Biz imzaları yox, əsərləri dərc edirik...

Çiçəklər qəşəng, çiçəklər rəng-rəng – İlyas Tapdığın ilk kitabı
1358
17 Avqust 2017, 13:05
  artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə İlyas Tapdığın ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 
                                  
 
 
  İlyas Tapdıq 1934-cü ildə Gədəbəy rayonunda dünyaya gəlib. Şairin ilk kitabı "Kəndimizin çobanı” 1955-ci ildə "Uşaq Gənclər Nəşriyyatı”nda çap olunub. 30000 tirajla nəşr olunan kitabın redaktoru Osman Sarıvəlli, rəssamı R.Mehdiyev, bədii redaktoru M.Qasımov, texniki redaktoru V.Qavrilova, korrektoru Ş.Adıgözəlova, qiyməti isə 75 qəpik olmuşdur.
 
 
                                   
 
 
 
    ***
 
Bulaq başında 
Bir ağac vardı.
Quşlar başında
Yuva qurardı.
O baş əyməyib
Yağışa, qara,
Həmdəm olmuşdu
Çox yolçulara.
Keçdikcə illər
O qocalmışdı.
Qoşa bulağa
Kölgə salmışdı.
Qol budağını
Atmışdı yana.
El "qoca palıd” 
Demişdi ona.
Onun dibində 
Açılıb süfrə,
Bəlkə min kərə
Çörək yeyilmiş.
O qoca ağac
Neçə-neçə ac,
Çılpaq qocanın
Dərdini bilmiş...
 
    ***
 
Sökülməmiş dan,
Cavanşir çoban
Başında qara
Yunlu şiş papaq,
əlində uzun
bir zoğal çomaq,
sürünü dağa,
yaşıl otlağa
yığıb apardı.
Dağın çox sərin
Havası vardı.
Otlar yamyaşıl
Çiçəklər qəşəng
Çiçəklər rəng-rəng:
Bəzisi qızıl,
Bəzisi sarı.
Rəssam olsaydım
Təsvir edərdim
Bu yamacları!
 
 
                                          
 
 
 
    ***
Günün bir günü
Axşam zamanı,
Dağda hər yanı,
Çən, duman aldı;
Hava qaraldı.
Guruldadı göy,
Hər tərəf, hər yan,
Onun səsini
Əks etdi bu an.
Odlu şimşəklər,
Aramsız çaxdı,
Bərk dolu yağdı.
Dağdan, dərədən
Güclü sel axdı.
Qarşıda böyük
Bir kaha vardı.
Çoban sürünü 
Haylayıb yenə
Ora apardı...
 
 
 
Xəbər lenti