Biz imzaları yox, əsərləri dərc edirik...

İki doktor – Fəxrəddin Salim yazır
1332
10 Avqust 2020, 10:29
Artkaspi.az saytı Fəxrəddin Salimin "İki doktor” adlı yazısını təqdim edir:
 
 
 "Musiqi Tanrının sağ əlidir" deyən də var, onun tamamilə şeytan əməli olduğunu iddia edənlər də. Lakin birinci iddianın müəllifi Martin Lüter də, onun bu fikrini 180 dərəcəli bucaq altında inkar edənlər də dindarlar və ruhanilərdir. Özü də bu cür kəlam və onların inkarı kimi məsələlər heç bir zaman tarix olmayıb - bu gün də aktualdır, sabah da eyni gücünü qoruyub saxlayacaq. Niyə? Çünki, mövzu Tanrıdır! O, həqiqətən də əbədi qalan tək mövcuddur. Bəlkə də vücuddur?! Ancaq bilinən odur ki, Onun adı hər hansı mövzuya səbəb olursa, o mövzu əbədiyyət qazanır. Cəhalət də bu cür qazandı ölməzliyi! Diqqət edin; zaman içərisində hər növ cahillər öz yerini təhvil verib gedir, təkcə dini mövzudakı cahillərdən başqa. Çünki, onların cahilcə müdafiə etməyə, şəkilləndirməyə çalışdıqları şey yenə də Tanrıdır. Və nəyi Tanrıya qarşı qoysan, o da ölməzlik qazanacaq. Məsələn, şeytan! Şeytanın ömrü o zaman tükənəcək ki, Yer üzündən Tanrının adı tamamilə silinəcək.
 

 
 Mən şəxsən Yer kürəsini az-çox gəzmişəm və diqqətlə, arifanə bir hazırlıqla onu müşahidə etmişəm ki, ateizmin üstünlük təşkil etdiyi toplumlarda şeytani enerji, müsəlmanlar demişkən, vəsvəsə yox dərəcəsindədir. Bu ona görə belə deyil ki, tanrı olmayan yerdə şeytana gərək yoxdur. Qətiyyən! Bu ona görə belədir ki, şeytanın ən güclü, bəlkə də yeganə silahı cəhalətdir! Ən böyük və ən uzunömürlü cəhalət isə, dini cəhalətdir! "Tanrı yalnız Onun adı çəkilən yerlərdə mövcuddur” kimi düşüncələr kökündən yanlışdır. Tanrını təsdiq etmək istəyənlər anlamırlar ki, Onu inkar etmək mümkün deyil. Onu sadəcə özlərinin yaratdıqları ehkamlarla təqdim edən və bu ehkamın dışındakı hər şeyi "şeytani" adlandıranlar, əslində bütün qalaktikanı şeytana hədiyyə etmiş olurlar. Bir düşünək - bu aləmdə nə qədər gözəl, dərin, mənalı və əsası yaradıcı şeylər varsa, hamısı "tanrısal" ehkamların dışında baş verir. İşi o yerə gətirib çatdırıblar ki, Tanrını dərk etməyin yolu Onu inkar etməkdən keçir! Başqa cür sadəcə, mümkün deyil... Gerçəkdə isə, inkar edilən Tanrı yox, Onun haqqındakı təsəvvürlərdir. Düstur isə, o qədər də qəliz deyil - alimlər və yaradıcı insanlar Tanrıdan sui-istifadə etmirlər, vəssəlam! Bu qədər bəsit... Martin Lüterlə Fəzlullah Nəimi  təxminən bir dövrdə yaşayıblar. Son və qəti etiqadım budur ki, xristianların Lüterə sahib çıxdığı kimi, müsəlmanlar Fəzlullaha sahib çıxsaydı, tarixin gedişatı tamamilə başqa cür olacaqdı. Bəli, "Cadugələrin ovlanması" kimi latın dilindəki kilsə kitabları sayəsində milyonlarla azad düşüncəli qadın ölüdürüldü -- ancaq Lüter və lüterlərə qədər. Fəqət, bu gün Əfqanıstanda hələ də gənc ədəbiyyat müəllimi sırf qadın olduğu üçün küçənin ortasında daş-qalaq edilib öldürülür.
 Məsələ mədəniyyətlərin müharibəsində deyil. Ümumiyyətlə, belə bir şey mövcud deyil. Əksinə, elmi və mədəni dəyərlr  müharibə və münaqişələri ortadan qaldırır. Hindistanlı Ravi Şankarın sitarı Mistislav Rastrapoviçin violonçelindən az məşhur deyil Avropada! Heç avropalılar olmasaydı, Şankarın kim olduğunu nəinki bütün Dünya, heç Hindistan özü bilməyəcəkdi! Nə oldu? İngilislər silahla Hindistanı basdıra bilmədilər, ancaq bir hindli sitarla bütün Avropa qitəsini susdurdu. Heç kimə sirr deyil ki, dünyanın ən böyük və aparıcı elmi mərkəzləri hindistanlı, pakistanlı, iranlı alimlərlə doludur. Harada qaldı nifrət və ya din düşmənçiliyi?! Düşmən kimi görünən bizim dinimiz olsa da, əsil düşmən bizim cəhalətimizdir! Ancaq yazıqlar olsun ki, bizim bu cəhalətimiz məhz bizim dini qənaətlərimizdən qaynaqlanır. Yazıqlar olsun ki, "xristian alimi" ifadəsi mövcud olmadığı halda, "islam alimləri" ifadəsi gündən-günə cahilcə poplulyarlıq qazanmaqdadır. "Elm Allaha məxsusdur" o demək deyil ki, elm ancaq Allaha inanmaqdır. Axı gerçək elmə çox yox, bir azacıq baş vurduğumuz zaman, ən dayaz yerdə belə dinin Allahından əsər-əlamət qalmır! Görəsən, elm Allahın qarşısında yarımçıqdır, yoxsa din elmin qarşısında?! Paradoks ondan ibarətdir ki, Allah yalnız dində və dini iddialarda mövcuddur. Din Allahı o qədər kiçildib ki, ondan kənara çıxdığımız anda Allah yoxa çıxır! 
 
 

 İncəsənətin incə duyğuları, o cümlədən incə düşüncələri ifadə etməsi məhz insan adlı yaradılışın alnına yazılmış bir hünər hekayəsidir. Məsələ burasındadır ki, obyektin, yəni mövcudiyyətin özü deyil, ona olan baxış önəmlidir. Çünki varlıq təyinatla, təyinat idrakla, idrak isə baxışla əmələ gəlir. Varlığın düşüncəyə bağlı olması onun həm keyfiyyətini, həm də ömrünü şərtləndirir. İncə düşüncə məchul varlığa məlum keyfiyyət gətirən nəsnələrdən biridir. Bu mənada müəyyənedici nəsnələr müxtəlifdir və onlardan da biri incəsənətdir. İncəsənət təkcə art deyil, eyni zamanda və daha çox elmdir, fəlsəfədir. Və deməli həyat tərzi, daha doğrusu, həyatın özüdür. Martin Lüterin din qarşısındakı xidmətləri gələcək mədəni intibaha verdiyi təkanlar qarşısında heç nədir. O, çoxlarının zənn etdiyi kimi, elmə və incəsənətə din gətirmədi, dinə elm və incəsənət gətirdi. Onun xristianlığa xidməti İncili almancaya çevirib, protestantlığın əsasını qoyması olmadı. Çünki az sonra, hətta onun ölümündən əvvəl protestantlıq da dönüb katoliklik kimi bir şey oldu. Ümumiyyətlə, bütün dinlərin xüsusiyyəti budur - əjdahanı öldürəndən sonra özləri əjdahaya çevrilirlər. Martin Lüterin dinə xidməti gələcəyin böyük insanlarını Tanrı üçün əsərlər yazmağa ilham verməsi oldu. Mən əminəm və hətta İohan Sebastian Baxın özü yazır ki, Martin Lüter olmasaydı, nəinki mənim kilsə üçün yazdıqlarım, ümumiyyətlə mənim musiqim və bəlkə də mən özüm mövcud olmazdım! Elə bu yerdə İslam mədəniyyətinin 20-ci əsrdəki ən böyük nümayəndələrindən biri olan Sarbona Universitetinin professoru doktor Əli Şəriəti yadıma düşdü. Onun müəllimi, dahi Jan Pol Sartr yazırdı: Mən ateistəm. Ancaq mən hansısa bir Allaha inansaydım, bu, Əli Şəriətinin Allahı olardı!" Mən hər dəfə bu sözləri xatırladıqca gözlərim dolur. Ancaq iftixar hissindən yox, kədərdən və təəssüfdən... Ona görə ki, doktor Əli Şəriəti eynilə doktor Martin Lüter kimi böyük bir reformator ola bilərdi. Fəqət olmadı. Çünki, ümmətin dəstəyini görmədi. 600 il əvvəl Fəzlullah Nəiminin başına gələnlər onun da başına gəldi. Bədənin gəlmədi, yəni onu Fəzl kimi parçalamadılar. Məhz başına gəldi. Dolayısı ilə, başındakılara gəldi bu zaval, bu qətl, bu edam, bu unutqanlıq. Heykəl qoymaq asandır. Ancaq Lüterin heykəliylə Nəsiminin heykəli bir deyil. Nəsiminin sadəcə, heykəli var. Özü isə, beş-on nəfər alimin, bir o qədər də muğam xanəndəsinin dilində şair kimi kiçik və gərəksiz bir ömür yaşayır. Nəsimi bizə heç nə verə bilmədi. Günahkar və ya səbəbkar isə, o deyil, bizik. Martin Lüterin verdiklərini Avropa aldı. Fəzlin, Nəsiminin, Şəriətinin verdiklərini isə, İslam ümməti almadı. Bu gün də istəmir, bu gün də rədd edir onları. Bir dəfə anlamaq lazımdır ki, bu adamlar şair və yaxud da qələmlə, kağızla ömrünü çürüdən alim olmayıblar. Onlar məhz reformatorlardı! Nəfəs alan Dünyanın növbəti nəfəsiydilər onlar. Bizim dünyamız isə, ölüb. Çünki nəfəs almır! Hər nəfəs bir yenilik deməkdir. Deməli, yeniliyə tuş gəlməyən hər şey yalnız ölümə tuş gəlir. Ölüm isə, ancaq və ancaq heykəllərdə yaşayır - özü kimi daş, hərəkətsiz və bomboz... Heykəllərdə yaşayan isə, təkcə Nəsimi deyil, həm də onun reformatorluğunu rədd edən İslamdır! Bəli, toplumu ölən fərdin özü diri qala bilməz. Çünki o fərdin dərdi, yəni həyatı həmin toplumdur. Əks təqdirdə, bütün Şərq doluydu Nəsimi kimi şairlərlə! İnsanın əslində Tanrı, Tanrının da qeyri-səlis məntiqlə insanda zühur etdiyini, yəni üzə çıxdığını bədii dillə vücuda gətirməsəydi və bugünkü ən modern elmi-fəlsəfi laboratoriyaların baş tacı olmasaydı, kimə lazım idi Nəsimi kimi şair?! Və yaxud Antonio Solyeri kimi yüzlərlə, minlərlə bəstəkar gömülüb tarixin naftalin qoxulu səhifələrinə. Bədbəxt oğlu, tam 40 ədəd opera yazmışdı. Sağlığında saray kopelmeystriydi. Ancaq Bethovenin özünə və daha doğrusu, özünəqədərkiləri daşıdığı özünə üsyan edərək, səhnədəykən "musiqi əbədi olaraq dəyişəcək" deyə pıçıldaması onu diri saxladı, ölməyə qoymadı. Çünki, bir daha təkrar edirik; Dünya nəfəs alır! Dahilər isə, bu nəfəsin özüdür. Onlar dəyişmədikcə, Dünya nəfəs almayacaq. Bu mənada, hər zaman işlətdiyim ifadəni yenə də təkrar etmək istəyirəm: Dahiləri xalq yaşatmır,  xalqı dahilər yaşadır!
 Ancaq burada bir təəssüf abzasına ehtiyac var. O da bu cümləylə başlayır ki, dahi nə qədər dəyişir dəyişsin, xalq dəyişmək istəmədikcə, heç nə dəyişməyəcək! Çünki, bütün Almaniya ayağa qalxdı və doktor Lüterin katolik kilsəsinin qapısına mismarladığı 95 bənddən ibarət tezislərini müdafiə etdi! Əvvəlcə Vatikandan qorxan hakimiyyət ordunu xalqın üzərinə salıb, xeyli qırğınlar törətdi. Lakin elə ki, yerli hersoqlar, yerli baronlar Lüterin tərəfinə keçdi, o zaman kral da Vatikandan qorxmamağa başladı! Və beləcə, alman xalqı tarixdəki ilk müəzzəm qələbəsini çaldı!
 Qələbə! İnsan yalnız və yalnız öz üzərində qələbə çaldığı kimi, toplumun da qələbəsi ancaq öz üzərində ola bilər. Özünə qələbə çala bilməyən xalqların başqa xalqlar üzərindəki qələbəsi absurddur. Sırf ona görə ki, məğlub olan xalq qalib sanılan xalqa deyil, öz nəfsinə, öz tənbəlliyinə, öz durğunluğuna uduzmuşdur. Özünə məğlub olan xalqa hər kəs qalib gələ bilər, özünə qalib gələn xalqı isə heç kəs məğlub edə bilməz!
Çox sevdiyim məşhur rus bəstəkarı Skryabin düşdü yadıma nədənsə... Böyük sənətkar, qeyri-adi və ümumbəşəri mustik qurtuluşa inandığı üçün yeni tərz musiqi yaratmaq yolunda pianoda o qədər məşq etmişdi ki, axırda sağ əli tamamilə şikəst olmuşdu. Zatən gənc yaşlarından üst dodağındakı xərçəng şişindən əziyyət çəkən bir musiqiçi üçün bir əlin şikəst olması nə deməkdir, düşüncəsi belə dəhşətlidir. Lakin Skryabin məhz özü ilə döyüşür və qələbə çalır. Yox, onun iflic olmuş sağ əli sağalmır, ancaq dahi bəstəkar yalnızca sol əldə çalmaq üçün inanılmaz dərəcədə gözəl və çətin əsərlər bəstələyir. Əlbəttə, o iki əl üçün yenə də piano əsərləri yaza bilərdi. Lakin bu əsərləri o özü deyil, başqaları çalacaqdı. Böyük Skryabin isə səhnəyə çıxmaq istəyirdi. Dözülməz vücud ağrılarına rəğmən ən son model libaslar geyən, ən bahalı parfümlər sürən bu güclü insan bütün rus xalqına şərəf gətirdi. Mən hər zaman düşünmüşəm ki, filan alimə, filan sənətkara niyə filan xalqın adını verirlər. Axı o alim, o sənətkar artıq həmin xalqa deyil, bütün Dünyaya, bütün zamanlara mənsubdur. Sonra anladım ki, xalq özü həmin dahinin adının sol yanına öz adını qoyur ki, fəxr eləsin, qürur duysun onunla! Yoxsa nə Skryabin rus bəstəkarıdır, nə də Şəriəti fars alimi! 
 İki doktoru hər zaman xatırlayacağam. Biri doktor Martin Lüter, o biri doktor Əli Şəriəti. Biri Vatikanın, o biri Əməvilərin dini basqısından xilas etmək istəyirdi öz ümmətini. Onlar həm də əqli-mənəvi doktor, yəni həm də bir mənada təbib idilər. Birinci doktor öz toplumunu müalicə edə bildi, ikinci doktorun toplumu isə, öldü! Çünki birinci toplum xəstə olduğunu anlayırdı, ikinci toplum isə, öz xəstəliyini dilinə belə gətirmir. Birinci doktoru düşmənləri belə öldürə bilmədi. İkinci doktoru isə, düşmənlər yox, öz xalqı öldürdü! Düşünürəm ki, yəqin cəhalət xoş bir şeydir, cahil qalmaq rahatlıqdır. Əks təqdirdə öz ölümünü bu qədər sevən bir ümmətin başqa açıqlaması ola bilməz!
 Orta əsr kilsə xor musiqisi kollektivlərində xüsusi axtalanmış kişilər olardı. Bu indi də var. Hətta həmin xor qrupları üçün əsərlər belə yazılır. Məşhur italyan bəstəkarı Coakimo Rossininin son əsəri olan "Balaca təntənəli messa"da Həzrəti İsanın on iki həvvarisinə ithafən hər səs qrupundan, o cümlədən də axtalanmış kişi səslərindən on iki dənə vardı. Maraqlı və bir az da əyləncəli haşiyə çıxım ki, Rossini sonra yazırdı ki, mənim on ikilərim İsanın on ikisindən üstündür. Çünki bunların arasında xain Yəhuda yoxdur! Bəs nəydi axtalanmış kişi səslərinə olan ehtiyacın səbəbi? Deməli, adətən dördsəsli xor əsərlərində bir kişi, bir qadın zil səslər qrupu olur. Qadınların kilsə xorunda oxumaqları qadağan olduğu üçün, səsləri qalınlaşmadan oğlan uşaqlarını öz dindar valideynlərinin razılığı ilə xədim edirdilər. Beləliklə də onlar ömrü boyu kilsə xorlarında zil səsləri oxuyurdular. Və deməli, həm də ömürlük rahib olurdular. Burada mənə maraqlı gələn məqam odur ki, belə çıxır, daha erkən çağlarda kilsə xorlarında qadınlar iştirak edərmiş. Əks təqdirdə zil və bəm kişi, zil və bəm qadın səsləri üçün xor əsərlərini kim və niyə yazsın. Belə çıxır ki, katolik kilsəsi sonralar qadınlardan qorxmuş, hətta onları şeytanın nökərləri adlandırmışdı. Doktor Martin Lüter bu qadağaya da son qoydu. Lüterian kilsəsi xristian tarixində əsl inqilab edərək, qadın səsiylə ilahi mətnləri səsləndirməyə başladı. Bax, reformasiya buna deyərəm!
 P.S. Yanlış anlaşılmasın, mərhum Rossininin son əsəri olan o məşhur messada axtalanmış kişi səsləriylə bərabər zil və bəm qadın səs qrupu da vardır. Və Rossini qatı katolik bir italyan idi.