Biz imzaları yox, əsərləri dərc edirik...

İki şəhərin zaman tunelində – Emin Piri yazır
2303
14 Noyabr 2019, 09:15
  Artkaspi.az saytı Emin Pirinin yazısını təqdim edir: 
 
 

  ...Canavarlar Qarabağda qaldı,
  hərə əlində bir ovuc torpaq,
  ağzında bir qurtum su,
  ciyərlərində bir udum hava gətirdi ordan.
  Sözlü qızlar sevgilərini qaçaqaçda
  salıb itirdilər...
  Bakıda doğulub. Yaşı çatmayıb Qarabağdan qaçanların cərgəsinə qoşulmağa. Ruhu köçkündür. Didərgin kimi gəzir Bakı küçələrini. Şeirləri həmişə ələ verir onu.  Ağdam səngərinin havası var bütün şeirlərində. Bütün köçkün uşaqların taleyini yaşayır, onların acısına ağlayır. Ana bətnində didərgin düşən uşağı da onun hissləri kimi özündə, ruhunda duyur:
Gedir bir qadın -
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri...
Bir qadın gedir,
bətnindəki uşaq da
Addımlayır atasının yerinə...
Qadının canında gizli bir üşütmə:
- Sabah deməzlərmi,
bu körpənin ayaqları kimdəndir?!
  Müharibədən sonralar müharibədən daha dəhşətli olur. Əsl müharibələr müharibə bitdikdən sonra başlayır. Sonanın düşmən yerlərini bilməsin deyə, övladının ağzını yumub nəfəsini kəsdiyi kimi... Müharibədən sonranın uşaqları, uşaqlıqları ömrü boyu travma və ya nəfəssiz yaşayır bu dünyanı.
  Bizi müharibə şeirləri doğmalaşdırdı. Sonra Gənc Ədiblər Məktəbi, həyat yolu, acılar, sevinclər... Bəlkə də onu tanıdığıma görə şeytani bir hisslərimə minnətdaram. Müharibələrə təşəkkür edirəm, hər atılan mərmiyə toplara, tanklara təşəkkür edirəm, nə yaxşı faciələr var deyirəm. Olmasaydı, onu tanımazdım. Müharibələrdə və onun yaratdığı bütün uşaq ölümlərini metamorfoz bildi. Onun şeirlərində bütün uşaqlar ölsə də, ölmədi... Hər biri mələyə çevrildi. Yer üzündə bir uşaq azalır, göy üzündə bir mələk artır.
  Əsəbiləşər, amma dalaşmaz, sənə olan hirsini Heminqueydən, Ekodan, Nabokovdan, Vonnequtdan və başqalarından çıxar. Onların kitabını oxumaqla...
  Sevgidə qürur gözləmir, bütün insanları sərhədləri aşmağa, ruhu azadlığa təslim edib parabüzənlərə qoşulub uçmağa səsləyir:
Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş...
  Müharibələri evə, mental dəyərlərin yaratdığı məişət qovğasına kimi gətirir. Bəlkə də bütün müharibələr bizim kiçik daxmalardan çıxan "səni sevmirəm" sözüylə başlayır. Elə bütün müharibələr. Sevgisizlik, anlayışsızlıqdan. Körpə gözü önündə döyülən anaların hayqırtısıdır, o körpələrin üsyanıdır bütün dünya müharibələri.  "Ata, anamı döymə" deyən qızcığazın ümididir müharibədə atəşkəsin yaranacağına.
  Ona yaşamaq sadəcə fel kimi maraqlıdır. Paltosunun deşiyini sorğu-suala tutan küləyi üşüsə sinəsinə sıxıb nəfəsiylə isidər.
  Ana ola bilməyən bütün qadınların üzünə baxa bilmir. Doğulmamış uşaqlara görə üzr istəyir o qadınlardan, utanır onlardan.  Peşmandı  doğulduğuna... Amma yenə də o "ana"ların sığala həsrət  əllərinə bir bəhanə tapır, bir pişik balasını və s...
Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.
 
Qonşuda bir qadın var
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum...
  Şuşanın musiqi estetikası, mədəniyyəti, ritmi şeirlərinə, davranışına qədər sirayət edib. Kimsənin ciddiyə almadığı birini saatlarla dinlər, dərdini bölüşməsini gözlər, sonra Orxan Pamukdan müsahibəsi də dərc olunar.
  İki şəhər arasındakı zaman tunelində var-gəl edir. Bəlkə də İstanbulda oxuması bir bəhanədir səmaya qalxmaq üçün. Əli Kərimin "Aut" şeirindəki kimi. Yerdən görə bilmədiyi Qarabağ torpaqlarını səmadan görə bilmək, təyyarə pəncərəsindən ana bətnindən didərgin düşdüyü o yurda əl yelləmək...
  Savadlı, yoxsa istedadlı deyimlərinin tutduğu ədəbi mühitimizdə heç birinə aid olmayan tək-tük şəxslərdəndir. O, savadlı istedaddır.
  Sevgi və sevişməyi vəhdətdə tutur. O zamana kimi sevişmə ruhsal olsun, heyvani düşüncələrin instinkti deyil.  Qadın əzablarına ağlamaq da var taleyində:
Tərləmiş qadının
bədəninə baxanda anladı ki,
indi o bütün bədəniylə ağlayır...
 
Qadın da anlamışdı.
Bayaq ona möhkəm sarılan kişi
sevişmirdi,
Özünü çarmıxa çəkirdi
qadının bədənində...
 
Süqut etmişdi qadının içindəki
son sərkərdə-ümid.
Kişi stolun üstünə
                      bir az pul qoyub çıxmışdı...
  Ruhsal aləmdə gəzintilərdən sonra erotizmin akkordunu da vurur Hitlerin katibəsi vasitəsilə. Müharibə həm də erotikadır... Qadın köynəyinin düymələri minalar və ya minalanmış ərazi, ayaqların səmaya doğru işarəsi isə kapitulyasiya və ya təslimçilik...
  Anaların hörmədiyi qızların saçı uzanmır deyərək Şərqdə arzulanmayan qız körpələrini hamıdan çox sevir. İmkanı olsa oyuncağı olmayan bütün körpələrin kuklası olar özü.
  Yazıya baxıram, adını belə çəkmədim. Onsuz da bütün sözlər, adlar uydurmadır, var olan, həqiqətsə bircə ruhdur. Duyduqların, yaşadıqların, yaşatdıqların, yaratdıqların elə sənin adındır.
 
 

  Yazını elə insan gülüşünə həsrət masalara, tənhalığa - mənə həsr etdiyi şeirlə bitirirəm.

  Undergraund
  Emin Piriyə
Nə gözlərindən, nə əllərindən
içməyindən tanıyıram adamları. 
Boş verin, "Bədən dili" seminarlarını.
 
Nizami küçəsində
"Əyyubun kafesi" dediyimiz o zirzəmidə,
Yeraltı Aidin səltənətində
nə adamlar gördük, nə içkilər içdik,
nə söhbətlərə şahiddir o kafenin qulaqları.
Axtarsanız, nisyə dəftərlərini
görəcəksiniz tanıdığınız şairlərin adlarını.
- Ofisiant! 
- Masaya içki gətir ən acısından!
 
Qədəh-qədəh həyatlarını yaşayanları,
içib dava salanını, ağlayanları 
görmüşəm o zirzəmidə. 
 
Adamlar görmüşəm orada 
gözlərində həyat əlaməti yox.
Adamlar görmüşəm 
kafenin sınıq güzgüsündə 
özünü öpəcək qədər
tənha, kimsəsiz, heç nəsiz, 
şeirləriylə yox, yaşadıqlarıyla şair.
Adamlar görmüşəm 
özünü unudub gedən 
sonra qayıdıb deyən: 
- bağışlayın, "mən"i görməmisiniz ki?
təxminən mən yaşdadır, mən boyda,
gözləri qəhvəyi, qıvrımsaçlı,
amma məndən bir az kədərli,
amma məndən bir az tək, 
                       amma məndən bir az qərib,
çiyinləri mənimkindən bir az bükülü...
- Ofisiant! 
- O televizorun səsini azalt! 
 
Masamızın üçüncü qonağı olardı 
Ahmet Kayanın "Yetiş nerdesin"i.
Amma masaya yaxınlaşıb
"Nəsə lazımdır?" - deyən
ofisiantdan başqa heç kim gəlməzdi...
Soyuq qış axşamlarında 
ürəyimizi sevgiylə
dodaqlarımızı şeirlə isidərdik....
 
Badələr dolur, badələr boşalır...
Dost, dur gedək, Yeni il yaxınlaşır.
- Ofisiant! 
- Bu ömrün hesabını gətir!
  30 dekabr 2012 Əyyubun kafesi
  Qeyd: Yazı şair Ramil Əhməddən bəhs edir.
 
  edebiyyatqazeti.az