Biz imzaları yox, əsərləri dərc edirik...

“İmadəddin Nəsimi - 40 qəzəl” kitabının təqdimatı
175
12 Noyabr 2019, 15:41
 Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində "Kitab Evi” İctimai Birliyinin nəşr etdiyi "İmadəddin Nəsimi – 40 qəzəl” kitabının və diskin təqdimatı keçirilib.
 AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən "İ.Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində "Kitab Evi” İctimai Birliyini tərəfindən nəşr olunub.
 
 

 Tədbirdə çıxış edən "Kitab Evi”nin direktoru Adilə Nəzərova nəşr haqqında məlumat verib. Bildirib ki, Nəsimi poeziyanı ərəb və fars dilləri səviyyəsinə qaldıran, doğma türkcəmizdə yazan bir mütəfəkkirdir. Buna görə də bütün elm və tədris müəsissələrində Nəsimini təbliğ etmək olduqca təqdirəlayiqdir. "İctimaiyyət bu günə qədər dahi şairin əsasən Azərbaycan türkcəsində yazdıqlarını tanıyır. Onun fars dilində yazdıqları işıqlandırılmayıb. Ancaq bu nəşrdə Nəsimi kimi mütəfəkkirin farsca yazdığı 40 qəzəlini orijinal dildən tərcümə etmişik”, - deyə A.Nəzərova söyləyib.
 Kitabın bədii redaktoru, tərcüməçi-qəzəlxan, tarix elmləri doktoru, professor Şahin Fazil deyib: "Nəsiminin özü və sözü insanları cəlb etsə də biz hər zaman hərfi tərcüməyə meyl göstərmişik. Ancaq bu dəfə çalışdım onun qəzəllərinə bir bədiilik qatım, onu düşündüyüm kimi tərcümə edim”.
 Nəsiminin qəzəlləri Fizuliyə nisbətən asandır vurğulayan Ş.Fazil, onun öz yolu olduğunu söyləyib. Diqqətə çatdırıb ki, bu günə qədər Nəsimi "Allahsız bir şair” kimi təbliğ olunurdu. Bu, sovet dönəminin bir tələbi olsa da Nəsimi Allahı heç zaman inkar etməyib, əksinə şeirlərində qurandakı sürələri əks etdirib.
 Yazıçı Səfər Alışarlı bu kitabın unikal bir layihə olduğunu deyib. Kitabın mətnşünaslar üçün əyani bir vəsait olduğunu söyələyən S.Alişarlı onların sonrakı araşdırmalarına kömək edəcək bir kitab olduğunu vurğulayıb. "Bu kitabla araşdırmaçılar Nəsiminin sirrlərinə daha yaxından bələd olacaqlar”, -deyə S.Alişarlı əlavə edib.
 Bildirilib ki, Azərbaycan cəmiyyəti Nəsimini uzun zamanlar Nizami Gəncəvinin, Rəsul Rzanın, Süleyman Rüstəmin yazılarında görüb. Ancaq onun örijinal mətndən çevirmələrini oxumaq olduqca sevindiricidir. Qeyd olunub ki, Nəsiminin son yüz ildə kütləvi təbliğatı Nəsiminin 600 illik yubileyində baş verib. Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Bu müddət ərzində xalqımız Nəsimini unutmuş olsa da yenidən onu oxumağa başlayıb.