarda yer alır. Romanlarında məhəbbət macəraları, fantaziya məhsulları, miflər, tarixi hadisələrlə oynayan, oxucusunu duyğu durğunluğuna məruz qoymayan müəllif bu il birillik gecikmə ilə "Nobel Ədəbiyyat mükafatının 2018-ci il qalibi” elan edildi. Onun "Qaçışlar” fraqmentar romanı münsiflər heyətinin diqqətini xüsusilə cəlb edib. Mifoloji hekayələrlə fəlsəfi analizlər arasında səyahət edən əsas süjet dövrün insanının köçəri həyat arzularından, bir yerə kök sala, bağlana bilməməyindən danışır. 
  Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk: "Nə böyük sevinc və fərəh hissi bəxş etdin! Bu illər ərzində Brüsseldə polyak olduğumla xüsusi bir səbəbdən bu qədər fəxr etdiyim olmamışdı. Həm polşalı kimi, həm də sadiq oxucun kimi çox sevinirəm!”.
  Çox tez-tez mitinq və etiraz aksiyalarının ön cərgələrində gördüyümüz Tokarçuk siyasi fəal, cəsarətli söz sahibi kimi də nüfuz qazanıb. Qadın hüquqlarının müdafiəçisi, cinsi azlıqların sözçüsü kimi mübarizənin başından-sonuna meydanda haqqını axtaranlarla çiyin-çiyinə dayanan yazara ən gözəl təbrikləri də elə həmcinsləri ünvanlayıb. Dünyada qadınların yoxsulluq, işsizlik, xəstəliklər, müharibələr, cinsi ayrı-seçkilik, cinsi istismar kimi saysız-hesabsız problemlərlə əlləşdiyi dövrdə Tokarçuk kimi savaşçıların siyasi və ədəbi fəaliyyətinin qiymətləndirilməsi xoş əks-səda doğurub. Nobel ilə mükafatlandırıldığını Tokarçuk Almaniyaya səfəri zamanı öyrənib.
  Elif Şəfəq (yazıçı): "Qadınların canları, övladları, bədənləri, evləri uğrunda ölümcül mübarizə apardıqları və əksərən məğlub olduqları bu günlərdə sənin Nobel qazandığını eşitmək yüksək dozalı ağrıkəsici kimi təsir etdi. Minnətdaram, Olqa. Təşəkkürlər! Təbriklər!”

  – Cümə günü Potsdamda maşınına əyləşəndə, sadəcə Olqa Tokarçuk idin, sadəcə bir yazıçı...
  – Yeni kitabının təqdimatı üçün Almaniyaya yola düşən yazıçı... Növbəti dayanacaqda, Biyelfelddə maşından düşəndə artıq Nobel Ədəbiyyat mükafatının qalibi idim. Düzünü desəm, hələ də elə bilirəm ki, nəsə baş verəcək, deyəcəklər ki, yanlışlıq olub. Adımla bağlı sərlövhələri oxuyuram, elə bil ki, öz adımı görmürəm.

  – Nobeli "Qaçışlar” romanına görə aldın. Kitab işıq üzü görəndən əsərin mövzusunun real olub-olmadığı müzakirə olunur.
  – Çoxu səyyah kimi şəhər-şəhər gəzərkən gördüklərim, yaşadıqlarım, təcrübələrim əsasında yazılıb. Amma təbii ki, hamısı yox. Təhkiyəçi kimi üzərimə düşəni edib, ana xətti qurmuşam, bəzəmişəm. Romanı ərsəyə gətirən fraqmentlər isə təxəyyül məhsuludur. Əks halda bədiiliyi təmin etmək olmur. Bu fraqmentləri birləşdirən körpünün möhkəm sütunları və kəndirləri olmalıydı. Odur ki, güclü təhkiyəçini real, stabil bir ana xətlə qurub, qalan hissəni təxəyyülün ixtiyarına buraxdım.
Salman Rüşdi: "Bu qədər. Gələn il görüşənədək. Çox əyləncəli, bol həyəcanlı gün oldu. Böyük yazara isə böyük bir təbrik göndərirəm. Onu çox gec, amma dərin heyranlıqla kəşf etmişəm”.

 – Münsiflər deyib ki, burada istifadə olunan dil ən güclü insanın əzələsi kimidir. Necə düşünürsən, bəlkə, hazırkı Polşa hökuməti ilə də dilinin aşıladığı bu güc ucbatından konfliktdəsən? Mədəniyyət naziri Piyotr Qlinski sənin Nobel mükafatından sonra deyib ki, gərək kitablarından bəzilərini axıra kimi oxuya. 
 – Deyib ki, axıra kimi oxuyacaq?! Bu ki yaxşı vəddir. Mənim kitablarım siyasi deyil.  Qətiyyən ədəbiyyatdan siyasi tələb meydanı kimi istifadə etmirəm. Onlar həyatı əks etdirir. Amma çağın insanının həyatına boylananda görürük ki, siyasət burnunu şəxsi işlərimizə soxmaq üçün bir yer tapır. "Ölənlərin sümüklərini şumlayın” ("Drive your plow over the bones of the dead”) romanımda heyvanların kütləvi qətlinə dözə bilməyərək, ağlını itirən yaşlı qadının hekayəsini qələmə almışdım. Əvvəlcə kitab Polşa ədəbiyyatında yeni mövzu kimi geniş gündəm yaratdı, sonra isə birdən-birə sərt siyasi tənqidlərin hədəfinə çevrildi. Bir yazıçı kimi bu əsla mənim hədəfim deyildi. Kitab məqsədsizcəsinə siyasiləşdirilirsə, bu o demək deyil ki, kitab siyasidir.
  Mən dünyagörüşü açıq, düşüncəsi aydın insanlar üçün yazıram. Aydınlanmağa can atanlara yeni perspektivlər göstərirəm, insanları gördükləri şeylərin görmədikləri tərəfləri haqqında düşünməyə vadar edirəm. Və ya açıq-aşkar olduğunu düşündükləri hadisələrin, heç də elə olmadığını görməyə... Ötəri bir baxışda çox mənasız görünən bir situasiya başqa bir bucaqda dayanıb, analiz etdikdə önümüzdə müxtəlif mənalar, laylar ilə açılır. Siyasilərin nəzərə almadıqları isə budur. Bu, ədəbiyyatın vəzifəsidir  – janrı nə olursa, olsun, ədəbi nümunə şüurumuzu suallara cavab axtarmağa məcbur etməlidir, həyatı, yaşadıqlarımızı, yaşamadıqlarımızı, yaşaya bilmədiklərimizi haqq-hesab etməlidir.

  – Nazirin açıqlamasından belə başa düşürük ki, kitablarını oxumaq istəyib, amma yarımçıq saxlamalı olub. Səni təbrik etməklə yanaşı, bitirə bilmədiyi kitablarını tamamlayacağını deyib. Bu açıqlamadan sonra Qlinski ilə görüşərdin?
  – Əlbəttə! Kitablarımı axıra kimi oxuya bilmədiyindən heç də şübhə etmirəm. Bilirəm ki, yazdıqlarım hamıya uyğun deyil. Bu, daha çox oxucunun temperament tipindən, ədəbi zövqündən, gündəlik vərdişlərindən asılıdır. Yəni, hamını Olqa Tokarçuk oxumağa səsləmək niyyətim yoxdur.
 
  – "Ölənlərin sümüklərini şumlayın” romanının adını çəkdin. Orada da protoqonist qəhrəman heyvanları öldürənləri öldürməyə cəhd edir. Yəni, hansısa bir formada o da cinayəti seçir. Keçərli bir səbəbi olduğu üçün onu günahsız görmək olmaz. Səncə, o günahkardır?
  – Əlbəttə, birmənalı şəkildə.

  – Onun günahkar olduğunu qəbul etdiyi səhnəni oxuyanda mənə elə gəldi ki, əsas problem, yəni onun beynini zədələyən bu günahkarlıq duyğusudur.
  – Bu mənim təhkiyə üslubumdur. Oxucunun zehnində şübhə, sual yaratmağa çalışıram. Ədəbiyyat bunun üçün var – şübhələrimizi oyatmaq, provakasiya aparmaq, aydınlığa qovuşmayan nəsnələr haqqında danışmaq. Ədəbiyyat düşüncələrimizi silkələməyin ən yaxşı yoludur. Xüsusilə, nəsr. Romanın nəsə daha güclü olduğuna inanmışam hər zaman. Bu, dərin ünsiyyət üslubudur, sərhədlərin, dillərin, mədəniyyətlərin, cinslərin, irqlərin, dinlərin fövqündə dayanan özünəməxsus bir tərzdir.
 
 

  – Nobel almış romanın haqqında digər maraqlı məqamlardan biri isə psixoloq kimliyini də təhkiyəçidən əsirgəməməyindir. Bir çıxışında demisən ki, psixoloq olmağın yazar kimliyinə böyük təsir göstərib. Məsələn, bu sənin təhkiyə üslubunda özünü necə büruzə verir?
  – Anam Polşa ədəbiyyatı müəllimi idi. Mən ədəbiyyata qeyri-iradi marağımı oyadası mühitdə böyümüşəm. Amma valideynlərin mütləq iradəsinə və hakimiyyətinə erkən yeniyetməlik dövründən etibarən müxalif çıxan bir uşaq idim. Yaxşı ki, bu sonralar da dəyişmədi. Odur ki, universitetə hazırlaşanda da ədəbiyyatla əlaqəsi olmayan bir ixtisas seçib, ədəbiyyatdan tamamilə uzaq bir sahədə mövqe tutmağı qarşıma məqsəd qoydum. Psixologiya isə zehnimin dərinliklərinə kimi işləyən elm idi. Xüsusilə də, Marşal qanunlarının, səfalətin hökm sürdüyü, mağazaların boş, insanların ağır depressiv vəziyyətdə olduğu zamanlarda psixologiya oxumaq mənim üçün həm də geniş praktika meydanı yaratmışdı. Dövrün o ümumi abu-havasından məni psixologiya uzaq tutur, baş verənlərə uzaqdan müşahidəçi gözü ilə baxmağa istiqamətləndirirdi. Freyd nəzəriyyəsi ilə başımı itirdiyim günlərdə müəllimlər bizi xəstələrlə işləməyə və eyni zamanda maddi gəlir əldə etməyə yönləndirdilər. Elə ilk gündən ən yaxşı nəticə göstərənlərdən oldum. Sonralar isə uzun müddət öz işimlə yanaşı, könüllü psixoloji xidmət də göstərdim. Bu isə mənim üçün geniş,rəngarəng, fərqli hekayələr dünyasının qapılarını araladı. Bu, bu günün psixoloqları üçün sadə iş kimi səslənə bilər, amma bizim dövrün gəncliyi üçün inqilab idi. həyata, hadisələrə müxtəlif mövqelərdən yanaşmağı da mənə psixologiya öyrədib. Bəzən eyni ailənin üzvləri ilə işləyirdim. Eyni ailədən olanlar elə hekayələr danışırdı ki, sanki başqa ailə haqqında danışırlar. Elə o gün də, indi də işə "Beləliklə, bu nə deməkdir?” sualı ilə başlayıram. Çünki o insanlara aşkar görünən şeylərin içində xüsusi bir baxış bucağı yaratmaq lazım idi. Yazarkən də üslubum dəyişmir, birinci düzgün perspektiv axtarıram. Əvvəl hamı baxan yerdən, sonra azlığın baxdığı yerdən, sonra isə kimsənin baxmadığı yerdən baxıram. 

  – Bu günün dünyasını necə görürsən?
  – Bir qrup fikirləşir ki, artıq gəldiyimiz yollara nəzər salıb, əcdadlarımızın  yolu ilə getməliyik, ənənələri, dəyərləri qorumalıyıq. Bir qrup isə bu qədər yeniliyin kifayət etmədiyi qənaətindədir. Necəsə başqa bir dünya qurmaq arzusundadırlar. Köhnə dünyanın süqutu planetin zədələnməsi, diskriminasiya, bərabərsizliyin insan həyatının üstündə dayandığını müdafiə edən düşüncə ilə yadda qaldı. İndi isə cavablar axtarırıq. İkincisi də, bu yazıçıya veriləsi sual deyil. Papa və ya filosoflar sizə daha yaxşı cavab verər. Mən dürüst hekayələr danışan, insanların mənəvi rahatlığına xidmət edən adamam. 
 
  Mənbə: "thewire.in”, "lithub.com”, tvitter sosial şəbəkəsi.
  İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı