Biz imzaları yox, əsərləri dərc edirik...

İlk kitabın xatirəsi – Qəşəm Nəcəfzadə yazır
1673
24 Noyabr 2020, 13:31
 Artkaspi.az saytı Qəşəm Nəcəfzadənin "İlk kitabın xatirəsi” adlı yazısını təqdim edir:
 
 
 İndiki çıxan  ilk kitabların sevinci qabaqkı kimi deyil. Əvvəllər ilk kitab  başqa bir aləm idi, sevinci də, kədəri də, iztirabı da dadlı idi.
 İlk kitabım "Yazıçı” nəşriyyatında çıxıb. Adı da "Sevginin sonunu deməyin mənə.” Düz  on il növbə gözləmişəm, bu kitabın çapı üçün.
 İlk kitabın çapını şairin özündən daha çox  həyat yoldaşı gözləyir. Və hər gün məndən sruşurdu, bəzən gündə üç dəfə.  Nəticədə onun mənə şair kimi inamı öləndən sonra  çap olundu ilk kitabım. Daha heç soruşmadı da.
Səbrimin tükəndiyi bir vaxtda zəng etdilər ki, gəl kitabının siqnal nüsxəsini apar. Kənddə şagirdlərimdən tutmuş, kolxoz sədrinə qədər hamıya dedim ki, gedirəm kitabımı gətirməyə.
Gəldim İmişli Dəmir Yol vağzalına. Qar yağırdı, qatara da bilet yox.
Ümumi vaqonda ayaq üstə gəldim Bakıya. Küləklə dartışa-dartışa gəlib çıxdım "Yazıçı” nəşriyyatının böyük redaktoru Mustafa İsgəndərzadənin yanına. O da məni göndərdi "Qızıl Şərq” mətbəəsinin şöbə müdirinin yanına. O da məni göndərdi Sumqayıt mətbəəsinin direktoru Aydının yanına. Dedi, kitabın orda çıxır, get siqnal nüsxələrini götür.
 
 
 

 "Sumqayıt hara, mən hara? Heç ömrümdə  Sumqayıta getməmişəm.” 
 Nə isə, taksi ilə gəldim Sumqayıta. Mətbəədən mənə  beş dənə  kitab verdilər. Səliqə ilə qalın kağıza bükmüşdülər. Elə bil əlimin altında ürək çırpınırdı. Taksi ilə qayıtdım Bakı Dəmir yolu Vağzalına. Bakıda ən yaxşı tanıdığım yer vağzaldı. Kənara çıxanda azıram. İndinin özündə də.
 Havanın şaxı sınmışdı elə bil, artıq sulu qar yağırdı. Küçəni keçə-keçə  kağız bağlamanı açdım ki, kitablarıma bir də baxım. Qəflətən külək bağlamanı əlimdən alıb tramvayın relsinə atdı, tramvay üstündən keçdi kitablarımın. Parça-parça olmuş kitablarımı  sulu qarla örtülmüş  relslərin arasından götürdüm. "İndi ağlayımmı, gülümmü, bilmirəm?  Bəs indi kəndə necə qayıdım? Bu kitab parçalarını  kolxoz sədrinə, şagirdlərimə necə göstərim.”
 Ya Allah, deyib yenidən qayıtdım Sumqayıta, düz mətbəəyə. Dedilər, hazır  kitab yoxdur, hələ tam tiraj on günə çap olunacaq. Kor-peşman qayıtdım kəndə. Dörd gün evdən çölə çıxmadım, dərsə də getmədim. Cırılmış vərəqləri  bir-birinə birləşdirib kitabımın maketini yaratdım. Hər dəfə cırılmış vərəqlərdə misralarımı oxuyub kövrəlirdim.  Çünki heç bir şeiri bütöv oxumaq mümkün deyildi.
 
Baxın, o kitabda sonuncu şeirə,
Sevdiyim gözəldi, adı Gülüşdü.
Mənim misralarım bostan tağları,
Nöqtələr qarpızdı, nida yemişdi.
 
Və yaxud bu iki misra:
 
Ürəyim uyuşmur ayaqlarıma,
Ürəyim ayrıca yeriyib gedir.
 
 Beş kitabın ayrı-ayrı hissələrini bir yer toplayıb  bir kitab düzəltmişdim. Hər dəfə əzük-üzük olmuş vərəqlərdə sağ qalan misralarım qaşıma çıxırdı:
 
Dilqəmi, Kərəmi dindi bu sazdan,
Yarama duz səpmə, aşıq, bu düzdan.
Eşitdim adımı qəfil o qızdan,
Gördüm ki, yazığın dodağı bişdi.
 
***
Nə yaxşı oyağam bu gecə vaxtı,
Küçə ürəyini  döyündürməyə...
 
***
Ay kişi, döymə arvadını,
Ay əllərin qurusun,
Heç bilirsən onu kim sevirdi?
 
 Və sonda mənə elə gəldi ki, elə ən yaxşı şeirlərim sağ qalan, yəni it-bata düşməyən misralarımdı.
Onları əzbər  deyə-deyə məktəbə gedib-gəlirdim. Şagirdlərim  arada - bir  kitabımı soruşsalar da, eşitməzliyə qoyub  yeni dərsin izahına  başlayırdım.
Kitabımın tiraji  (15 min) çap olunana kimi Az. Tv-nin  "İlham” verilişində  qonaq oldum. Aparıcı Nüsrət Kəsəmənli idi. Verilişin vaxtını kənddə hamıya dedim, şagirdlərimə də, kolxoz sədrinə də. Həmin axşam veriliş başlayan kimi işıqlar söndü. Bu da düşmənlərimin bir qələbəsi oldu. 
Mənim qələbəm isə səbir, dözüm və təcrübə idi. Səhəri  kənd yolu ilə  kiçik daşlara təpik vura-vura ürəyimdə sağ qalan  misralarımı  oxuya-oxuya   məktəbə gedirdim: "Nöqtələr qarpızdı, nida yemişdi.” 
Hərdən indi də oxuyuram.
 

Xəbər lenti