Biz imzaları yox, əsərləri dərc edirik...

Ümid nədir? – Erik From
1270
18 Yanvar 2018, 11:38
  artkaspi.az Erik Fromun "İnqilabi ümid nədir?!" adlı essesini təqdim edir: 


 
 Ümid daha nəhəng bir canlıdır, insandan daha böyük. Daha dərin həssaslıq  tələb edir. Ağıl və intellektin sütunlarına söykənmək istəyən hər cəmiyyətdə dəyişikliyin, inqilabın, intibahın təyinedici qüvvəsidir. Amma nə işdirsə, ümidin mahiyyəti, təbiəti əksərən yanlış anlaşılır, təqdim edilir, şərh olunur. Hətta zaman-zaman bu məfhum ümidlə yaxından uzaqdan bir əlaqəsi olmayan, bəzən isə tamamilə əksi olan məfhumlarla qarışdırılıb.

 Ümid etmək nədir?

 Çox insanın düşündüyü kimi daxili arzulara, istəklərə, ehtiraslara sahib olmaqdır?! Əgər ümid bu olsaydı, daha çox pul qazanmaq, daha bahalı maşın istəyən, daha yaxşı ev arzulayanlar daha ümid dolu insanlar hesab edilərdilər.  Halbuki qətiyyən belə deyil. Bunlar sadəcə daha çox şey istehlak etmək xəstəliyinə tutulmuş adamlardır.
 Ümidin mahiyyətində nəsə bir şeyi daha çox sahiblənmək yox, bir şeydən daha böyük zövq almaq, daha maraqlı ömür sürmək, daha dərin mənalar daşıyan bir düşüncə tərzinə yiyələnmək, sonsuz yeknəsəqlikdən bir anda qurtulmağın yolunu tapmaq durur? Ya da dini baxımdan bu günahlardan arınmadır? Və ya siyasi mənada bir inqilabın xoşbəxtlik gətirən nəticələrini görməkdir? Bəli, əslində ümidin kökündə məhz bu tip gözləntilər dayanır. Məhz bu sadalananlar haradasa müəyyən mənada ümidin mahiyyəti ilə uzlaşır. Amma məsələnin bir başqa tərəfi də var – ümidin sonunda bir əldəetmə, hədəfə çatmaq varsa, ümid hər şeydən əlini-ətəyini çəkməyə, təslimiyyətə bir bəhanə olur. Sözügedən fəaliyyət bir ideya, ideologiya, bir  hədəfin reallaşması uğruna "gözləmək”, "səbir etmək” formasında özünü göstərirsə, ümid etməkdən danışa bilmərik.
 Kafka "Məhkəmə” adlı romanında bu cür təslimiyyətə meylli, passiv, gözləmə mövqeyində duran ümidi çox gözəl təsvir edib. Bir nəfər cənnətə açılan qapının qarşısına gəlir və içəri keçmək üçün icazə istəyir. Qapıçı isə hazırda ona giriş üçün icazə verə bilməyəcəyini deyir. Cənnətə gedən qapı taybatay açıq olsa da, adam giriş üçün icazə verilənə kimi gözləməyə qərar verir. Səbirlə gözləməyə başlayır. Günlər həftələrə, həftələr aylara, aylar illərə qovuşur. Bu zaman ərzində o, dəfələrlə giriş üçün icazə istəsə də, hər dəfə qapıçı hələ ki, ona icazə verə bilməyəcəyini deyir və gözləməsini tövsiyə edir. Adam qapıda gözlədiyi bu uzun illər ərzində yorulub-usanmadan ona giriş icazəsi verməyən qapıçını müşahidə edir. Qapıçını o qədər analiz edir ki, kürkünün yaxasındakı bitləri belə tanıyır. İllər keçir, adam qocalıb, əldən düşür. Ölüm ayağında ikən ilk dəfə qapıçıya sual verir: "Necə olur ki, bu qədər vaxt məndən başqa heç kim bu qapıdan keçmək üçün bura ayaq basmır?”. Qapıçı: "Səndən başqa heç kim girə bilməz bu qapıdan. Bu qapı sadəcə və sadəcə sənin üçündür” – deyə, cavab verir – "Artıq qapını bağlayacağam”. Adam qapıçının dediklərini anlaya bilməyəcək qədər qocalmışdı. Bəlkə də, cavan da olsa, başa düşməyəcəkdi.
 Bürokratların dediyi olur. Ona "giriş qadağandır” deyildiyi üçün içəri girə bilməzdi. Əgər bu təslimiyyətçi, gözləməyə qane olan ümiddən, gözləntidən artığı olsaydı, adam cənnətin qapısından içəri girəcəkdi. Bürokratiyaya boyun əyməmək cəsarəti sərgiləmək onu parıltılı saraya, cənnətin işıqlı diyarına aparacaq və bu, ruhu azadlığa qovuşduran akt olacaqdı.
 


 Gündəlik həyatımıza daxil olan, bizi əhatələyən insanların çoxu Kafkanın cənnətin açıq qapıları ağzında icazə gözləyən qocadır. Ümid edirlər, amma ürəklərinin səsini dinləmək, ağlın və cəsarətin tələblərinə cavab vermək hünərindən yoxsuldurlar. Bürokratlar yaşıl işıq yandırmadıqca ümidə doğru hərəkət etmirlər, gözləyir, gözləyir və gözləyirlər. İspancada bir ifadə var "esperar” – mənası həm gözləmək, həm də ümid etməkdir. Burada da məhz gözləmək sonunda reallaşan ümid nəzərdə tutulur.
 Bu cür boyun əyən, təslim olan ümid gözləniləni zamanla sahiblənmək formasıdır. Belə halda ümid etmək daha çox "ummaq”, "dilənmək”, "mərhəmət gözləmək” aktlarının mahiyyəti ilə uyğunlaşır. Zaman və gələcək bu tip ümidin ana xəttinə, şahdamarına çevrilir. Bu situasiyada cari zaman kəsimində nəyinsə baş verməsi, "ümid”-lə bağlı hansısa irəliləyiş gözlənilmir. Ümid sabaha, növbəti həftəyə, aya, ilə, hansısa hadisənin baş verməsi ehtimalına köklənərək yaşayır. Bəzən ümid edən təbiətən o qədər dinc olur ki, ümidin bu dünyada reallaşmasından əlini üzüb, başqa bir dünyaya, başqa bir həyata göz dikir. Bu inancın arxasında gələcəyə bir ilahə kimi sitayiş edən Robespyer kimi bir fikir adamın Fransa intibahı dövründə başlayan bütpərəstlik, "gələcək”-ə, "tarix”-ə və "sonra”-ya vurğunluq dayanır: heç bir şey etməyəcəyəm, təslimiyyəti seçməkdə qərarlıyam, çünki mən heç nəyəm, gücsüzəm, ixtiyarsızam; amma gələcəkdə zamanın gətirəcəyi sürprizlər, hadisələr, mənim təkbaşına öhdəsindən gələ bilmədiyim şeylərin reallaşmasına şərait yaradacaq. Müasir burjuaziyanın düşüncəsindəki "irəliləyiş”-ə sitayiş etməyin fərqli bir tərəfi olan bu gələcək isə ümidə yadlaşmadır, ögeyləşmədir – "Mən heç nə etməyəcəyəm, mənim hərəkətimlə heç nə baş verməyəcək, amma gələcək və sonrası mən heç nə eləməsəm də, mənim ümidlərimi reallaşdıracaq”.
 Təslimiyyətçi gözləntinin ümidsizliyin gizli forması olduğu doğrudur. Amma bunun tam əksi bir hal da var – ümiddən yoxsulluq, çarəsizliyi dilləndirmək, bəhanələr, macərəlarla gerçəyi görməzdən gəlmək, reallaşması mümkünsüz bir şeyi bilə-bilə sınamaq.
 Bütün şərtlər daxilində ölümü məğlubiyyətə tay tutmayanlara xor baxan üsyan liderlərinin və saxta xilaskarların qondarma şüarları da bu ümiddən qidalanır. Müasir dövrdə bu ümidsizlik örtüsü və ətalətəmeyillilik gənc nəslin ən çılğın nümayəndələri arasında belə geniş yayılıb. Cəsarətli çıxışlarda, düşüncələrini açıq-aşkar sərgiləməkdə tayı-bərabəri olmayan gənclər ümidin və sabahın uğrunda mübarizə, liderlik lazım olanda əskik cəhətlərini ört-basdır etmək üçün bu tip təslimiyyətçi ümidin arxasına sığınırlar. Zamanla bu hal təkrarlanır və onlar real xarakterləri özünü büruzə verir. Hətta bəziləri həyata, yaşamağa lazımı sevgi bəsləmədiklərindən belələrinin ümidi də, mübarizəsi də inandırıcı olmur.
 
 Mənbə: www.sensepublishers.com
 İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı