Biz imzaları yox, əsərləri dərc edirik...

İlmələrin hikməti
714
30 Yanvar 2018, 12:28
 Artkaspi.az Ziyadxan Əliyevin "İlmələrin hikməti" adlı yazısını təqdim edir: 
 

 
 Dünyanın unikal xalçalarının yaradıcısı haqqında 
 Çoxlarının yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şeyin deyilib sona çatdığına, onun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nəsə əlavə etmək mümkünsüzlüyünə inandığı bir vaxtda onun 25 yaşında – tələbə ikən yaratdığı və dekorativ-sənət məkanında bədii şərhi qeyri-adiliyi ilə seçilən "Şəbi-hicran” (1981) adlı süjetli xalça bəxş etməsi, obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu. Hələ Ə.Əzimzadə adına rəssamlıq məktəbində özünəməxsus rəng duyumu ilə həmyaşıdları arasında fərqlənən bu gəncin görkəmli xalça bilicisi Lətif Kərimovdan öyrəndiyi peşə vərdişlərinin sayəsində bu cür unikal sənət nümunəsi yaratması, əslində, onu yaxından tanıyanlar üçün təbii idi. 1983-cü ildə Bakıda keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpozium iştirakçılarının təqdirindən ruhlanan gənc xalçaçı-rəssam isə daha yüksək sənə zirvələri fəth etmək arzusundaydı. Həmin gənc bu gün yaradıcılığı beynəlxalq xalça məkanında oxşarı-bərabəri olmayan Eldar Mikayılzadə idi...
 

 
 2006-cı ildə yenidən "Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar duyulası sirliliyinə görə "gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça sənətini qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin mümkünlüyünü sərgiləmişdir. "Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq...
 Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən "Şəbi-hicran” xalçası adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub. Assimetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət dastanı "Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı "bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən əksər elementləri – ağacların, qayaların, buludların ikimənalı-rəmzi görkəmi əsəri sirli etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini şərtləndirmişdir. Buludların həm də şairin dilindən süzülən məşhur beytə çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur...
 Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində buna qədər bu cür zəngin məna-məzmunla yüklənmiş xalçalar çox az olmuşdur. Eldar Mikayılzadə əldə etdiyi yaradıcılıq uğurlarını sonralar da davam etdirmiş və dünya xalçaçılıq sənətinə əvəzsiz töhfələr vermişdir. Onun XX əsrin sonlarında yaratdığı "Nağıllar aləmi” (1983), "İslam” (1992), "Təbriz” (1993), "Bürclər” (1994), "Xilaskar” (1995-1997), "Üç din” (1998), "Səttar” (1999), "Bismillahir-rəhmanir-rəhim” (2001), "Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələri belə incilərdəndir. Onun XXI əsrdə ərsəyə gətirdiyi "Yaranış” (2010), eləcə də "Kəhkəşan” və "Səttarın arzusu” (hər ikisi 2012) xalçaları isə bədii-estetik tutumuna və bədii-texniki xüsusiyyətlərinə görə bənzərsizdirlər. 
 
 

 Mürəkkəb kompozisiyalı, çoxfiqurlu "Yaranış” əsərinin süjet xəttini xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olmuşdur. Əsərin ən maraqlı xüsusiyyəti təqdim olunan süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim etməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.
 2012-ci ildə Eldar Mikayılzadə "Səttarın arzusu” və "Kəhkəşan” əsərlərini tamamlamışdır. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Əslində, çoxsaylı əsərlərdən "məcmu”, "qurama” və yaxud "kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq xalçaçı-rəssam çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır. Onun qənaətincə, "Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcıdır...
 
 

 Eldar Mikayılzadə elə həmin il çağdaş dünya incəsənətində oxşarı olmayan "Kəhkəşan” xalçasını tamamlamaqla, yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə, doğrudan da, zamanında bənzərsiz olduğunu bir daha təsdiqləmişdir. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. "Xosrovun baharı” adlanan bu qədim xalını Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da o vaxtlar dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv etmiş olublar. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan variantının – "xələf”inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, "sələf”in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yalnız yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. İki ilə başa gələn "Kəhkəşan”ın toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapılan xalçada qiymətli daş-qaşlardan istifadə olunmuşdur. Başqa sözlə desək, kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində "zili” texnikası ilə oturdulmasından sonra əldə olunmuşdur. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilmişdir. 
 Londonda çap olunan "Xalı” jurnalının redaksiya heyətinin üzvü, Şərq xalçaları üzrə Beynəlxalq konfransın akademik şurasının sədri, xalçaçılıq üzrə nüfuzlu ekspert sayılan italiyalı Alberto Baralevi 2013-cü ildə Bakıyada olarkən burada Eldar Mikayılzadənin bənzərsiz yaradıcılığı haqqında məlumat alandan sonra xalçaçı-rəssamım emalatxanasında olmuş, onun son illərdə yaratdığı bir neçə süjetli xalçaya, o cümlədən "Yaranış”a öz heyranlığını bildirmişdir. Məşhur ekspert onun əsərlərini çağdaş dünya xalçaçılığının böyük nailiyyəti kimi dəyərləndirmişdir. O, yerli mətbuata verdiyi açıqlamada görkəmli xalça ustası ilə görüşünün nəticəsini belə ifadə etmişdir: "Azərbaycanın Quba, Naxçıvan və Bakı şəhərlərindəki xalça emalatxanalarını gəzdim. Gördüklərimin qarşılığında deyə bilərəm ki, Eldar Mikayılzadə böyük rəssamdır”. Maraqlıdır ki, 2014-cü ildə fəaliyyəti bilavasitə qədim xalçaçılığın elmi-nəzəri və bədii-texniki məsələrini işıqlandırmaq olan "Xalı” jurnalında E.Mikayılzadənin "Yaranış” xalçasının reproduksiyası və haqqında məlumat çap olunmuşdur. Qənaətimizcə, məşhur jurnalın öz ənənəsini pozması heç şübhəsiz Azərbaycan sənətkarının dünya xalçaçılığına verdiyi töhfənin çox böyük olmasından irəli gələn məsələdir...