Biz imzaları yox, əsərləri dərc edirik...

İnsan-aysberq: həyatla dolanışıq arasında – Rahid Ulusel yazır
3208
22 Yanvar 2020, 09:17
  Artkaspi.az saytı Rahid Uluselin "XXI əsrin aforizmləri” silsiləsindən növbəti hissəni təqdim edir:
 
  Üçüncü hissə
 
Qüdrətli insanlar faciəni – hadisə kimi yox, tale kimi yaşayırlar.
 
***
 
Mövcudluğu həyata çevirən tükənməz qüvvə – yalnız iradə.
 
***
 
Gözəl, yaraşıqlı insanlar üstün cəmiyyətin açıq görünən keyfiyyətləridir.
 
***
 
Həyat – iki əbədiyyət arasındakı körpüdən bir dəfə ölməzcə keçmək şansı.
 
 
***
 
Fundamental paxıl İnsana və onun Taleyinə eyni vaxtda paxıllıq edir.
 
***
 
İnsan, evinin qapısını örtüb çölə çıxan kimi dünyaya "girir”: ancaq bu dünyaların ikisi də bir boydadır.
 
***
 
Şam olmasın, çıraq olmasın...
Dünya zülmətə qərq olsa da – Dahi alnının işığına yazar!
 
***
 
Həyat ömrün arxipelaqı deyil, bütöv bir adasıdır.
 
***
 
İnsan-aysberq: sudakı hissəsi – təbiət, üzdəki hissəsi – sivilizasiya. 
 
***
 
Cahilin məntiqi: anın qədrini bil, ömür necə keçir keçsin.
 
***
 
Məhəbbətin çevrəsi qəssabın danaya münasibəti qədər darala bilər.
 
***
 
Hər xoruzlanan banlamaq peşəsinə yiyələnə bilmir.
 
***
 
Küçə – ensiklopediyadır. İnsan ensiklopediyası.
 
***
 
Bu malikanədə hər şey var – İnsandan başqa.
 
***
 
Rəqabətin mühərriki – qibtə etdiyini yıxmaq yox, ötmək.
 
***
 
Yanlışlıqları darasan, ölü həqiqətlər bit şəklində töküləcək.
 
***
 
Meqapolislərdə bir-birinin əl-ayağına dolaşan milyonlarla robinzon kruzolar yaşayır.
 
***
 
Adam var – termos kimi sınıb tökülüb içinə: xırçıltısı eşidilir. 
            
***
 
Hər insanın içində bir dahinin şineli didilir.
 
***
 
Adamların çoxu qocalmır, köhnəlir.
 
***
 
Təhlükəli yuxu – yatan yaddaş.
 
***
 
Şöhrət – dördayaqlıların ən bərk qaçanıdır.
 
***
 
Gəl, dost olaq! Dostlarımızın düşmənləri, düşmənlərimizin dostları arasında...
 
***
 
Səhər açılanda bir qarışqanın dalınca düşüb getsən, günün sonunda görərsən ki, həyat necə mənalıdır.
 
***
 
Xəyalların ən gözəli – həyatda olmadığın zamanları düşünmək. 
 
***
 
Jan de Labryuyer deyirdi: "Həyat onu hiss edənlər üçün – faciə, dərk edənlər üçün – komediyadır.” Hiss və dərk etməyənlər üçünsə yalnız – Əyləncə.  
 
***
 
Hadisələrin relfeyində diyirləndikcə, mahiyyətin yuvasından uzaqlaşırsan.
 
***
 
Hər gün insanın həyatında nəyinsə Başlanğıcı, nəyinsə Sonu olmalıdır.
 
***
 
Biz hər il 365 gün xoşbəxt oluruq: hər gün oyanıb işıqlı dünyanı görməklə.
 
***
 
Güləndə bədən çimir, çiməndə bədən gülür.
 
***
 
Pulu sevirlər, amma onunla dostluq etmirlər.
 
***
 
Ölməmək – hələ yaşamaq demək deyil.
 
***
 
Diriliyində qazandığı reputasiya ölümündən sonra qəlp çıxdı.
 
***
 
Gic-gic düşünmək elə gic-gic danışmağa taydır.
 
***
 
Bir çox qəzalar əyləcsiz dillər tərəfindən törədilir. 
 
***
 
Pulun üstündəki böyük adamı klonlaşdırırlar. 
 
***
 
Yaddaşında xatirələrindən başqa bir şeyi olmayan adamlar bütün pullarını heç nəyə xərcləməyib yalnız seyfdə saxlayan varlılar kimidir.
 
***
 
Yaşıdlar bərabər yaşlanır, lakin fərqli qocalırlar. 
 
***
 
Həyatının sonunadək insanın daşımağa məhkum olduğu getdikcə ağırlaşan yeganə yükü – onun yaddaşı.
 
***
 
Elə nadir əyar-insanlar var ki, onlarla ünsiyyətdə olarkən özünü daha yaxşı tanıyırsan.
 
***
 
Həyatın mənası: onsuz yaşamağın mümkün olmadığı özünün ən yüksək, həm də faciəvi təsdiqini intiharda tapır.
 
***
 
Yaşamaq üçün ağıl, yaratmaq üçün zəka, dolanmaq üçün zəhmət lazımdır, baş girləyib gün keçirmək üçünsə  – heç biri.   
 
***
 
İşıqlandırdıqlarınızda görünür, zülmətləndirdiklərinizdə itirsiniz.
 
***
 
İnsanlar öz xasiyyətlərinin yüngül və dayaz tərəflərini temperamentlərinə uyğun olaraq bəzən sıza-sıza, bəzən də daşar-daşar təzahür etdirirlər.
 
***
 
Özünü reallaşdıra bilməyən kinli adamların toplanıb tuluqlanmış aqressiyası ən gözlənilməz hallarda püskürə bilər.
 
***
 
Reputasiyanın qazanılmasından sonra onun mozaikası, itirilməsindən sonra yamanması başlayır.
 
***
 
Arqumenti həmişə udan yox, uduzan axtarır.
 
***
 
İnsanlar çox zaman təsəvvür etdikləri potensial imkanları ilə başqalarının real imkanlarını tutuşdurub, özlərinin şəksiz üstün olduqlarını zənn edirlər. 
 
***
 
Axmağın üstünlüyü: onun repertuarı həmişə ağıllınkından zəngin olur.
 
***
 
Artıqlıq – çatışmazlığın yuxarı həddi.
 
***
 
Zarafat – rəqibin düşmən olmasına potensial bəhanədir.
 
***
 
Həyatı təlimatlarla yaşayan adamlar daha çox azır, dolaşığa düşürlər.
 
***
 
Əsl dərs qurtarandan sonra başlayır. 
 
***
 
Uzaqgörənlərlə yaxıngörənlər həyat yolunda həmişə toqquşur. Sonra nəzakətlə bir-birinə yol verib ötüşürlər.
 
***
 
İnsan doğulduğu yurdun ona doğma olan beşik müqəddəsliyini, heç zaman kəsilməyəcək isti nəfəsini bütün dünyaya daşımalıdır.
 
***
 
Ağıllı adamın uzaqgörənliyi ona palıd möhkəmliyi və uzunömürlülüyü verir.
 
***
 
İnsanlığın getdiyi böyük yola qoşulmaq üçün yolsuzlardan aralanmalı. 
 
***
 
Yonulmayan taxta-adamdan ancaq şlaqbaum düzəltmək olar.
 
***
 
İtirilmiş başı çox zaman başqaları – özü də ona ehtiyacı olmayanlar tapır.
 
***
 
Gərək heç zaman qorxmayasan: üstünə səndən balaca adamlar gəlsə də. 
 
***
 
İnsan və Vicdan sıldırımda görüşür.
 
***
 
Məsuliyyətli adam qeyri-ciddi, ciddi adam məsuliyyətsiz ola bilməz.
 
***
 
Tale – insanın alnına yox, onun hərəkət edən ayağına, güc verən dizinə, iş görən əlinə, yol tapan gözünə, yarıb keçən sinəsinə, yanılmayan qəlbinə, həyat qanunlarını arayıb öz səmtini açan beyninə yazılıb!
 
***
 
İnsan bəlli ömür hüdudlarından yalnız qanadlanıb uçmaqla çıxa bilər.
 
***
 
Sənətkar-fotoqrafın hafizəsində də dürlü insanların daim genişlənən canlı foto-albomu var.
 
***
 
İnsanlar var ki, onların sifətinin lövhəsi suçlarını yazmağa bəs eləməz.
 
***
 
Yoxsulların çatışmayan cəhəti – cındırları arasından özlərinin görünməməsi.
 
***
 
Milyonlarla insanın şəxsiyyətinin inkar olunduğu zəmində yetişir – şəxsiyyətə pərəstiş. 
 
***
 
Həyat təcrübəsi: bunu özün yaradırsan. 
 
***
 
İnsana səmti başqaları üçün olan yolu göstərmək, onu azdırmaq deməkdir. 
 
***
 
Hər şeyin üzərindən sürətlə sürüşüb keçərkən, insan yoxsuşlanmır, genişlənir. 
 
***
 
Dilini opuntia kaktusu kimi çölə atanların Eynşteyn yox, kloun olmaq şansı var. 
 
***
 
Danışın, danışın: kim olduğunuzu öz dilinizdən eşidək.
 
***
 
Özünütəsdiq özgəniinkarla qazanılmır.
 
***
 
Cəmiyyətin dişləri tökülür – çürümüş adamlarla.
 
***
 
Ölmək və yox olmaq: itirilmiş həyatın aqibəti ikincidir.
 
***
 
Həm sovet, həm də müstəqillik  çağında yaşayan adamların çoxu, həqiqətən, yaman dəyişib – olub kentavr.
 
***
 
Eqo-çəkmə elə zənn edir ki, corab ayaq üçün yox, onun üçündür.
 
***
 
İnsana onun özünə heç zaman vermədiyi suallardan verin.
 
***
 
Müdrikləşmədən dünyadan getmək – həyatın yarımçıq qalması deməkdir.
 
***
 
Cəmiyyət – Həyatı və Əyləncəni ayırd edə bilməmək səviyyəsinə qədər sıyıqlaşa bilər. 
 
 
***
 
Ölərkən – meyit olmaq istəmirsənsə, diri ikən – insan ol!
 
***
 
Adamlar xırdalaşdıqca, düşdükləri torun gözü də balacalaşır.
 
***
 
İki dost varsa, deməli, dünyada düşmənliyin iki yolu kəsilib.
 
***
 
Çoxları doğum və ölüm arasını həyat kimi yox, interval kimi yaşayır.
 
***
 
Şöhrətinin başına çaparaq fırlanan adamlar axırı gicəlib yerə yıxılırlar.
 
***
 
Güzəştə getdiklərimizin çoxunun – itirdiklərimiz olduğundan xəbərsizik.
 
***
 
İnsan – qəlbini kəşf etməsəydi, elə bədən olaraq qalacaqdı.
 
***
 
İçindəki boşluğun əks-sədasını eşitməyən karlar var. 
 
***
 
Adamı üstdə təqib edəndə, altda daha təhlükəli olur.
 
***
 
İnsan var, dünyaya ah kimi gəlib gedir.
 
***
 
Səthi adam nazik buz altındadır: ehtiyatlı olun ki, sınar, üstünə yıxılarsınız.
 
***
 
Böyüklər heyrətləndirir, kiçiklər təəccübləndirir.
 
***
 
Dünyadan umacaqlıq məsuliyyət funksionallığını yoxaldır.
 
***
 
Həyatı belə çox sevirsənsə, nə əcəb onun zirzəmisində sürünürsən?!
 
 
***
 
Sənin çəkin yüngüllər yox, ağırlar arasında bilinir. 
 
***
 
Kənara çəkil ki, aydın görünəsən.
 
***
 
Doğum çığırtısı ilə kiminin bioqrafiyası, kimi tarixi başlar.
 
***
 
İnsanı onun qatili ilə birlikdə dəfn edirlər – xəstəliklə.
 
***
 
Daha həyatda olmayan insanların telefon kitabçamızda qalmış nömrəsi hələ sağdır...
 
***
 
Başdaşıların nida şəklində mənası həm də budur: Həyatdan muğayat olun!
 
 

***
 
Ay öz işığında, dəniz öz suyunda, ürək öz qanında arınır.
 
***
 
Artıq olduğunu gördüyün yerdə özünü tanımırsansa, deməli, elə özünsən.
 
***
 
Hərdən gərək insan canına başqa qapılardan girə, ayrı qapılardan çıxa.
 
***
 
Həyatın mənası mənanın həyatına vardığın qədər yüksəlir.
 
***
 
İztirabdan qaçma, iztiraba da qaçma.
 
***
 
Şəxsiyyətin hərəkət qatarı status və reputasiya relsləri üzərində inamla irəliləyir.
 
***
 
Dostluq işgüzar münasibətlərlə kəsişəndə daha məsuliyyətli məzmun kəsb etməlidir.
 
***
 
Riskə gedib uduzan səriştəsiz adam həmişə bunu təsadüflə bağlayır.
 
***
 
Əsl gülüşdə insanın bütün sifəti gülür, süni, məcburi gülüşdə isə dartılmış əzalar.
 
***
 
Həqiqətə bir çimdik yalan damızdırınca, qatqılı süd tək çürüyür.
 
***
 
Qan axanda – canı itirir, yaddaşı – yox.
 
***
 
Müqəddəs ağrı – vicdanınkı.
 
***
 
İnsan yeganə ehramdır ki, onun Zirvəsi ömrünün sonunda deyil, həyatının hər zamanından yüksələ bilər.
 
***
 
Səni yaratdığına Tanrını sevindirməyəcəksənsə, dünyanın heç bir çiçəyi səni görməyinə sevinməyəcək.
 
***
 
Günəşlərin ən ziyalısı ölümdən sonra doğanıdır.
 
***
 
Həyat – nəfəsdir: alırsan... verirsən...