Biz imzaları yox, əsərləri dərc edirik...

Çiçəklərin ən gözəl xatirəsi sənin əllərindi – Allahşükür Ağanın şeirləri
1288
21 Fevral 2020, 08:59
  Artkaspi.az saytı Allahşükür Ağanın şeirlərini təqdim edir:
 
  Tüstülərdə göz yaşı 
 
Bacalardan qalxan tüstülər
meşələrin ahıdır, bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
 
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər, 
bir az susurlar.
 
Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
 
Amma 
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?
  
  Çiçəklər, əllər 
 
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin  yuvası kimi.
 
Əllər daha çox ağlayır, məncə,
Çünki əllərini  bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
 
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl  torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
 
Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.
 
 
 
  Ayaqlarımın qandalıdı araba
 
Atların  ayaqları  yolları
Oxuyar,
Ayrı düşən yolları
Bir-birinə toxuyar.
 
Atların ayaqlarında
Qanadların hirsi var deyə 
Hərdən özünü qanadlara bənzətmək istər ayaqlar.
Deyək ki, tövlənin bir deşiyindən baxan
İnsan gözlərindən yanan qanadlar
İndi atın çiynində deyil
Altındadı,
Çıxa da bilər nə vaxtsa çiyinlərə...
 
Bax, kəndimizdə arabaya qoşulan bir at
Dünən
Ayaqlarını göstərirdi mənə,
Demək istəyirdi ki, qanadlarımı
Aldınız, yaxşı elədiniz
İndi də  yaqlarımı istəyirsiniz.
Ayaqlarımın qandalıdı
Araba.

  Çayda balıq nağılı 
 
Çayların səsi
İçindəki balıqların səsidir,
Balıq tuturam, deməyin,
Səs tuturam çaydan, deyin...
 
Get-gedə səslər azalır çaydan
Qarmaqlarda səslər atılır göyə,
Çaylar qarmaqla çıxır
Öz yatağından.
 
Sizin səsinizi  boğazınızdan
Qarmaqla çıxartsalar,
Neylərdiniz, ay adam uşağı?
 
Niyə bir dəfə bilmədiniz ki,
Balıq suyu yaradır,
Su balığı,
Niyə yuxarı çırmalanıb
Şalvarınızın balağı.
 
Bax, bu çay da qurudu,
Tutuldu balıq səsi,
Bir az da qısaldı
Təbiətin nəfəsi.
 
  Gəl belə danışaq,
  kədərli dostum
 
Gəl belə danışaq, kədərli dostum,
Yadındadı, kəndin ortasında
Köhnə bir meydançada
Top oynamağımız?
Top üçün havada yellənən
Əlimiz və ayağımız?
 
Mən vurduğum qolları
Pəncərədən bizə baxan
O qıza həsr eləyirdim,
Sən bunu bilmirdin amma,
Əl çalırdı pəncərədə.
Əllərinin səsi
Çiçək kimi tökülürdü
pəncərədən.
 
Bir dəfə də  oynayanda 
Vurduğum top
Onu gəlin aparan
Maşının
Ön şüşəsinə dəydi.
Gəlin bir az qalxdı ayağa,
Topa elə baxdı,
Elə baxdı ki,
Deyəsən, gözündən top kimi
Yaşlar düşdü.
 
Fikrimcə, o düşünürdü
Qapıya topu düz vura bilmirəm daha,
Ya da topu onun yollarına  
Vurmuşam
Belə.
 
 

  Ay dünya... 
 
Güllə varsa açılacaq,
Bəs indi biz neyləyək?
Bir əlimizdə bayraq, birində güllə,
Bir əlimizdə quran, birində güllə,
Bir əlimizdə uşaq əli, 
Birində güllə,
Biz  kimi qoruyuruq, İlahi, kimi?
 
Taxıl əkirik, tank düzəldirik,
Məktəb tikirik, top düzəldirik,
Dərs söyləyirik, düşmən göstəririk,
Kimi aldadırıq kimi, ilahi?
Biz neyləyək,
Kimin yanıda duraq?
Deyəsən, dərs qurtardı, zəng çalındı,
Bəlkə dünyadan çıxaq?
 
 

Xəbər lenti